Ulu mədəniyyətimizin
Gündoğandan gələn işığı
"...Türk bəyləri! Millət! Eşidin! Üstdə Göy basmasa, altda yer dəlinməsə Türk milləti, sənin elini, sənin adətini kim poza bilir? Ey Türk milləti! Titrə və özünə dön!.. Mən millətə yaxşı vaxtında xaqan olmadım... Az milləti çox, ac milləti tox etdim. Geyimsiz milləti geyimli, yoxsul milləti bəy etdim... "
Bilgə xaqan (VIII yüzillik)
Azərbaycan müstəqillik qazandıqdan sonra tariximizə, mədəni irsimizə dövlətimiz böyük önəm verir. Demək olar ki, bizimlə bərabər, bütün postsovet məkanında olan türk xalqlarının hamısında özünüdərk prosesi gedir. Azərbaycan tarixi ümumtürk tarixindən ayrı tam şəkildə öyrənilə bilməz. Dünya xalqları içərisində ən qədim mədəniyyət çalarlarını özündə yaşadan, bəşəriyyətə dövrünün ən mükəmməl ixtiralarını, döyüş sənətini, cəngavərliyi, mərdliyi bəxş edən məhz türklər olub. Bu baxımdan, türk xalqları tarixinin, mədəniyyətinin, incəsənətinin öyrənilməsində, təbliğində böyük xidmətləri olan TÜRKSOYun (türk mədəniyyəti və incəsənətinin birgə inkişaf etdirilməsinin beynəlxalq təşkilatı) təşkilatçılığı, rəhbərliyi və Monqolustan Təhsil, Mədəniyyət və Elm Nazirliyinin dəstəyi ilə paytaxt Ulan-Bator şəhərində bu ilin (2015) sentyabr ayının 22-dən 26-nadək keçirilən "Üçüncü Muzey Forumu" böyük önəm daşıyır. Forumun işində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Türkmənistan və Rusiya Federasiyasından (Moskva, St-Peterburq şəhərləri, Saxa (Yakutiya), Xakasiya, Tıva, Tatarıstan, Altay Respublikaları) gəlmiş tədqiqatçıların məruzələri dinlənildi. Məruzələr muzeylərdə qorunub saxlanılan milli geyimlərə həsr olunmuşdu.
22 sentyabr səhər saat 9.00-da Monqolustan Təhsil, Mədəniyyət və Elm Nazirliyinin konfrans zalında keçirilən plenar iclasda Monqolustan Təhsil, Mədəniyyət və Elm naziri, Mədəni İrs Departamentinin rəhbəri L.Qantömör, TÜRKSOYun Baş katibi D.Kaseinovun adından təşkilatdakı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi L.Sattarova və Monqolustan Milli Muzeyinin direktoru D.Süxbaatar çıxışları ilə açılış edib, iştirakçılara uğurlar dilədilər. Sonra gərgin diskussiya şəraitində 20-dən artıq müxtəlif çıxış dinlənildi. Axşama yaxın konfrans öz işini başa çatdırdı.
23 sentyabrda səhər 9.00-dan 11.00-dək Ulan-Batorda yerləşən sonuncu monqol xanı Boqdo xanın (1869-1924) ev muzeyində olduq. Bu tarix-memarlıq kompleksi XIX əsrin sonu-XX əsrin əvvəllərinə, daha dəqiq desək, 1893-1903-cü illərdə tikilib. Boqdo xan tarixi şəxsiyyət olub, müstəqil Monqol dövlətinin yaranmasında, inkişafında böyük və həlledici rol oynayıb. İqamətgahın mərkəzi hissəsi milli ənənələri əks etdirən 7 məbəddən və Avropa stilli ikimərtəbəli binadan ibarətdir. Sonuncunun tikintisi 1905-ci ildə başa çatdırılmış və Boqdo xan bu binada təxminən 20 il yaşamışdır.
