Azərbaycan dövlətinin əsas
məqsədi insana qayğıdır
Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı və biri-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiya və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları da insaniləşdirən ən əsas meyardır. İnsan hüquqları haqqında Ümumi Bəyannamədə qeyd edildiyi kimi, insanın ləyaqəti "ümumi sülhün, ədalətin və azadlığın əsasıdır".
Hikmət Babaoğlunun fikrincə, insan hüquqları ideyası məhdud, inkişafetmə təsəvvürlərindən müasir dövrədək təkamül yolu keçərək nəticədə sosial və hüquqi statusundan asılı olmayaraq bütün insanlara aid olan vahid prinsip və normalar konsepsiyasına çevrilmişdir. Bu konsepsiyalarda bir çox xalqların doktrinalarından, fəlsəfi, siyasi, iqtisadi, hüquq təlimlərindən irəli gələn, müxtəlif əsrlərdə və dövrlərdə formalaşan fikirlər öz ifadəsini tapmışdır.
Bütövlükdə, tədqiqatlar göstərir ki, insan hüquqlarının formalaşması və inkişafı uzunmüddətli, bu və ya digər ölkəyə məxsus olan doktrinalar və ənənələrin mübarizəsi ilə müşayət olunmuşdur. Müasir dövrdə insan hüquq və azadlıqları konsepsiyalarının əsas ideyaları kimi dövlət və şəxsiyyətin qarşılıqlı münasibəti, şəxsiyyətin sosial müdafiəsi, hüquq və vəzifələrin vəhdəti və s. göstərmək olar. Müasir mərhələdə əsas istiqamət kimi bütün siyasətin və təcrübənin insana yönəlməsi ideyası çıxış etməli, həm nəzəriyyədə, həm də təcrübədə fərdi və kollektiv hüquqların izah və təfsir edilməsində insan tələbatı və maraqları, sosial-siyasi və mənəvi inkişafda şəxsiyyət başlanğıcının formalaşdırılması aparıcı prinsiplər olmalıdır.
İnsan hüquq və azadlıqları probleminin beynəlxalq aspektlərinin tədqiqi göstərir ki, elmi ədəbiyyatda bu sahədə mövcud olan beynəlxalq sənədlərin xarakterinə görə onların iki qrupunu göstərmək olar: 1) universal xarakterli beynəlxalq sənədlər; regional (məhəlli) xarakterli beynəlxalq sənədlər.
Universal xarakterli beynəlxalq sənədlər insan hüquqlarına ümumi hörmət və onlara riayət olunması prinsipini ifadə edən, hüquq və azadlıqlara üstünlük verməklə onları dövlətlər və vəzifəli şəxslərin özbaşınalıqlarından müdafiə edən beynəlxalq sənədlərdir. Bu qrupa BMT Nizamnaməsi, insan hüquqları haqqında Beynəlxalq Bill, beynəlxalq konfransların müvafiq qərarları, xalqların hüquqlarını təsbit edən, bütün növ diskriminasiyaların qarşısının alınmasına yönələn, qadın və uşaqların hüquqlarını müdafiə edən və s. sənədlər aid edilir.
BMT sistemi ilə yanaşı, insan hüquqlarının müdafiəsində regional mexanizmlər də əhəmiyyətli rol oynayır. Burada əsas məqsəd regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiəsindən ibarətdir. Bu məqsədlə yaradılmış və fəaliyyət göstərən təşkilatların qəbul etdiyi regional xarakterli beynəlxalq sənədlər sisteminə Avropa Şurasının, ATƏT-in, MDB-nin sənədləri, insan hüquqları haqqında Amerika Konvensiyası, Afrika insan və Xalqların Hüquqları Xartiyası daxildir.
İnsan hüquqları ideyası qədim köklərə malik olsa da, yalnız demokratiya, azadlıq, ədalət və formal bərabərlik prinsipləri əsasında əsl məna kəsb etmişdir. Müasir dünyada insan hüquqlarına dair mühüm universal beynəlxalq normaların artıq formalaşdığı bir vaxtda bu prinsiplərin reallaşması, hamının hüquq və azadlıqlarının təmin edilməsi üçün əlverişli şəraitin yaradılması yalnız demokratik cəmiyyətdə mümkündür.
