Hüquqi dövlətin enerji təhlükəsizliyi

 

 

Hüquq dövlət quruculuğu ilə inamla irəliləyən Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinə də təsir edir

    

Ekspertlərin hesablamalarına görə, Xəzər akvatoriyasında 200 mlrd tondan yuxarı karbohidrogen ehtiyatları mövcuddur ki, buranı dünyanın ən nəhəng enerji mənbəyi sırasına daxil etmək olar. Həmin ehtiyatların 5 mlrd tona yaxını Azərbaycanın payına düşür ki, belə böyük sərvətin ələ keçirilməsi uğrunda mübarizə artıq 20 ildir ki, tam gücü və dinamizmi ilə davam edir. ABŞ-ın "Nyu-Yok Tayms" qəzeti qeyd edirdi ki, "Azərbaycan neftinə görə öldürməyə dəyər. Azərbaycanın Xəzər dənizində malik olduğu üç neft yatağı dünyanın ağzı hələ açılmamış sonuncu neft xəzinələri sırasındadır. Dörd milyard barrel neft ehtiyatı İran körfəzinə alternativ sayıla bilər".

Müasir geopolitakada Xəzər regionu dünyada böyük əhəmiyyətə malik regionlardan hesab edilir. Bu region Avropa ilə Asiyanı, Mərkəzi Asiya ilə Qafqazı birləşdirir, eyni zamanda, Çin, Hindistan, Yaxın və Orta Şərqə yol buradan keçir. Bu regiondan keçən Böyük İpək Yolu üzərində müasir dünyanın inkişaf etmiş 33 ölkəsi yerləşir və onların hər birinin bu yolla bağlı konkret konsepsiya və elmi-nəzəri baxışları var. Hələ XX əsrin birinci yarısında əsas geosiyasi oyunçuların Xəzər dənizi regionuna maraqlarının artması strateji və iqtisadi amillərlə bağlı idi.

Azərbaycan sovetləşdikdən sonra Bakı neftinin satılması üçün 1922-23-cü illərdə Genuya və Haaqa konfranslarında  göstərilən cəhdlərə baxmayaraq, sovet quruluşu qapalı  cəmiyyət olduğu üçün Bakı neftinin konsessiyaya verilməsi məsələsi gündəmdən çıxarıldı, lakin unudulmadı.

S.Ə.Kavtaradze göstərir ki, SSRİ-nin süqutundan sonra Cənubi Qafqaz müxtəlif transmilli nəhənglərin və dövlətlərin rəqabət mərkəzinə çevrildi. Bu, onun karbohidrogen ehtiyatlarından irəli gəlirdi. Müstəqil Azərbaycanın meydana çıxması, həmçinin, Qazaxıstan və Türkmənistanın da müstəqillik əldə etməsi nəticəsində Rusiya beş Xəzəryanı dövlətdən birinə çevirdi. Geosiyasi vəziyyətin belə dəyişməsi ABŞ-ı da bu istiqamətdə öz geosiyasi xəttini yenidən işləməyə vadar etdi. ABŞ bu regionu öz həyati maraqları zonasına daxil etmişdi.

İradə Muradova yazır ki, Xəzər hövzəsi öz neft-qaz ehtiyatlarına görə, 30-dan artıq regional və dünya miqyaslı dövlətin geosiyasi maraqları dairəsinə daxil olmuşdur. Təsadüfi deyil ki, Xəzəryanı dövlətlərin rəhbərləri Xəzərin karbohidrogen ehtiyatlarını öz ölkələrinin rifahı üçün alət kimi qəbul edir, həmçinin, regionda sabitliyin və müstəqilliklərinin təminatı kimi görürlər. Eyni zamanda, Xəzəryanı dövlətlər neftin gücü ilə Rusiyadan siyasi və iqtisadi asılılıqlarına son qoymaq istəyirdilər. Həm Azərbaycan, həm də Qərbin böyük dövlətlərinin geosiyasi maraqları Xəzər neftinin satışı nəticəsində əldə olunacaq gəlirlərdə ifadə olunur. Təsadüfi deyil ki, müasir dünyanın kütləvi informasiya vasitələrinin - qəzet və jurnalların, radio və televiziyanın, xəbər agentliklərinin, internetin və s. daimi mövzuları sırasında Azərbaycan nefti ilə bağlı materiallar mühüm yer tutur.

