Bəxtiyar Vahabzadənin 90 illik
yubileyi qeyd olunub
Mayın 15-də AMEA-nın əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Tofiq Hacıyev dövlətimizin başçısı Cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamı xatırladıb və bunun görkəmli şairin irsinə verilən qiymətin bariz nümunəsi olduğunu qeyd edib. O bildirib ki, görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biridir. Onun geniş və səmərəli bədii yaradıcılıq yolu, elmi, pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli və yaddaqalan səhifələr yazmışdır.
Görkəmli ədiblə bağlı xatirələrini bölüşən T.Hacıyev görkəmli şairin yaradıcılığından, yüksək mənəvi keyfiyyətlərindən, Azərbaycan poeziyasındakı rolundan bəhs edib.
Seminarda professor Sevil Mehdiyevanın "İstiqlal şairi Bəxtiyar Vahabzadə", professor İsmayıl Məmmədlinin "Bəxtiyar Vahabzadənin yaradıcılığında dil sənətkarlığı", filologiya üzrə fəlsəfə doktoru Zamiq Təhməzovun "Bəxtiyar Vahabzadənin şeir dili", dosent Səbinə Alməmmədovanın "Bəxtiyar Vahabzadənin yaradıcılığında dil məsələləri və onun şeir dili haqqında" və digər mövzularda məruzələri dinlənilib. Məruzələrdə söz ustadının XX əsr Azərbaycan ədəbiyyatına töhfələrindən danışılıb, şairin yaratdığı obrazlardan, şeirlərindən, Azərbaycan dramaturgiyasına gətirdiyi yeniliklərdən bəhs edilib. Bildirilib ki, şanlı tariximizə, doğma torpağımıza, dilimizə, mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza dərin köklərlə bağlı olan Bəxtiyar Vahabzadə həm də insanları milli ruhda nəfəs almağa səsləyən şair, alim, pedaqoq və vətəndaş idi. Azərbaycan ədəbi dilinin inkişafında xüsusi xidmətləri olan Bəxtiyar Vahabzadə şair, ictimai xadim, vətəndaş kimi ana dilimizin təbliğatçısı, qoruyucusu idi.
Zümrüd BAYRAMOVA
Səs.- 2015.- 16 may.- S.10