Məmmədrza Şeyxzamanov – 100

İfası ilə aktyorluq sənətinin gözəl ənənələrini yaşadan sənətkar

    

Azərbaycan teatrkino sənətinin böyuk aktyoru Məmmədrza Şeyxzamanov yaratdığı obrazlar qalereyası ilə özünəməxsus istedadını, təkrarsız manevrlərini, mimikalarını minlərlə tamaşaçı, kinosevər qəlbinə və yaddaşına həkk etdi. Məmmədrza Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Hər bir obrazı onun daxili aktyorluq potensialını üzə çıxardı. Yüz yaşını qeyd etdiyimiz Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncə şəhərində  anadan olub. 2 yaşında ikən atasını itirən balaca Məmmədrza o andan etibarən anasının himayəsi altında böyüyür və ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası sonralar Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır, evinə çörək pulu qazanır. 1918-20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeyə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənətində də az-çox özünü büruzə verməkdə idi.

GƏLƏCƏK AKTYORUN PROFESSİONAL TEATR SƏHNƏSİNƏ, SƏNƏT ZİRVƏSİNƏ DOĞRU APARAN YOLDA ATDIĞI İLK MÜVƏFFƏQİYYƏTLİ ADDIMI

1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edir ki, obrazın xarakterini xırdalığına qədər aça bilirdi. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət olub.

"BƏXTİYAR" FİLMİNDƏ RƏCƏBOV ROLU İLƏ KİNO SƏNƏTİNƏ İLK UĞURLU CIĞIRI AÇILIR

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. "Bəxtiyar" filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılır. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır.

1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edir. "Əhməd haradadır" filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi. O zaman ekranlaşdırılma üçün kinostudiyanın "papka"sında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun "Əhməd haradadır" xoşuna gəlir ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov,  Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Şəfiyev, Töhfə Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov... kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndərirlər. Onları - Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov Fikrət Əliyevi "Adil İsgəndərovun beşliyi" adlandırırdılar. Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edir, rejissor, assisent köməkçisi kimi çalışırdılar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradır. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-Göldə, Şamxorda Hacıkənddə aparılırdı. Bütün rəqs səhnələri Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar "Yaşıl teatr"da çəkilirdi. Böyük aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr kino xadimi kimi məharətinin bu filmdə bir daha nümayiş etdirir. O, elə sənətkarlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub Məmmədrza Şeyxzamanov. O, hamı ilə öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi.

1976-cı ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi. Belə obrazları ilə yaddaşlarda parlaq iz salan Şeyxzamanov 1984-cü ildə 70 yaşında dünyasını dəyişdi. Amma hər bir obrazı onu həqiqətən yaşadır tez-tez xatırladır.

 

Zümrüd BAYRAMOVA

Səs.- 2015.- 20 noyabr.- S.- 12