Hüquqi dövlət və İKT
KİV və yeni informasiya texnologiyaları yeni anlayışların yaranmasına yeni münasibətlərə, yeni-yeni proseslərə yol açmaqdadır. Bu mənada informasiya cəmiyyətdə "strateji resurs" kimi çıxış edir. Qərbdə belə bir fikir geniş yayılmışdır ki, "informasiya inqilabına hansı ölkə başçılıq etsə, digər ölkələrlə müqayisədə həmin ölkənin gücü daha çox olacaqdır".
Məhz buna görə də Azərbaycanın xarici siyasət resursları içərisində coğrafi, demoqrafik, iqtisadi, siyasi, sosial, ideoloji-mənəvi, elmi-texniki, təhsil, hərbi resursları ilə yanaşı, informasiya resursları da mühüm əhəmiyyət kəsb edir. "İnformasiya resursları - qlobal informasiya məkanında iştirak və ona təsir etmə, dünya informasiya axınını yönəltmək imkanları, müstəqil beynəlxalq informasiya resurslarına malik olmaq"dır. Bu fikirlərdən aydın olur ki, yeni informasiya texnologiyalarına malik ölkənin gücü hərbi cəhətdən güclü olan ölkə qədər qüdrətlidir.
Cəmiyyətin informasiyalaşdırılmasına münasibətə gəldikdə qeyd olunur ki, bu proses təkcə yeni texnoloji avadanlığın tətbiqi kimi anlaşılmır: "İnformasiyalaşdırma ölkədə baş verən və cəmiyyətin maraq dairəsində olan, eləcə də, onun nizamının qorunması və intibahı məqsədilə istehsal olunan informasiya və məlumatların toplanması, işlənməsi və cəmiyyətə əlinin çatdığı kanallarla və başa düşəcəyi dildə yayılmasıdır".
Göründüyü kimi informasiyalaşma KİV-in modernləşməsilə sıx bağlı olub ölkə və cəmiyyətin inkişafına xidmət edir: yeni informasiya kommunikasiya vasitələri sayəsində, dövlət dilində verilmiş informasiya cəmiyyət və ölkənin milli-mənəvi sərvətinə çevrilir.
AMEA-nın müxbir üzvü S.Xəlilov KİV modernləşməsini, yeni informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafına, qloballaşmaya təsir edən amil hesab edir: "Peyk antenaları və internet texniki baxımdan bütün planeti ehtiva etmək imkanına malik olduğundan və bu imkanlar əsasən, Qərbin əlində toplandığından qloballaşmaya xidmət edir. Biz texniki tərəqqiyə qarşı çıxa bilmərik və yeni texniki vasitələrdən istifadəni gənclərə qadağan edə bilmərik".
Müəllif çıxış yolunu "Qərbin təsirini qismən kompensasiya etmək üçün milli-mənəvi məzmuna malik olan verilişlərin də bu yeni vasitələrlə ötürülməsində" görür. Azərbaycan aliminin bir fikri də çox diqqətəlayiqdir ki, müasir informasiya-kommunikasiya texnologiyaları Qərbin kütləvi mədəniyyətilə yanaşı, həm də Azərbaycanın milli-mənəvi dəyərlərinin yayılmasına xidmət etməlidir. Lakin bunu o qədər də asan məsələ hesab etmək olmaz. Çünki müasir rəqabət şəraitində KİV-də milli-mənəvi məzmun kifayət etmir. Belə rəqabət üçün isə modern, Qərb standartlarından geri qalmayan yeni informasiya-kommunikasiya texnologiyasının yaranması və tətbiq edilməsi də zərurəti önə çəkilmişdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, İKT-nin tətbiqi sahəsində Azərbaycan Respublikası xeyli uğurlar qazanmışdır. Hələ dünya iqtisadiyyatının böhranlı dövründə - 2009-cu ildə belə informasiya-kommunikasiya texnologiyasının bütün seqmentlərinə görə ölkəmizdə irəliləyiş müşahidə olunmuşdur. Həmin dövrdə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsinin gəlirləri 13,7 faiz olmuşdur. Bu, dünya İKT sənayesinin artım səviyyəsindən iki dəfə artıq hesab olunur. "Sosiomədəni modernləşməyə meyillər onu göstərir ki, ölkənin ali rəhbərliyi iqtisadiyyatın modernləşməsinin və informasiya texnologiyalarının yeniləşməsinin indiki mərhələsinin inkişafı üçün qənaətbəxş olmadığını nəzərə alır və iqtisadiyyatda, informasiya-kommunikasiya texnologiyaları sahəsində islahatla bağlı nailiyyətləri elmlə birləşdirməyi məqsədəuyğun hesab edir".
