Hüquqi dövlətdə və vətəndaş
cəmiyyətində informasiya təhlükəsizliyi
məsələsi
Müasir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması aktual və zəruri problemə çevrilmişdir. BDU-nun dosenti İlham Mazanlı yazır: "Qlobal informasiya mühitinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması, informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazalarının yaradılması və inkişaf etdirilməsi, təhsil sisteminin təkmilləşməsi, benyəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması və s. bu cəmiyyəti səciyyələndirən əsas xüsusiyyətlərdir.
nformasiya cəmiyyətinin bərqərar olması demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması üçün də zəmin yaradır. Demokratik idarəetmə forması fikrin azad ifadə olunmasını tələb edir. Bunsuz vətəndaşların siyasi və ictimai həyatda iştirak etmələri üçün vacib olan informasiyanın əldə edilməsi mümkün deyildir. İnformasiya daşıyıcısı və yayıcısı kimi isə KİV-in azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun ən başlıca şərtlərindən biridir."
Müasir dövrdə informasiya cəmiyyətdə əsas strateji resursa çevrilmiş, informasiya sahəsinin rolu getdikcə daha da artmaqdadır. İnformasiya sahəsi informasiyanı, informasiyanın infrastrukturunu, informasiyanın toplanılması, formalaşdırılması, yayılması və istifadəsini, həmçinin, bu zaman ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi subyektlərini özündə ehtiva edir.
Müəllif göstərir ki, informasiya sahəsi cəmiyyətin həyatında sistemyaradıcı bir amil olaraq ölkənin siyasi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliyinin vəziyyətinə fəal təsir göstərir. Hər bir cəmiyyətin milli təhlükəsizliyi, informasiya təhlükəsizliyinin təmin olunmasından çox asılıdır və müasir texniki tərəqqi dövründə bu asılılıq daha da artmaqdadır.
Xüsusilə, iqtisadiyyatda informasiyanın yaranması, yayılması, hazırlanması və istifadəsi (istehlakı) istiqamətində mövcud proses və vasitələri əhatə edən yeni ictimai istehsal sahəsi yaranmışdır və getdikcə əhalinin daha geniş təbəqələri bu sahəyə cəlb olunurlar. İnformasiya cəmiyyətinin formalaşması informasiyalaşdırma prosesi ilə müşayiət olunur. Bu proses zamanı insan fəaliyyətinin bütün sahələrində yeni texnologiya və vasitələr fəal şəkildə tətbiq edilir və bütün bunlar belə deməyə əsas verir ki, informasiyalaşdırma bəşəriyyətin inkişafında, həqiqətən də artıq həlledici rol oynayır və informasiya cəmiyyətindən obyektiv olaraq yan keçmək mümkün deyildir.
İnformasiya münasibətlərinin və proseslərinin durmadan inkişafı informasiya sahəsində yeni münasibətlər sisteminin - informasiya təhlükəsizliyinin təminatı siteminin, informasiya hüququnun yaranmasını tələb edir. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasında demokratik cəmiyyətin, hüquqi dövlətin əsaslarının yaradıldığı bir şəraitdə bu sahədə müəyyən addımlar atılmış, qanunvericilik aktları və digər hüquqi aktlar qəbul edilmişdir. "Cəmiyyətdə liberal dəyərlərin, demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin, fikir plüralizmi, söz və məlumat azadlığının güclənməsi media qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini şərtləndirən mühüm amillər olmuşlar. ...qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir".
"Azərbaycanda dövri mətbuatın meydana gəlməsi və peşəkar jurnalistikanın formalaşmasından günümüzədək keçən müddətdə geniş media sistemi yaranmışdır... .Onlarca gündəlik qəzet, televiziya və radio kanalları, teleqraf agentlikləri səmərəli fəaliyyət göstərir. Bu fəaliyyətin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən ... qanun qəbul olunmuşdur. Bu proseslərin çağdaş elmi-nəzəri meyarlar baxımından daha geniş təhlil və tədqiqata cəlb edilməsinə böyük ehtiyac duyulur." Elmi araşdırmalara ehtiyacı olan sistemlərdən biri də informasiya sistemidir. İnformasiya münasibətləri hüquqi tənzimlənmənin predmeti kimi, informasiya-hüquqi münasibətlərin subyektləri, informasiyanın alınması, verilməsi, saxlanılması və istifadəsinin hüquqi mexanizmləri, müxtəlif məzmunlu informasiyanın, məlumat-bank və bazalarından istifadənin hüquqi rejimləri, informasiya hüquq pozuntuları, məsuliyyət və s. məsələlər elmi müzakirələrin obyekti ola bilər.
Artıq kağız daşıyıcılara əsaslanan informasiya xidməti praktikası öz dövrünü başa vurmaq üzrədir. Onun yerinə yeni - ən müxtəlif informasiyaların elektron təsvirlərinə əsaslanan xidmət növü gəlmişdir. Məşhur Amerika maliyyəçisi, "Vashinqton-Post" qəzetinin aksiyalarının böyük bir hissəsinin sahibi, iqtisadi vəziyyət haqqında öncədən verdiyi proqnozların dəqiqliyinəvə işgüzar duyumuna görə "Omahalı rəmmal" ləqəbi ilə tanınan Uorren Baffit mətbu nəşrlərin gələcəyinin olmadığı qənaətindədir. "Uoll-strit Cornel" qəzeti 2009-cu ilin may ayında Baffitin "Berkşir Hatevey" kompaniyasının aksionerlərinə illik məktubuna əsaslanaraq yazır ki, qəzetlər artıq cəmiyyətdə böyük rol oynaya bilmirlər, çünki xəbərləri indi başqa mənbələrdən, o cümlədən, internetdən almaq daha asandır. İnternet informasiyanın qeyri-məhdud sayda çoxaldılmasına, vaxtından və yerindən asılı olmayaraq, istifadəçi tərəfindən internet qlobal informasiya şəbəkəsindən dərhal əldə olunmasına geniş imkanlar açır.
