Hüquqi dövlət və vətəndaş cəmiyyəti sistemində KİV

 

  

KİV dövlət orqanlarının fəaliyyətini işıqlandırmaqla, dövlət orqanlarının fəaliyyətini obyektiv informasiya ilə təmin etməklə, gizli iqtisadiyyat, korrupsiya və vəzifə cinayətkarlığı ilə mübarizə aparmaqla, informasiya sferasında ictimai, milli və dövlət marağına xidmət etməklə dövlət və cəmiyyət sistemində mühüm rol oynayır.

Dövlət və cəmiyyət milli KİV-ə dövlət yardımı göstərir, dövlət və özəl KİV-in inkişafında bərabər imkanlar, ölkənin informasiya mənbələrinə və ehtiyatlarına bərabər daxil olmaq şansı, cəmiyyətin sosial, iqtisadi, siyasi, mədəni inkişafını təmin etmək üçün ictimai həyatda informasiya prosesinin və KİV-in fəaliyyəti üçün optimal şərait yaradır.

Dövlət uğurlu informasiya siyasəti yürüdərkən aşağıdakı baza prinsiplərinə əsaslanır: 1. Siyasətin aşkarlığı prinsipi. Bu zaman informasiya siyasətinin əsas istiqamətləri cəmiyyətdə və dövlətdə KİV nümayəndələrinin iştirakı ilə açıq müzakirə olunur, ölkə vətəndaşlarının ictimai rəyi nəzərə alınır. 2. Sistemlilik prinsipi - qəbul olunmuş qərarın həyata keçdiyi zaman onun nəticələri bütövlüyü, məcmusu ilə götürülməlidir. 3. Maraqların bərabərliyi prinsipi-informasiya fəaliyyətində iştirak edən KİV-in cəmiyyətdəki vəziyyətindən, mənsubiyyətindən asılı olmayaraq bərabər səviyyədə maraqlarının nəzərə alınması siyasəti yürüdülməlidir. 4. Milli və dövlət maraqlarına üstünlük verilməsi prinsipi. 5. Sosial yönümlülük və vətəndaşların sosial maraqlarının təmin edilməsi prinsipi. 6. Dövlət tərəfindən yardım edilməsi prinsipi. 7. Qanunun aliliyinin təmin edilməsi prinsipi.

Müasir dövrdə KİV dövlət və cəmiyyət sistemində rolunun artması ilə multimedia və sosial medianın yaranması, sosial informasiya nəzəriyyələrinin inkişafı baş verməkdədir. Hazırda "Demokratiyanın informasiya nəzəriyyəsi" adlı elmlərarası istiqamət diqqəti cəlb etməkdədir. Bu nəzəriyyə informasiyanın dərk olunması məqsədilə sosial-iqtisadi və digər formaların qarşılıqlı təsirinin faydasına artırmaq üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarını öyrənir. "Tətbiqi planda demokratiyanın informasiya nəzəriyyəsinin məqsədi mövcud siyasi sistemlər çərçivəsində demokratik təsisatların optimallaşdırılması və elektron demokratiyanın inkişafıdır. Bunun üçün informatika, kibernetika, sinergetika, sosiologiya və digər elmlərin ideya və metodoloji üsullarından istifadə edilir. Demokratiyanın informasiya nəzəriyyəsi birgə rifah yaradılması konsepsiyası ilə qovuşur". Göründüyü kimi, bu nəzəriyyə elmlərarası tədqiqat obyekti kimi demokratiyanın və informasiya azadlığının bərqərar olmasına xidmət edir.

Akademik Ramiz Mehdiyev KİV-in dövlət və cəmiyyət sistemindəki roluna toxunaraq yazır: "Kütləvi informasiya vasitələri müasir dövrdə cəmiyyət həyatının bütün sahələrinə güclü təsir göstərən qüdrətli təsisatlardan biridir. İctimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində onun rolu və əhəmiyyəti son dərəcə böyükdür. Ölkədə və dünyada baş verən bir sıra mühüm siyasi-ictimai və mənəvi proseslərin ictimaiyyət tərəfindən dərk edilib qiymətləndirilməsi əsasən kütləvi informasiya vasitələrinin fəaliyyətinin sayəsində mümkün olur. Müasir cəmiyyətdə çox önəmli rol oynayan mətbuatın siyasi münasibətlərə və proseslərə yaxından nüfuz etmək imkanları da nəzərə alınarsa, onun rolunun və məsuliyyətinin kifayət qədər böyük olduğuna heç bir şübhə yeri qalmır. Təsadüfi deyil ki, ictimai rəyə təsir göstərmək imkanlarına görə kütləvi informasiya vasitələrini məcazi mənada dördüncü hakimiyyət adlandırırlar.

Müəllif azad, müstəqil mətbuatı demokratiyanın əsas atributlarından biri olaraq cəmiyyətdə demokratik prinsiplərin təşəkkülündə əsas rol oynayan, demokratiyanı səciyyələndirən göstərici kimi təqdim edir.

