Hüquqi dövlət və informasiyalaşdırma prosesi

 

Sosial informasiya, informasiyalaşdırma, İKT informasiya cəmiyyətinə keçid dövlətin hərbi-siyasi qüdrətini səciyyələndirən başlıca amillərdən biridir. Bu proses siyasi, sosial-iqtisadi və mədəni-mənəvi amillərin vəhdətindən ibarət mürəkkəb prosesdir. Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, dövlət siyasi-inzibati, maliyyə, insan, elmi-texniki resurslardan istifadə edərək bu prosesi tənzimləyir. İnformasiya cəmiyyətinə keçid zamanı dövlətin fəaliyyəti aşağıldakıları əhatə edir:

- qanunvericilik bazasının yaradılması və onun mütəmadi olaraq təkmilləşdirilməsi;

- ölkə daxilində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyətin təhlil edilməsi və tənzimlənməsi;

- milli və dövlət informasiya sistemlərinin yaradılması, informasiya resurslarının formalaşdırılması, dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin idarə edilməsi;

- hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi, şəxsiyyət haqqında və özəl məlumatların qorunmasının təmin olunması;

- vətəndaşların dövlət informasiya resurslarına müraciət etməsi üçün imkan yaradılması;

- ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi;

- vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması;

- səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi, elektron hökumətin yaradılması, elektron ticarətin formalaşdırılması və inkişaf etdirilməsi;

- ölkənin iqtisadi, sosialintellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiyabilik bazalarının yaradılması və inkişaf etdirilməsi;

- xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanması və onun geniş təbliği;

- inkişaf etmiş informasiyakommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiyakommunikasiya xidmətlərinin genişləndirilməsi;

- ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası.

Milli Strategiyanın həyata keçməsi ilə açıq, demokratik, müstəqil KİV inkişaf etdi, cəmiyyət, dövlət, vətəndaş, medianın qarşılıqlı əlaqələri və qarşılıqlı təsirləri gücləndi, dövlət idarəçiliyində aşkarlıq, vahid informasiya məkanı, elektron hökuməti formalaşdı, milli-dövlət maraqlarını ifadə edən KİV ümumdünya informasiya məkanına inteqrasiya olundu.

KİV, dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində, medianın bu təsisatlar sistemində rolunun, müstəqilliyinin gücləndirilməsində ölkə rəhbəri Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun və Konsepsiyasının yaradılması haqqında imzaladığı sərəncamların mühüm əhəmiyyəti oldu. Konsepsiyanın və fondun əsas məqsədi yerinə yetirildi: "ölkədə söz və mətbuat azadlığı inkişaf etdirildi, KİV-in müstəqilliyi dəstəkləndi, media ilə dövlət orqanları və cəmiyyət arasında əməkdaşlıq genişləndirildi, jurnalistlərin peşəkarlığı və məsuliyyəti artırıldı, dövlət, cəmiyyət üçün əhəmiyyət kəsb edən KİV-in inkişafına kömək edən proqramlar və layihələr maliyyələşdirildi, dövlət siyasətinin mediada balanslı, obyektiv, işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların etik davranışı qaydalarına əməl etmələrinə, dünya informasiya mübadiləsində yeni-yeni imkanlar üçün müasir informasiyatelekommunikasiya texnologiyalarının tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görüldü".

B.Quliyev qeyd edir ki, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmləndirilməsi dövlət orqanlarının informasiya məsələləri üzrə vəzifəli şəxsinin və ya struktur bölməsinin kütləvi informasiya vasitələri ilə münasibətinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi ilə əlaqədar tədbirlər gerçəkləşdirildi.

Dövlət orqanları və KİV-in əlaqəsində media və siyasətin qarşılıqlı təsiri, cəmiyyətdə ictimai fikrin formalaşması, siyasi və vətəndaş mədəniyətinin yüksəlməsi, cəmiyyətin demokratikləşməsinin inkişafı əsas həlledici amilə çevrilir. Azərbaycan tədqiqatçısı, fəlsəfə üzrə fəlsəfə doktoru M.Əhmədov "Jurnalist etikası problemləri" əsərində Azərbaycan reallığında transformasiya və demokratikləşmə prosesinə iki yanaşmanın mövcudluğunu göstərir: "Bu hər iki yanaşma mahiyyətcə radikaldır və bu yanaşma tərəfdarları əmindirlər ki, islahatlar, transformasiyalar hakimiyyət və siyasi dəyişikliklərdən asılıdır və ümid edirlər ki, hakimiyyət özü islahatlara yol tapa bilər. Bu yanaşmalar dəyər, KİV etikası, jurnalist etikası və əxlaq amillərini lazımınca qiymətləndirmir. Müəllif ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında, demokratik transformasiyada medianın və jurnalist etikasının əsas amil olduğunu göstərir".

