Hüquqi dövlətdə sosial-iqtisadi
proseslərin idarə olunması
Hüquqi dövlətdə ən aktual problem sosial - iqtisadi proseslərin uğurla idarə olunması məsələsidir. Bu, həm qlobal səviyyədə belədir, həm də milli - regional səviyyədə. İndi yer üzündə hər bir ölkənin, istənilən ərazi vahidinin, təşkilatının, əksər şəxsin aktiv fəaliyyətini ümumiləşdirsək görərik ki, onların hər biri elə bir siyasət, tədbirlər silsiləsi həyata keçirmək istəyirlər ki, iqtisadi vəziyyətlərini yüksəldərək sosial-mənəvi problemlərini daha uğurla həll etsinlər. Bu, həyatın mənası olmasa da, hər halda indiki dövrün yaşam tərzidir. Ölkəmiz və hər birimiz də dövrün qlobal tələbləri çərçivəsində bu yaşam tərzinə uyğunlaşmağa məcburuq. Belə olan halda hər birimizin, eləcə də, ölkəmizin sosial-iqtisadi proseslərin idarə olunması ilə bağlı daha əhatəli, dərin elmi araşdırmalara böyük ehtiyacı var.
Bəs indiki dövrdə sosial - iqtisadi proseslər
uğurla idarə oluna bilirmi? Ə.Qəşəmoğlu
göstərir ki, hər zaman, xüsusilə indiki zamanda
sosial-iqtisadi "proseslərin idarə olunması" olduqca
mürəkkəb bir məsələdir. Bu
proseslərin uğurla həll olunması üçün
hökmən dərin elmi metodlara böyük ehtiyac vardır.
Doğrudur, indiki zamanda sosial - iqtisadi proseslərin
idarə olunmasında elmi metodlardan geniş istifadə olunur.
Amma bir daha, birinci fəsildəki indiki vaxtda
elmin səviyyəsi ilə bağlı fikirlərə
qayıdaraq onu demək lazım gəlir ki, bu elmi metodlar arzu
olunan səviyyədə deyildir. Oxuculara təqdim
olunan bu kitab, eyni zamanda, sosial - iqtisadi proseslərin idarə
olunması sahəsində ortada olan problemlərin həlli sahəsində
müəyyən konkret, yeni bir addımdır.
V.İ.Verxovin
göstərir ki, "sosial-iqtisadi"
anlayışının formalaşması, elmi
araşdırma obyektinə çevrilməsi prosesi elmdə
iki istiqamətin inkişafı ilə şərtlənir:
İqtisadçıların sosial amillərə diqqət
verilməsi zərurətini hiss etmələri, sosiologiyaya
maraqlarının artması ilə; Bu maraq iqtisadi sosiologiya
elminin yaranmasına, inkişaf etməsinə səbəb oldu.
N.C.Smelzerin fikrincə, sosioloqların iqtisadi
amillərə diqqətinin artması, onların
iqtisadiyyatın müəyyən sahələrinin
araşdırılmasında sosiologiya elmini tədbiq etmələri.
Təəssüf ki, müasir elmi tədqiqatlarda
"sosial-iqtisadi" termini də lazımi qədər izah
edilməmişdir. Adətən sosial
problemlər dedikdə əhalinin, onun müxtəlif
kateqoriyalarının güzəranı, həyat şəraiti,
elm, təhsil, mədəniyyət problemləri ilə
bağlı və b.k. məsələlər nəzərdə
tutulur. "Sosial - iqtisadi" dedikdə
mövcud elmi ədəbiyyatda əsasən hər hansı bir
obyektin, problemin, prosesin öyrənilməsində sosial və
iqtisadi amillərin birgə nəzərə alınması
başa düşülür. İndi
"sosial - iqtisadi" terminini, anlayışını bir qədər
konkretləşdirməyə, onun müəyyən tərifini
verməyə çalışaq.
Eyni bir prosesə müxtəlif aspektlərdən
baxdıqda, onu müxtəlif şəkildə xarakterizə
etmək olar.
