XALQIMIZ NÖVBƏTİ QƏLƏBƏ VƏ ZƏFƏRLƏR ƏRƏFƏSİNDƏDİR

 

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi özündə məhz bu gerçəkliyi tərənnüm edir

 

Müstəqil və qüdrətli Azərbaycanımız daha bir qələbə və zəfər astanasında dayanıb. Belə ki, ölkəmizdə baş tutacaq I Avropa Oyunlarına sayılacaq günlər qalıb və xalqımız bu sevincli, fərəhli günü yaşamaq fürsətini əldə edib. Artıq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində aparılan yüksək hazırlıq işləri də sona çatmaq üzrədir. Biz bu möhtəşəm oyunların  bir çox Avropa ölkələrində də uğurlu  təqdimatının şahidi olmaqdayıq. Çünki burada yalnız Avropa ictimaiyyəti deyil, o cümlədən, dünya ictimaiyyəti də bu möhtəşəm tədbirin baş tutmasını maraqla, həyacanla gözləməkdədir.

Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi qərarının verilməsində şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyadaAvropada idman dövləti kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya Hərəkatı çox yüksək səviyyədədir.

Bu gün Avropanın ən qabaqcıl ölkələri, şəhərləri müəyyən problemlərlə üz-üzə qaldıqları halda Azərbaycan paytaxtı gündən-günə irəliyə doğru gedir. Məhz bütün bunları nəzərə alaraq, Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağı şübhə doğurmur.

Onu da qeyd etmək yerinə düşərdi ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin iqtisadi gücünün bariz nümunəsidir. Bəli, vaxtilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin kəlamları burada bir daha xatırlanır - iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Ulu Öndərin bu kəlamları öz təsdiqini tapmışdır. Bu gün Onun siyasi kursunu uğurla davam etdirən Cənab Prezident İlham Əliyev apardığı mütərəqqi, məqsədyönlü siyasəti nəticəsində ölkəmizə, xalqımıza bu sevinci də bəxş etdi.

Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Bu məsələdə yerlixarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın strateji cizgilərini və vəzifələrini təşkil edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.

Söz yox ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarının verilməsində daha bir amil - ölkəmizdəki milli və mədəniyyətlərarası dialoqun inkişafı, tolerantlıq mühitinin mövcudluğu faktorları önəmli rol oynayıb. Reallıq həm də onu göstərir ki, bu gün ölkəmizin inkişaf və tərəqqisində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da özünəməxsus əməyi vardır. Avropa Oyunlarının təşkilati ilşərinə rəhbərlik edən Mehriban xanım, bu işinin də öhdəsindən böyük cəsarət və uğurla gəlməkdədir.

Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək xarici qonaqların qəbul edilməsi üçün Azərbaycanın infrastrukturu, idman arenaları artıq tam şəkildə hazırdır. Turistləri qəbul etmək üçün hazırlıq işləri təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da həyata keçirilir. Bakıya və ölkəmizin əyalətlərinə səfər edən əcnəbi qonaqlar buradakı inkişafdan, göstərilən xidmətdən, təbiətimizin gözəlliyindən rəğbətlə hər zaman danışırlar.

Oyunlara sayılı günlərin qalması ilə əlaqədar ölkəmizə turist axını da sürətlənməkdədir. "Bakı-2015" I Avropa Oyunlarının qonaqları da Azərbaycandakı inkişafı öz gözləri ilə görüb, müsbət qiymətlərini verəcəklər. Avropa Oyunlarının gətirəcəyi ən böyük dividend də Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği, dövlət kimi nüfuzunun, güc və qüdrətinin, beynəlxalq etibarının daha da möhkəmlənməsi olacaq. Məhz bu baxımdan bir daha vurğulamaq istərdim ki, əldə edilən davamlı nailiyyətlər Azərbaycan rəhbərliyinin, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, dövlətçiliyimizə verdiyi töhfələrin nəticəsidir. İllərdir, ölkə başçısının bu siyasəti, atdığı addımlar, görülən işlər göz önündədir. Bütün atılan addımlar ölkəmizin Avropada mədəni, demokratikeyni zamanda, Avropa dəyərlərinə, Avropa tələblərinə cavab verən bir ölkə kimi tanınmasına böyük zəmin yaratmışdır. Şəhərimizdə və regionlarda müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Eyni zamanda, iqtisadi, yəni maliyyə resurslarımız da bizə imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək. Bu baxımdan I Avropa Oyunlarına ev sahibliyi Azərbaycanın tarixində üçün yeni bir səhifə açacaq.