XX əsrin əvvəllərində Monqolustanda xalq-azadlıq hərəkatı güclənir. Bu hərəkata rəhbərlik edən Boqdo xanın gərgin mübarizəsi nəticəsində 220 il Monqolustanı idarə edən Mancuriya hökümətinin varlığına son qoyulur və 1 dekabr 1911-ci ildə ölkə müstəqillik qazanır. Yeni Boqdoxan dövləti yaranır (1911-1919-cu illər). 25 may 1915-ci il tarixdə üçtərəfli Rusiya-Çin-Monqolustan razılaşmasının nəticələrinə görə ölkə özünüidarə hüququ qazanır. 1921-ci ildə baş vermiş xalq inqilabı da bir xan olaraq dövlətin idarəçiliyini ona həvalə edir. Onun ölümündən sonra Monqolustan Xalq Respublikası yaranır.
1931-ci ildə Çinin şimal əyalətlərinin yaponlar tərəfindən işğal olunması Monqolustana da öz mənfi təsirini göstərir. 1934-cü ildən yaponlar ölkənin şimal sərhədlərində hökmranlıq etməyə başlayır. Digər tərəfdən isə zəhmətkeş xalq kütlələri arasında SSRİ-nin repressiya maşınına tuş gələnlər olur. Qeyri-rəsmi məlumata görə, 1933-1953-cü illərdə ölkədə 36 min insan repressiyaya məruz qalıb.
1939-cu ilin mayında Xalxin-Qol tərəfdən Monqolustana daxil olan yapon ordusu sentyabr ayınadək orada qanlı döyüşlər aparmağa müvəffəq olur. Elə həmin tarixdən başlayaraq sovet-monqol birləşmələri yaponlara sarsıdıcı zərbələr vururlar. 1945-ci ildə sovet-monqol orduları Yaponiyanın Mancuriyada olan Kvantun ordusunu darmadağın edir. Hal-hazırda Ulan-Bator şəhərində G.K.Jukovun nəhəng büstü ucalır. 1990-cı ildə ölkə SSRİ-nin təsirindən çıxaraq, tam müstəqil həyata qədəm qoyur.
23 sentyabr saat 12-00 da Çingizxan adına Mərkəzi meydanda Xubilay xanın anadan olmasının 800 illik yubileyi ilə əlaqədar möhtəşəm dövlət tədbirində iştirak etdik. Günorta Monqolustan Milli Muzeyində olduq. Həmin gün axşam isə yubiley tədbirləri ilə əlaqədar mərkəzi teatr binasında gözəl konsert proqramı və moda nümayiş olundu.
Bunlar haqda bir qədər
sonra...
Xubilay xan kim
olub? Nədən ona bu qədər diqqət və
hörmət bəslənilir? Çingiz xandan
başlayan böyük Monqol imperatorluğunun tarixi haqda nə
bilirik..?
Monqollar
haqqında çox əsərlər yazılıb. Lakin XII-XIII əsrlərdə yaşamış
monoqollara aid məlumatlar onların qəhrəmanlıq
dastanlarında qalıb. Monqol tarixinin bir
hissəsi Ugedey xanın (Çingiz xanın oğlu) əmrilə
1240-cı ildə "Monqollar nəsli haqqında qiymətli Rəvayət"
adı ilə bir yerə toplanır. 1247-1318-ci
illərdə yaşamış, Qazan xanın, Olcaytu xanın
və Əbu-Səidin divan başçısı-vəziri
olmuş Fəzlullah Rəşid-əd-dinin «Cami-ət-təvarix»
«Tarixlər toplusu» (Salnamələr məcmuəsi) əsərinə
bütün göstərilən kitabların qaymağı demək
olar. Rəşid-əd-din çox qiymətli
xatirə yazmışdır. O, monqolların
bütün tayfaları, onların başçıları
Çingiz xanın 5-ci babasından başlamış,
ümumi nəsil şəcərəsi haqqında, Çingiz
xanın arvadları, oğlanları, qardaşları, kənizləri,
nəvə və nəticələri, onların keçdiyi
döyüş yolları haqqında məlumat verir [4]. Rəşid-əd-dinin əsərində Ugedey
xanın "Monqollar nəsli haqqında qiymətli rəvayət"indən
daha çox istifadə edilmişdir.
