Siyasi
partiyalar və insan hüquqları
Bir çox hallarda avtoritar partiya sistemi faşist partiya
sistemi ilə eyniləşdirilir. Əslində isə,
onların arasında müəyyən
oxşarlığın olmasına baxmayaraq, bu sistemlər
bir-birindən ciddi surətdə fərqlənirlər.
Belə ki, avtoritar partiya sistemində həm doktrinada, həm də
siyasi praktikada hakim amil kimi dövlət əsas
götürülür; burada hakim partiya, bir qayda olaraq, rəhbər
dövlət orqanlarının siyasətinin kütləvi
müdafiəsini təşkil edən geniş ictimai hərəkat
formasında mövcud olur; partiya sonradan yaradılır,
dövlət onu öz rəhbərliyinin idarəetmə
bazasını genişləndirmək məqsədi ilə
yaradır, o, hakimiyyətin həyata keçirilməsində
ikinci dərəcəli rol oynayır. Burada partiya elitası
siyasi hakimiyyət elitası deyildir; burada başqa partiyalar da
mövcud ola bilir. Lakin həmin
partiyalar məhdud dairədə fəaliyyət göstərir
və dövlət hakimiyyətini ələ almaq uğrunda
partiyalararası mübarizədə iştirak edə bilmirlər.
"Politologiya" kitabında göstərilir ki,
sosialist partiya sistemi çox vaxt hegemon partiya sistemi
adlandırılır. SSRİ dünyada birinci və ən
qüdrətli sosialist dövləti olsa da, sosialist partiya
sistemi burada təşəkkül tapmadı. Oktyabr çevrilişindən sonrakı ilk aylarda
Sovet Rusiyasında sol eserlərlə partiya bloku fəaliyyət
göstərsə də, bu, uzun sürmədi; bolşeviklər
bütün müxalifətçi partiyaları qadağan
etdilər.
Yalnız İkinci Dünya müharibəsindən sonra
sosialist partiya sistemi formalaşdı. Onun səciyyəvi əlaməti
ondan ibarət idi ki, burada mövcud olan digər partiyalar, bir
qayda olaraq, Kommunist Partiyasının siyasi sistemdəki
aparıcı rolunu qəbul edir, sosializm qurmağı ali məqsəd kimi qarşıya qoyur və
beləliklə də ikinci dərəcəli rol
oynayırdılar. Bu mənada, sosialist partiya
sistemi, əslində real çoxpartiyalılıqdan kənar
olmuş, burjua-demokratik partiya sisteminə xas olan demokratik
prinsiplər burada olmamışdır.
Partiyaların və partiya sistemlərinin fəaliyyəti
ilə bağlı mühüm məsələlərdən
biri siyasi sistemdə onların yerinin qanunvericilik yolu ilə
müəyyən edilməsidir. "Politologiya"
kitabında qeyd edilir ki, partiyaların fəaliyyətinin
hüquqi tənzimetmə (başqa sözlə, partiyaların
hüquqi təsisatlandırılması) müasir siyasi sistemlərdə
onların oynadığı mühüm roldan irəli gəlir.
Təsadüfi deyildir ki, partiyaların mövcud olduqları
uzun illər ərzində onların fəaliyyətini
hüquqi tənzimetmə mexanizmi olmamış, sözün əsl
mənasında, bu proses yalnız İkinci Dünya müharibəsindən
sonra başlanmışdır. Əvvəllər
isə hüquq sistemləri siyasi sistemdə hər bir vətəndaşın
fərdi yolla iştirakını nəzərdə tutan liberal
prinsipə üstünlük verirdilər. Keçən əsrin sonu və əsrimizin əvvəllərində
ilk dəfə ABŞ-da bu prinsipdən geri çəkilmə
müşahidə olunur. Məhz orada ilk dəfə
partiyaların fəaliyyəti çoxsaylı qanunlarla tənzim
olunmuşdur. Sonralar İtaliyada və
Almaniyada. faşist rejimləri
partyaların fəaliyyətin hüquqi yolla tənzim etməyə
başladılar. Onların qəbul etdikləri
qanunlar faşist partiyasından başqa yerdə qalan
bütün partiyaları qadağan etdilər. Həmin qanunlarda dövlət orqanları
funksiyalarının partiya orqanlarına verilməsini nəzərdə
tutan normalar öz əksini tapmışdı.
Hazırda dünyanın əksər ölkələrində
konstitusiyalar ictimai və siyasi həyatda partiyanın yerini
müəyyən edir, siyasi sistemdə onun fəaliyyətinin
şərtlərini aydınlaşdırır, dövlət
hakimiyyəti orqanlarında partiyanın təmsil olunması
qaydasını, seçkilərdə partiyanın iştirak
mexanizmini, partiyaların dövlət tərəfindən
maliyyələşdirilməsini rəsmiləşdirir və
s.
Siyasi proseslərdə partiyaların iştirakı
onların yerinə yetirdikləri funksiyalarında öz əksini
tapır.
