Naxçıvan yeni inkişaf mərhələsini yaşayır
"Naxçıvan həmişə böyük şəxsiyyətlərlə fərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər, şairlər, memarlar, dövlət xadimləri olmuşlar"
Heydər Əliyev
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün tarixi, ənənəsi, coğrafi mövqeyi, mədəniyyət abidələri və s. ilə seçilən və əhəmiyyət kəsb edən məkandır. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa malik olan Naxçıvan bu və ya digər dəyərləri özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir. Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu dövrdən başlayaraq mənəvi və maddi dəyərlərin geniş şəkildə tətbiq və təbliğ olunmasına xüsusi olaraq önəm yetirir. Xalqların və ölkələrin bir-birinə daha çox inteqrasiya olunduğu zamanda, dərin qloballaşma prosesində mövqeyini nümayiş etdirir.
Ölkənin cənub-qərbində yerləşən Naxçıvan müasir dövrümüzdə özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişaf onun tarixi kökləri üzərində həyata keçirilir. Belə ki, Azərbaycanın qədim torpağı olan bu diyar minilliklərin izini tarixində yaşadır. Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. Azərbaycanın digər torpaqları kimi Naxçıvan da rusların hakimiyyəti altına keçdikdən sonra ermənilərin həmin torpaqlarda yerləşdirilməsinə başlanmışdır. Naxçıvanla bağlı olan mənbələrdə göstərilir ki, bu bölgələrdə erməni əhalisi azlıqda qaldığından 1828-ci ildə Güney Azərbaycandan, Təbriz və çevrəsindən, 1829-1830-cu illərdə Ərzurum və çevrəsindən ermənilər köçürülərək Naxçıvan və İrəvan dairəsində yerləşdirilmişdi. 1905-ci ildən başlayaraq Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğın baş vermişdi. 1917-ci ildən ermənilər Naxçıvana ərazi iddiaları ilə çıxış etmişlər. Ötən əsrin ilk onilliklərində 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılıb.
SSRİ-nin dağılma prosesi 1980-cı illərin sonunda Qarabağ hadisələrinin təkrar alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxartdı. Müstəqillik hərəkatını boğmaq üçün 19 yanvar 1990-cı ildə Sovet Ordu hissələri Bakıya girərək qanlı qırğın törətdi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərki kəndini işğal edib, sərhəd boyu intensiv hücuma keçdilər. Yüzlərlə azərbaycanlı şəhid oldu. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qarar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş ilk konstitusiyası əsasında hazırlanıb, 1998-ci il aprelin 28-də muxtar respublikanın Ali Məclisində qəbul edilərək həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edilib və 1999-cu il yanvarın 8-dən qüvvəyə minib.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirilməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq - abadlıq işlərinin iştirakçısıdır. Naxçıvan mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilib. Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Naxçıvan, Ordubad, Sədərək, Şahbuz, Şərur kimi rayon və şəhərlərininin ekoloji cəhətdən təmiz iqlimi, tarixi abidələrlə zəngin olması bölgəyə turist axınını gücləndirir. Turistlərin bölgədə daha çox maraq göstərdikləri sahələr isə tarixi abidələrdir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, muxtar respublikada 1170-ə yaxın tarixi abidə mövcuddur və onun 56-sı dünya əhəmiyyətlidir. Tarixi abidələr sırasında Möminəxatun, Yusif ibn Küseyiroğlu türbələri, Qarabağlar Memarlıq Kompleksi, Xanəgah Abidə Kompleksi, Gəmiqaya abidələri, İlanlı Dağ abidələri, Əshabi-Kəhf Ziyarətgahı, Kültəpə abidələri, qədim tikililər və qalalar bu günə qədər gəlib çıxan sənətkarlıq nümunələri cəlbedici və maraq doğuran məkanlardır. Qeyd edim ki, artıq MR ərazisindəki abidələr pasportlaşdırılıb və öyrənilməsi üçün "Naxçıvan abidələri" ensiklopediyası çap olunub.
Son illərdə ərazidə turizm imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr də məhz bu əsaslar üzərindədir. Turizm dünyanın bir çox ölkələrinin əsas gəlir mənbəyi, sosial-iqtisadi və mədəni inkişafının mühüm amillərindən biri olduğunundan, bu ərazidə də turizmin inkişafına zəmin ola biləcək təbii şəraiti, yeraltı-yerüstü sərvətləri nəzərə alınaraq bu sahənin ikişafına diqqət artırılıb.
Burada mövcud olan turizm potensialı zənginliyi özündə cəmləşdirir. Təbii yeraltı sərvətləri ilə diqqətdə olan Naxçıvan mərmər, daş duz, əhəng, gips yataqları, Sirab, Badamlı, Vayxır, Nəhəcir, Qızılcir kimi nadir mineral suları ilə də şöhrət tapmışdır. Naxçıvanın mineral resurlarla zəngin olması onun iqtisadiyyatının əsas aparıcı faktorudur. Naxçıvanda duz ehtiyatı bir neçə milyard tondan çoxdur. Naxçıvanın mineral suları, Duzdağ Fizioterapiya Xəstəxanası, Darıdağ Balneoloji Müalicəxanası xüsusi əhəmiyyət kəsb edir. Ərazinin iqlimi buranın flora və fauna zənginliyi ilə seçilməsinə gətirib çıxarıb. Hər kəsi heyrətləndirə biləcək faunası - ayı, qaban, tülkü, dovşan, canavar, daş dələsi, dağ keçisi, Kiçik Asiya muflonları - dağ qoyunları, Xəzər suları, alp torağayları, dağ qaranquşu, daş kəkliyi bu ərazidə məskunlaşıb. Florasına gəlincə isə fıstıq, Şərq palıdı, qoz, söyüd, ağcaqayın, çoxlu dərman bitkiləri ilə təmsil olunur.
