Demokratik dəyərləri hədəfə alan
terrorizm bəşəriyyətə
qarşı cinayətdir
Mehriban xanım Əliyeva: “Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına alır”
Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi-mənəvi rifahının yaxşılaşması naminə layihələrinin miqyasını genişləndirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək, müasir dövrün tələblərinə və gələcəyin təminatı olan təhsilə, elmə böyük diqqət ayırmaq fondun məqsədi olduğundan bu dönüşə nail olunub. Bu və ya digər layihələrin hər biri fondun qısa zamanda məqsəd tək qarşıya qoyduğu amalın reallaşması nəticəsində baş tutub.
Müasir həyatımızda Azərbaycanı təmsil edən və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qayğı və problemlərinin həlli istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər diqqətdən kənarda deyil. Onun bu genişmiqyaslı layihələri təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətə malikdir. Mehriban xanım Əliyeva dünya miqyasında maraq doğura biləcək, beynəlxalq mahiyyət daşıyan layihələrə imza atmaqla Azərbaycan xalqını humanist dəyərələr, tolerant bir ölkə olaraq mənəvi dəyərlərə malik olduğunu bir daha göstərmiş olur. Müasir dövrümüzdə dini, irqi ayrıseçkilik, qarşıdırmalar olduğu bir zamanda Mehriban Əliyevanın təşəbbüsü ilə silsilə tədbirlərin keçirilməsi xalqımızı insani dəyərlərə, humanizmə verdiyi qiymətin bariz nümunəsidir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti humanizm prinsipləri ilə silahlandığından, həyata keçirilən irimiqyaslı layihələrinin əks-sədası inkişaf etmiş, nüfuzlu dövlətlərdən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Bu, Mehriban Əliyevanın yüksək peşəkarlıq qabiliyyətini, bacarığını, vətənə bağlılığını özündə ehtiva edən amillərdən irəli gəlir. Milli-mənəvi dəyərlərdən qaynaqlanan fondun layihələri qlobal xarakteri və keyfiyyətinə görə, hətta beynəlxalq layihələri üstələyir. Bu layihələrin məzmunu müxtəlif olsa da, əsasında humanizm prinsipi dayanır. Hər dəfə dünyanın beynəlxalq təşkilatlarının təşkilatçılığı ilə keçirilən konfrans və simpoziumlarda və tədbirlərdə çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanı ən yüksək şəkildə təmsil edərək, xalqın dəyərlərini, mədəniyyətini, adət və ənənələrini, onun mövcud problemlərini, ən əsası isə Qarabağla bağlı məsələləri dünya dövlətlərinin diqqətinə çatdıraraq, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan reallıqlarına yönəldir. Mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin, gender bərabərliyi kimi məsələlərə diqqət yetirir, bu və ya digər məsələlərin həllində layihələri həyata keçirməklə yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərdə qeyd olunan məsələlərə önəm verir.
MÜHARİBƏLƏRİN ƏKSƏRİYYƏTİ ƏDAVƏT VƏ DÖZÜMSÜZLÜYÜN TƏŞVİQİ İLƏ BAŞLANIB
Qloballaşma prosesinin mövcud olduğu zamanda insanları sülhə və əmin-amanlığa çağırmaq, terrorizmdən, müharibənin ağrı-acısından əziyyət çəkmiş bir xalq olaraq başqa xalqlara bu əziyyətləri yaşamamaq üçün dəstək olmaq, əlbəttə ki, əsl İNSANLIQ nümunəsidir. Ölkəmizdə dini, milli və multikultural məsələlərə daha həssas şəkildə yanaşılır və bu istiqamətdə sistemli siyasət həyata keçirilir. YUNESKO-nun mənzil-qərargahında çıxışı zamanı Mehriban xanım Əliyeva Azərbaycan üçün münaqişə və onun nəticələrinin sadə sözlər yox, acı həqiqət olduğunu bildirərək, on minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də ağır nəticələrini yaşadığımızı dilə gətirib. O, müxtəlif xalqları təmsil edən iştirakçıların diqqətinə çatdırıb ki, mövcud münaqişə zəminində Azərbaycan torpaqlarının 20 faizi işğaldadır. Ölkəmizdə bir milyona yaxın qaçqın və məcburi köçkün var. Böyük sayda tarixi və memarlıq abidələri, məktəblər, muzeylər və kitabxanalar işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilib: “Ekspertlərin hesablamalarına görə, əgər münaqişələrin qarşısı alınmasa, iyirmi birinci yüzillikdə 150 milyondan artıq qadın və uşaq həyatını itirə bilər. Həmin müharibələrin əksəriyyəti ədavət və dözümsüzlüyün təşviqi ilə başlanmışdır”.
