Hüquq və azadlıqların müdafiəsinin əsas yolları    

Amerikanın dünyaya aşılayacağı əsas insan azadlıqlarına o, dörd azadlığı aid edirdi və bununla əlaqədar yazırdı: "Təhlükəsiz etmək istədiyimiz gələcəkdə biz dörd mühüm insan azadlığına əsaslanan dünya yaratmağa çalışacağıq. Birinci azadlıq - dünyanın istənilən hissəsində söz azadlığı və öz fikrini ifadə etmək azadlığı. İkinci azadlıq -dünyanın istənilən hissəsində hər bir adamın istəyincə ibadət etmək azadlığı. Üçüncü azadlıq - dünyanın istənilən hissəsində ehtiyac əsarətindən azadlıq; (daha sadə dildə bu, hər bir ölkə üçün onun xalqının sağlam, dinc həyatını təmin edən iqtisadi razılaşmaları bildirir). Dördüncü azadlıq - dünyanın istənilən hissəsində qorxu hissindən azadlıq; (daha sadə dildə bu, silahların elə tərzdə və elə səviyyəyə qədər ümumi ixtisar edilməsidir ki, heç bir ölkənin öz qonşusuna fiziki təcavüz etmək imkanı olmasın).

Bu, uzaq minilliklərin perspektivi deyildir. Bu, belə bir dünyanın artıq bizim dövrümüzdə və nəslimiz tərəfindən yaradılması üçün real təməldir".

Müasir Azərbaycan tədqiqatçısı, siyasi elmlər doktoru Hikmət Babaoğlu yazır ki, insanın cəmiyyətdə vəziyyətinin beynəlxalq-hüquqi tənzimlənməsinin nəticələrinin pozitiv olması həmin cəmiyyətin daxili həyatı və bütövlükdə siyasi sistemindən, dövlətin suveren iradəsindən, digər tərəfdən isə, onun sosial-iqtisadi, siyasi, mədəni və b. xüsusiyyətlərindən asılıdır. Dövlətin sosial təcrübəsində insan hüquqları və azadlıqlarına dair müvafiq beynəlxalq sazişlərdəki bu və ya digər hüquqi normaların reallaşdırılması üçün təkcə onların məzmununu ölkənin qanunvericiliyinə transformasiya etmək deyil, həm də, ilk növbədə onlardakı şəraitin yaradılmasına yönələn müvafiq sosial-iqtisadi siyasətin həyata keçirilməsi zəruridir. Bu baxımdan, yalnız demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının reallaşması üçün əlverişli şərait yaranır və onlara tam təminat verilir. ABŞ politoloqu İ.Şapiro yazır ki, "demokratiya azadlığı qoruyan nemətdir, rifahdır və demokratik politologiyanı bu məqsədi nəzərə almaqla qurmaq lazımdır".

H.Babaoğlunun fikrincə, insan hüquqları nəzəriyyəsi və təcrübəsinə aid olan hər bir məsələ bilavasitə və ya dolayı surətdə daha ümumi, bir qayda olaraq, dərin siyasi məzmunlu məsələlərin necə həll olunmasından asılı olur. Məsələn, şəxsiyyətin vəzifəli şəxslərin, dövlət orqanlarının və ictimai təşkilatların qanunsuz hərəkətlərinə görə məhkəməyə şikayət etmək hüququnun (heç də siyasi olmayan) ölkənin dövlət-hüquqi təcrübəsində, bütövlükdə siyasi həyatında nə dərəcədə məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipinin həyata keçirilməsindən, cəmiyyətdə məhkəmənin nüfüzu və rolundan asılıdır. Ümumiyyətlə, insan hüquqları problemi obyektiv və genetik olaraq siyasi məzmuna malikdir. Lakin məsələnin bu şəkildə qoyuluşu heç də insan hüquqları probleminin tam şəkildə siyasətlə bağlanması demək deyil. İnsan hüquqları probleminin, sözsüz ki, əxlaqda, fəlsəfədə, ideologiya və dində dərin kök salmış ən müxtəlif ifadəsi vardır. Bununla belə, bu problemin xüsusi siyasi məzmunu daha əhəmiyyətli olmaqla onun əsas elementi kimi çıxış edir. Əlbəttə, bəzi müəlliflər hesab edir ki, insan hüquqlarının siyasizləşdirilməsi və ideologiyasızlaşdırılması onların reallaşdırılmasının ən yaxşı variantı olardı. Bu halda qeyri-stabil, ziddiyyətli və bəzən açıq neqativ faktor kimi çıxış edən praktiki siyasətin və siyasi ideologiyanın müxtəlif təzahürlərinin təsirindən təcrid oluna bilərdilər. Lakin belə halların hipotetik (istənilən) situasiya kimi nəzəri konstruksiyasında da müəyyən problemlər yaranır. Məsələn, amerikalı filosof A.Qevirz belə bir məntiqi nəticəyə gəlir ki, müasir dünyada insan hüquqlarının mövcudluğu və reallaşdırılması insan hüquqları Bəyannaməsindən və insan hüquqları paktlarından asılıdır və insan hüquqlarının bu sənədlərdə pozitiv tanınmasından əvvəl onlar ola bilməzdi və sadəcə olaraq, yox idi.

