İnsan hüquq və
azadlıqlarının müdafiəsində demokratiyanın rolu
Demokratiya anlayışı bəşəriyyətin düşüncə tarixinə 2500 ildən artıq bir müddətdir ki, daxil olmuşdur.
Demokratiya (demos - xalq, kratos - hakimiyyət) yunan sözü olub "xalq hakimiyyəti", yaxud "xalq üsul-idarəsi" deməkdir. Min illər boyu bəşəriyyətin ən yaxşı mütəfəkkirləri cəmiyyətin inkişaf tarixini başa düşməyə çalışmış, bundan ötrü fəlsəfi sistemlər yaratmış, ideal cəmiyyət mənzərəsini təsvir etmişlər. Elə bir cəmiyyət ki, orada hər bir kəs həm öz həyatını, həm də həmvətənlərinin güzəranını yaxşılaşdıra bilərdi. Dünya əhalisinin əksəriyyətinin yaşadığı 193 ölkədən 118-i demokratik inkişaf yolu tutmuş ölkədir. Demokratik ölkələr siyasi və vətəndaş azadlıqlarının bərqərar olduğu dövlətlər hesab olunur.
Demokratik dövlətin mahiyyəti vətəndaş cəmiyyətinə xidmət edən hüquqi dövlətin olmasındadır. Demokratik dövlət fərdi, milli, sinfi, mədəni ziddiyyətləri tənzim edir və sosial mənafeləri əlaqələndirmək vasitəsi kimi çıxış edir. Demokratik dövlət münaqişələri konsensus yolu ilə həll edir.
Politoloji ədəbiyyatda demokratiyanın prinsipləri müəyyən edilmişdir. Demokratiyanın əsas prinsiplərindən biri çoxluğun idarə etməsidir. O, xalq suverenliyi doktrinasının əsasını təşkil edir, xalq hakimiyyətin yeganə mənbəyi elan olunur. Demokratiyada çoxluq üç formada olur: milli demokratiya, sosial demokratiya (sinif, zəhmətkeşlər) və liberal demokratiya (şəxsiyyətin hüquqlarının muxtariyyətini elan edir. Xüsusi mülkiyyət, özünütənzimləmənin bazar mexanizmi və mənafelərin müdafiəsi liberal demokratiyanın əsasıdır).
Çoxluğun idarəsi prinsipi bilavasitə və nümayəndəli demokratiya formasında həyata keçirilir. Lakin çoxluğun idarəsi demokratiyanın mühüm prinsipi və şərti olsa da, azlığın hüquqlarının müdafiəsi təmin edilməyən yerdə həqiqi demokratiya ola bilməz. Demokratik sistemlər vətəndaşlara geniş siyasi və sosial-iqtisadi hüquqlar nəzərdə tutur və onlara təminat verirlər.
Demokratiyanın ən mühüm prinsiplərindən biri hakimiyyət funksiyalarının bölünməsidir. Buna əsasən, demokratik sistemlərdə qanunverici, icraedici və məhkəmə hakimiyyəti bir-birindən ayrılır və müstəqil fəaliyyət göstərir. Eyni zamanda, dövlət hakimiyyətinin başlıca qərarlarının, dövlət siyasətinin hazırlanmasında onlar birgə, əlbir fəaliyyət göstərirlər. Yuxarıda qeyd etdik ki, demokratiyanın mühüm prinsiplərindən biri aşkarlıqdır. Onun təmin edilməsində "hakimiyyətin dördüncü qolu" hesab olunan kütləvi informasiya vasitələri mühüm rol oynayırlar.
Demokratik idarə üsulu üçün çoxpartiyalılıq səciyyəvidir. Demokratik dövlət öz partiyalarını yaratmaq üçün bütün siyasi qüvvələrə şərait yaratmalıdır. Demokratiyanın mühüm prinsipi hakimiyyətin həddindən artıq mərkəzləşməsinin qarşısını almaq məqsədilə onun yerli özünüidarə orqanları arasında "paylaşdırılmasıdır". Demokratiya vətəndaşların yüksək siyasi fəallığını nəzərdə tutur. Lakin bu fəallıq mövcud dövlət quruluşunun dağıdılmasına deyil, onun möhkəmləndirilməsinə xidmət etməlidir.