I Avropa Oyunlarının ölkəmizdə kelirilməsi daha bir əhəmiyyətli məqamın dünya ictimaiyyətinə çatrırılmasına səbəb olacaq. Bildiyimiz kimi, bu gün bütün aparıcı dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanın 20 faiz torpaqlarının Ermənistanın işğalı altında olmasından məlumatlıdır. Qəbul edilən qərarlarda dövlətimizin mövqeyinin dəstəkləndiyi barədə dəfələrlə fikirlər səsləndirilsə də, təcavüzkar ölkə heç bir qərarla razılaşmır, torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu, bir daha Ermənistanın nə qədər qəsbkar dövlət  olduğunu göstərir. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi münaqişənin dinc yolla həlli üçün konstruktiv siyasətini davam etdirir, dünyada sülhsevər dövlət kimi tanınır. Bu baxımdan, qeyd etmək yerinə düşərdi ki, Avropa Oyunları ərəfəsində ölkəmizə təşrif buyuran dövlət və hökumət rəsmiləri, siyasətçilər, eləcə də çoxsaylı sıravi insanlar, əcnəbi qonaqlar torpaqlarımızın işğal altında olmasına baxmayaraq ölkəmizin nə qədər inkişaf etdiyinin şahidi olacaqlar. Bu, həm də onun göstəricisi olacaq ki, gələcəkdə biz Dağlıq Qarabağ münaqişəsini həll edəndən sonra daha böyük, daha genişmiqyaslı layihələrə imza ata biləcəyik.

Söz yox ki, Azərbaycanın qazandığı bu kimi təməlli uğurları düşmənlərimizi və onların dəyirmanlarına su tökən sapı özümüzdən olan baltaları ciddi şəkildə narahat edir. Belə ki, bu işdə xüsusi fəallığı ilə seçilən erməni lobbisi nə qədər canfəşanlıq göstərsə də, onların varı-pulu ədalətə qalib gələ bilmir. Bu gün erməni lobbisi hər yerdə varonun istəyi, dəstəyi ilə bu gün Azərbaycana qarşı qara piar kampaniyası aparılır. Amma erməni dostları bu kampaniyada aktiv iştirak etsələr də, Azərbaycanın imicinə xələl gətirə bilməyəcəklər. Azərbaycan hüquqi, demokratik, güclü dövlətdir. Bu yolda da inkişafını davam etdirəcək. Çünki ölkəmizdə hakimiyyətlə xalq arasında, dövlət və milli mənafelərdə ümumi birlik mövcuddur. Buna xələl gətirmək istəyənlər də indiyədək olduğu kimi, bundan sonra da layiqli cavablarını alacaqlar.

Fikirlərimi Cənab Prezident İlham Əliyevin hələ 2012-ci ildə - Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik nitqindəki qətiyyətli və artıq reallığa, gerçəkliyə çevrilmiş ifadələri ilə başa çatdırmaq istərdim: "Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik".

Artıq xalqımız başda dövlət başçımız olmaqla bu sınaqdan da uğurla çıxmaq ərəfəsindədir və bu uğur müstəqil Azərbaycanımızın dünya birliyindəki yerini daha da möhkəmləndirəcək. Çünki Azərbaycan xalqına yalınz qələbə və zəfər yaraşır.

 

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü

Səs.- 2015.- 15 may.- S.12.