Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları mövzusunda beynəlxəalq konfrans keçiilib

 

Dünən Bakı Slavyan Universitetində "Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları" mövzusunda beynəlxalq konfransın təntənəli açılış mərasimi keçirilib. BSU və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiyasının birgə təşkil etdiyi konfrans "Milli ədəbiyyat və mədəniyyət meyarları" layihəsinin davamı kimi nəzərdə tutulub.

Açılış mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev konfransın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq konfransa İtaliya, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə və Gürcüstandan 30-dan çox alim qatılıb. Azərbaycanın bir sıra ali təhsil müəssisələri və AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları konfransda iştirak edəcəklər. Rektorun sözlərinə görə, bu konfrans Azərbaycanın dünyəvi multikultural ənənələrini və dünya xalqlarının mədəniyyətini bir araya gətirir. Xalqımızın qədim mədəniyyətindən, ölkəmizdə mövcud olan multikultural mühitdən və tolerantlıqdan danışan rektor multikulturalizmin dövlətimizin siyasi prioritlərdən biri olduğundanbu sahədəki uğurlardan söz açıb. Rektor əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu dövlətçilik siyasətinin bu gün Cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirildiyini qeyd edib. Dövlət başçısı İlham Əliyevin "Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir" tezisinin ölkəmizdəki reallıqları dolğun əks etdirdiyini və təhsil müəssisələrində, o cümlədən BSU-da da bu sahədə geniş fəaliyyət göstərildiyini bildirib. Asif Hacıyev bugünkü konfransın da məhz bu fəaliyyətin bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiyasının sədri, professor Rəhilə Qeybullayeva konfransın işi haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, konfrans fasilələrlə bölmə iclaslarında işini davam etdirəcək. Bakı Slavyan Universitetində "Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları" və millilik meyarları mövzusunda birinci bölməsi olacaq. Noyabrın 28-də AMEA-nın Ədəbiyyat İnstitutunda Nizami ("Leyli və Məcnun") və Şota Rustaveli ("Pələng dərisi geyinmiş cəngavər" mövzusunda ikinci bölmə, ADA Universitetində "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlər" mövzusunda konfransın üçüncü bölməsi keçiriləcək. BSU-da keçiriləcək dördüncü bölmədə "Ədəbiyyatın "millilik" meyarında əlifba" mövzusunda dəyirmi masa baş tutacaq, ustad dərsləri keçiriləcək.

Konfransda çıxış edən millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Ukraynanın P.T.Tronko adına Region Araşdırmaları Mərkəzinin direktor müavini Olqa Vovk, İtaliyanın Piemonte Orientale Universitetinin professoru Stefania Sini, Böyük Birtaniyanın Kembric Universitetinin professoru Firuza Melville, Rusiyanın Sankt-Peterburq şəhərinin Mərkəzi Dövlət Arxivinin nümayəndəsi Mixail Şkarovskiy, İranın Xarəzmi Universitetindən Qodratullah Qorbani, Gürcüstanın Şota Rustavelli adına Ədəbiyyat İnstitutunun nümayəndəsi İrina Modebadze, Türkiyə nümayəndəsi Dr. Nazmi Ağıl və başqaları konfransın işinə uğurlar arzulayıblar.

Səs.- 2015.- 29.- noyabr.- S. 4