Siyasi partiyalar cəmiyyətdə aşağıdakı
funksiyaları yerinə yetirirlər:
- siniflərin, sosial qrupların,
bütövlükdə cəmiyyətin mənafelərinin
üzə çıxarılması, bəyan edilməsi və
əsaslandırılması;
- böyük ictimai qrupların fəallaşdırılması
və birləşdirilməsi;
- ideologiyanın və
siyasi doktrinaların formalaşdırılması;
- siyasi sistemlərin,
onların ümumi prinsiplərinin, komponentlərinin və i.a.
formalaşdırılmasında iştirak etmək;
- dövlət
hakimiyyətinin həyata keçirilməsində iştirak
etmək;
- ictimai rəyin
formalaşdırılması;
- bütövlükdə
cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin
siyasi cəhətdən tərbiyə edilməsi;
- dövlət
aparatı, həmkarlar ittifaqları və i.a.
üçün kadrların hazırlanması və irəli
sürülməsi.
Politoloqların müşahidələrinə görə,
XX əsrinə sonlarında bir çox inkişaf etmiş
ölkələrdə ənənəvi siyasi partiyalardan
müəyyən bir narazılıq özünü göstərməkdədir. Bu, onda ifadə
olunur ki, qeyri- mütəşəkkil siyasət mütəşəkkil
siyasəti (partiya siyasətini) getdikcə daha çox
sıxışdırır (başqa sözlə desək, onu
tamamlayır). Cəmiyyətin sosial
strukturunun mürəkkəbləşməsi, vətəndaşların
təhsil səviyyəsinin yüksəlməsi və ictimai
inkişafın digər mütərəqqi meyilləri nəticəsində
iri partiyalar ictimai həyatda oynadıqları mühüm rolu
tədricən itirməyə başlayırlar. Ayrı-ayrı ölkələrdə müntəzəm
keçirilən seçkilər zamanı bu və ya başqa
partiyanın namizədlərinə səs verənlərin
sayının azalması bunu bir daha sübut edir.
Təsvir olunan vəziyyət bir çox cəhətdən
partiyaların öz daxilində baş verən proseslərlə
də əlaqədardır. Bununla əlaqədar
olaraq, siyasi partiyaların klassik tədqiqatçısı
olan Robert Mixelsin (1876-1936) fikirləri diqqəti cəlb edir.
Almaniyada partiya quruculuğu təcrübəsini
öyrənmək əsasında o, "oliqarxiyanın dəmir
qanunu"nu işləyib hazırlamışdır. Bu
qanuna görə, partiya vəzifəsində olan şəxs
bu zaman texniki inzibati vərdişlər əldə edir, təşkilatın
təcrübəsini mənimsəyir, komitələrin fəaliyyətinə,
onların iş prosesinə bələd olur. Tədricən
o, partiya aparatının bir hissəsi, həyati cəhətdən
mühüm əlaqələr zəncirinin əvəzedilməz
vəsiləsi, qərarların qəbul edilməsi sisteminin
bir komponenti olur. O, hakimiyyət əldə edir. Çətinliklə əldə edilmiş fəaliyyət
qabiliyyəti həmin aparat olmadıqda unudulur, onun hərəkətlərində
ardıcıllıq və varislik itir. Belə
bir insan partiyanın daimi mənsubiyyətinə çevrilir.
Nominal cəhətdən o, hətta yenidən
öz yerinə seçilirsə də, bununla belə
yaxşı müdafiə olunur. Onun nəinki
vəzifədən getmək qorxusu yoxdur, əksinə, o
öz təsirini gücləndirmək məqsədilə
istefaya getməklə hədələyə bilir (hakimiyyətinin
son dövrlərində M.Qorbaçovun və A.Mütəllibovun
hərəkətlərini xatırlayın!). Partiyanın maliyyə vəsaiti üzərində nəzarət,
aşağı rütbəli məmurları təyin etmək
hüququ onun əlinə keçir. Bütün
bunlar çoxsaylı yaltaqlar və vəzifəbazlar tərəfindən
onun müdafiə olunacağına təminat verir. Nəticədə, hətta ilk öncə demokratik
yolla təşkil olunmuş partiyalarda oliqarxiya nəzarəti
hökm sürməyə başlayır. Fəal
azlığın işləyib-hazırladıği siyasət,
getdikcə daha çox nəzərdə tutulduğunun əksinə
olaraq, əksəriyyətin deyil, azlığın mənafeyini
əks etdirir. Bütün bunlara baxmayaraq,
siyasi partiyalar müasir dünyanın siyasi həyatında
mühüm rol oynamaqda davam edirlər. Tədqiqatçıların
əksəriyyəti güman edir ki, uzaq gələcəkdə
də onlar siyasi sistemin ayrılmaz komponenti kimi mövcud
olacaqlar.
Totalitar rejimin dağılması və müstəqil Azərbaycan
dövlətinin yaranması respublikamızda yeni-yeni siyasi
partiyaların təşəkkül tapması və onları
gündəlik siyasi həyatımızın ayrılmaz bir
hissəsinə çevrilməsinə gətirib
çıxarmışdır. Respublika Ədliyyə
Nazirliyində artıq 20-yə yaxın siyasi partiya rəsmi
qeydiyyatdan keçmişdir. Bununla belə,
respublikamızda mövcud olan partiyaların yaranması və
onların fəaliyyəti ilə bağlı bəzi
mülahizələrimizi oxucularla bölüşməyi məqsədəuyğun
hesab edirik.