XII əsrdə monqollar
Kulun-Bugir gölündən Altay dağlarına, şimalda
Baykal gölünə, cənubda Qobi səhrasının o
tayında, Böyük Çin səddi
yaxınlığında yaşayırdılar. Onların əsas hissəsi çöllərdə
maldarlıqla məşğul olurdu. Monqolların
sərvəti böyük at ilxılarından, qoyun
sürülərindən və qaramal naxırlarından ibarət
idi. Monqol tayfalarının içərisində
sayca və hərbi qüvvəcə fərqlənənlər
var idi ki, bunlar da tatarlar, naymanlar, kereitlərdən ibarət
idi. 1206-cı ildə Onon çayı
sahilində monqol noyonlarının qurultayı Temuçini
(1162-1227) monqol tayfalarının böyük xanı
(xaqanı) elan edir. Çin adətinə
görə yeni seçilən hakim öz adını dəyişməli
idi. Odur ki, Temuçin yeni ad - Çingiz
xan (türkcə tengiz-dəniz, okean) adı ilə
tanınmağa başlayır (1206-1227). Bəzi
mənbələrdə "Çinq" monqol dilində
"qüvvət", "güc" mənasında işlədilir.
Çingiz
xanın kunqirat tayfasından olan xanımı Börtə-Fucindən
("Fucin" kitay dilində "qadın" deməkdir) 4
oğlu və 5 qızı olmuşdur. Oğlanları –
Cuçi, Çağatay, Ugedey, Tuluy, qızları – Fucin bəyi,
Ciciğan, Alaqay bəyi, Tüməlün, Altəlün.
Çingiz xan gələcəkdə monqol hakimiyyətində
ara müharibələri olmasın deyə
göstərmişdi ki, mənim ölumümdən sonra
hakimiyyətə ancaq Börtə-Fucindən olan
oğlanlarım yiyələnə bilər. Çingiz
xan və Cuçi hər ikisi 1227-ci ildə vəfat etdiyindən
böyük xan vəzifəsinə Çingiz xanın
üçüncü oğlu Ugedey (1187-1241-ci illərdə
yaşayıb) seçilmişdi (xanlıq
dövrü-1229-1241). Məlumatlara görə,
Çingizin anası Selin əkə türk qızı idi.
Atası isə Yesugey bahadur olmuşdur.
Çingizxan
imperiyası 5 xanın dövründə çox geniş ərazilərə
malik olub. Çingiz xan və Ugedeydən sonra
böyük xan taxtına ardıcıl olaraq Çingizin nəvəsi
Göyük xan (yaşadığı dövr - 1206-1248,
xanlıq dövrü – 1246-1248), Münkə xan
(yaşadığı dövr - 1208-1258, xanlıq
dövrü – 1251-1258) və Xubilay xan (yaşadığı
dövr - 1215-1294, xanlıq dövrü – 1260-1294)
seçilmişlər (Çingiz xanın kiçik oğlu
Tuluy xaqan seçilməsə də, 1241-1246-cı illərdə
monqol imperiyasını idarə etmişdi). Bunların
dövründə yaratdıqları imperiyanın ərazisi
50-dən artıq xalqın yaşadığı 24.000.000
kv.km sahəni əhatə edirdi. Sibirdən
Cənub-Şərqi Asiyaya, Koreya yarımadasından
Bolqarıstana qədər olmuşdu. Bu
çiçəklənmə dövründə
imperiyanın tərkibinə Çin-Yuan imperiyası,
Qızıl Orda, Hülakülər və Cığatay
dövlətləri daxil idi.
