"Sarıtel - gənc
aşıqların səs incisi" layihəsinin
təqdimatı keçirilib
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanan "Sarıtel - gənc aşıqların səs incisi" diskinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu qurumun rəhbəri, xalq şairi Zəlimxan Yaqubun salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, son on ildə dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətində böyük irəliləyiş olub. Bu da, öz növbəsində aşıq sənətinin inkişafına müsbət təsir göstərir, gənclər arasında bu sənətə maraq artır, istedadlı gənclər tanınır.
Vurğulanıb ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə həyata keçirilən bu layihə də respublikamızda aşıq sənətinin təbliğinə, bu sənətə indiki gənclik və gələcək nəsil tərəfindən marağın yaradılması məqsədi daşıyır. Layihə çərçivəsində gənc aşıqların ifalarının yer aldığı audiodisk hazırlanıb. Aşıqlar Birliyi hər zaman gənc aşıqlara dəstək olub. Respublikamızın bir çox bölgələrindən istedadlı gənc aşıqların ifaları diskdə yer alıb.
Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev çıxışında layihənin əhəmiyyətini qeyd edib.
Bildirib ki, nazirlik mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan Aşıqlar Birliyinin aşıq sənətinin inkişafilə bağlı həyata keçirmək istədiyi layihələrə də Mədəniyyət və Turizm Nazirliyi həmişə dəstək göstərib və bu yöndə addımlar gələcəkdə də davam edəcək. Bu layihənin məqsədi saz sənətinə marağın artırılması, bölgələrdə bu qədim sənətin gənclərə təbliğ olunmasıdır.
Çıxışlardan sonra adları diskdə yer alan gənc aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Kərimov, Qabil Abdıyev, Qərib Quliyev, Əli Zeynalabdinov, Asif Xasanoğlu, Şirin Şirinzadə, Samir Allahverdiyev, Familə İsgəndərova, Şəhriyar Şahverdiyev, Məsim Rəcəbov, Ayaz Buludov, Pərviz Mübarizoğlu, eləcə də "Rasim" folklor qrupu (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlu), "Çeşmə" (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Gülarə Azaflı), "Buta" (bədii rəhbəri Sahib İsmiyev) və "Misri" qruplarının ifasında saz havalarından ibarət konsert proqramı təqdim olundu. "Azərbaycan oğluyam", "Divani", "Dilqəmi", "İncəgül", "Qəhrəmani", "Orta sarıtel", "Dübeyti", "Naxçıvanı" və s. ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
ZÜMRÜD
Səs.- 2015.- 5 noyabr.- S.11.