İnsan hüquqları probleminə ictimai mənafelər və dəyərlərin prioritetini nəzərə almaqla daha ədalətli və humanist yanaşmanın işlənilməsi və inkişaf etdirilməsi nöqteyi-nəzərdən, bir tərəfdən, dəyişən maraqların, digər tərəfdən isə, mənəvi dəyərlər və imperativlərin xeyli sabitliyinin dəyişməz əhəmiyyəti vardır. Bizim fikrimizcə, bu faktorların birləşdirilməsi bəşəriyyətin hüquqi və sosial inkişafının sözsüz və əsas tələbatı, insan hüquqları nəzəriyyəsi və təcrübəsinin, müasir dövlətlərin daxili və xarici siyasətinin prinsipial məsələsidir. İnsan hüquqları ideyasına əsaslanan demokratiya konsepsiyası daha geniş şəkildə politoloq Larri Dayamond tərəfindən işlənilmişdir. Onun fikrincə, insan hüquqlarının nəzərə alınması demokratiya konsepsiyasını zəiflədir, insan hüquqlarına əsaslanan liberal demokratiya modeli demokratik fikir və təcrübəni zənginləşdirir. Bu model fərdi və qrup azadlığı ilə yanaşı, siyasi və vətəndaş plüralizminin təmin edilməsini də tələb edir.

Dayamond insan hüquqlarının demokratik modelinin əsas əlamətlərinə aşağıdakıları aid edir:

- real hakimiyyət konstitusiya ilə faktiki olaraq seçilmiş vəzifəli şəxslərə və onların təyin etdiyi şəxslərə (ölkə daxilində məsul olmayan qüvvələrə yox) mənsubdur;

- icra hakimiyyəti konstitusiya ilə məhdudlaşdırılır və müstəqil məhkəmə, parlament, insan hüquqları üzrə müvəkkil-ombudsman təsisatı digər təsisatlar qarşısında məsuldur;

- seçkilərin nəticələri əvvəlcədən müəyyən olunmur, müxalifət mövcuddur və tədricən hökuməti formalaşdıran alternativ imkanlar ola bilər;

- mədəni, etnik, dini və digər azadlıqların öz maraqlarının siyasi prosesdə ifadə edilməsində və öz dini və mədəniyyətinin istifadə olunmasında imkanları məhdudlaşdırmır;

- vətəndaşların partiyalar və müntəzəm seçkilərdən başqa öz maraqlarını və dəyərlərini ifadə və təmsil etməsi üçün çoxlu daimi kanallar və vasitələrin olması, o cümlədən onların yarada biləcəyi müxtəlif muxtar assosiasiyalar, hərəkat və qruplar;

- assosiasiyalar azadlığına və plüralizmə əlavə olaraq vətəndaşların siyasi cəhətdən azad əlaqəsi olan müstəqil kütləvi informasiya vasitələri də daxil olmaqla, alternativ informasiya mənbələrinin mövcud olması;

- fərdlər əsas azadlıqlara - etiqat, fikir, diskussiya aparmaq, mətbuat, yığıncaqlar, nümayişlər və petisiyalar və s. azadlıqlara malikdirlər;

