Azərbaycan və Kalmıkiya arasında mədəni əlaqələr genişlənir

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb. Oktyabr ayının 25-dən - 31-dək davam edən qastrol Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrında baş tutub. Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, qastrol çərçivəsində kollektiv repertuarında olan 2 maraqlı tamaşa, eləcə də sərgi və konsert proqramilə çıxış edib. 3 gün ərzində Kalmık Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin "Dəcəl keçi", böyüklər üçün isə Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşaları nümayiş etdirilib. Səfər çərçivəsində Kalmıkiya Respublikası N.N.Palmov adına Milli Muzeydə Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunmuş tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunub. 3 gün davam edən sərgidə rəssamın 50-dən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərləri izləyicilərə təqdim olunub.

Sərginin açılış mərasimində Kalmıkiya Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nikolay Sandjiyev, Kalmıkiya Respublikası Rəssamlar İttifaqının sədri, əməkdar rəssam Yuri Xadjinov, N.N.Palmov adına Milli Muzeyin direktoru İrina Muçayeva, Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri-hökümət təşkilatının sədri Sabir Quliyev, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi Boris Mandjiyev çıxış edərək, Kalmıkiyada ilk dəfə olaraq azərbaycanlı rəssamın sərgisinin həyata keçirilməsini Kalmıkiya ilə Azərbaycan teatrları arasındakı yaradıcılıq əlaqələrinin uğurlu nəticəsi adlandırıblar.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov, eləcə də rəssam Elşən Sərxanoğlu çıxış edərək 4 il davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyinə əminliklərini bildiriblər. Rəssam Bakını əks etdirən bir neçə əl işini muzeyə təqdim etmiş, muzey rəhbərliyi isə, öz növbəsində E.Sərxanoğlunu diplomla təltif edib.

Qastrol səfərinin bağlanış mərasimində Kalmıkiya Respublikası Xalq Xuralının (Parlament) deputatı Konstantin Kirpilev çıxış edərək Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin hər il daha da genişləndirilərək maraqlı layihələrin, rejissortamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışıb. K.Kirpilev "Azərbaycan - Kalmıkiya arasındakı dostluq münasibətlərinə, beynəlxalq əlaqələrin inkişafı və mədəni əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfələrinə görə" Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu Kalmıkiya Respublikası Xalq Xuralının (Parlament) "Fəxri diplomu", teatrın aktyoru İlham Əsədovu isə "Təşəkkürnamə" ilə təltif edib.

Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm naziri Xonqor Elbikov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının budəfəki səfərini Kalmıkiya Respublikasında Azərbaycan Mədəniyyət Günləri adlandıraraq bu münasibətilə hər iki ölkə teatrını təbrik edərək "İki ölkə teatrları arasındakı qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin təşkilindəki əvəzsiz xidmətlərinə görə" Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə "Təşəkkür məktub"u ünvanlayıb.

Nazir "Qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən mədəni əməkdaşlığın inkişafına və möhkəmləndirilməsi sahəsindəki şəxsi töhfələrinə görə" teatrımızın aktyoru Elnur Kərimova Kalmıkiya Respublikası baş nazirinin "Təşəkkürnamə"si təqdim olunub.

Nazir Xonqor Elbikov, həmçinin, "Mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi sahəsindəki xidmətlərinə görə" teatrın bir neçə aktyorlarunu və mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanı "Fəxri Fərman"la təltif edib.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva "Azərbaycan və Rusiya teatr əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə" Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin "Stanislanski medal"ilə təltif olunduğunu bildirib.

Təntənəli bağlanış mərasimində teatrın direktoru Mübariz Həmidov öz səfər təəssüratlarını bölüşərək ötən mövsüm Dövlət Gənc Tamaşaçılar Teatrında təsis olunmuş "Sima" mükafatının "Ən yaxşı rejissor işi" (böyük tamaşaları üzrə) nominasiyası üzrə qalib olmuş B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Boris Manciyevə diplom və mükafatını təqdim edərək, bu mövsüm üzrə təyin olunmuş "Teatrın dostu" nominasiyası üzrə diplom və mükafatı Kalmık Milli Dram Teatrının baş direktoru RF-nin əməkdar mədəniyyət işçisi Qalina Şurayevaya təqdim edib.

B.Basanqov adına Milli Dram Teatrının baş direktoru Q.Şurayeva və bədii rəhbər B.Mandjiyev qarşılıqlı qastrol səfərlərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar, sərgi və konsert proqramı üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə təşəkkürlərini bildirmiş və hədiyyələrini təqdim etmişlər.

Sonda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanovquruluşçu rəssam Elşən Sərxanoğlu çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirmiş, Rusiya və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini vurğulayaraq, öz hədiyyələrini teatrın rəhbərliyinə təqdim etmişlər.

   

ZÜMRÜD

Səs.- 2015.- 3 noyabr.- S.10 .