Monqol
imperiyasının paytaxtı Qaraqorum (türk dilində
"qara daşlardan ibarət sədd" deməkdir) şəhəri
idi. Hələ Ugedey xaqanın
dövründə Çinin çox hissəsi işğal
olunur. 1235-ci ildə Böyük qurultayda
Ugedey xaqan Qərbə doğru hərbi yürüşlər
etmək barədə qərar qəbul edir. Batı xan (Cuçinin oğlu) baş komandan təyin
olunur. Xubilay xanın zamanında Yaponiyadan
başqa (Yaponiya Monqolustanın vassalı idi) demək olar ki,
bütün Şərqi Asiya işğal altında
düşür. 1264-cü ildə Xubilay
xan Pekin şəhərini Monqol imperiyasının paytaxtı
edir və 1271-ci ildə imperiyaya yeni ad verir – Yuan.
23 sentyabr tarixində
saat 14.00-da Ulan-Bator şəhərinin mərkəzində
yerləşən Milli Tarix Muzeyində olduq. Muzeyin direktoru bizi qarşıladı. Muzeyə Vətənimizin tarixini və mədəniyyətini
əks etdirən kitablar müxtəlif hədiyyələr
bağışladıq. Muzeyin eksponatları ilə tanış olduq. Əvvəla,
muzey bir neçə böyük zaldan ibarətdir. Qədim
və orta əsrləri əks etdirən zallar üç
tarixi-xronoloji dövrü əhatə edir: birinci
zal–Böyük Hun imperatorluğu (e.ə. III-eramızın I əsri),
ikinci zal–Göytürk İmperatorluğu (VI-VIIII əsrlər)
və üçüncü zal–Böyük Monqol
imperatorluğu dövrünü (1206-cı ildən 1634-cü
ilədək 37-ci - sonuncu monqol xaqanı Ligden xaqanın vəfatınadək
olan dövr).
Monqollar
böyük həvəslə hakimiyyətlərindən əvvəlki
dövrləri özlərinin və babalarının
mirası kimi qəbul edib, böyük hörmətlə
yanaşırlar. Burada müasir Monqolustan ərazisində
müxtəlif dövrlərdə mövcud olmuş Syanbi,
Nirun, Türk, Uyğur, Kidan xalqlarının dövlətçilik
ənənələrini, mədəniyyətini və tarixini
göstərən əşyalar, müxtəlif dövrlərdə
imperiyanın ərazisini göstərən xəritələr
nümayiş olunur. Qeyd edək ki, Hun türklərinə
aid ilkin məlumata e.ə.1764-cü ilə (yəni 3779 il əvvəl – A.S.) aid Çin mənbələrində
rast gəlinir. E.ə. IV-III əsrlərə aid edilən
Pazırıq kurqanlarından arxeoloji qazıntılar
zamanı tapılmış qədim Hun-Türk
imperatorluğuna aid silahlar, qızıl, gümüş və
digər metallardan hazırlanmış, qədim Ckif incəsənətinin
nümunələri sayılan-"heyvan stili"
adlandırılan bəzək əşyaları muzeyin
stellajlarını bəzəyir. Mete xaqanın dövründə
hunlar dünya tarixində ilk dəfə olaraq erkən
köçəri çöl xalqlarını birləşdirib
böyük dövlət qurublar.
İkinci zal
Göytürk imperatorluğunun tarixini əks etdirir. Burada böyük və əzəmətli tariximizin,
tarixdə ilk olaraq "Türk" kəlməsini
özündə daşıyan bir dövlətin maddi-mədəniyyət
nümunələri nümayiş olunur. Diqqəti
çəkən eksponatlar içərisində mərmərdən
hazırlanmış, ölçüləri 40 sm x 19 sm x 21,5
sm olan Gültəgin xaqanın (685-731) başının
büstü xüsusi yer tutur. Bu nadir eksponat
monqol-çex arxeoloji ekspedisiyasının
"Xaşat-Somon" adlı yerdə, Gültəkinin qəbrində
apardığı arxeoloji qazıntılar zamanı aşkar
olunub. Onun baş hissəsi qırılaraq
iki hissəyə bölünüb. Muzeyin
bu salonunda Bilgə xaqanın yazılı bəngüdaşı
(türk ulularının sözlərini əbədiləşdirən
abidə daşlar) yerləşir. Göytürk
bəngüdaşları 13 ədəddir. Salonda digər yazılı
daşlar, tısbağa heykəlləri, silahlar, hərbi geyim
və s. nümayiş etdirilir.