Məhz neft amilinin təsiri ilə XX əsrin sonu-XXI əsrin əvvəllərində Xəzər dənizi regionunun mərkəzi dövləti olan Azərbaycan böyük dövlətlərin rəqabət meydanına və dünya siyasətinin vacib geostrateji mərkəzlərindən birinə çevrildi. Amerika politoloqu Z.Bzejinski göstərirdi ki, "məhdud ərazisinə və azsaylı əhalisinə baxmayaraq, Azərbaycan öz zəngin enerji resursları ilə geosiyasi planda açar rolunu oynayır. O, Xəzər dənizi və Mərkəzi Asiyanın sərvətlərini özündə saxlayan şüşə qabın tıxacıdır." Müəllif fikrini davam etdirərək yazırdı: "Əgər Azərbaycan bütünlüklə Moskvanın nəzarətinə tabe olsa, onda Orta Asiya dövlətlərinin müstəqilliyinə praktik olaraq mənasız bir şey kimi baxmaq olar. Əgər Azərbaycanın müstəqilliyi ləğv olunsa, onun əhəmiyyətli neft ehtiyatları Rusiya nəzarətinə tabe edilə bilər."

Müasir politoloji fikirdə Cənubi Qafqazın ətrafında cərəyan edən hadisələr, burada geosiyasi maraqların toqquşması və regionun karbohidrogen ehtiyatlarının istehsalı və ixracı ətrafında gedən oyunlar son dərəcə ciddi şəkildə təhlil edilir. ABŞ-ın mövqeyini sərgiləyən R.Qobl Qafqaz regionunda Azərbaycanın əhəmiyyətini xüsusi qeyd edərək göstərirdi ki, "Azərbaycan heç də Qərblə Orta Asiya arasında körpü deyil, həm də xammalla zəngin Şərqlə Rusiya arasında bir ciddi səddir."

Məlum olduğu kimi,  Azərbaycan Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzinin məlumatına görə, Azərbaycanın payına Xəzərin enerji resurslarından 5 milyard tona yaxın neft və 5-6 trilyon kubmetr qaz ehtiyatları düşürdü ki, dünya enerji ehtiyatlarının təxminən 4%-ni təşkil edən bu göstərici həm dünya səviyyəsində, həm də milli səviyyədə çox böyük əhəmiyyət kəsb edir və Azərbaycanın dünya dövlətləri sırasındakı mövqeyinə xüsusi təsir göstərir. Hazırda başlıca vəzifə olan neft satışından əldə edilən gəlirlərin səmərəli idarə olunması dövlətçiliyimizin gələcəyi ilə bağlıdır, ümumilikdə isə cəmiyyəti düşündürən aktual problemlərdən biri kimi bu istiqamətdə ciddi elmi-tədqiqat işləri aparılmalıdır.

Regionun geosiyasi və geoiqtisadi əhəmiyyəti nəinki Rusiya siyasətçiləri tərəfindən etiraf olunur, habelə bu istiqamətin Rusiyanın milli təhlükəsizliyində mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanırdı. Rus tədqiqatçılarından K.Hacıyev yazırdı ki, Xəzər dənizi - Qafqaz regionunda mərkəz rolunu Azərbaycan oynayır. Azərbaycan həm strateji cəhətdən əlverişli mövqedə yerləşir, həm də onun əlində olan əsas üstünlük Xəzər neftidir. Ona görə də Azərbaycan amilini nəzərə almadan regionda ayrı-ayrı dövlətlərin və maraqların qarşılıqlı əlaqəsini dərk etmək olmaz.

Azərbaycan Respublikasının neft siyasətində Ümummilli Lider Heydər Əliyevin "neft və kommunikasiya diplomatiyası" mühüm rol oynayır. Heydər Əliyevin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının istehsalı və ixracı prosesinə daha çox ölkəni, xüsusilə də, Qərb dövlətlərindən ABŞ-ı, Yaponiyanı və Türkiyəni, habelə, dünyanın nəhəng transmilli şirkətlərini cəlb etmək istəyi azərbaycanlı politoloqlardan Ə.Həsənova görə, aşağıdakı səbəblərlə bağlı idi:

-  müstəqilliyini yenicə əldə etmiş, ciddi siyasi, iqtisadi və sosial böhran keçirən Azərbaycan üçün xarici investisiya qoyuluşu və qabaqcıl texnologiyanın tətbiqi mühüm əhəmiyyət kəsb edirdi;

