Hüquqi dövlətdə sosial-iqtisadi proseslərin idarə olunmasında sistemlilik prinsipi

 

 

 

Hüquqi dövlətdə ən aktual problem sosial - iqtisadi proseslərin uğurla idarə olunması məsələsidir. Bu, həm qlobal səviyyədə belədir, həm də milli - regional səviyyədə. İndi yer üzündə hər bir ölkənin, istənilən ərazi vahidinin, təşkilatının, əksər şəxsin aktiv fəaliyyətini ümumiləşdirsək görərik ki, onların hər biri elə bir siyasət, tədbirlər silsiləsi həyata keçirmək istəyirlər ki, iqtisadi vəziyyətlərini yüksəldərək sosial-mənəvi problemlərini daha uğurla həll etsinlər. Bu, həyatın mənası olmasa da, hər halda indiki dövrün yaşam tərzidir. Ölkəmiz və hər birimiz də dövrün qlobal tələbləri çərçivəsində bu yaşam tərzinə uyğunlaşmağa məcburuq. Belə olan halda hər birimizin, eləcə də, ölkəmizin sosial-iqtisadi proseslərin idarə olunması ilə bağlı daha əhatəli, dərin elmi araşdırmalara böyük ehtiyacı var.

Bəs indiki dövrdə sosial - iqtisadi proseslər uğurla idarə oluna bilirmi? Ə.Qəşəmoğlu göstərir ki, hər zaman, xüsusilə indiki zamanda sosial-iqtisadi "proseslərin idarə olunması" olduqca mürəkkəb bir məsələdir. Bu proseslərin uğurla həll olunması üçün hökmən dərin elmi metodlara böyük ehtiyac vardır. Doğrudur, indiki zamanda sosial - iqtisadi proseslərin idarə olunmasında elmi metodlardan geniş istifadə olunur. Amma bir daha, birinci fəsildəki indiki vaxtda elmin səviyyəsi ilə bağlı fikirlərə qayıdaraq onu demək lazım gəlir ki, bu elmi metodlar arzu olunan səviyyədə deyildir. Oxuculara təqdim olunan bu kitab, eyni zamanda, sosial - iqtisadi proseslərin idarə olunması sahəsində ortada olan problemlərin həlli sahəsində müəyyən konkret, yeni bir addımdır.

V.İ.Verxovin göstərir ki, "sosial-iqtisadi" anlayışının formalaşması, elmi araşdırma obyektinə çevrilməsi prosesi elmdə iki istiqamətin inkişafı ilə şərtlənir: İqtisadçıların sosial amillərə diqqət verilməsi zərurətini hiss etmələri, sosiologiyaya maraqlarının artması ilə; Bu maraq iqtisadi sosiologiya elminin yaranmasına, inkişaf etməsinə səbəb oldu. N.C.Smelzerin fikrincə, sosioloqların iqtisadi amillərə diqqətinin artması, onların iqtisadiyyatın müəyyən sahələrinin araşdırılmasında sosiologiya elmini tədbiq etmələri. Təəssüf ki, müasir elmi tədqiqatlarda "sosial-iqtisadi" termini də lazımi qədər izah edilməmişdir. Adətən sosial problemlər dedikdə əhalinin, onun müxtəlif kateqoriyalarının güzəranı, həyat şəraiti, elm, təhsil, mədəniyyət problemləri ilə bağlı və b.k. məsələlər nəzərdə tutulur. "Sosial - iqtisadi" dedikdə mövcud elmi ədəbiyyatda əsasən hər hansı bir obyektin, problemin, prosesin öyrənilməsində sosial və iqtisadi amillərin birgə nəzərə alınması başa düşülür. İndi "sosial - iqtisadi" terminini, anlayışını bir qədər konkretləşdirməyə, onun müəyyən tərifini verməyə çalışaq.