Üçüncü
və ondan sonrakı zallarda Böyük Monqol
imperiyasının yaranmasından müasir zamanadək olan
dövr xronoloji ardıcıllıqla əks olunur. Muzeyin zalları eksponatlarla çox zəngindir.
Burada monqol döyüşçülərinin
paltarları, silahları, atlarının uyuğu (heykəli),
döyüş səhnələrini əks etdirən şəkillər,
yurtlar, təsərrüfat alətləri və s. vardır.
Həmin gün
axşam Mərkəzi Teatr binasında möhtəşəm
moda nümayişində və Xubilay xanın 800 illik yubileyinə
həsr olunmuş konsertdə iştirak etdik. Konsertdən əvvəl türk-monqol
xalqlarının qədim, milli geyimləri nümayiş
olundu. Konfransın işində iştirak edən,
bütün türk dövlətlərindən gəlmiş
nümayəndələr özlərinin milli geyimlərini
(qadın, kişi və uşaq)
böyük həvəslə nümayiş etdirdilər.
24 sentyabr tarixi
daha maraqlı idi. Yolumuz öncə Bilgə
və Gültəgin xaqanın vəziri olmuş, bilici
Tonyukuqun yazılı daşlarını görmək oldu.
Bu yazılı daşlar Bilgə və Gültəgin
xaqanın abidələrindən təxminən 360 km məsafədə-Ulan-Batordan
47 km aralı, əsas yoldan isə əlavə 11 km
çöllərə doğru uzanan düzənlikdə yerləşir.
Verilən məlumata görə, son 11 km yol
Türkiyə Respublikasının vəsaiti hesabına çəkilib
və abidə onlar tərəfindən mühafizə olunur.
Tonyukuqa aid iki yazılı daş abidə dəmir
barmaqlıqlar arasında qorunur. Bu
daşlardan birinin üzərində Göytürk hərfləri
ilə türk dilində yazılmış 35, digərinin
üzərində isə 27 sətir yazı vardır. Göytürk yazıları Orxon əlifbası ilə
yazılmışdır. 38 hərfdən
ibarətdir. Bu yazılar xaqanların türk millətinə
hesabat verməsi, doğru yol göstərməsi, ibrətamiz
məsləhətlər və s. yanaşı, türk millətini
birliyə, dövləti düşmənlərdən
qorunmağa səsləyən bir
çağırışdır: "Türk milləti
arasında silahlı düşmən qoşdurmadım...
Düşmən çox deyə, qorxmadım...Tanrı
güc verdiyi üçün savaşdıq, qələbə
qazandıq...".
Göytürk
kitabələri haqda ilk dəfə XIII əsrdə
yaşamış Əlaəddin Ata Məlik Cüveyni
"Tarih-i Cihan-güşə" əsərində məlumat
verir. Bu kitabələri ilk dəfə
1889-cu ildə Yadrintsev oxuyub. 1891-ci ildə
türkoloq alim Radlov bu yazılar üzərində
araşdırma aparır və 1893-cü ilin 25 noyabrında bu
yazıları oxumağa nail olur. 15 dekabr
1893-cü ildən etibarən bunları dünyaya yayır.
Buradan sonuncu 11 kilometri geri
dönüb, əsas yolla bir qədər də irəlilədikdən
sonra (şəhərdən cəmi 53-54 km məsafədə),
uzaqdan görünən böyük təpələrdən
birində dairəvi memarlıq üslubunda tikilmiş
binanın üzərində Çingiz xanın at belində nəhəng
heykəlinə çatdıq. Dairəvi
binanın tikilişində 36 nəhəng sütun Çingiz
xandan sonra hakimiyyətdə olmuş 36 monqol xanının idarəçiliyinə
işarədir. Abidənin
hündürlüyü 40 metrdir. Dairəvi
bina üç hündür mərtəbədən ibarətdir.
