Muzey işinin təşkili və idarə
edilməsində innovasiyalar
Dünən Azərbaycan Milli İncəsənət Muzeyində "Muzey işinin təşkili və idarə edilməsində innovasiyalar" mövzusunda seminar keçirilib. Seminar ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
Tədbirdə ABŞ-ın Smitson İnstitutunun aparıcı tədqiqatçı- antropoloqu, institut muzeyinin Asiyanın mədəniyyəti tarixi proqramının direktoru, Asiya, Avropa və Orta Şərq etnologiyası üzrə kuratoru Pol Teylor, muzeyin Asiya mədəniyyəti tarixi proqramının tədqiqatçıları Cered Koller və Trevor Lumis Merrion, eləcə də azərbaycanlı alim və muzey mütəxəssisləri iştirak ediblər.
ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stephen Quice Mədəniyyət və Turizm Nazirliyinə seminarın keçirilməsi üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib. İki ölkə arasında mədəni əməkdaşlıq, o cümlədən muzey işi sahəsində əlaqələrdən danışan S.Quice bildirib ki, bu istiqamətdə təcrübə mübadiləsi apara bilərik.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda muzey işi sahəsində görülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirib ki, ölkəmizdə yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir, muzeylərin beynəlxalq əlaqələri genişlənir. Son altı ildə ölkə başçısı tərəfindən muzey sahəsi üzrə 15-dən çox Sərəncam imzalanıb.Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda muzey işinin təşkili baxımından nümunə ola biləcək Müasir İncəsənət Muzeyi, Qala qoruğunda Arxeologiya və Etnoqrafiya, Əntiq Əşyalar muzeyləri açılıb, mövcud ekspozisiyalar yenilənib. Azərbaycan Xalça Muzeyi üçün yeni möhtəşəm bina inşa edilib.Azərbaycan Milli İncəsənət Muzeyinin bir binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, muzeyin binaları arasında müasir üslubda keçid-bina tikilib.
Nazir müavini vurğulayıb ki, ölkəmiz Amerika Birləşmiş Ştatları ilə mədəni əlaqələrin genişləndirilməsinə böyük önəm verir, mütəmadi olaraq müxtəlif mədəni tədbirlər, o cümlədən muzey işi sahəsində əhəmiyyətli layihələr həyata keçirilir. Bu layihələr sırasında ABŞ-ın Smitson İnstitutu ilə əməkdaşlığı xüsusilə qeyd etmək lazımdır. ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə Smitson Muzeylər Assosiasiyasının nümayəndə heyəti ölkəmizə səfər edərək Bakı və Naxçıvanda muzey işçiləri üçün seminar-treninqlər keçiriblər.
Nazir müavini muzeylərimizin dünyanın tanınmış muzeyləri ilə əməkdaşlıq əlaqələrindən də söz açıb.
Sonra seminar işinə başlayıb. Smitson İnstitutunun proqram direktoru Pol Teylor qeyd edib ki, seminarda muzeylərdə və mədəniyyət mərkəzlərində mədəniyyətin nümayiş etdirilməsinin tarixi, müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması barədə təqdimatlar olacaq. Həmçinin ideyaların, o cümlədən nümunələr əsasında təcrübələrin mübadiləsi aparılacaq.
Qeyd edək ki, noyabrın 19-da ABŞ mütəxəssislərinin iştirakı ilə Quba rayonunda da muzey işçiləri üçün seminarın təşkili nəzərdə tutulub.
ÜMRÜD
Səs.-
2015.- 18 noyabr.- S. 4