Media "dördüncü hakimiyyət kimi" dövlət siyasəti üzərində manipulyasiya etmək iqtidarına malikdir. "Mətbuat dövlət siyasəti üzərində manipulyasiya siyasətini" aşağıdakı forma və vasitələrlə həyata keçirə bilər:

- informasiyanı saxtalaşdırmaq, onu həqiqi məlumat kimi təqdim etməklə;

- informasiyanı natamam, birtərəfli verməklə;

- şəxsi təxəyyül məhsullarını və şərhlərini əlavə etməklə;

- reallıqda mövcud olmayan "etibarlı mənbə" adından təxəyyül məhsulu olan məlumat verməklə;

- hadisənin əsas məğzindən yayınmaq və ya hər hansısa vacib detalı gizlətməklə;

- faktlara yalnız öz mənafeyinə cavab verən tərzdə yanaşmaqla;

- mətnə onun məzmunu ilə bağlı olmayanyaxud uyğun gəlməyən sərlövhə qoymaqla;

- öz aktuallığını itirmiş hər hansı həqiqi məlumatı yenidən dərc etməklə;

- qeyri-dəqiq sitat vermək, ümumi kontekstdən ayrılıqda götürüldükdə tamamilə başqa fikrin, mənanın yaranmasına gətirib çıxaran hər hansı frazaya çıxışı verməklə.

Bununla da media dövlət siyasətini vətəndaşlara qərəzli, qeyri-obyektiv çatdırmaqla dövlətin yeritdiyi siyasəti təhrif edə bilər, ictimai şüura mənfi təsir göstərə bilər.

XX əsrdə multimedia cəmiyyətdə əsas KİV-dən biri kimi meydana gəldi. "Multimedia" termini 1966-cı ildə Bob Qolşteyn tərəfindən işlənmiş, "multi" "çoxlu", "media" müxtəlif informasiya vasitələrinin məcmusu deməkdir. İnformasiyanın yaradılmasını və eyni vaxtda yayılmasını ifadə edən multimediya cəmiyyətdə aparıcı mövqe qazanmaqdadır.

Çapelektron mediadan ibarət olan sosial KİV dövlət və cəmiyyət sistemində azadlığın təntənəsinin təminatçısı kimi çıxış edir. Qərbdə beynəlxalq münasibətlər üzrə ekspert kimi məşhur olan Ariel Koen Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında sosial medianı "yeni media" - internet dövrünün sürətli informasiya paylanmasının yeni metodu kimi səciyyələndirir və göstərir ki, sosial media saytları insanları bir-birlərilə, hökumət qurumları və digər təsisatlarla, ənənəvi media ilə əlaqələr qurmaları baxımından yeni imkanlar açır.

Sosial medianı müasir dövrdə "inqilab" kimi qarşılayırlar. Bu baxımdan A.Koenin ABŞ prezidenti Barak Obamanın BMT-nin Baş Məclisinin 66-cı sessiyasındakı çıxışından gətirdiyi bir fikir diqqəti cəlb edir: "Dünyamızda nə isə baş verir. Hadisələrin əvvəlki dövrlərdə cərəyan etdiyi yol indiyə kimi olmayacaqdır. Alçaldıcı korrupsiyatiraniya dövrü artıq arxada qalır. Diktatorlar göz qabağındadır. Texnologiya hakimiyyəti insanların ixtiyarına verir".

Sosial media cəmiyyət, dövlət, vətəndaş və KİV əlaqələrinin yeni modeli kimi sosial-siyasi həyatın demokratikləşdirilməsinə güclü təsir edir, informasiyanın insanlar arasında azad və sərbəst bölüşməsini təmin edir. "Ənənəvi informasiya qurumları kimi desentralizasiya olunmuş sosial media da senzuranı, demək olar ki, qeyri-mümkün edir. Çin, İranMisirdaxil olmaqla bəzi dövlətlərdə internet üzərində senzura yaratmağa cəhd göstərilsə də, bu səylərin nəticələri o qədər də təsirli olmamışdır.

Sosial medanın avtoritar cəmiyyət və dövlət sistemində əsas funksiyaları və vəzifələri aşağıdakılardan ibarətdir:

* mərkəzləşdirilmiş nəzarətin ələ alınmasına mane olmaq;

* aşkarlığın və şəffaflığın təmin edilməsinə təzyiq göstərmək;

* demokratik cəmiyyətlərdə və hüquqi dövlətlərdə sosial media;

* demokratikləşmə və transformasiya proseslərinə nəzarət edən əlavə təsisata çevrilir;

* hökumətin və dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinə  kömək edir".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Səs.- 2015.- 30 may.- S.15