KİV-in modernləşməsi informasiya-kommunikasiya texnologiyaları sahəsində islahatlarla yanaşı, hərtərəfli inkişaf etmiş, müasir, bilikli insan amililə də sıx əlaqədardır. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində elmlə istehsalat arasındakı maneələr Azərbaycanda informasiya cəmiyyətinin inkişafına mənfi təsir göstərir. Bəzi mütəxəssislər elmi, texnoloji, eləcə də telekommanikasiya infrastrukturunun modernləşməsinə üstünlük verən Braziliya, Cənubi Koreya və Finlandiyanın təcrübəsindən istifadə olunmasını tövsiyə edirlər. "Belə ölkələr təcrübəni uzun illərin nəticəsində toplamış və qoruyub saxlamışlar. Bu gün Azərbaycan İKT sahəsində regionda, şübhəsiz liderdir və birmənalı olaraq bu liderliyini qorumağa çalışacaq. Bunun üçün isə... ixtisaslı kadr arsenalını daim təkmilləşdirmək, müvafiq qanunvericiliyə paralel olaraq fəaliyyəti daha da genişləndirmək və ən başlıcası innovasiya sistemlərindən bəhrələnərək İKT infrastrukturunun iqtisadi bazasını durmadan yüksəltməlidir".
İnformasiya-kommunikasiya texnologiyalarının və KİV-in modernləşməsi, internetin intensiv və yüksək səviyyədə inkişafı üçün hələ Ulu Öndər Heydər Əliyev tərəfindən 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq edildi. Milli strategiyanın "Giriş" hissəsində informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin "dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyət və bütövlükdə insanların həyat tərzini əhatə etdiyi" qeyd edilmişdir. KİV və xüsusən telekommunikasiyanın əsasını təşkil edən İKT-nın nailiyyətlərindən faydalanmaqla bir çox ölkələr inkişaf etmiş və "hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol" olduğu xüsusi diqqətə çatdırılmışdır. Milli strategiyada informasiya cəmiyyətinin əsas xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilmişdir:
"- qlobal informasiya mühitinin yaradılması;
- informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi və iqtisadi fəaliyyətin yeni formalarının yaranması;
- informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı;
- təhsil sisteminin təkmilləşməsi, beynəlxalq milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artımı;
- demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması".
B.Quliyevin fikrincə, KİV-in əsasını təşkil edən İKT-nın tətbiqi hər hansı bir ölkənin elmi və intellektual səviyyəsini yüksəldir, demokratiyanı inkişaf etdirir.
İKT üzrə Milli Strategiyada "Azərbaycanda elektron sahəsində inkişaf yolları mövcud telekommunikasiya infrastrukturunun, yenidən qurulması informasiya resurslarının və xidmət sahələrinin səviyyəsinin daha da yüksəldilməsi, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması prosesinin daha da sürətləndirilməsinin perspekitiv yolları" göstərilir. Bunun həyata keçirilməsi üçün müsbət amillər kimi:
- əhalinin təhsil səviyyəsinin yüksək olması;
- ölkənin dünya informasiya məkanına inteqrasiyası üçün münasib imkanların olması;
- milli özəl telekommunikasiya vasitələrinin mövcudluğu;
- milli layihələrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində geniş təcrübənin əldə edilməsi" göstərilir.
Ölkəmizdə iqtisadiyyatın dünya standartları səviyyəsində sürətli inkişafı "kompüter şəbəkələrinin texniki cəhətdən yeniləşməsi və müasirləşdirilməsi, mobil telefon şəbəkəsinin respublikanın bütün ərazisini əhatə etməsi və müasirləşdirilməsi və genişləndirilməsi, rabitə kanallarının rəqəmsal rejimə keçirilməsi də belə müsbət amillərdən" hesab olunur.
Bütün bu müsbət amillərlə yanaşı, bu sahədə inkişafa mane olan cəhətlər də qeyd olunur. Bunlardan ölkə ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı ilə əlaqədar yaranmış çətinliklər.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 15 may.- S.15.