İnsan hüquqları ideyasına əsaslanan demokratiya konsepsiyası çərçivəsində müxtəlif müəlliflər tərəfindən bir neçə model işlənilmişdir. Onlardan tədqiqatçılar tərəfindən insan hüquqları, azadlıq və demokratiyanın inkişafı səviyyəsinin analizi üçün geniş istifadə olunan liberal demokratiya və həmçinin inteqrativ demokratiya modelləri, bizim fikrimizcə, daha çox diqqəti cəlb edir. Məsələn, "inteqrativ demokratiya" modelinin tərkib hissəsi olan hüquqlar konsepsiyasına görə, insan hüquqları siyasi təsisatların dəyərləndirilməsinə xidmət edir, sosial-siyasi inanclar sisteminin vacib elementləri, insanların birliyi, ümumi ləyaqət və humanizmin ifadəsi kimi çıxış edirlər. Bu model insan hüquqlarının pozulmazlığından, ayrılmazlığından, heç nəyə baxmadan onlara təminatın verilməsindən çıxış edir.
Demokratik cəmiyyətdə insana qayğı yüksək, ali məqsəd sayılır, müvafiq olaraq insan hüquqları və azadlıqlarının konstitusiyada, qanunlarda təsbit edilməsi dövlət idarəçiliyinin əsas məqsədi kimi çıxış edir. Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar şəxsiyyətin fərdi fəallıq potensialının ölçüsü kimi çıxış edirlər. Belə cəmiyyətdə vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi məqsədilə yaradılmış mexanizmlər səmərəli şəkildə işləyir ki, onların sırasında da məhkəmə mexanizmi və Ombudsman təsisatı xüsusi yer tutur.
Demokratik cəmiyyət quruculuğu yolu ilə inkişaf edən Azərbaycan Respublikasında da insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə böyük əhəmiyyət verilir, bu sahədə düşünülmüş, məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu siyasətin başlıca istiqamətlərindən birini insan və vətəndaş hüquq və azadlıqları sisteminin yaradılması, onların konstitusiyada təsbit edilməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının maddələrinin üçdə biri beynəlxalq standartlara uyğun olaraq insan hüquq və azadlıqlarına həsr olunmuş, burada həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir. Demokratik, hüquqi dövlət quran müasir Azərbaycan cəmiyyətində də insan hüquqlarının təmin edilməsi demokratikləşmə proseslərinin vacib hissəsi kimi dövlətin daim diqqət mərkəzində olmaqla, ölkənin sabiq başçısı Cənab Heydər Əliyevin rəhbərliyi altında bu sahədə düşünülmüş dövlət siyasəti həyata keçirilmiş, hazırda isə respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Apardığımız politoloji təhlilin nəticələri bu siyasətin əsas istiqamətlərini müəyyən etmək imkanı yaratmışdır.
Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının müdafiəsi mexanizmində Ombudsman təsisatı xüsusi yer tutur. Bu təsisatın vəzifələrinə idarəetmə orqanlarının işindən qənaətlənməyən vətəndaşların şikayətlərinə baxmaq və beləliklə də onların hüquq və azadlıqlarını müdafiə etmək daxildir. Məhkəməyə müraciət prosedurlarından fərqli olaraq Ombudsmana müraciət proseduru ciddi qaydaları və yüksək xərcləri nəzərdə tutmur.