Demokratiya güclü dövlət hakimiyyətinin olmasını tələb edir. Hakimiyyət ölkədə sabitliyi təmin etmək üçün xalqın gücünə möhtacdır. Bu, o deməkdir ki, xalq kütlələri demokratik idealları və sərvətləri qəbul etməli və onların tələblərinə əməl etməlidirlər. Bu mənada, demokratiya mübarizədir, fasiləsiz mübarizə, ancaq bu, qanun çərçivəsində gedən mübarizədir.
Demokratik sistem fikir və mövqe plüralizminə əsaslanır. Plüralizm cəmiyyətdə tolerantlığın (yad həyat tərzinə, davranışa, adətlərə, fikirlərə və s. dözüm deməkdir) olmasını nəzərdə tutur. XX əsrin ortalarına yaxın demokratiyaya üç əsas yanaşma işlənib hazırlanmışdır:
1. Hakimiyyət mənbəyi baxımından (demokratiya xalq hakimiyyətidir);
2. Hakimiyyətin məqsədləri baxımından (demokratiya insanlar naminə fəaliyyət göstərən hakimiyyətdir);
3. Nəhayət, hökumətin təşkili proseduru baxımından.
Demokratiya azadlığı müdafiə edən və prinsiplərin kompleks halında götürülməsi deməkdir. Demokratiya azadlığa qanuni status verilməsidir və deməli, demokratik prinsiplər aşağıdakı yerlərdə istifadə oluna bilər:
1. Dövlət münasibətləri sistemində;
2. İnsanların müxtəlif təşkilatlarının yaradılması və fəaliyyətində (ailə və məktəbdən tutmuş hər növ cərəyan və siyasi partiyalaradək);
3. Demokratiya insan hüquqi şəklində siyasi və sosial sərvət kimi mövcud ola bilər.
Demokratiya
mürəkkəb proses
olub tam mənada gerçəkləşən fenomen
deyildir. V.Qavel dediyi kimi: "Demokratiya, sözün tam mənasında, həmişə
idealdan başqa bir şey olmayacaqdır.
Kimsə ona lap yaxınlaşa bilər, kimin üçünsə
o, həmişə üfüqdə
işıldayacaq, ona doğru aparan yollar yaxşı, yaxud pis olacaqdır,
lakin ona tamamilə nail olmaq heç vaxt mümkün olmayacaqdır...".
Demokratiya yolunu tutmuş postsovet ölkələri
kimi Azərbaycan Respublikasında da demokratiya özünəməxsus
spesifik xüsusiyyətlərilə
fərqlənir və
uzunmüddətli prosesdir. Ulu Öndər Heydər Əliyev düzgün olaraq deyirdi: "Bəziləri belə hesab edirlər ki, Azərbaycanda demokratiya Böyük Britaniyada, Fransada, yaxud ABŞ-dakı kimi olsun. Biz
bu səviyyəyə
çatmağa çalışırıq.
Demokratiyanı bir-iki gündə
əldə etmək mümkün deyil. Demokratiya insanların şüurunda
dəyişiklik deməkdir.
Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir".
Politoloqların fikrincə, Azərbaycan
Respublikasının Konstitusiyasında
əksini tapmış
demokratiyanı siyasi praktikada həyata keçirmək lazımdır:
hüquqi dövlətin
prinsiplərini, onun demokratik əsaslarını
həyata keçirmək,
insan hüquqları və azadlıqlarını
ali dəyərlər
kimi qorumaq və ona əməl
etmək; hakimiyyətin
qanunverici, icraedici və məhkəmə hakimiyyətini, habelə, digər konstitusion hüquqları həyata keçirmək. Çünki
məhz onlar sayəsində cəmiyyət
azad ola
və demokratiyanın
üstünlüklərini hiss edə bilər.