Eyni bir prosesə müxtəlif aspektlərdən baxdıqda, onu müxtəlif şəkildə xarakterizə etmək olar. Misal üçün, təhsil sisteminə bilik verən bir müəssisə kimi baxıldıqda, burada baş verən proseslər sosial proseslərdir - insanlar bilik əldə etmək məqsədilə qarşılıqlı əlaqədə olaraq yeni xüsusiyyətlərin ortaya çıxmasına nail olurlar. Bu prosesə çəkilən xərcləri, insanların təhsil almaqda məqsədlərini, təhsil müəssisəsinin əldə etdiyi iqtisadi gəlirləri nəzərə almaqla araşdırma apardıqda təhsil prosesi sosial-iqtisadi prosesdir. Təhsilin verilməsində ortada siyasi məqsədlər varsa, proses eyni zamanda siyasi prosesdir. Təhsil sisteminə yalnız biznes maraqları ilə baxıldıqda isə, o, dar mənada bir iqtisadi prosesdir və s. Ölkədə baş verən proseslər də bu mənada müxtəlif aspektlərdən diqqət mərkəzinə gətirildikdə müxtəlif mahiyyətləri ilə xarakterizə edilə bilərlər. Ümumilikdə, ölkənin inkişafı və tərəqqisi müxtəlif aspektlərdən araşdırıla bilər.

  Ə.Qəşəmoğlu  yazır: "Sosial - iqtisadi hadisələri üç qrupa bölmək olar : 1. daha çox iqtisadi amillərlə müəyyənləşən, amma onlar üçün sosial amillərin də mühüm olduğu hadisələr; 2. həm xeyli iqtisadi, həm də xeyli sosial amillərlə, onların qarşılıqlı əlaqələri ilə müəyyənləşən hadisələr; 3. daha çox sosial amillərlə müəyyənləşən, iqtisadi amillərlə şərtlənən hadisələr."

  "Sosial" termininə verdiyimiz tərifi, izahatı nəzərə alaraq "soial - iqtisadi" termininə də müəyyən aydınlıq və dəqiqlik gətirə bilərik. Biz "sosial - iqtisadi" dedikdə insanların müəyyən bir missiyaya, məqsədə görə sistem əmələ gətirdikləri zaman mövcud olan qarşılıqlı əlaqələrində daha çox iqtisadi amillərin nəzərə alınması ilə diqqət mərkəzinə gətirilən müəyyən, konkret bir alt sistemi nəzərdə tutacağıq.

Ə.Qəşəmoğlunun fikrincə, "sosial-iqtisadi" aspektli istənilən məsələlərin, eyni zamanda, "sosial-iqtisadi" proseslərin araşdırılması zaman mədəniyyət və qlobollaşma amillərinə daha ciddi yanaşılması diqqət mərkəzinə gətirilməlidir. Hər bir sosal proses baş verdiyi mədəniyyət sisteminin, mədəniyyət fəzasının və məkanının güclü təsiri altında baş verir. Sosial dedikdə müxtəlif insanların qarşılıqlı əlaqələri zamanı ortaya çıxan bir müəyyən xüsusiyyəti nəzərdə tuturuq. Aydındır ki, müxtəlif mədəniyyət sistemlərində bu qarşılıqlı əlaqələr müxtəlif şəkildə baş verir. Təbiidir ki, dərhal belə bir sual da ortaya çıxa bilər ki, təkcə mədəniyyət sisteminin yox, məsələn siyasi, demoqrafik, etnik və s. amillərin də bu qarşılıqlı əlaqələrə təsiri vardır. Bəli, vardır. Amma diqqətlə fikir verildikdə mədəniyyət sisteminin, mədəniyyət amillərinin daha dayanaqlı olduğu, daha çox amilləri - elə o siyasini, demoqrafiki, etniki, iqtisadini və s. özündə əxz etdiyini görmək çətin deyildir. Bir az əvvəl deyildiyi kimi, indi tez-tez Çin iqtisadiyyatının, yapon iqtisadiyyatının, Cənubi Koreya iqtisadiyyatının və s. möcüzələrindən söhbət gedir. Əslində, bu, onların iqtisadiyyatlarının yox, mədəniyyətlərinin möcüzəsidir. Marks olduqca böyük alimlərdən biri hesab edilir. Doğrudan da, o, nəhəng alimdir. Amma cəmiyyətdə mədəniyyət amilini lazımınca dəyərləndirməyib. Harmoniya və ahəng yarada bilən mədəniyyətin iqtisadiyyatı necə formalaşdıra bildiyini lazımi şəkildə nəzərə ala bilməyib. Tanınmış rus alimi A.V. Pozdnyakov qeyd edir ki, "sosial sistemləri başqalarından fərqləndirən ən əsas şey - onlarda özünütəşkil başlanğıcın sosial - iqtisadi və siyasi inkişaf ideyası (kursiv - A.V. Pozdnyakovundur) olmasıdır. Bəli, cəmiyyət sosial - iqtisadi, siyasi inkişaf ideyasını irəli sürərək təşkilatlanmağa başlayır. Amma bu ideyanın xarakteri, aspektləri, həyata keçirilməsi mexanizmləri müxtəlif mədəniyyət sistemlərinin, amillərinin təsiri altında formalaşır.

