Şərqdə ilk demokratik dövlət
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 97 il ötür. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub.
1918-ci il mayın 28-də Şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Bunlar Azərbaycan milli şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmədiyini və bütün vətəndaşların siyasi hüquqlarını təmin etdiyini bütün dünyaya bəyan etdi.
AVROPANIN DEMOKRATİK DƏYƏRLƏRİ İLƏ ŞƏRQ DƏYƏRLƏRİNİ ÜZVİ ŞƏKİLDƏ BİRLƏŞDİRƏN YENİ DÖVLƏT VƏ CƏMİYYƏT NÜMUNƏSİ
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.
Demokratik Respublika
dövründə kitabxana və muzey işinin quruluşunda böyük
yeniliklər edilmişdir. Azərbaycan
hökuməti geniş oxucu
kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi
kitabxana təşkil etmək məsələsini
qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda
95 min nüsxə kitab
fondu olan 11 kitabxana var idi.
AXC dövründə Azərbaycanda ilk muzey
"İstiqlal" Muzeyi
təşkil olunmuşdur. Eyni zamanda
Bakıda Etnoqrafiya Muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında
məsələ qaldırılmışdır.
Xalq Cümhuriyyətinin zəngin
və rəngarəng,
orijinal mətbuatı
olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca
qəzet və jurnal nəşr olunmuşdur.
AZƏRBAYCAN
ÖZ MÜSTƏQİLLİYİNİ VƏ
SUVERENLİYİNİ QORUMAĞI VƏ
MÖHKƏMLƏNDİRMƏYİ BACARDI
XX əsrin 90-cı illərində
Azərbaycanda da daxil olmaqla bütün
İttifaq respublikalarında
başlanan və Sovetlər İttifaqının
dağılması ilə
nəticələnən milli
azadlıq hərəkatı
ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə
qovuşdu.
Xalqımız yeni tarixi şəraitdə
öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında
müstəqil Azərbaycan
dövlətini yaratdı. Lakin Azərbaycan
Respublikası Azərbaycan
Xalq Cümhuriyyətindən
fərqli olaraq, mürəkkəb vəziyyətdə
öz müstəqilliyini
və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı,
dövlətçiliyin qorunması
üçün qətiyyətli
tədbirlər görüldü,
ölkədə davamlı
ictimai-siyasi sabitlik bərpa edildi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi ən böyük sərvət,
ən böyük dəyər kimi qiymətləndirirdi:"Müstəqilliyi
əldə etmək onu qoruyub saxlamaqdan,
möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan
sözün əsl mənasında müstəqil
ölkədir, biz həm
daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. ...Bizim
siyasətimiz Azərbaycan
xalqının maraqlarına
xidmət göstərir.
Azərbaycan xalqının maraqlarının
qorunması, Azərbaycan
dövlətinin möhkəmləndirilməsi,
Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsi
mənim üçün
və bilirəm ki, hər bir
Azərbaycan vətəndaşı
üçün ən
başlıca vəzifədir,
ən başlıca məqsəddir".
Ulu Öndər
Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər
Azərbaycan dövlətçiliyini
məhv olmaq təhlükəsindən xilas
etdi və beləliklə, ölkədə
dövlətçiliyin yeni
inkişaf mərhələsi
başladı. Bu mərhələ
beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli
sərvətləri xalqın
mənafelərinə yönəltmək
kimi ali
prinsipləri ehtiva etdi. Ulu Öndərin
müəllifi olduğu
yeni neft strategiyası "Əsrin
müqaviləsi"nin
imzalanması, müstəqilliyimizin
ən mühüm simvollarından olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə
tarixə qovuşdu. Bu uğurlu siyasəti
Prezident İlham Əliyevin hakimiyyəti dövründə həyata
keçirdiyi zəngin
fəaliyyət konsepsiyası
daha da gücləndirdi.
Azərbaycanın beynəlxalq nüfuzunun
möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda
səmərəli fəaliyyət,
dünya ölkələri
ilə ikitərəfli
və çoxtərəfli
platformada əməkdaşlıq
əlaqələrinin qurulması
bu sırada əhəmiyyətli yer tutdu. Prezident İlham Əliyev
milli mənafelərlə
bağlı problemlərin
həllində həssas
və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq
dairəsinə əbədi
daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.
Bu gün möhtərəm
Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Respublikasında
demokratik, hüquqi, dünyəvi dövlət,
vətəndaş cəmiyyəti
quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər
qürur doğurur.
Respublikamızda siyasi, iqtisadi
və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı
dönmədən inkişaf
etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün
təsirli tədbirlər
görülür.
Bu gün Azərbaycan
yerləşdiyi bölgədə
əsas inkişaf məkanı olmaqla nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı
olmadan reallaşmır,
ölkəmiz Avropanın
enerji təhlükəsizliyində
son dərəcə vacib
faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün
istiqamətlərdə böyük
inkişafın müşahidə
olunması, ölkəmizin
bölgədə və
dünyada mövqelərini
gücləndirməsi ilə
müşayiət olunur.
Müstəqilliyimizin və
ideoloji dayaqlarımızın
daha da möhkəmləndirilməsinin,
vətəndaş həmrəyliyinin
bərqərar olmasının
təməlində isə
Azərbaycan dövlətinin
milli maraqlarının
qorunması, tarixə
irsə bağlılıq
kimi müqəddəs prinsip
dayanır.
Böyük çətinliklə əldə olunan azadlığı və müstəqilliyi qoruyub saxlamaqda hər bir Azərbaycan vətəndaşı məsuliyyətlidir. Azərbaycan dövlətinin bayrağı daim dalğalanmalıdır. Azərbaycan Prezident Cənab İlham Əliyevin dediyi kimi, bizim bayrağımız qürur mənbəyimizdir:"Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır...Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!"
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2015.- 27 may.- S.11.