-  hələ dünya dövlətləri sırasında öz yerini tapmayan və ərazisinin 20%-i işğal altında olan Azərbaycanın xarici dövlətlərlə müstəqil surətdə əlaqələrə girməsi vacib idi. Azərbaycanla iqtisadi əlaqələrə daxil olacaq hər bir xarici ölkə, xüsusilə də, nüfuzlu Qərb dövlətləri, əslində Azərbaycanın suveren hüquqları və dövlət müstəqilliyi üçün əlavə qarant rolunu oynaya bilərdi;

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan özünə beynəlxalq tərəfdaş axtarırdı. Xəzər nefti bu istiqamətdə çox mühüm bir amil ola bilərdi. Postsovet məkanındakı ölkələrin siyasi müstəqilliyinə, eləcə də, Azərbaycanın yeni neft siyasətinə dəstək verən, habelə, Xəzər regionunun neft və qaz ehtiyatlarına ilk maraq göstərən dünyanın aparıcı ölkələri - ABŞ və Qərbi Avropa dövlətləri oldular. Azərbaycan Qərbin bu marağından öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi islahatların aparılması, Dağlıq Qarabağ probleminin mahiyyətinin bütün dünyaya çatdırılması və onun həllində dünya dövlətlərinin ədalətli mövqe tutması üçün istifadə etməyə çalışırdı. Məhz neft diplomatiyasının gücü ilə bəzi dövlətləri bitərəfləşdirmək, digərlərinin maraqlarını isə Azərbaycanın maraqları ilə daha sıx bağlamaq mümkün olmuşdu.

Müstəqilliyin ilk illərindən Qərb dövlətlərinin və dünyanın transmilli neft şirkətlərinin Azərbaycana olan marağının artması ilk növbədə regionun gələcəyi, onun enerji resurslarının Avropanın enerji təchizatında oynayacağı rolla bağlı idi. Azərbaycanlı müəlliflərdən V.Quluzadə qeyd edirdi: "Dünyanın böyük dövlətlərinin bizim regionda iştirakı burada sabitlik yaradacaqdır, çünki onların maddi marağı sabitliyin pozulmasına yol verməyəcəkdir. Biz Ermənistana da neft verə bilərik, ancaq onlar bizim torpaqlardan çıxmalıdırlar. Ermənistan ABŞ-dan yardım alan ölkələr arasında İsraildən sonra ikinci yerdə gedir. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli daha çox ABŞ-dakı neft və erməni lobbisi arasındakı mübarizədən asılıdır.

Ümummilli Lider Heydər Əliyevə görə, Azərbaycanın milli sərvəti sayılan neft nəinki iqtisadi, habelə, siyasi məqsədlər üçün də istifadə olunmalıdır. Neft diplomatiyasında başlıca məqsəd kimi o, Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasını nəzərdə tuturdu. O, yaxşı başa düşürdü ki, ölkədə cərəyan edən siyasi xaos və qeyri- sabitlik, bilavasitə, neft diplomatiyası ilə bağlı düzgün siyasətin yeridilməməsinin nəticəsidir. Heydər Əliyevin yeritdiyi məqsədyönlü xarici siyasət xətti çox tezliklə müsbət nəticələr verdi. Azərbaycanda çox böyük maraqları olan Qərb dövlətləri, o cümlədən, ABŞ Dövlət Departamenti, Böyük Britaniya hökuməti bir-birinin ardınca Dağlıq Qarabağa dair bəyanat verərək, erməni tərəfinin təcavüzkarlıq aksiyalarını pislədilər. Qarabağ münaqişəsində açıq şəkildə Ermənistana qarşı çıxış edən Qərb dövlətləri bununla Azərbaycanın yeni hökuməti ilə neft müqaviləsi ətrafında danışıqları davam etdirmək istədiklərini nəzərə çatdırırdılar.

Uzun sürən diplomatik-siyasi danışıqlar 1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi" adlı ilk neft müqaviləsinin imzalanması ilə başa çatdı. Həmin gün BP şirkətinin prezidenti Con Braun çıxışında bildirdi: "İndi bütün dünyanın nəzərləri Bakıya dikilmişdir. Çünki bu müqavilə yeni mərhələnin, yeni beynəlxalq münasibətlərin rəmzidir. Elə münasibətlər ki, onlar yeni dünya qurmağa kömək edə bilər... Bu gün biz yeni yüzilliyin ən iri layihələrindən birinin əsasını qoyuruq. Elə bir layihə ki, enerji təchizatı sahəsində işgüzar münasibətlərin formaları və məzmununun dəyişdirilməsinə və ümumən Azərbaycan xalqının uzun müddət ərzində tərəqqisinin təmin olunmasına kömək edəcəkdir."

    

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 26 may.- S.13.