İran və Türkiyə ilə sərhədi boyunca Araz çayı, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çayları onun coğrafi relyefinin zənginliyini göstərir. Ordubadçay, Əlincəçay, Gilançay, Naxçıvançay, Arpaçay və bunlarla yanaşı mövcud olan göllər - "üzən adaları" olan dünya gözəli Batabat gölü, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var. Sirab gölü, Nehrəm gölü, Xok gölü, Çalxanqala gölü, Qahab gölü, Məzrə gölü, Payız gölü, Cəhri gölü və s. ərazinin rəncarəngliyini təzahür etdirir.
Naxçıvana səfər edən və bu məkanın qonağı olan hər bir şəxs tarixdə yer almış Nuh peyğəmbərlə bağlı məqamlara nəzər salmaq üçün hökmən bu məkana baş çəkir. Hər il minlərlə insan buranın ziyarətçisinə çevrilir. Azərbaycanın inzibati mərkəzi hesab olunan Naxçıvanın tarixinə nəzər salsaq onun əsrləri əhatə edən tarixində bəlli olur ki, Naxçıvanda arxeoloji qazıntılar zamanı eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar. Mənbələrdə göstərilir ki, yerli sakinlər Naxçıvanın yerində yaşayış məskəninin yaranmasını Böyük Daşqından sonra xilas olmuş Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Əfsanəyə görə, Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və onlardan biri - Ağrıdağ iki yerə ayrılmışdır - Böyük Ağrıdağ və Kiçik Ağrıdağ. Gəminin toxunduğu o biri sualtı dağ zirvələri isə Qapıcıq, İlandağ və Alagöz olub. Yerli sakinlər arasında dolaşan bu əfsanəyə görə, Nuh daşqın çəkildikdən sonra burada xeyli yaşamış və bu torpaqda vəfat etmişdir. Bu əfsanə xalq arasında o qədər geniş yayılmışdır ki, hətta məşhur rəssam Bəhruz Kəngərli "Nuhun qəbri" adlı rəsm əsəri də yaratmışdır. Naxçıvana səyahət etmiş səyyahlar fransalı Pyer Şarden və Dübua de Monper, ingilis Porter qeyd edirlər ki, bura qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl bir şəhərdir. Osmanlı səyyahı Evliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır.
Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan torpağına dünyanın müxtəlif ölkələrində səfər edən qeyri-millətlər burada yaşayıb-yaratmış və dünyada məşhur olan ziyalıların yaradıcılığına da meyil göstərirlər. Böyük memar Əcəmi İbn Əbubəkr Naxçıvaninin "Möminə Xatun türbəsi", minarəli "Cümə məscidi" zəmanəmizə qədər gəlib çatmışdır ki, belə sənət əsərlərini turistlər məmnunluqla seyr edirlər. Məşhur alim, dövlət xadimi, yazıçı-filoloq, farsca-türkcə ilk lüğətin müəllifi Hinduşah Bin Səncər Bin Abdulla Naxçıvani, general Hüseyn Xan Naxçıvanski, hərb xadimi Cəmşid Naxçıvanski, klassik yazıçı Cəlil Məmmədquluzadə, şair və dramaturq Hüseyn Cavid, rəssam Bəhruz Kəngərli kimi tanınmış simalar bu torpağın yetirmələridir.
Bu gün Naxçıvanın görkəmi xüsusilə dəyişmişdir. Naxçıvanda elm və maarifə böyük diqqət yetirilir. "Möminə Xatun" türbəsi və memarlıq kompleksi, "Yusif ibn Kuseyr" türbəsi, "İmamzadə", "Buzxana" pirləri, Orta əsrlərə aid hamam, Hüseyn Cavidin ev-muzeyi və türbəsi, Rəhimxanın evində Xalça Muzeyi, Tarix Muzeyi, Ədəbiyyat Muzeyi, Şəhidlər Xiyabanı, Araz çayı üzərindəki Naxçıvan su anbarının panoraması, Möminə Xanımın məzarı Naxçıvanı zəngin və tarixi kökləri özüedə ehtiva edən məkan kimi təqdim edir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında demişdir:"Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş torpaqdır. Naxçıvan həmişə böyük şəxsiyyətlərlə fərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər, şairlər, memarlar, dövlət xadimləri olmuşlar. Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur".
Bu gün Ümummilli Liderimizin şərəfinə Naxçıvanda Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Bu, Azərbaycan Respublikasında yaradılmış ilk Heydər Əliyev Muzeyidir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan muzeylərdən fərqli cəhəti ondadır ki, Ulu Öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu muzey onun anadan olduğu, boya - başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaq olmaqla həm də dahi şəxsiyyətin haqqında çox zəngin və nadir materialların - eksponatların kifayət qədər olmasıdır. Muzeydə Heydər Əliyevə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, müxtəlif bölgələrdə yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada "Xalqımla həmrəyəm", "Qayıdış", "Naxçıvan yaşayır və döyüşür" bölmələri təşkil olunmuşdur. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Müasir dövrdə Naxçıvan tamamilə başqa görkəm alıb. Naxçıvanlılar elm, mədəniyyət, dözüm və cəsarətləri ilə bu uğurlara qovuşublar. Naxçıvan çoxəsrlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağı kimi tanınır və şöhrətlənib. Bu gün Naxçıvan inkişaf edir və müasirləşir.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2015.- 19 may.- S.15.