- vətəndaşlar siyasi cəhətdən qanun qarşısında bərabərdirlər və onların azadlıqlarını, qərarları digər hakimiyyət mərkəzləri tərəfindən hörmətlə qarşılanan və dəstəklənən məhkəmə sistemi müdafiə edir;

- qanunların idarə etməsi vətəndaşları ədalətsiz həbsdən, sürgündən, terrordan, işgəncələrdən, onların şəxsi həyatına təkcə dövlətin deyil, həm də mütəşəkkil qeyri-dövlət qüvvələrin hədsiz müdaxiləsindən müdafiə edir.

Təqdim olunan demokratik modeli tədqiqatçılar insan hüquqları, azadlıq və demokratiyanın inkişafı səviyyəsinin analizi üçün geniş istifadə edirlər. Bu model Dayamond tərəfindən artıq mövcud olan empirik tədqiqatlar təcrübəsi əsasında qurulmuşdur.

H.Babaoğlu yazır ki, milli azlıqların öz müqəddəratlarını təyin etmək azadlığı heç də ölkə bütövlüyünün pozulmasına və sərhədlərin yenidən müəyyən edilməsinə əsas verə bilməz. Beynəlxalq sənədlər, habelə 1975-ci il Helsinki Yekun Aktının müddəalarına görə Avropa ölkələrinin sərhədləri dəyişməz olaraq qalmalıdır. Ona görə də kiçik azsaylı xalqlar öz müqəddəratlarını vahid ölkə daxilində müəyyən etməli, özlərinin dil və mədəniyyətlərini, adət-ənənələrini, tarixi keçmişi və abidələrini və s. yaşadıqları ölkənin daxilində və onların imkanları həddində inkişaf etdirməlidir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanın parçalanmasına yönələn milli müqəddərat hüququ pərdəsi altında baş verən millətçi separatçılığın qarşısının alınması istiqamətində düşünülmüş dövlət siyasəti Azərbaycan Prezidenti Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyata keçirilərək bu cəhdlərə son qoyulmuşdur. Kökündə Azərbaycana qarşı ərazi iddiası duran Ermənistan təcavüzünün başlanğıcını təşkil edən erməni separatizminin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin fəaliyyətinin ən başlıca istiqamətini təşkil edirdi.

İstər ermənilər, istərsə də bir sıra ermənipərəst beynəlxalq təşkilatlar tərəfindən bu ağrılı problemin həllini qəsdən dolaşığa salsalar da, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev tərəfindən bu sahədə aparılan çətin və yorulmaz iş davam etdirilir.

Ancaq sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət edilməsi mümkün deyil. BMT Baş Məclisi tərəfindən 12 noyabr 1984-cü ildə 39/11 saylı qətnamə ilə qəbul edilmiş "Xalqların sülh hüququ haqqında" bəyannaməsinin 1-ci maddəsində göstərilir ki, planetimizin xalqlarının müqəddəs sülh hüququ var. Bəyannamənin 2-ci maddəsində əsasən, xalqların sülh hüququnun qorunub saxlanılmasına və onun həyata keçirilməsinə yardım göstərmək hər bir dövlətin əsas vəzifələrindən biri hesab edilir. Bu baxımdan, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qaçqın düşmüş insanların pozulmuş hüquqlarının bərqərar edilməsi problemi xüsusi diqqət tələb edir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində hüquqları pozulmuş bir milyon Azərbaycan vətəndaşı didərgin düşüb. Bu məsələ ABŞ Dövlət Departamentinin 2003-cü il martın 31-də açıqlanmış son hesabatında da öz əksini tapmış, burada Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi insan hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşların İşi üzrə Dövlət Komissiyasının verdiyi arayışa görə, Ermənistanın təcavüzü nəticəsində 4965 nəfər Azərbaycan vətəndaşı əsir və itkin düşmüş, girov götürülmüş, onların da 320 nəfərini qadınlar, 69 nəfərini uşaqlar, 253 nəfərini isə qocalar təşkil edir.

 Vahid ÖMƏROV

Səs.- 2015.- 25 noyabr.- S.- 15