Azadlıq və şəxsi
toxunulmazlıq hüququ prinsip
kimi
Müasir dövrdə beynəlxalq və milli-hüquqi tənzimetmənin mərkəzi obyekti hesab olunan insan hüquqları sivilizasiyanın əsas insani dəyərləri sırasına aid edilir. Beynəlxalq hüquqi baxımdan insan hüquqları istənilən müasir cəmiyyətdə şəxsin hüquqi vəziyyəti üçün xarakterik hüquqlardır. İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən, bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, heç bir mövcud beynəlxalq müqavilə bilavasitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki beynəlxalq müqavilələrdə işlədilən hər "kəsin... hüquqları vardır" konstruksiyası birbaşa fərdlərə deyil, bütövlükdə dövlətlərə ünvanlanmışdır.
Hər bir cəmiyyətin ən qüdrətli resursu insanlardır və ona görə də hər bir cəmiyyətin əsas məqsədi insanın öz potensialını realizə etməsi olmalıdır. İstər milli qanunvericilik aktlarında, istərsə insan hüquqlarına dair beynəlxalq-hüquqi aktlarda fundamental hüquqlar və onlardan törənən digər hüquq və azadlıqlar insan həyatının müxtəlif sferalarını - şəxsi, siyasi, sosial, iqtisadi, mədəni sferasını təmin edir. Sadalanan bu hüquqlar içərisində mülki (şəxsi) hüquqlar "birinci nəsil hüquqlar" kateqoriyasına daxil olan- şəxsiyyətin yaşama və ləyaqət hüququ; azadlıq və şəxsi toxunulmazlıq hüququ, həmçinin şəxsi həyat və mənzil toxunulmazlığı; vicdan azadlığı və s. mühüm əhəmiyyətə malikdir. Mülki hüquqlar vətəndaş cəmiyyətinin bir üzvü kimi fərdin azadlıq və muxtariyyətinin təminatını, hər hansı bir xarici müdaxilədən onun hüquqi qorunmasını təmin etməyə borcludur.
Mülki hüquqlar sırasına daxil olan azadlıq və şəxsi toxunulmazlıq hüququ, onun normativ məzmunu, əhəmiyyəti, milli və beynəlxalq məhkəmələr tərəfindən bu hüquqa dair çıxarmış olduqları qərarlar bu gün xüsusi maraq doğuran məsələlərdən biridir. Müvafiq hüquq 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsində və onu da qeyd edək ki, (həmin aktda "azadlıq" sözündən əvvəl "həyat" sözü də vardır) bu sözlər insan hüquqlarına dair bütün başqa sənədlərdə, məsələn, 1966-cı il Mülki və Siyasi Hüquqldar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində , 1969-cu il İnsan Hüquqları haqqında Ümumamerika Konvensiyasının 7-ci maddəsində və 1981-ci il İnsan Hüquqları və Xalqların Hüquqları haqqında Afrika Xartiyasının 6-cı maddəsində təkrar edilir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstutusiyasının 28-ci maddəsində (azadlıq hüququ) və 32-ci maddəsində (şəxsi toxunulmazlıq hüququ) sivil dəyərlər kimi tanınan bu hüquqlar təsbit olunmuşdur .
Azadlıq və şəxsi toxunulmazlıq hüququ 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin birinci bəndində daha aydın şəkildə təsbit edilmişdir (hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır). 5-ci maddənin 1-ci bəndində, həmçinin qeyd olunur ki, "heç kim azadlıqdan məhrum edilə bilməz". Lakin bu hüquq mütləq hüquq ola bilməz və daha sonra 1-ci bənddə həbsə və ya tutmaya yol verilən situasiyaların siyahısı sadalanır. Bununla yanaşı, 5-ci maddənin 2 - 5-ci bəndlərində nəzərdə tutulur ki, azadlıqdan məhrum edilən insan əsassız, yaxud təhqiredici həbsə və ya tutulmaya qarşı müəyyən prosessual müdafiədən istifadə edir.
