İSESCO Mədəniyyət Nazirlərinin Konfransı çərçivəsində mədəni proqram təşkil olunub

 

 

Noyabrın 2-4 tarixində Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO Mədəniyyət Nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində tədbir iştirakçıları üçün Oman Sultanlığının İrs və Mədəniyyət Nazirliyi tərəfindən mədəni proqram təşkil olunub. Proqram çərçivəsində 2015-ci ildə islam mədəniyyəti paytaxtı olan Nizva şəhərinə səfər edilmişburada qonaqlar mədəniyyət evinin açılışında iştirak ediblər. Açılışdan sonra Oman Sultanlığının irs və mədəniyyət naziri Sayyid Haitham bin Tariq al Said çıxış edərək tədbirin iştirakçılarını ölkələrində qəbul etməkdən məmnunluğunu bildirmiş və gələcəkdə hər bir islam ölkəsilə mədəni əlaqələrin inkişaf etdirilməsinə hazır olduqlarını bəyan edib. Nizva şəhəri haqqında qısa məlumat verən nazir 2015-ci ildə İslam Mədəniyyəti Paytaxtı adının verilməsinə görə təşkilatın rəhbərliyinə təşəkkür edib.

Daha sonra İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri çıxışında bildirib ki, Nizva şəhəri bu il İslam Mədəniyyəti Paytaxtı kimi olduqca geniş tədbirlər həyata keçirmişislam mədəniyyətinin tanıdılmasında əziyyəti keçənlərə təşəkkür etmişdir. Tədbir zamanı qonaqlar Nizva şəhərində yerləşən Qəsri ziyarət edib. Bu tarixi abidə Omanın simvollarından sayılır və il ərzində Avropadan, eləcə də Yaxın Şərqdən çoxsaylı turistlər buranı ziyarət edir. Burada, həmçinin əl sənətkarlığı nümunələrindən və müxtəlif rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Bundan əlavə folklor qruplarının konsert proqramı da islam ölkələrindən gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, bu gün İSESCO Mədəniyyət Nazirlərinin 9-cu İslam Konfransının rəsmi bağlanış mərasimi keçiriləcək.

ZÜMRÜD

Səs.- 2015.- 5 noyabr.- S.11