Bu gün kompüter dünyada milyonlarla insanın həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir. Təxmini hesablamalara görə, fərdi kompüterlərin dörddə biri (250 milyon) kompüter şəbəkəsi ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasında da iqtisadi və mədəni həyatın sürətlə kompüterləşməsi prosesi gedir. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" (17 fevral 2003-cü il), "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" (21 oktyabr 2005), "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" (11 avqust 2010), "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmsal televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nın (10 fevral 2011), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004- 2008-ci illər) haqqında" və s. sənədlərin təsdiqi bunu sübut edir.Beynəlxalq praktikada qəbul olunmuşdur ki, ümumi cinayətkarlıq strukturunda başqa cinayət növləri ilə (xüsusilə, başqasının mülkiyyətinə qəsdlə bağlı cinayətlərlə) müqayisədə o qədər də böyük çəkiyə malik olmayan kompüter informasiyası sahəsindəki cinayətlər təkcə ayrı-ayrı elektron hesablayıcı texnika istifadəçiləri üçün deyil, bütövlükdə, ayrı-ayrı ölkələrin milli təhlükəsizliyi üçün də real təhdidlər yaradır. Bü cür cinayətlər getdikcə daha çox transmilli mütəşəkkil xarakter alır və onun vurduğu ziyanı bəzi hallarda hesablamaq belə mümkün olmur.
İ.Mazanlı göstərir ki, ölkənin müdafiəsi və istehsalat təyinatlı mürəkkəb kompüter sistemlərinin idarəedici ötürücüləri ilə bağlı fəaliyyət istiqamətləri ilə əlaqəli olan informasiyaların məhv edilməsi, təcrid olunması, modifikasiyası və s. xeyli sayda insan tələfatına gətiRİb çıxara, onların sağlamlığına ziyan vura bilər. Bu proseslər, eyni zamanda, təhlükəli nəticələrini əvvəlcədən Görmək mümkün olmayan texnoloji proseslərin əmələ gəlməsinə və inkişafına, külli miqdarda maddi və mənəvi əmlakın məhvinə də səbəb ola bilər. İdarəetmə və istehsalatla bağlı fəaliyyət sahələrində kağızsız texnologiyaların və hesablayıcı texniki vasitələrin tətbiqi digər cinayət növlərinin də törədilməsinə şərait yaradır. O cümlədən şəxsi həyatın toxunulmazlığı, məlumat sirri, müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması, ixtiraçılıq və patent hüquqlarının pozulması, dələduzluq, qanunsuz kredit alma, kommersiya və bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və açıqlanması, təşkilatların vergidən yayınması, insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan şəraitlər haqqında informasiyaların gizlədilməsi və s. cinayətləri bura aid etmək olar.
Kompüterlərlə, yeni elektron yayım və informasiya vasitələri ilə bağlı cinayətlərin geniş yayılması, həmçinin, onların sayının artması məhz elmi-texniki tərəqqi ilə - inkişaf etməkdə olan obyektiv proses vasitəsilə təmin edilir. Bu proses hesablayıcı informasiya texnikasının günbəgün təkmilləşməsi, kompüter və elektron şəbəkələrinin tətbiqi sahələrinin durmadan genişlənməsi, o cümlədən, internet qlobal informasiya şəbəkəsinin istifadəsi ilə bağlıdır.
İ.Mazanlı qeyd edir ki, kompüter informasiyası sahəsindəki cinayətlərin spesifikliyi onların törədilməsi zamanı yüksək texnologiyalardan, dünya elminin və texnikanın ən son nailiyyətlərindən istifadə edilməsi ilə izah olunur. Bu zaman müəyyən xüsusi biliklərə malik olmaq da əsas şərtlərdəndir. Həmin cinayətlərin yüksək latentlik səviyyəsi onların aşkarlanmasını və qeydə alınmasını, onlara qarşı mübarizənin təşkil olunmasını, qabaqlayıcı tədbirlərin həyata keçirilməsini xeyli çətinləşdirir.
Müasir dövrdə hər bir ölkənin milli və iqtisadi təhlükəsizliyinin əsas elementlərindən birini informasiya təhlükəsizliyi təşkil edir. Cəmiyyət informasiya baxımından özünü o halda mühafizə olunmuş hesab edə bilər ki, cəmiyyətdəki bütün sosial subyektlər, yəni ayrı-ayrı vətəndaşlar, sosial qruplar, siyasi, iqtisadi, mədəniyyət və s. digər təşkilatlar, dövlət orqanları tam, həqiqi, operativ və hücum xarakterli informasiya ilə təmin olunsunlar. Bu informasiyalar mümkün qədər hərtərəfli və maksimum obyektiv olmalı, hər bir subyektə onun cəmiyyətdəki maraqlarına, tələbat və mövqelərinə uyğun olaraq, gerçəklikdə oriyentir müəyyən etmələrinə və konkret şəraitdə situasiyaya adekvat qərarlar qəbul etmələrinə imkan yaratmalıdır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 16 may.- S.15.