Afaq Bəşirqızı: "60 yaş insan ömrünün müdriklik zirvəsidir"

 

 

Azərbaycanın görkəmli aktyoru, ölməz sənətkar Bəşir Səfəroğlunun layiqli davamçısı, tamaşaçıların sevimlisi olan xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunur.

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya göz açıb. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən, komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassikmüasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.

Onun ən yaddaqalan rolu "Bəxt üzüyü" filmindəki Söylü obrazı olub. Film mərhum xalq şairi Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında çəkilib. Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Kinonun 1991-ci ildə lentə alınmasına baxmayaraq, bu gün də tamaşaçılar tərəfindən böyük maraq və sevgilə baxılır.  Filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Afaq Bəşirqızı teatr yaradıcılığilə yanaşı, bir sıra kinoteleviziya tamaşalarında da çəkilib. Bunlardan "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır. Afaq Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət" ordeni, 2015-ci ildə Prezidentin fərdi təqaüdü ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatrkino sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Qeyd edək ki,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 7 noyabr tarixində Dövlət Musiqili Teatrında A.Bəşirqızının 60 illik yubileyilə bağlı tədbir keçiriləcək. Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakilə Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası nümayiş olunacaq. Yubilyar A. Bəşirqızı günümüzün reallıqlarını əks etdirən, gülməli olduğu qədər də kədər doğuran "Toya bir gün qalmış" tamaşasında baş qəhrəmanı - Qadın obrazını canlandırır.

"60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır. Bu tədbir öncəsi çox həyəcanlıyam. Hesab edirəm ki, yubiley tədbirimdə xalqıma hesabat verəcəyəm. Mənim iştirakımla "Toya bir gün qalmış" tamaşası nümayiş olunacaq. Mənə elə gəlir ki, həmin gün ilk dəfə səhnəyə çıxacağam. Bütün sənət dostlarımı, sadiq, əziz tamaşaçılarımı 7 noyabr tarixində Musiqili Teatra dəvət edirəm", - deyə Afaq Bəşirqızı bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xorbalet truppasının artistlərilə yanaşı, əsas rolları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, xalq artisti Ənvər Sadıqov ifa edir. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.

ZÜMRÜD

 Səs.- 2015.- 4 noyabr.- S.11.