Müəllif göstərir ki, sosial - iqtisadi, siyasi proseslər daha tez hiss edilən, müşahidə olunandır. Amma onları əhatə edən, onların formalaşmasında əlahiddə rol oynayan mədəniyyət sistemi bir çox hallarda nəzərdən qaçır və hiss olunmur. Misal üçün, hər hansı bir meyvənin rəngi, dadı daha tez hiss olunur, amma onun yetişdiyi hava, iqlim, coğrafi mühit barəsində çox az hallarda düşünülür. Halbuki həmin rəngin, ölçülərin, dadın formalaşması birbaşa meyvənin yetişdiyi havanın hesabınadır.

  Sosial-iqtisadi proseslərin formalaşmasına, inkişaf etməsinə ən ciddi təsir edən amillərdən biri də qlobollaşma prosesidir. İndi dünyada çox böyük sürətələ qlobollaşma getməkdədir. Bu, bir tərəfədən internetin, rabitə, infomasiya, nəqliyyat vasitələrinin inkişafı ilə bağlıdır və olduqca təbii bir tarixi posesdir. Əslinə qalsa, kitabın əvvəlində qeyd edildiyi kimi, yer üzündə indi heç vaxt olmamış bir hadisə baş verməkdədir. Akademik R.Mehdiyev yazır: "Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin inkişaf strategiyalarını xeyli dərəcədə məhz qlobollaşma müəyyənləşdirəcəkdir".

Yer üzü bütün Şərqi, Qərbi, Cənubi, Şimali ilə birlikdə bir sistem halına gəlməkdədir. İqtisadiyyatın, mədəniyyətin, siyasətin sürətlə inteqrasiyası getməkdə, ekoloji, demoqrafik dəyişikliklər baş verməkdədir. "Qlobollaşma prosesi yeni bir hadisə deyil. Bəşəriyyət tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi-iqtisadi, yaxud sosiomədəni aləmin bir hissəsi olmağa can atmışdır."  Amma digər tərəfdən təbii olaraq formalaşmaqda olan bu prosesə siyasətçilər, dünyanın öndə olan böyük güc mərkəzləri ciddi şəkildə müdaxilə etməkdədirlər. İndi dünyada qloballaşmanın "amerikanlaşma", "avropalaşma" kimi ssenariləri, təzyiq vasitələri mövcuddur. Son illər, başqa ərazilərə məxsus güc mərkəzlərinin də, qlobollaşma prosesinə ciddi müdaxilə etmək istədiyi müşahidə olunmaqdadır. Eyni zamanda, müxtəlif transmilli, dini təşkilatlar da öz diktələrini etməyə çalışırlar. Nəticədə, qloballaşma təkcə obyektiv tarixi qanunauyğunluqla yox, eyni zamanda, subyektiv mənəvi, iqtisadi-siyasi, hərbi təsirlər vasitəsi ilə də baş verir. Ona görə də, yer üzü sisteminin alt sistemi olan hər bir ölkədə də bu proseslərin xüsusiyyətləri, ciddi təsiri özünü göstərir. Hər bir ölkədə, o ölkənin ərazisində, istənilən sosial institutda baş verən sosial-iqtisadi proseslər də bu qlobollaşma mühitində baş verir. Bu isə o deməkdir ki, sosial - iqtisadi proseslər öyrəniləndə, idarə ediləndə hökmən qlobollaşmanın xüsusiyyətləri də nəzərə alınmalıdır.

