İnsan hüquq və
azadlıqlarının müdafiəsi və milli
elita
"Elita" anlayışı latınca "elegize" və fransızca "elite" sözlərindən olub "seçmə", "seçilmiş" mənasını verir. İngiltərənin Oksford lüğətində "elita" termini sosial ierarxiya sistemində ən ali sosial qruplara tətbiq edilirdi. "Elita" termini XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbdə, XX əsrin 30-cu illərində isə ABŞ-da ictimai elmlərdə elmi status qazandı. Müxtəlif dövrlərdə elita bəzən tarixin gedişini dəyişməyə qabil, ictimai-mənəvi tərəqqini təkmilləşdirməyi bacaran, keçid dövrlərində siyasi-iqtisadi prosesləri istiqamətləndirə bilən ictimai-siyasi və mənəvi qüvvədir. Vladimir Dal tərtib etdiyi lüğətində "elitanı" cəmiyyətin bir hissəsinin ən yaxşı və seçilmiş nümayəndələri kimi səciyyələndirmişdir.
Elitanın müxtəlif növləri mövcuddur, siyasi (ona bəzən siyasi-ideoloji elita da deyirlər), milli, təsərrüfat-idarəetmə elitası, ziyalı, maliyyə elitası və s. Siyasi elita hər hansı bir ölkədə siyasi hakimiyyəti həyata keçirənlərə deyirlər.
Müasir şərhə görə "elita" "cəmiyyətin ən görkəmli və nüfuzlu nümayəndələri" mənasını verir. Bu anlam elitar nəzəriyyənin əsasını təşkil edir. Bu anlayış hər hansı sosial strukturun zəruri hissəsi kimi idarəetmə funksiyasını həyata keçirən ali və imtiyazlı təbəqəni ifadə edir.
İtalyan tədqiqatçısı Vilfred Pareto cəmiyyəti idarəedici elitaya və idarə olunan kütlələrə bölürdü. Tədqiqatçı-alim elitanın dövriyyəsi nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyəyə görə, elita cəmiyyətin aşağı təbəqəsində əmələ gəlir, mübarizənin gedişində o, yüksəlir, çiçəklənir və yox olur. Tədqiqatçı elitanın dövriyyəsini "tarixin universal qanunu" hesab edir. Onun fikrincə, sosial inkişafın dövriyyəsi gedişində elitaların hökmranlığı da, tipləri də dəyişir. Elitanın fəlsəfi-etik mahiyyəti ondan ibarətdir ki, elitaya aksioloji yanaşılaraq, ona müəyyən dəyər çərçivəsi üzrə üstünlük qazanan fərdlərin məcmusu kimi baxılır. Elita mənəvi keyfiyyətlərinə, iradəsinə və əxlaqına görə seçilən və başqalarından fərqlənən qrupları özündə əks etdirir.
Elitanın dəyişməsi ictimai tələbata cavab verməyənlərin yerini yeni elitanın tutması ilə nəticələnir. Buna görə elitanın dəyişməsi, bir-birini əvəz etməsi tarixi zərurətə çevrilir. Siyasi hakimiyyətdə duran siyasi elitanın ömrü dünyada və ölkədaxili proseslərə operativ reaksiya verməsindən asılıdır.
Tədqiqatçılar elitanın dəyişməsinə, yeniləşməsinə və cəmiyyətdə sağlam mühitin təminatçısı kimi baxırlar. Siyasi, hərbi və maliyyə elitası hər bir ölkədə dövlətin taleyində ictimai-siyasi proseslərdə həlledici mənəvi amilə çevrilmişdi.
Elitanın formalaşmasında mənəvi-əxlaqi dəyərlər mühüm yer tutur. Q.A.Zuqanov "milli elitanın ictimai yükü dedikdə, onun mənəvi nüfuzunu nəzərdə tutur". Milli elitanı məşhur, görkəmli, hörmətli, etibarlı və şöhrətli insanlar təşkil edir".
Qərb, MDB və Azərbaycan tədqiqatçıları tarixi-məntiqi yanaşma əsasında, ümumilikdə, elitizmin və xüsusən, siyasi elitanın təkamülünü tədqiq edərək elita və demokratiyanın qarşılıqlı əlaqədə olduğu, onun təkcə siyasi deyil, elmi (intellektual), iqtisadi, bədii-ədəbi, siyasi, hakim, inzibati, müxalifət elitasına bölündüyü qənaətinə gəlmişlər. Elitanın bu və ya digər tipi ictimai prosesə təsir etməsinə görə ümummilli elita səviyyəsinə yüksələ bilər. Milli-elita ictimai-siyasi proseslərin gedişini dəyişdirməyə qabil olan ictimai şüura güclü təsir edə bilən cəmiyyətin güclü mənəvi qüvvəsidir.