İçəridə bufet, restoran, mağazalar
və Çingiz xanın qamçısını,
ayaqqabılarını əks etdirən nəhəng
eksponatlar vardır. Liftlə tam
yuxarıya–at heykəlinin üstünə qalxmaq
mümkündür. Binanın zirzəmisi
isə iki böyük salondan ibarət muzeydir. Birinci
salonda Böyük Hun imperatorluğuna aid tunc alətlər,
silahlar, bəzəklər və s., ikinci salonda isə monqol
imperatorluğuna maddi-mədəniyyət qalıqları
nümayiş etdirilir. Abidənin ətrafı isə yan-yana
düzülmüş 8-10 ağ
çadırdan ibarət kiçik otellərdir.
Buradan yolumuz daha
bir maraqlı yerə-"XIII əsr şəhəri"nə
idi. 20 km asfalt yolla və təxminən bir
o qədər də çöllə-torpaq yolla getməli
olduq. Məqsəd XIII əsrdə
monqolların hansı şəraitdə
yaşadıqlarını görmək idi. Xaqanın iqamətgahına çatmaq
üçün yeddi gözətçi məntəqəsindən
keçdik. Bütün məntəqələr
3-5 çadırdan və çox da böyük olmayan həyətyanı
sahədən ibarətdir. Sonunca şəhərcik
və burada olan 5 çadır isə şamanlara aid idi.
Orada şaman ayini (kamlaniya) keçirmək
üçün xüsusi yer də düzəldilmişdi.
Şaman çadırlarının hər biri
Uzaq Şərqin müxtəlif xalqlarının şaman adətlərini
və xüsusiyyətlərini özündə əks etdirir.
Nəhayət, xaqanın "XIII əsr şəhəri"nə
çatdıq. Çox böyük həyətyanı
sahəsi olan, dörd yandan gözətçi məntəqələri
ilə əhatələnmiş şəhərcik 7
çadırdan ibarət idi. Mərkəzdəki
böyük çadır xaqana aid olub. Xanın
taxtı çadırın içərisində, baş tərəfdə
qoyulmuşdu. Bu gəzdiyimiz yerlərin
heç birində elektrik enerjisi yox idi. Axşam
yeməyini orada yedik. Musiqi dinlədik.
Gecə oradan qayıdıb, Çingiz xanın
abidəsi yanında olan çadır otellərdə gecələdik.
25 sentyabr tarixində günortaya yaxın
Ulan-Batora qayıtdıq. Həmin gün sərbəst
gəzmək imkanı əldə etdik. 26
sentyabrda səhər Ulan-Bator-Bişkek-İstanbul-Bakı reysi
ilə Vətənə qayıtdıq. O qədər
gözəl təəssüratlar almışdıq ki, 12-13
saat təyyarədə oturmağımıza baxmayaraq,
yorğunluq nə olduğunu bilmədik.
Oxuduqlarım və
Monqolustanda gördüklərim məni bir qədər
düşünməyə vadar etdi. Bu
düşüncələrimin bir qismini oxucularla
bölüşmək istəyirəm.
Yuxarıda
sadaladıq ki, Böyük Monqol imperiyası yaranmazdan əvvəl
burada Hun türklərinə, Göytürklərə və
müxtəlif türk boylarına məxsus dövlət birləşmələri
olub. Araşdırmaçılar belə qənaətə
gəlirlər ki, imperiya yaranan zaman ərazidə yaşayan
monqollar bölgədə yaşayan əhalinin 8-10 %-indən
artıq olmayıb. XX əsrin 70-ci illərində bir
milyon, bu gün cəmi 3 milyon olan (məlumata görə
mal-qaralarının sayı təxminən 93 milyondur) monqollar
o zaman nə qədər idilər ki, 24 milyon kvadrat kilometr əraziyə
səpələnmişdilər? Təbii ki, döyüş
bacarığı olan monqolların sayı 150 min olsaydı
belə, hər 24 min kvadrat kilometrə 1500 adam
düşürdü (müqayisə üçün, belə
çıxır ki, bugünkü Azərbaycanın ərazisində
cəmi 5250 adam). Bu, hakimiyyəti saxlamağa
kifayət edərdimi? Belə bir sual da meydana
çıxır: bu azsaylı xalq necə olub ki, yüz illərlə
böyük dövlətləri öz caynağında saxlaya
bilib? Bəs bu qədər türk birdən-birə
yoxamı çıxdı? Axı bölgənin qədim
sakinləri olan, böyük sivilizasiyaya, hərb sənətinə
malik, Mu qitəsindən yayılan, Çinin şərqində
nəhəng "Ağ piramidalar" tikən, miladdan öncə
və sonra dövlətlər, imperiyalar quran, yazı mədəniyyəti
olan, "Altun geyimli adam"ı qızıl zirehlə bəzəyən,
daha nələrə malik olan türklər hara itdilər?