Mehriban xanım Əliyeva dünyanın olduqca mürəkkəb bir prosesdə yaşadığını bildirmişdir. Bəşər aləmində yaşayan insanların müxtəlif dilə və irqə mənsubluğu olsa da, onları birləşdirən mədəniyyətlərarası dialoqdur. Bu dialoq vasitəsi ilə qloballaşma prosesinin mövcud olduğu bir zamanda insanları sülhə, əmin-amanlığa sövq etmək ən optimal yoldur. Mehriban Əliyevanın dediyi kimi, dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcridolunmanın ağır nəticələri ilə üzləşir: “Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına alır. Müharibə və münaqişələr milyonlarla insanı məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir”.
Elə noyabrın 13-də Parisdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həyatına son qoyuldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa prezidenti Fransua Ollanda və Fransa xalqına göndərdiyi başsağlığı məktubunda belə deyilir:” UParisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir”.
Bəli, həqiqətən də terrorizm cinayətdir və bunun ağrılarını Azərbaycan da zaman-zaman yaşamışdır. Azərbaycanın Birinci Xanımı dünyada mövcud olan məsələlərin sivil dialoq vasitəsilə aradan qaldırılmasını ən məqsədyönlü hal hesab edir. Azərbaycanın paytaxtında- Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumunun məqsədi də məhz bu problemlərin aradan qaldırılması təşkil edirdi. Azərbaycan hər zaman humanist addımları ilə bəşəriyyətin diqqətində olmuş, sülhə və əmin-amanlığa səs vermişdir. Qurulan dialoqlar, sistemli olaraq həyata keçirilən ideyalar Azərbaycanın birmənalı olaraq haqq və ədalət yolunda olmasını göstərir.
DÜNYANIN MÜXTƏLİF YERLƏRİNDƏ TÖRƏDİLƏN TERROR AKTLARINDAN, MÜNAQİŞƏLƏRDƏN ƏN ÇOX ƏZİYYƏT ÇƏKƏN QADINLAR VƏ UŞAQLARDIR
Bu günlərdə noyabrın 15-də “Böyük İyirmiliy”in Antalyada keçirilən Sammiti çərçivəsində təşkil olunan “Biznes-20”/ “Qadınlar-20” sessiyasında da müasir dünyanı ən çox narahat edən məsələlərdən birinə diqqət ayrılıb. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva da sessiyada iştirak ediblər. Sessiyada bildirilib ki, dünyanın müxtəlif yerlərində törədilən terror aktlarından, münaqişələrdən ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. Bu problemin indiyədək həllini tapmaması təəssüf doğurur. Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan Antalya Sammitini suriyalı və iraqlı qaçqınların problemlərinin həllinə kömək baxımından böyük fürsət kimi dəyərləndirib. Sessiyada çıxış edənlər bu problemin artıq qlobal xarakter aldığını bildiriblər. Qeyd edilib ki, həlli vacib olan belə problemlərin aradan qaldırılması ilə yanaşı, onların qarşısını almaq da zəruridir. Terrorçuluğa qarşı mübarizəyə, Suriyadakı vəziyyətə, bu ölkədən olan qaçqınların məsələlərinə də toxunularaq tədbirin problemlərinin həllinə yeni bir baxış gətirəcəyi qeyd olunub. Əlbəttə ki, milliyyəti və sərhədi olmayan terrorun yaratdığı təhlükələrin aradan qaldırılmasında dünya xalqlarının birgə fəaliyyətləri çox önəmlidir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2015.- 18 noyabr.- S.- 3