Politoloqların fikrincə, siyasi elitanın mövcudluğu aşağıdakı faktorlarla şərtlənir:
1. Adamların psixoloji və sosial xüsusiyyətləri, onların eyni olmayan qabiliyyətləri, imkanları və siyasətdə iştirak etmək arzusilə;
2. Əmək bölgüsü qanunu ilə, bu isə idarəçilikdə peşəkarlığı, müəyyən ixtisaslaşmanı tələb edir;
3. İdarəçilik əməyinin yüksək sosial əhəmiyyəti və onun müvafiq stimullaşdırılması ilə;
4. İdarəçilik fəaliyyətinin geniş imkanlarından istifadə etməklə sosial imtiyazların əldə edilməsilə (çünki onlar dəyərlərin bölgüsilə bilavasitə əlaqədardır);
5. Siyasi rəhbərlər üzərində hərtərəfli nəzarətin həyata keçirilməsinin praktiki olaraq qeyri-mümkünlüyilə;
6. Başlıca maraqları, adətən, siyasətdən kənarda olan əhalinin geniş kütlələrinin siyasi passivliyilə.
Siyasi elita sosial qrup olub "təbii seçmə" nəticəsində formalaşan cəmiyyətin xüsusi təbəqəsidir. Həmin təbəqəni təşkil edən şəxslər müəyyən qabiliyyətlərə, peşə biliklərinə, vərdiş və bacarığına malik olurlar. Ona görə də siyasi elita dövlət idarəçiliyinin mərkəzi hissəsidir. Onun fəaliyyətindən cəmiyyətin siyasi inkişafının istiqaməti və gedişi, bütövlükdə, siyasi sistemin fəaliyyəti asılı olur.
Siyasi elita aşağıdakı funksiyaları yerinə yetirməlidir:
a) strateji funksiya (siyasi proqramların müəyyənləşdirilməsi, cəmiyyətin, siniflərin, təbəqələrin və s.-nin mənafeyini əks etdirən yeni ideyaların tətbiq edilməsi);
b) təşkilatçılıq funksiyası (işlənilmiş planın həyata keçirilməsi, siyasi qərarların həyatda reallaşdırılması);
c) inteqrativ funksiyası (cəmiyyətin vəhdətinin və sabitliyinin möhkəmlənməsi, onun siyasi və iqtisadi sisteminin dayanıqlığı, münaqişə situasiyalarına yol verilməməsi. Əgər o, baş veribsə, həll edilməsi.
M.Yusifov siyasi elitanın formalaşmasının zəruriliyini göstərərək yazır: "Siyasi-ideoloji elitanı formalaşdırmadan müstəqil dövlətçiliyimiz zəminində yaradılmış milli-mənəvi dəyərlərimizi, azərbaycançılıq ideyalarını, sosial və iqtisadi inkişaf nailiyyətlərimizin ən qabaqcıl keyfiyyətlərini gələcək nəslə çatdırmaq imkanlarına nail ola bilmərik. Siyasi-ideoloji elita müstəqil Azərbaycan Respublikasında yaradılmış siyasi, ideoloji, milli, mənəvi və sosial sahələrdə qazanılmış ənənələrimizin varisliyi kimi formalaşmışdır".
R.Mehdiyev Azərbaycan milli-siyasi elitasının yaranma tarixinin 1990-cı ildə Heydər Əliyevin fəaliyyət göstərdiyi dövrdən başlandığını bildirir: "Elə bu mürəkkəb keçid dövrü də demokratik dəyərlər, sərbəst iqtisadiyyat, azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizə aparmağa qadir olan müasir milli-siyasi elitanın mənəvi və siyasi amalının formalaşmasının başlanğıcı oldu. Elitar təbəqə hər bir xalqın öz ənənələrinə və maraqlarına uyğun şəkildə, onun mənafelərinin qorunması istiqamətində fəaliyyət göstərən qüvvədir. Elitar təbəqə cəmiyyətin alimləridir, mütəfəkkirləridir, yazıçılarıdır, şairləridir, ictimai fikir sahibləridir, qabaqcıl ziyalılarıdır, siyasətçi və ideoloqlarıdır. Cəmiyyətdə bu qüvvələr daim aparıcı olub. Elitar təbəqəsi olmayan cəmiyyətdə sivilizasiya yarana bilməz, inkişaf və irəliləyiş baş verə bilməz. Azərbaycanda tarixən onun güclü elitar qüvvəsi və təbəqəsi olmuşdur".
Elitar təbəqə hər bir xalqın milli-mənəvi dəyərlərinin daşıyıcısı və bu dəyərlərin yaradıcısı və milli maraqların qoruyucusu olan mənəvi qüvvədir. Elitar təbəqəyə siyasətçilər, ideoloqlar, yaradıcı şəxsiyyətlər və ziyalılar daxildir.