Göründüyü kimi, müəllif KİV-in cəmiyyətdə və dövlətdə rolunu aşağıdakı kimi qruplaşdırır: 1) KİV ictimai rəy formalaşdıran, ictimai-siyasi prosesləri istiqamətləndirən təsisat kimi; 2) cəmiyətdə baş verən prosesləri dərk etdirən və qiymətləndirən amil kimi; 3) müstəqil KİV-in demokratik prinsiplərin reallaşmasını təmin edən əsas göstərici kimi.

Dövlət və cəmiyyət sistemində, sosial inkişafın istiqamətində informasiya və kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. İnkişafına iqtisadi, siyasi, hüquqi, təşkilati yaradıcılıq informasiya-texnoloji amillərin təsir etdiyi kütləvi informasiya vasitələri dövlətin idarəetmə sistemində mühüm tərkib hissəsi kimi xarici və daxili siyasətin formalaşmasında, həyata keçirilməsində, hökumətlə xalqın qarşılıqlı əlaqələrində, cəmiyyətin demokratik idarə olunmasında xüsusi rol oynayır. KİV cəmiyyətin inkişaf dinamikasına təsir etmək və onu dəyişdirmək gücünə malikdir. Azərbaycan tədqiqatçısı M.Rəhimli "Kütləvi informasiya vasitələri demokratikləşmə prosesində" əsərində kütləvi informasiya vasitələri və hökumət arasındakı əlaqə və münasibətlərin üç şəkildə üzə çıxdığını göstərir: Birincisi, KİV siyasi, iqtisadi, sosial və sahələri idarə edən qüvvələrin - hökumətin təsiri altında işləyir. İkincisi isə, bütün bu sahələrə nəzarəti həyata keçirir. Üçüncüsü, KİV müstəqil olaraq cəmiyyətin həyatında iştirak edir. Bu zaman artıq KİV dördüncü hakimiyyət rolunda çıxış edir.

Son dövrlərdə bəzi tədqiqatçılar hakimiyyətin üç deyil, dörd, hətta beş bölgüsündən bəhs edir. Rus tədqiqatçısı professor R.F.Abdeyev "İnformasiya sivilizasiyası fəlsəfəsi" əsərində hakimiyyətin əsas demokratik bölgü prinsipinin inkişafında informasiyanı ayrıca bir hakimiyyət kimi nəzərdən keçirir: "Yeni sivilizasiyada dövlət mürəkkəb özüntəşkil sistemi kimi öz strukturunu daha artıq təkmilləşdirir. İnformasiya sivilizasiyası dövrünə qədəm qoymuş ölkələrin təcrübəsi göstərir ki, hüquqi-demokratik dövlət beş hakimiyyət üzərində qurulur". R.F.Abdeyev göstərir ki, dövlət sosial-mədəni planda və iqtisadi cəhətdən yalnız beş müstəqil hakimiyyətin - qanunverici, icraedici, məhkəmə, informasiya və intellekt hakimiyyətlərinin qarşılıqlı təsiri zamanı inkişaf edə bilər. Sonuncu iki hakimiyyət tipi bütün qalan hakimiyyətin hamısına nüfuz edir. Müəllif informasiya hakimiyyəti dedikdə azad mətbuatı, aşkarlığı, məlumat banklarına daxil olmağın bolluğunu nəzərdə tutur. İnformasiya hakimiyyəti fasiləsiz olaraq xəbərlər axınını həyata keçirən peyk  televiziyası vasitəsilə reallaşır.

Cəmiyyət və dövlət sistemində infomrasiya idarəetməsinin rolu getdikcə daha da artır. İnformasiya hüquqi dövlət, demokratiya və vətəndaş cəmiyyətinin inkişafına təkan verir. KİV ictimai həyata, insanların əhval-ruhiyyəsinə və ictimai rəyə güclü təsir edə bilir. Demokratik təsisatlar geniş  vətəndaş azadlığı, müstəqil, azad KİV və güclü   vətəndaş cəmiyyətinin bərqərar olduğu hüquqi dövlətlərdə daha sürətlə formalaşa bilir.

Cəmiyyətdə "demokratik idarəetmə sisteminin təşəkkülü ilk növbədə, obyektiv, tərəfsiz informasiya almaq tələbatının ödənilməsindən - hər bir insanın söz, fikir, düşüncə və vicdan azadlıqları ilə təmin olunmasından asılıdır. Bu hüquq və azadlıqlar demokratik cəmiyyətin formalaşmasını, siyasi plüralizmi gerçəkləşdirməklə insanların hüquqlarının etibarlı müdafiəsi üçün geniş şərait yaradır.

Söz, fikir, informasiya və mətbuat azadlıqları cəmiyyətin normal inkişafını, liberal-demokratik münasibətlərinin formalaşmasını, demokratikləşmə prosesinin sürətlənməsini təmin edir. Öz fikir və ideyalarını azad şəkildə ifadə etmək demokratik cəmiyyətin əsas nüvəsini təşkil etməklə yanaşı, həm də onun tərəqqisinin və inkişafının başlıca şərtlərindən biridir. Öz fəaliyyətlərində milli-mənəvi dəyərləri əks etdirən kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən güclü vasitələrdən biri kimi, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində ciddi rol oynayır".

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 27 may.- S.15.