Elmi ədəbiyyatda Ombudsmana verilən müxtəlif tərifləri ümumiləşdlrərək belə bir tərif vermək olar ki, Ombudsman vətəndaşların şikayətlərini həll etmək daxil olan, şəxsi təşəbbüsü ilə insan hüquqları və azadlıqlarının pozulması ilə nəticələnən və onların müdafiəsinə dair bütün hüquqi vasitələrin tükəndiyi halda idarəetmə orqanları (bəzi ölkələrdə), həmçinin məhkəmələr tərəfindən qanunların riayət edilməsinə həmişə müvafiq şəkildə reaksiya verən parlament nümayəndəsidir. Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlilinin əsasında demokratik cəmiyyətdə insan hüquq və azadlıqları sisteminin və onların reallaşdırılması mexanizmlərinin tədqiqi, bu istiqamətdə onların təhlillərinin ümumiləşdirilməsi, bizim fikrimizcə, aşağıdakı təklifləri irəli sürməyə imkan verir:
1. İnsan hüquq və azadlıqları konsepsiyası sosial-siyasi hüquqi təsisatların, bütövlükdə ictimai həyatın demokratikləşdirilməsi proseslərinin dərinləşməsi, cəmiyyətdə özünüidarə və özünütəkmilləşmənin genişlənməsi, təsərrüfat münasibətlərində yeni prinsiplərin təsdiqlənməsi, siyasi və hüquqi mədəniyyət səviyyəsinin getdikcə artması perspektivləri nəzərə alınmaqla inkişaf etdirilməli, şəxsiyyətin hüquq və azadlıqlarının inkişafı və perspektivlərinə də onun vəzifələri ilə vəhdətdə, onların formalaşması və təkamülünə təsir edən amillər sistemi kontekstində baxılmalıdır.
2. Demokratik cəmiyyətdə şəxsiyyətin hüquq və azadlıqları vəhdət təşkil etməklə onun siyasi azadlıq səviyyəsini səciyyələndirir və onların məzmunu, reallaşması imkanları cəmiyyətin iqtisadi inkişaf səviyyəsindən və mənəvi həyatından, digər amillər və şəraitlərdən asılıdır.
3. İnsan və vətəndaş hüquq və azadlıqlarının dolğun şəkildə reallaşmasına əlverişli mühitin mövcud olduğu demokratik cəmiyyətdə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi hakimiyyət qollarının müvafiq fəaliyyətlərinin əlaqələndirilməsi mexanizminin daim təkmilləşdirilməsini tələb edir.
4. Demokratikləşmə şəraitində bir sıra ölkələrin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlətdaxili milli mexanizmlərin tətbiqi təcrübəsi nəzərə alınaraq və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında insan hüquqları üzrə Komissiyanın, yerli icra hakimiyyətinin nəzdində isə müvafiq strukturların - insan hüquqları üzrə ictimai komissiyaların yaradılması məqsədəmüvafiq olardı.
5. Respublikamızda fəaliyyət göstərən hüquq-müdafiə qeyri-hökumət təşkilatları dövlət orqanlarına təkcə narazılıq və tələblər etməklə kifayətlənməməli, onlarla, xüsusilə də yerli icra hakimiyyəti orqanları ilə vətəndaşların ərizə və şikayətlərinin baxılması və hüquqi təhsilinin təşkili sahəsində, həmçinin digər sahələrdə əməkdaşlıq etməli, dövlətə konstruktiv şəkildə insan hüquqlarının inkişaf etdirilməsi və müdafiəsinin təmin edilməsində yardım etməlidirlər.
İndi Azərbaycan qarşısında duran ən əsas vəzifə - dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, qanunçuluğa, insan hüquq və azadlıqlarının riayət olunmasıdır ki, bu da dövlətin möhkəmləndirilməsinə xidmət edir. Yaxşı olar ki, hüquq-müdafiə təşkilatları özlərinin fəaliyyət üslübunda dəyişiklik edərək ölkədə həyata keçirilən dövlət quruculuğu prosesinə dəstək verməklə, öz fəaliyyətlərində qaçqın və məcburi köçkünlərin (nəzərə almaq lazımdır ki, ölkəmizdə hər 8 nəfərdən biri qaçqın, yaxud məcburi köçkündür) pozulmuş hüquqlarının bərpasına xüsusən üstünlük versinlər.
6. İnsan hüquqlarının müdafiəsi mexanizmlərinin reallaşması tam şəkildə fərdlərin özündən asılıdır.
Vahid Ömərov
Səs.-
2015.- 20 noyabr.- S.15