"Xalqın milli sərvəti" kimi səciyyələndirilən milli elita Heydər Əliyev siyasi-mənəvi məktəbindən bəhrələnərək formalaşmışdır.
Akademik R.Mehdiyev Azərbaycan elitasının transformasiyasının altı dövrünü göstərir:
1. "Yenidənqurma" dövrü (1985-1988). İctimai-siyasi xarakterli tədrici dəyişikliklər sovet elitasının, nomenklaturasının onun üçün yeni fəaliyyət növlərinə qoşulmasına şərait yaradır.
2. Dəyişikliklər dövrü (1988-1991). Partiya-təsərrüfat nomenklaturası ölkənin inkişafının institusional, iqtisadi və siyasi şəraitinin dəyişməsində fəal iştirak etməyə çalışır. SSRİ-nin dağılması başlayır, bu isə sonda siyasi elitanın köhnə və yeni təbəqələrində çox mühüm dəyişikliyə səbəb olur.
3. Qarşıdurma dövrü (1991-1993). Bazar münasibətlərinə açıq keçid, dövlət hakimiyyəti orqanlarının islahatı və intensiv siyasi natamamlıq şəraitində dövlət idarəetmə sisteminin əsas qolları: prezident administrasiyası, hökumət, parlament, biznes elitası formalaşır. Elita qruplaşmalarının yeni konfiqurasiyası yaranır.
4. Sabitləşmə dövrü
- intensiv transformasiya vaxtı (1993-2003). Bu mərhələnin siyasi prosesini iki əsas
meyil müəyyənləşdirir.
Bunlardan birincisi, sabitliyi möhkəmlətmək istiqamətində
hərəkət, səmərəli
dövlətçilik yaradılması,
regionda iqtisadi dominant kimi ölkənin daxili imkanlarının formalaşması idi.
Digər
meyil intensiv transformasiya dövründə
xüsusi əhəmiyyəti
olan bir sıra məsələlərə
dair ictimai konsolidasiyanı təmin etmək səyləridir.
5. Demokratik konsolidasiya prosesinin başlanması
(2003-2008). Sabitləşmə və qərarların qəbul olunması fazaları başa çatdıqdan sonra siyasi proses yeni
xüsusiyyətlər kəsb
edir, ölkədə
tədricən yeni siyasi məkan formalaşır və ön səhnəyə yeni aktorlar çıxır.
Dövlətin iqtisadi inkişafı
sosium daxilində yeni qarşılıqlı
münasibətlərin bazisini
yaratmağa imkan verir, davranışın yeni stereotip və normalarını doğurur, vətəndaş
cəmiyyətinin təməlini
qoyur.
6. Kadrları cəlbetmə fazası (2008-ci ildən başlayaraq). Qarşıdakı illərdə əsas
vəzifə gənc nəslin nümayəndələri
sırasından yeni siyasi-iqtisadi, elmi və yaradıcı elita formalaşdırmaqdır.
Ölkənin gələcək inkişafı
elitaya münasibətdə
həm peşəkarlıq,
kreativlik baxımından,
həm də siyasi məsuliyyətin artması mövqeyindən
daha yüksək tələblər irəli
sürür. Hesab edirəm ki,
bu gün müasir elitanın keyfiyyətilə bağlı
əsas tələblər
yüksək təhsil
səviyyəsi, peşəkarlıq,
məsuliyyət, qəbul
edilən qərarların
nəticəsini irəlicədən
görmək qabiliyyəti,
proqnozlaşdırma bacarığıdır.
İqtisadi yüksəlişin keyfiyyəti və sürəti, dövlətin
gücü və səmərəliliyi ümumən
elitanın keyfiyyətindən
və kadrların potensialından asılıdır.
Azərbaycan müasir milli
elitasının inkişafında
əsas rol oynayan ölkə Prezidenti İlham Əliyev haqqında R.Mehdiyevin dəyərli fikirləri diqqətəlayiqdir:
"İlham Əliyev
yeni dövrün siyasətçisidir və
tarixin mürəkkəb
dövrü hələ
tezliklə başa çatmayacaq ölkəyə
gələcəkdə rəhbərlik
etmək üçün
bütün lazımi
keyfiyyətlərə malikdir.
İlham
Əliyevin dövlətə,
dövlətin inkişafilə
bağlı baxışları
məlumdur. Onun bütün
başlıca arzu və istəkləri Azərbaycan dövlətini
modernləşdirmək və
ölkəni dünya
miqyaslı mühüm
qərarlar qəbul edən sayseçmə ölkələr birliyinə
daxil etməkdir.
O, fəaliyyətində ardıcıl
və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət odur ki, o, fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir.
Onun üstünlüyü bundadır.
Azərbaycana məhz belə
siyasətçi gərəkdir".
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 8 oktyabr.- S.15.