Demokratiyaya keçid məqsəd deyil, sivilizasiyalı müasir sistemin - insanın normal həyatı
üçün bütün
zəruri şəraiti
yaradan və özü inkişaf edən, stabil sistemin yaradılması üçün yoldur. Ölkə
üçün demokratiya
problemi elə siyasi sistemin formalaşmasıdır ki,
o, xalqın iştirakilə
cəmiyyətin idarə
edilməsini təmin etmiş olsun, insanların hüquq və azadlıqlarına riayət edilməsinə və qorunmasına təminat versin. Demokratiya problemi - cəmiyyətin iqtisadi və siyasi reallıqlara əsaslanan dövlət və sosial quruluşunun formaları problemidir.
Azərbaycan demokratiyası plüralist, daha dəqiq desək, kompleksliliyi (nümayəndəliliyi və birbaşa olması) baxımından inteqrativdir. Demokratiyanın nümayəndəli xarakteri ümumsivilizasiyalı başlanğıcdır. Müasir Qərb demokratiyası əsas etibarilə nümayəndəlidir. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir ki, Azərbaycan vətəndaşları dövlət işlərinin idarə olunmasında birbaşa və öz nümayəndələri vasitəsilə iştirak etmək hüququna malikdir. Nümayəndəli demokratiya parlamentarizmin və prezident üsul-idarəsinin inkişafilə reallaşdırılır. Bu reallaşma, hər şeydən əvvəl, yerli özünüidarəetmə vasitəsilə baş verir. Yerli özünüidarəetmə özündə nümayəndəli demokratiya orqanlarını (vəzifəli şəxslərin seçilməsi) və vətəndaşların ictimai funksiyaların yerinə yetirilməsində (yığıncaqlar, yerli hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət edən komissiyalarda iştirak) bilavasitə iştirakını birləşdirir. Burada əmək kollektivlərinin, müxtəlif ictimai təşkilatların hakimiyyət fəaliyyəti üçün geniş meydan açılır. Birbaşa demokratiyanın effektivliyi onun bütün hakimiyyət və idarəetmə səviyyələrinə yayılması ilə ölçülür.
Bəzi politoloqlar demokratiyanın reallaşması üçün aşağıdakı yolları göstərirlər:
- demokratik təsisatlar səmərəli fəaliyyət göstərməlidir;
- vətəndaş cəmiyyəti formalaşmalıdır;
- başlıca siyasi qüvvələr əsas dəyərlər üzrə razılığa gəlməlidir;
- siyasi qruplaşmalar arasındakı münaqişələr qanunla tənzimlənməlidir.
Akademik R.Mehdiyev demokratik idarəçilik üçün yeni dövrün idarəetmə qrupunun aşağıdakı formalaşma yollarını tövsiyə edir:
- milli mənlik şüurunu qorumağa və Azərbaycan cəmiyyətinin milli ideyasını formalaşdırmağa imkan verən baxışların saxlanması və çoxaldılması;
- siyasi liderliyin
institusionallaşması və
peşəkarlaşması, rasional elitar bürokratiyanın formalaşması;
- vətəndaş cəmiyyətinin qorunub-saxlanması
və inkişaf etdirilməsi, dövlət
idarəçiliyi sisteminin
maksimum demokratikləşməsi
və şəffaflığı;
- qanunun tələblərinin
həm hakimiyyət orqanlarının özləri
və onların ayrı-ayrı nümayəndələri
tərəfindən yerinə
yetirilməsi, həm də vətəndaşlar
tərəfindən qanuna
tam əməl olunması;
- "nəyin bahasına olursa-olsun" ideyasından
imtina edilməsi, demokratiyaya zidd norma və
prinsiplərin qəbul
edilmədiyi sivil cəmiyyət üçün
təbii mühitin yaradılması;
- plüralizmin, ümumən demokratiyanın,
yerli özünüidarənin
və vətəndaş
cəmiyyəti tərəfindən
hakimiyyətə nəzarətin
başqa formalarının
inkişaf etdirilməsi.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 10 oktyabr.- S.15.