İnsan hüquqları mənəvi-hüquqi və siyasi idealların ali təzahürü
kimi
Müasir dünyada insan hüquqları millətlərin mədəniyyətinin ayrılmaz hissəsinə çevrilərək bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürüdür. Bu gün insan hüquqlarını qorumaq və onlara hörmət etmək yalnız hər bir ölkənin daxili işi kimi deyil, ümumi qayğı və məsuliyyət predmeti kimi qəbul olunur.
İnsan hüquqlarına hörmət etmək xalqlar arasında qarşılıqlı əlaqəni möhkəmləndirir, onların hərtərəfli əməkdaşlığı üçün əlverişli şəraitin yaranmasına səbəb olur. Ümumi humanist hüquqi baza olmadan xalqların yaxınlaşması və onların inteqrasiyası mümkün deyil.
Alman klassik fəlsəfəsinin banisi İ.Kantın fikrincə, hüquq insanların davranışının xarici formalarını tənzimləməlidir. Dövlət isə "Hüquqi qanunlara tabe olan insanlar çoxluğudur". Dövlətin rifahı, onun əqidəsincə, mükəmməl hüquqdur. Bu məqam Kantı "hüquqi dövlət" ideyasının banilərindən biri hesab etmək üçün əsas vermişdir. Onun fikrincə, hüquq qanunlarına əməl etməyən dövlət öz etimadını itirə bilər. Bu zaman insanlar şüurlu surətdə həmin dövlətdən özgələşməyə başlayırlar.
Müasir politologiyanın nümayəndəsi P.Darrendorfun konsepsiyasına görə, "vətəndaş cəmiyyəti imtiyazların ləğv edilməsi, habelə hamı üçün ümumi olan normaların yaradılması və saxlanması deməkdir. Onun mahiyyəti aşkarlıqda, azadlıqdadır". Onlardan aşağıdakıları göstərmək olar:
- vətəndaşların hüquq və azadlıqlarına hərtərəfli təminatın verilməsi;
- vətəndaşların konstitusion hüquq və azadlıqlarının praktiki reallaşdırılması və müdafiəsinə dair nizamlı, mürəkkəb olmayan və asan hüquqi mexanizmin olması;
- vətəndaşların hüquq yaradıcı prosesdə iştırakına dair işlənmiş demokratik prosedurların mövcudluğu;
Ümumən qəbul olunmuş insan hüquq və azadlıqları haqqında normaların səmərəli və realaşması bir çox şərait və amillərin olmasından asılıdır. Onlara tədqiqatçılar tərəfindən dövlət hakimiyyəti orqanları sistemində demokratiya təsisatlarının qanunvericiliyin inkişafı səviyyəsi, iqtisadiyyatın vəziyyəti, cəmiyyətin mənəvi-mədəni potensialı və s. aid edilir. İnsan hüquqlarına dair normaların reallaşmasına qeyd olunan və digər amillərin təsiri onların həyata keçirilməsinə zəmin yaradır. Bununla yanaşı, insan hüquqları və azadlıqların təkamülü və reallaşmasına beynəlxalq səviyyədə işləyən mexanizmlərlə bərabər milli mexanizmlər də təsir göstərir. Müasir dövrdə hər kəsə öz hüquqlarını müdafiə etmək üçün beynəlxalq orqana birbaşa müraciət etmək hüququ verilir. Lakin öz hüquqlarını müdafiə etmək üçün beynəlxalq orqanlara müraciət etmək hüququna fərd yalnız bunun üçün dövlətdaxili bütün müvafiq imkan və vasitələri istifadə etdikdən sonra malik ola bilər. Demokratik ölkələrdə konstitusiyalarda və qanunvericilikdə təsbit olunmuş insan hüquqları və azadlıqlarının müdafiəsinin təmin olunmasına kömək edən təsisat və mexanizmlər sisteminin yaradılması və işləməsi sahəsində böyük təcrübə toplanmışdır.
İnsan və vətəndaş hüquq və azadlıqlarının reallaşdırılmasına demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan Respublikasında da böyük əhəmiyyət verilir. Onların elan edilmə dərəcəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası, mütəxəssislərin fikrincə, ümumi qəbul olunmuş və tanınmış beynəlxalq standartlara cavab verir. Konstitusiyada həm insan və vətəndaş hüquq və azadlıqları geniş təsbit edilmiş, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir.
Konstitusiyanın insan və vətəndaş hüquqları, azadlıqları və vəzifələrinə həsr olunmuş ikinci bölməsinin 3-cü fəsli "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanır. Bu fəslin bütün mətni, mütəxəssislərin fikrincə, insana, onun ləyaqəti və hüquqlarına hörmət ruhunda yazılmışdır. Bəşər sivilizasiyasının iki mütərəqqi ideyasının - konstitusionalizm və insan hüquqlarının müdafiəsi ideyalarının üzvi surətdə bağlılığı Azərbaycan Respublikasının Konstitusiyasında özünün geniş ifadəsini tapmışdır. Konstitusiyaya görə, insan və vətəndaş hüquqları və azadlıqlarının əsas prinsipi hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarının olması, hüquqlar və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə etməsidir.