Misal üçün, təhsil sisteminə bilik
verən bir müəssisə kimi baxıldıqda, burada
baş verən proseslər sosial proseslərdir - insanlar bilik əldə
etmək məqsədilə qarşılıqlı əlaqədə
olaraq yeni xüsusiyyətlərin ortaya çıxmasına
nail olurlar. Bu prosesə çəkilən
xərcləri, insanların təhsil almaqda məqsədlərini,
təhsil müəssisəsinin əldə etdiyi iqtisadi gəlirləri
nəzərə almaqla araşdırma apardıqda təhsil
prosesi sosial-iqtisadi prosesdir. Təhsilin
verilməsində ortada siyasi məqsədlər varsa, proses
eyni zamanda siyasi prosesdir. Təhsil sisteminə
yalnız biznes maraqları ilə baxıldıqda isə, o,
dar mənada bir iqtisadi prosesdir və s. Ölkədə
baş verən proseslər də bu mənada müxtəlif
aspektlərdən diqqət mərkəzinə gətirildikdə
müxtəlif mahiyyətləri ilə xarakterizə edilə
bilərlər. Ümumilikdə, ölkənin
inkişafı və tərəqqisi müxtəlif aspektlərdən
araşdırıla bilər.
Ə.Qəşəmoğlu yazır: "Sosial - iqtisadi
hadisələri üç qrupa bölmək olar : 1. daha
çox iqtisadi amillərlə müəyyənləşən,
amma onlar üçün sosial amillərin də mühüm
olduğu hadisələr; 2. həm xeyli iqtisadi, həm də xeyli
sosial amillərlə, onların qarşılıqlı əlaqələri
ilə müəyyənləşən hadisələr; 3.
daha çox sosial amillərlə müəyyənləşən,
iqtisadi amillərlə şərtlənən hadisələr."
"Sosial" termininə
verdiyimiz tərifi, izahatı nəzərə alaraq "soial -
iqtisadi" termininə də müəyyən aydınlıq
və dəqiqlik gətirə bilərik. Biz
"sosial - iqtisadi" dedikdə insanların müəyyən
bir missiyaya, məqsədə görə sistem əmələ
gətirdikləri zaman mövcud olan qarşılıqlı əlaqələrində
daha çox iqtisadi amillərin nəzərə
alınması ilə diqqət mərkəzinə gətirilən
müəyyən, konkret bir alt sistemi nəzərdə
tutacağıq.
Ə.Qəşəmoğlunun fikrincə,
"sosial-iqtisadi" aspektli istənilən məsələlərin,
eyni zamanda, "sosial-iqtisadi" proseslərin
araşdırılması zaman mədəniyyət və
qlobollaşma amillərinə daha ciddi yanaşılması
diqqət mərkəzinə gətirilməlidir. Hər bir sosal proses baş
verdiyi mədəniyyət sisteminin, mədəniyyət fəzasının
və məkanının güclü təsiri altında
baş verir. Sosial dedikdə müxtəlif
insanların qarşılıqlı əlaqələri
zamanı ortaya çıxan bir müəyyən xüsusiyyəti
nəzərdə tuturuq. Aydındır ki,
müxtəlif mədəniyyət sistemlərində bu
qarşılıqlı əlaqələr müxtəlif
şəkildə baş verir. Təbiidir ki, dərhal belə
bir sual da ortaya çıxa bilər ki, təkcə mədəniyyət
sisteminin yox, məsələn siyasi, demoqrafik, etnik və s. amillərin
də bu qarşılıqlı əlaqələrə təsiri
vardır. Bəli, vardır. Amma diqqətlə
fikir verildikdə mədəniyyət sisteminin, mədəniyyət
amillərinin daha dayanaqlı olduğu, daha çox amilləri
- elə o siyasini, demoqrafiki, etniki, iqtisadini və s.
özündə əxz etdiyini görmək çətin
deyildir. Bir az əvvəl deyildiyi kimi, indi
tez-tez Çin iqtisadiyyatının, yapon
iqtisadiyyatının, Cənubi Koreya iqtisadiyyatının və
s. möcüzələrindən söhbət gedir. Əslində, bu, onların iqtisadiyyatlarının
yox, mədəniyyətlərinin möcüzəsidir. Marks olduqca böyük alimlərdən biri hesab
edilir. Doğrudan da, o, nəhəng alimdir.