Çingizxan adına
Beynəlxalq Akademiyanın (Monqolustan) akademiki Anatoliy Olovinçev
"Türklər yoxsa monqollar? Çingizxan
dövrü" adlı kitabında 11 əsaslı dəlil gətirir
ki, Çingizxan imperiyasının dövlət dili türk
dili olub. O, buraya Göyük xanın dövlət
möhürünü (Vatikandan tapılmış məktub),
Xubilay xanın və xələflərinin məktublarını,
həmçinin Çin kağız pulu "Yuan" üzərində
uyğur hərfləri ilə türk dilində
yazılmış Xubilay xanın möhürünün olmasını və
b. misal gətirir.
Deməli,
tatar-monqol dəstələri dedikdə, göz önünə
türk-monqol döyüşçüləri gəlir.
Döyüşçülərin əsas hissəsini
və çoxluğu türklərin təşkil etmələri
şəksizdir. Sadəcə, siyasi hakimiyyət
monqollara mənsub olub. Hətta Çingiz
xanın anasının türk qızı olduğu da ehtimal
olunur. Müxtəlif mənbələrdə
şimal türkləri "tatar" adlandırılıb. Türkün düşmənlərinin
"tatar" adlandırdığı xalq da məhz türklərdir.
"Türk" kəlməsindən çəkinənlər
bizi "Azərbaycan tatarları" ("Azərbaycan
türkləri" yox), Krım türklərini "Krım
tatarları", Volqaboyu türkləri "Volqa
tatarları" və s. adlandırıblar.
Monqollar Azərbaycanı müxtəlif
fasilələrlə 190 il (1221-1410) əsarətdə
saxlayıblar. Monqol işğalları bu ölkəni
zəbt edən digər yağıların
işğallarından fərqlənməyib. Təbii ki, torpaqlarımıza göz dikən hər
hansı millət olur-olsun, bizim düşmənimiz
sayılır. Elə monqollar da onun kimi.
Ərazi işğal olunub, təsərrüfat
dağıdılıb, insanlar öldürülüb və
s. Lakin insan hər hansı bədbəxtliyin içərisində
müəyyən xoşbəxtlik də axtarır.
Monqollar Azərbaycana gələn zaman burada ərəb və fars dili hakim dil olub. Yerli xalq isə
öz ana dilində-Azərbaycan türkcəsində
danışıb. Türk-monqollar bu dilin onlara yaxın
olduğunu nəzərə alıb, dövlət
yazışmalarını üç dildə-ərəb, fars və türk dillərində aparıblar. Bu da monqol imperiyasının dilinin türk dili
olmasını göstərən başqa bir dəlil Qeyd edim
ki, mən sadəcə, Monqolustanda gördüklərimi
oxucularımla bölüşdüm. Bunlar
əraziyə yayılmış qədim türk tarixinin və
mədəniyyətinin kiçik bir parçasıdır.
Gələcək tədqiqatlarda tariximizin yeni səhifələrinin
araşdırılacağı şübhəsizdir.
Abbas Seyidov,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, tarix elmləri doktoru, professor
Səs.- 2015.- 27 noyabr.- S. 9