H.Babaoğlu yazır: "Göründüyü kimi, konstitusiyada insan hüquq və azadlıqları insanın mövcudluq faktı ilə, onun təbiəti ilə şərtlənən azadlıq ölçüsü kimi götürülmüşdür. Bu da onu göstərir ki, insan hüquqlarının təsbiti və müdafiəsi təbii hüquq ideyası üzərində qurulmuşdur. Bu baxımdan 24-cü maddənin I hissəsində "hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları vardır" müddəasının əsaslandığı fəlsəfəyə görə insan hüquqlarının qanunvericilikdə, xüsusilə, Konstitusiya qaydasında pozitivləşdirilməsi onların dəqiq hüquqi prosedurlar vasitəsilə lazımi müdafiəsi üçün prinsipial əhəmiyyət kəsb edir.
Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların praktiki həyata keçirilməsi və müdafiə edilməsi mürəkkəb və kompleks vəzifədir. Yalnız demokratik cəmiyyətdə şəxsiyyətin huquq və azadlıqları təmin edilir və bunun üçün əlverişli şərait yaradılır. Demokratiya insan hüquq və azadlıqlarına tam təminat verərək, insana - vətəndaşa siyasətlə maraqlanmaq və məşğul olmaq, öz ölkəsinin həyatına aid informasiya ilə tanış olmaq, hökumətin fəaliyyəti, onun həyata keçirdiyi proqramlara, tədbirlərə qiymət vermək imkanları yaradır.
İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik, hüquqi dövlət quruculuğu bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır.
Real həyatda hüquq və azadlıqların səmərəli şəkildə həyata keçirilməsi üçün onların təmin edilməsinə dair hər cür pozuntulara və dövlətdaxili təsirlərə davamlı olan və təsirli təminatlar mexanizmi zəruridir. Belə, ümumən tanınan universal mexanizm özünə bir neçə hüquq-müdafiə səviyyələrini daxil edir: dövlətlərarası (beynəlxalq), dövlətdaxili (milli) və lokal (yerli). İnsan hüquq və azadlıqlarının təmin edilməsi və təminatlarının hər üç səviyyəsi məntiqi qarşılıqlı əlaqədə olmaqla beynəlxalq və milli hüquqi normalarda bir -biri ilə sıx bağlıdırlar.
H.Babaoğlu qeyd edir ki, son illər bir çox müəlliflər müxtəlif siyasi-hüquqi proseslərin, həmçinin sosial-hüquqi təsisatların işləməsinin səciyyələndirilməsində "mexanizm" terminindən istifadə edirlər. Bu termin bütün hüquqi və sosial hadisələrlə sıx əlaqəsi ilə səciyyələnən proseslərin təbiətini adekvat surətdə əks etdirir.
Müasir elmi ədəbiyyatda "mexanizm" kateqoriyasına bir çox yanaşmalar mövcuddur və ona müxtəlif nöqteyi-nəzərdən baxılır. Tədqiqatçıların fikrincə, insan hüquqları və azadlıqlarının reallaşdırılması mexanizmi insanın bütün hüquqları və azadlıqlarına hörmət üçün zəruri şəraiti təmin edən, insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gələn, onun tam və azad inkişafı üçün əhəmiyyətli olan vasitə və amillərin müəyyən sistemidir. Bu mexanizmin strukturuna daxil olan elementlərə ictimai normalar; insan və vətəndaş hüquqları subyektlərinin fəaliyyəti; ictimai rəy; təminatlar; ümumi, xüsusi və təşkilati prosedurlar; məsuliyyət və s. aid edilir. Tədqiq olunan mexanizmin işləməsinin əsas məqsədi insan və vətəndaşın subyektiv hüquqlarının müdafıəsidir. İnsan hüquqlarının reallaşdırılması mexanizminin vəzifələrinə pozulmuş hüquqların qorunması, müdafiəsi və bərpası daxildir. Beləliklə də, həmin mexanizmin yarımsistemləri kimi pozulmuş subyektiv hüquqların "qorunması" mexanizmi, "müdafiəsi mexanizmi", həmçinin "tərbiyəsi mexanizmi" təşkil edirlər. Onlar müstəqil mexanizm olaraq eyni zamanda bir -biri ilə dialektik qarşılıqlı əlaqədə olur, insan-vətəndaş hüquqlarının reallaşdırılması mexanizminin bütöv, tam strukturunu yaradırlar. Belə mexanizmin tərkibinə dövlət siyasətinin və müvafiq normativ müddəaların mahiyyətinin, məqsədləri və məzmunun izahına yönələn tədbirlər daxildir.
H.Babaoğlu yazır ki, Azərbaycanda və digər MDB ölkələrində demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu şəraitində, bizim fıkirimizcə, dövlətdaxili (milli) mexanizmlərin, ilk növbədə insan hüquq və azadlıqlarının konstitusion təminatlarının tədqiqi ilə bağlı məsələlər daha çox maraq doğurur. Həm də tədqiqatçıların belə bir fikri ilə də razılaşmaq olar ki, şəxsiyyətin hüquq və azadlıqlarının milli təminatlarının səmərəli reallaşdırılmasından insan hüquqları probleminin həm beynəlxalq və həm lokal səviyyədə həlli asılıdır.
İnsan hüquqlarının müdafiə və təmin edilməsi sahəsində xarici təcrübəni tədqiq edən alimlərin ümumi rəyinə görə, heç də bütün ölkələrdə insan hüquq və azadlıqlarıını təmin edən dövlətdaxili mexanizmlər (təminatlar) yaradılmır. O.E.Kutafın hesab edir ki, təminatlar fıziki şəxs tərəfındən ona məxsus hüquq və azadlıqların həyata keçirilməsi imkanlarını təmin edən tədbirlərdir.
Vahid Ömərov
Səs.-
2015.- 19 noyabr.- S.- 15