Şəxsi azadlıq və toxunulmazlıq hüququ prinsip kimi... Tez-tez libertü və ya freedom terminləri (hər iki termin "azadlıq" mənasını verir) müxtəlif anlayışlarla əlaqədar olaraq işlənir ki, həmin anlayışlar Konvensiyanın tətbiq edilən müddəaları ilə əhatə edilən anlayışlarla müqayisədə xeyli genişdir. Bu müddəaların içərisində başlıcası olan 5-ci maddədə söhbət fiziki azadlıqdan məhrum etməkdən gedir. 5-ci maddə əsasən qanunsuz həbsə və tutmaya qarşı azadlığı nəzərdə tutur. Konvensiyanın buna bənzər müddəaları, məsələn, 4-cü maddə (bu maddə hökumətin şəxsin üzərinə müəyyən növ əmək və ya qulluq öhdəlikləri qoymasına icazə verir; həmin öhdəliklər müəyyən şəraitdə onun hərəkət azadlığını məhdudlaşdıra bilər) və 4 saylı Protokolun 2-ci maddəsi (bu maddə hərəkət azadlığını və yaşayış yerini seçmək azadlığını tənzimləyir) sözügedən şəxsi və fiziki azadlığa müəyyən məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Başqa müddəalar 5-ci maddənin verdiyi təminatları tamamlayır, məsələn, 4 saylı Protokolun 1-ci maddəsində deyilir: "Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz".
Bu, bir istinad nöqtəsidir ki, fərd gündəlik yaşayış yeri barədə dövlətə və ya cəmiyyətə hesabat verməli deyil. O, evdə və ya başqa yerdə ola bilər və hesabat verməyə borclu deyil - bu, şəxsi və ya fiziki mənada azadlıqdır. Lakin Komissiya və Məhkəmə bütövlükdə əhali üçün qoyulan və 5-ci maddənin tətbiq edilmədiyi ümumi məhdudiyyətlərlə konkret fərd üçün qoyulan və 5-ci maddənin tətbiq edildiyi məhdudiyyətləri fərqləndirirlər. Bütün sakinlərin yaşayış yerlərini hakimiyyət orqanlarında qeydiyyata aldırmaları, yol hərəkəti qaydalarına əməl etmələri barədə tələblər və s. 5-ci maddənin qüvvəsi altına düşməyən ümumi xarakterli məhdudiyyətlərin tərkib hissəsidir. Azadlığa qoyulan bəzi ümumi məhdudiyyətlər, məsələn, fövqəladə vəziyyət şəraitində tətbiq edilən komendant saatı da bu kateqoriyaya aiddir. Bununla yanaşı, hakimiyyət orqanları şəxsi həbsxanada, polis kamerasında və ya başqa yerdə saxlayarkən və onu məhdud fiziki məkanda qalmağa məcbur edərkən Məhkəmə hesab edir ki, bu halda 5-ci maddə tətbiq edilə bilər. Bu cür məhdudiyyətlər Konvensiya baxımından azadlıqdan məhrumetməni bildirsə də, Konvensiya orqanları bu cür tutulmanın qanuniliyini qiymətləndirərkən, sözügedən maddədə buna yol verən əsasları və prosessual hərəkətləri nəzərə alırlar. Çox vaxt bu cür qiymət azadlıqdan məhrumetmənin dərəcəsi ilə olur. Məsələn, Enelin işində ərizəçilər, yüngül həbs və ağırlaşdırıcı həbs şəraiti daxil olmaqla, hərbi intizam cəzasına məruz qalmışdılar, lakin həmin şərait ərizəçilərin adi hərbi borclarını yerinə yetirmələrinə mane olmurdu. Məhkəmə bu qərara gəldi ki, bütövlükdə hərbi qulluq və ərizəçilərə təyin edilən cəza onların, məsələn, hərəkət azadlığını məhdudlaşdırsa da, bu məhdudiyyətlər 5-ci maddə baxımından azadlıqdan məhrumetmə sayılmaq üçün o qədər də sərt deyildi. Lakin ciddi həbs təyin edilməsinə gəldikdə, Məhkəmə bu qərara gəldi ki, azadlıqdan məhrumetmə, 5-ci maddənin tələbi baxımından kifayət qədər sərt olub.
Bəzən Komissiya və Məhkəmə 5-ci maddəni konkret faktlar toplusuna tətbiq etməyin mümkünlüyü ilə razılaşmırlar. Nilsenin işi on iki yaşlı oğlanın, öz iradəsi əleyhinə, anasının xahişilə psixiatriya şöbəsinə salınmasına aid idi. Komissiya bu nəticəyə gəldi ki, ərizəçinin həmin şöbədə öz otağı olsa da və ona qısa müddətdə evdə olmağa və məktəbə getməyə icazə verilsə də, ərizəçinin iradəsinin əleyhinə olaraq şöbəyə yerləşdirilməsi istər saxlanmaya haqq qazandırmaq üçün gətirilən mühüm əsaslar baxımından, istərsə də ərizəçinin bu cür saxlanmaya etiraz etməsinin mümkünsüzlüyü baxımından Konvensiya ilə qadağan edilən azadlıqdan məhrumetmə idi. Lakin Məhkəmə bu nəticəyə gəldi ki, uşağın xəstəxanaya yerləşdirilməsi "uşağın maraqları naminə onun anası tərəfindən qəyyumluq hüquqlarının məsuliyyət daşımaqla həyata keçirilməsi idi". Beləliklə, 5-ci maddə tətbiq edilə bilməz.
