Təhsilin keyfiyyətini
yüksəltmək üçün rəqabət
mühiti yaradılıb
Dünən Təhsil Nazirliyində "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov və başqaları çıxış edərək Sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcəyi bildirilib.
Ölkə başçısının imzaladığı bu sənədin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət etdiyi vurğulanıb. Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır.
Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini qeyd edib ki, Sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, Sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.
Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da, öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq. Konfransın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
NƏZAKƏT
Səs.-
2015.- 11 noyabr.- S. 3