 Ə.Qəşəmoğlu qeyd edir ki, bəziləri qloballaşma amilinin nə şəkildə nəzərə alına bilməsini aydın təsəvvür edə bilmir. Məsələ o qədər də mücərrəd deyildir. Misal üçün, yenə də təhsil prosesini nəzərdən keçirək. Tutaq ki, ölkənin təhsil prosesini bir sosial - iqtisadi proses kimi araşdırmaq, idarə etmək lazmıdır. Bu zaman, ölkədə mədəniyyət, mənəviyyat, texnologiya, iqtisadiyyat, ekologiya, demoqrafiya və s. sahələrdə baş verən qloballaşma prosesinin təhsildə hansı şəkildə əks olunduğunu öyrənməyə böyük ehtiyac vardır. Digər tərəfdən, təhsil prosesinin idarə olunmasında, bu idarəetmənin strategiyasını, taktikasını müəyyənləşdirdikdə də hökmən ölkədə, dünyada baş verən qlobollaşma prosesinin xüsusiyyətləri nəzərə alınmalıdır. Biz yalnız öz ölkəmizdə haliyədə mövcud olan situasiyanı nəzərə alaraq təhsilimizin strategiya və taktikasını müəyyənləşdirə bilmərik. Qloballaşmanın gətirdiyi həm müsbət (kompüter texnikası, başqa ölkələrlə təcrübə mübadiləsi, geniş informasiya şəbəkəsinə daxil olma, dünyanın başqa ölkələrindəki təhsillə bağlı mühüm metodiki vasitələrin əldə edilməsi, problemlərin az bir zamanda öyrənilə bilməsi və s.), həm də mənfi cəhətləri (mənəviyyatda aşınma aparan müxtəlif KİV vasitələri, internet materialları, demoqrafik proseslərdəki arzuolunmaz hallar, iqtisadi təzyiq vasitələri və s.) nəzərə alınmalıdır. Müasir dünyanın tələblərinə uyğun səviyyəsində biliyə malik olan, milli dəyərlərimizə sadiq, mənəviyyatlı, vətənpərvər yeni nəsil yetişdirmək üçün daha uğurlu strategiyalar seçməli, təhsil sistemimizi təkmilləşdirməliyik. Məsələyə sosial-iqtisadi baxımdan yanaşdığımızdan bu vəzifələrin yerinə yetirilməsi üçün iqtisadi amilləri necə öyrənməyə, nəzərə almağa, onlar vasitəsilə prosesə necə təsir etməyə ciddi diqqət verilməlidir. Təbii ki, bütün bü deyilənlər təkcə təhsil prosesinə yox, eyni zamanda, bütün sosial - iqtisadi proseslərə də aiddir.

   Yuxarıda deyilənləri nəzərə alaraq onu demək olar ki, indiki dövrdə sosial- iqtisadi prosesləri öyrənən zaman hələlik mövcud olan metodlarla qənaətlənmək düzgün deyildir. Araşdırmalar, idarəetmə, mədəniyyət sistemini və qlobollaşma proseslərini və digər mühüm amilləri nəzərə alaraq sistemli yanaşma prinsipi ilə həyata keçirilməlidir.

 Sosial - iqtisadi proseslərin elmi-tədqiqat üçün diqqət yetirilməli olan ən mühüm cəhəti onu xarakterizə edən göstəricilərin həm kəmiyyət, həm də keyfiyyət dəyişənləri olmasıdır. Sosial amillərin çoxu keyfiyyət dəyişənləridir. Onların əksəriyyəti səlist şkalada ölçülə bilmir. Amma iqtisadi amillərin bir çoxu kəmiyyət dəyişənlərdir və konkret olaraq səlist şkalalarda ölçülə bilirlər. Ona görə də sosial-iqtisadi prosesləri öyrənən zaman elə spessifik metodikalardan istifadə etmək lazımdır ki, onlar həm kəmiyyət, həm də keyfiyyət dəyişənlərini nəzərə alaraq araşdırma aparmağa imkan versin.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 26 may.- S.15.