5-ci maddənin 1-ci bəndinin "a" - "f" yarımbəndlərində azadlıqdan məhrumetməyə yol verən altı kateqoriya hallara aid olan müddəalar kifayət qədər ətraflı qeyd edilir. Şəxsiyyət azadlığı kifayət qədər dəqiq ifadə edildiyi halda, şəxsi toxunulmazlıq prinsipi kimi ümumi prinsip 5-ci maddə baxımından nisbətən az dəqiqliklə ifadə olunub. Maddəni bütövlükdə oxusaq, görərik ki, bu müddəa yalnız şəxsi və fiziki toxunulmazlığa aiddir və misal üçün, hüquqi toxunulmazlığa, yaxud iqtisadi və psixoloji toxunulmazlığa aid deyil.
Beləliklə, göründüyü kimi, toxunulmazlıq anlayışı azadlıq anlayışından kənarda hər hansı əhəmiyyət daşımasa da, bu hüquqlardan hər hansı birinin həyata keçirilməsini məhdudlaşdırmaq üzrə dövlətin hərəkətlərini tənzimləməkdə məqsəd fərdi zorakılıqdan qorumaqdır. Məsələn, Errousmitin işi üzrə məruzəsində Komissiya azadlıq və toxunulmazlıq hüquqlarını bərabərləşdirərək qeyd etdi ki, şəxsi toxunulmazlıq hüququ belə bir təminatı əhatə edir ki, ayrı-ayrı şəxslər yalnız qanunla nəzərdə tutulan prosedura əsasında həbs edilməli və tutulmalıdır.
Bu formul Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsinin formulu ilə həmahəngdir; həmin maddədə deyilir: "Heç kim qanunsuz həbs edilə və ya həbsdə saxlana bilməz. Heç kim qanunla müəyyən edilən əsaslara və proseduralara uyğun olmayan qaydada azadlıqdan məhrum edilə bilməz."
Qeyd edək ki, Avropa İnsan Hüquqları Konvensiyasında fərdi həbsdə saxlamağa yol verən əsaslar, konkret olaraq sadalanır, bu, Paktda nəzərdə tutulan adi "qanunsuz" azadlıqdan məhrumetmə ilə müqayisədə daha obyektiv normadır və daha məhdud hüdudlardır.
5-ci maddəyə əsasən qanunilik anlayışı... 5-ci maddənin əsas məzmununu təşkil edən qanunilik anlayışı iki termini əks etdirir. Birincisi, yəni "qanunda müəyyən edilən" termini əsasən, hökumətin insana azadlıqdan məhrum edə biləcəyi vasitələr haqqında ümumi müddəalarda (yəni aşağıdakı hallarda (1-ci bəndin "a" - "f" yarımbəndləri) və qanunla müəyyən edilən qaydada) yer alan prosessual məsələlərə aiddir.
Qanuniliyin ikinci aspekti daha əhəmiyyətli xarakter daşıyır - "qanuni" termini tutulmaya yol verən altı kateqoriyanın hər biri ilə bağlı ən azı bir dəfə işlənir. Faktiki olaraq, iddia etmək olar ki, tutulmanın istənilən növünün "qanuniliyi" Konvensiya üzrə ona yol verilməsini müəyyən edən yeganə amildir. O halda Konvensiyanın başqa kontekstlərində tətbiq edilən qanuniliyin meyarlarını bu mənada, yəqin ki, 5-ci maddə üzrə də tətbiq etmək lazımdır, hərçənd ki, bu gün 5-ci maddə üzrə presedent hüququ bu cür yanaşmanı əks etdirməyərək, daha çox formal xarakter daşıyır. Qeyd edildiyi kimi, Komissiya və Məhkəmə "qanun" termininə konkret anlayış verməyiblər. "Sandi tayms" işində və daha sonra Melounun işində Məhkəmə qeyd etdi ki, "qanun" sözünü təkcə yazılı hüququ yox, həm də yazılmamış hüququ əhatə edən anlayış kimi şərh etmək lazımdır. Birincisi, "qanun müvafiq surətdə əlçatan olmalıdır, yəni yaranmış şəraitdə vətəndaşın həmin işdə tətbiq edilən müvafiq hüquq normalarına istinad etmək imkanı olmalıdır" İkincisi, norma vətəndaşın öz davranışını tənzimləyə bilməsi üçün kifayət qədər dəqiq formulə edilməyibsə, ona qanun kimi baxmaq olmaz. Nəhayət, qanun Konvensiyanın qanunilik barədə tələblərini təmin etmək üçün müəyyən keyfiyyətə malik olmalıdır.