Amma cəmiyyətdə mədəniyyət
amilini lazımınca dəyərləndirməyib. Harmoniya və ahəng yarada bilən mədəniyyətin
iqtisadiyyatı necə formalaşdıra bildiyini lazımi
şəkildə nəzərə ala bilməyib. Tanınmış rus alimi A.V. Pozdnyakov qeyd edir ki,
"sosial sistemləri başqalarından fərqləndirən
ən əsas şey - onlarda özünütəşkil
başlanğıcın sosial - iqtisadi və siyasi inkişaf
ideyası (kursiv - A.V. Pozdnyakovundur) olmasıdır. Bəli, cəmiyyət sosial - iqtisadi, siyasi
inkişaf ideyasını irəli sürərək təşkilatlanmağa
başlayır. Amma bu ideyanın xarakteri,
aspektləri, həyata keçirilməsi mexanizmləri
müxtəlif mədəniyyət sistemlərinin, amillərinin
təsiri altında formalaşır.
Müəllif
göstərir ki, sosial - iqtisadi, siyasi proseslər daha tez hiss
edilən, müşahidə olunandır. Amma
onları əhatə edən, onların formalaşmasında əlahiddə
rol oynayan mədəniyyət sistemi bir çox hallarda nəzərdən
qaçır və hiss olunmur. Misal üçün, hər
hansı bir meyvənin rəngi, dadı daha tez hiss olunur, amma
onun yetişdiyi hava, iqlim, coğrafi mühit barəsində
çox az hallarda
düşünülür. Halbuki həmin rəngin,
ölçülərin, dadın formalaşması birbaşa
meyvənin yetişdiyi havanın hesabınadır.
Sosial-iqtisadi proseslərin
formalaşmasına, inkişaf etməsinə ən ciddi təsir
edən amillərdən biri də qlobollaşma prosesidir.
İndi dünyada çox böyük sürətələ
qlobollaşma getməkdədir. Bu, bir tərəfədən
internetin, rabitə, infomasiya, nəqliyyat vasitələrinin
inkişafı ilə bağlıdır və olduqca təbii
bir tarixi posesdir. Əslinə qalsa,
kitabın əvvəlində qeyd edildiyi kimi, yer üzündə
indi heç vaxt olmamış bir hadisə baş verməkdədir.
Akademik R.Mehdiyev yazır: "Dünyada gedən proseslər
birmənalı şəkildə göstərir ki, XXI əsrdə
bəşəriyyətin inkişaf strategiyalarını xeyli
dərəcədə məhz qlobollaşma müəyyənləşdirəcəkdir".
Yer üzü bütün Şərqi, Qərbi, Cənubi,
Şimali ilə birlikdə bir sistem halına gəlməkdədir. İqtisadiyyatın,
mədəniyyətin, siyasətin sürətlə
inteqrasiyası getməkdə, ekoloji, demoqrafik dəyişikliklər
baş verməkdədir. "Qlobollaşma
prosesi yeni bir hadisə deyil. Bəşəriyyət
tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi-iqtisadi, yaxud
sosiomədəni aləmin bir hissəsi olmağa can
atmışdır." Amma digər tərəfdən təbii olaraq
formalaşmaqda olan bu prosesə siyasətçilər,
dünyanın öndə olan böyük güc mərkəzləri
ciddi şəkildə müdaxilə etməkdədirlər.
İndi dünyada qloballaşmanın
"amerikanlaşma", "avropalaşma" kimi ssenariləri,
təzyiq vasitələri mövcuddur. Son
illər, başqa ərazilərə məxsus güc mərkəzlərinin
də, qlobollaşma prosesinə ciddi müdaxilə etmək
istədiyi müşahidə olunmaqdadır. Eyni zamanda, müxtəlif transmilli, dini təşkilatlar
da öz diktələrini etməyə
çalışırlar. Nəticədə,
qloballaşma təkcə obyektiv tarixi qanunauyğunluqla yox,
eyni zamanda, subyektiv mənəvi, iqtisadi-siyasi, hərbi təsirlər
vasitəsi ilə də baş verir. Ona
görə də, yer üzü sisteminin alt sistemi olan hər
bir ölkədə də bu proseslərin xüsusiyyətləri,
ciddi təsiri özünü göstərir. Hər bir ölkədə, o ölkənin ərazisində,
istənilən sosial institutda baş verən sosial-iqtisadi
proseslər də bu qlobollaşma mühitində baş verir.