Hər şeydən əvvəl, dünya təcrübəsi
sübut edir ki, siyasi partiyaların yaranması obyektiv tələbatın
ifadəsi olmalı və onlar siyasi sistemin bir hissəsi kimi
yaranmalıdırlar. Lakin respublikamızın gerçəkliyi
göstərir ki, burada yaranan partiyalar heç də həmişə
obyektiv tələbata cavab vermir, onlar dövlət və xalq
qarşısında öz məsuliyyətini çox vaxt
aydın dərk etmirlər. Buradan da
partiyaların fəaliyyəti dövlət quruluşumuzun möhkəmləndirilməsinə
deyil, bəzi hallarda onun zəiflədilməsinə xidmət
edir. Daha sonra bir qayda olaraq,
respublikamızda siyasi partiyalar demokratik yolla deyil, bu və ya
başqa bir liderin ətrafında yaranır və onlar bu və
ya başqa bir qrupun deyil, ayrı-ayrı liderlərin mənafeyinə
xidmət edirlər.
Partiyalar həm kəmiyyət və həm də keyfiyyətcə
hələ çox zəifdirlər. Buna görə də
onların bir çoxu hakimiyyət uğrunda real mübarizəyə
qoşula bilmir. Nəhayət,
respublikanın Milli Məclisi müvafiq seçki qanununu qəbul
etmədiyindən, burada hansı partiya sisteminin
formalaşacağı, hələlik sual altındadır.
"Siyasi partiyalar haqqında" qəbul olunan
qanun isə partiyaların fəaliyyətirin ümumi müddəalarını
müəyyən edir və onu hüquqi yolla tənzim edir.
Ulu Öndər Heydər Əliyev kimi görkəmli
şəxsiyyətin adı ilə bağlı olan Yeni Azərbaycan
Partiyasının yaranması Azərbaycan cəmiyyətində
böyük siyasi-tarixi hadisə idi. Heydər Əliyevin
siyasi təcrübəsi, şəxsi nüfuzu və müstəqil
demokratik dövlətçilik yönündə gərgin fəaliyyəti
milli istiqlalını yenicə qazanmış
xalqımızın bugünkü və gələcək
taleyi üçün mühüm faktora çevrildi. Eyni zamanda, YAP-m ümumxalq partiyası kimi
yaranması onun sosial bazasının və intellektual
potensialının möhtəşəmliyini ifadə edirdi.
Heydər Əliyevin siyasi xəttinin məzmun-mahiyyəti
YAP-ın Proqramında və onun
çıxışlarında açıq və dolğun
şəkildə ifadə olunurdu. Ruhən demokrat olan
Prezident Heydər Əliyev vaxtilə müxalifətçilikdə
də "milli demokratlara" böyük dərs keçməli
oldu. Prezident Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan
Partiyası o vaxtkı iqtidara müxalif partiya kimi
yaranmamışdı. Bu həqiqət məlumdur.
Partiyanın nə proqramında, nə
qarşıya qoyduğu məsələlərdə hakimiyyətə,
o vaxtkı iqtidara müxalif fikirləri olmamışdır.
Bu partiyanı yaradan adamlar müxalifət olmaq yox,
sadəcə, Azərbaycandakı çoxpartiyalılıq
şəraitində respublikamızın ictimai-siyasi həyatında
partiya tərkibində iştirak etmək istəyirdilər".
Yeni Azərbaycan Partiyasının Proqram sənədlərində
əsas prinsiplərin müəyyənləşməsinə
çox məsuliyyətlə yanaşırdı. YAP təsis olunan zaman
AXC-Müsavat hakimiyyətinə konkret münasibətini müəyyənləşdirərək
həmin dövrdə siyasi hakimiyyətə gəlməyi
heç də əsas məqsədi hesab etmirdi. Partiyanın ən böyük amalı Azərbaycanın
müstəqil dövlətçiliyini qoruyub-saxlamaq, cəmiyyətdə
demokratik prinsiplərin bərqərar olmasını təmin
etməkdən ibarət idi. Əslində,
bu fikir yalnız partiya sənədlərində deyil, kütləvi
tədbirlərdə də dəfələrlə səsləndirilirdi.
Məsələn, partiyanın təsis olunmasından bir qədər
sonra Heydər Əliyev deyirdi: "YAP-a belə böyük
maraq göstəriləcəyini əvvəlcədən təsəvvürümə
gətirmirdim. Görünür, partiyanın
Nizamnamə və Proqramı xalqın ürəyindəndir və
xalq YAP-da öz gələcəyini görür".
YAP-ın
əsas məqsədi Azərbaycanı düşdüyü
ağır vəziyyətdən çıxartmaqdır... Azərbaycanın müstəqil dövlət
olması böyük tarixi hadisədir.
VAHİD
ÖMƏROV
Səs.-
2015.-29. noyabr.- S.- 15