Bu meyarları 5-ci maddənin 1-ci bəndinə müəyyən dərəcədə tətbiq etmək olar, lakin kifayət qədər az iş olur ki, orada fərdi azadlıqdan məhrum edən qanunun mahiyyəti şübhə altına alınır. Söhbət azadlıqdan məhrumetmə zamanı tətbiq edilən prosessual hüquqdan getdikə, məsələ başqa cür olur. Azadlıqdan məhrumetməyə qoyulan qadağa, müəyyən hallar istisna olmaqla, prinsipcə onu bildirməlidir ki, Məhkəmə onlara təqdim edilən işlərdə milli səviyyədə qəbul edilən qərarların qanuniliyini nəzərdən keçirməlidirlər. Praktiki olaraq, bu, xeyli çətin ola bilər, çünki Avropa Məhkəməsi milli orqanların mahiyyət üzrə qəbul etdikləri qərarların "dördüncü instansiyasına nəzarəti" həyata keçirmək səlahiyyətinə malik deyildir. Bundan belə nəticə çıxır ki, 5-ci maddə üzrə yaranan presedent hüququ milli orqanların kimisə azadlıqdan məhrum etmək barədə qərar qəbul etmələrinə kömək edən vasitələri xeyli dərəcədə əhatə edir. Beləliklə, Konvensiya orqanları tutulmanın Konvensiyada sadalanan hər hansı əsaslarından birinin dövlətdaxili orqanlar tərəfindən tədbirlər görülməsinin əsasını təşkil edib-etməməsi məsələsini araşdırsalar da, onlar yalnız həmin ilkin tələb təmin edildikdən sonra tətbiq edilən proseduralarla bağlı "qanunilik" məsələsini araşdırmaqda davam edəcəklər Bəzi hallarda bu cür qanunilik dövlətdaxili hüququn tələblərinin təmin edilib-edilməməsindən asılı ola bilər. Məsələn, Van der Leyerin işində ərizəçi qadın ruhi xəstəxanada yerləşdirilməsindən şikayətlənirdi; ərizəçinin oraya salınmasına dinləmə həyata keçirilmədən və tutulma barədə qərar ona bildirilmədən icazə verilmişdi. Məhkəmənin fikrincə, burada 5-ci maddənin 1-ci bəndinin pozuntusu o mənada baş verib ki, hakim qabaqca ərizəçini dinləmədən onun tutulmasına sanksiya verməklə dövlətdaxili hüququn müvafiq müddəasını yerinə yetirməyib.
Bir sıra hallarda dövlətdaxili hüquqla praktika arasındakı uyğunsuzluq 5-ci maddənin pozulmasını müəyyən etmək üçün əsas olan yeganə amil olsa da, müəyyən hallarda hökumət orqanlarının hərəkətlərinin vicdanlı, yoxsa açıq-aşkar özbaşınalıq olduğunu müəyyənləşdirmək üçün Məhkəmə bu məsələnin mahiyyətinə daha dərindən varıbdır. Vinterverpin işində ərizəçi, ondan şikayətlənirdi ki, onun ruhi xəstələr üçün nəzərdə tutulan müəssisəyə yerləşdirilməsi barədə qərar qanunla müəyyən edilən qaydanın pozuntusu idi, çünki həmin qərarı bütün məhkəmə tərkibi yox, bir hakim çıxarmışdı. Məhkəmənin fikrincə, qərarın bir hakim tərəfindən qəbul edilməsi faktı dövlətdaxili hüquqa və praktikaya aşkar surətdə zidd deyil və nəticədə, 5-ci maddənin qanunilik haqqında müddəasının pozuntusu aşkar edilmədi .
Konvensiyanın 5-ci maddəsində sadalanan azadlıqdan məhrumetməyə yol verən altı hal tam siyahıdır və onların şərtləri dar mənada şərh olunur. Beləliklə, 5-ci maddə həmin halların dairəsinə daxil olmayan azadlıqdan məhrumetməyə, hətta azadlıqdan məhrumetmə dövlətdaxili hüquqda nəzərdə tutulduğu və düzgün tətbiq edildiyi halda belə yol vermir. Belə hallarda azadlıqdan məhrumetməni, çətin ki, qanunsuz adlandırmaq mümkün olsun. Lakin azadlıqdan məhrumetmənin faktiki əsasları əsassız sayıla bilər, yəni tutulma üçün yol verilə bilən əsaslar qismində müəyyən kateqoriyaları tətbiq etməkdən vaz keçmək nəzərdə tutulur.
VAHİD ÖMƏROV
Səs.-
2015.- 6 noyabr.- S. 15