Bu isə o deməkdir ki, sosial - iqtisadi proseslər
öyrəniləndə, idarə ediləndə hökmən
qlobollaşmanın xüsusiyyətləri də nəzərə
alınmalıdır.
Ə.Qəşəmoğlu qeyd edir ki, bəziləri qloballaşma amilinin nə şəkildə nəzərə alına bilməsini aydın təsəvvür edə bilmir. Məsələ o qədər də mücərrəd deyildir. Misal üçün, yenə də təhsil prosesini nəzərdən keçirək. Tutaq ki, ölkənin təhsil prosesini bir sosial - iqtisadi proses kimi araşdırmaq, idarə etmək lazmıdır. Bu zaman, ölkədə mədəniyyət, mənəviyyat, texnologiya, iqtisadiyyat, ekologiya, demoqrafiya və s. sahələrdə baş verən qloballaşma prosesinin təhsildə hansı şəkildə əks olunduğunu öyrənməyə böyük ehtiyac vardır. Digər tərəfdən, təhsil prosesinin idarə olunmasında, bu idarəetmənin strategiyasını, taktikasını müəyyənləşdirdikdə də hökmən ölkədə, dünyada baş verən qlobollaşma prosesinin xüsusiyyətləri nəzərə alınmalıdır. Biz yalnız öz ölkəmizdə haliyədə mövcud olan situasiyanı nəzərə alaraq təhsilimizin strategiya və taktikasını müəyyənləşdirə bilmərik. Qloballaşmanın gətirdiyi həm müsbət (kompüter texnikası, başqa ölkələrlə təcrübə mübadiləsi, geniş informasiya şəbəkəsinə daxil olma, dünyanın başqa ölkələrindəki təhsillə bağlı mühüm metodiki vasitələrin əldə edilməsi, problemlərin az bir zamanda öyrənilə bilməsi və s.), həm də mənfi cəhətləri (mənəviyyatda aşınma aparan müxtəlif KİV vasitələri, internet materialları, demoqrafik proseslərdəki arzuolunmaz hallar, iqtisadi təzyiq vasitələri və s.) nəzərə alınmalıdır. Müasir dünyanın tələblərinə uyğun səviyyəsində biliyə malik olan, milli dəyərlərimizə sadiq, mənəviyyatlı, vətənpərvər yeni nəsil yetişdirmək üçün daha uğurlu strategiyalar seçməli, təhsil sistemimizi təkmilləşdirməliyik. Məsələyə sosial-iqtisadi baxımdan yanaşdığımızdan bu vəzifələrin yerinə yetirilməsi üçün iqtisadi amilləri necə öyrənməyə, nəzərə almağa, onlar vasitəsilə prosesə necə təsir etməyə ciddi diqqət verilməlidir. Təbii ki, bütün bü deyilənlər təkcə təhsil prosesinə yox, eyni zamanda, bütün sosial - iqtisadi proseslərə də aiddir.
Yuxarıda deyilənləri nəzərə alaraq onu demək olar ki, indiki dövrdə sosial- iqtisadi prosesləri öyrənən zaman hələlik mövcud olan metodlarla qənaətlənmək düzgün deyildir. Araşdırmalar, idarəetmə, mədəniyyət sistemini və qlobollaşma proseslərini və digər mühüm amilləri nəzərə alaraq sistemli yanaşma prinsipi ilə həyata keçirilməlidir.
Sosial - iqtisadi proseslərin elmi-tədqiqat üçün diqqət yetirilməli olan ən mühüm cəhəti onu xarakterizə edən göstəricilərin həm kəmiyyət, həm də keyfiyyət dəyişənləri olmasıdır. Sosial amillərin çoxu keyfiyyət dəyişənləridir. Onların əksəriyyəti səlist şkalada ölçülə bilmir. Amma iqtisadi amillərin bir çoxu kəmiyyət dəyişənlərdir və konkret olaraq səlist şkalalarda ölçülə bilirlər. Ona görə də sosial-iqtisadi prosesləri öyrənən zaman elə spessifik metodikalardan istifadə etmək lazımdır ki, onlar həm kəmiyyət, həm də keyfiyyət dəyişənlərini nəzərə alaraq araşdırma aparmağa imkan versin.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 20 may.- S.15.