Korrupsiyaya qarşı mübarizə insan hüquq və
azadlıqlarının müdafiəsinin əsas istiqamətlərindən
biridir
Korrupsiya insan və vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir, xalqın dövlətə etimadını azaldır. Hüquqi dövlət quruculuğuna ciddi əngəllər törədir. Korrupsiya - dövlət funksiyasını yerinə yetirən dövlət vəzifəsi tutan məmurların öz səlahiyyət mövqeyindən istifadə edərək qanunda nəzərdə tutulmamış maddi nemətləri qəbul etməsi, vəzifə xəyanəti etməsi, həmçinin, ayrı-ayrı şəxslər tərəfindən yüksək vəzifəli şəxslərin ələ alınmasıdır.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar - "Korrupsiyaya şərait yaradan, eləcə də, qanuna zidd olaraq nemətlər və üstünlüklərin verilməsi və əldə edilməsi yolilə həyata keçirilən və intizam, mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə səbəb olan hərəkət və ya hərəkətsizlikdir".
Korrupsiya bütün bəşəriyyət üçün bəla hesab olunur və ona görə də bütün dünya ölkələri korrupsiyaya qarşı amansız mübarizə aparırlar.
Ulu Öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində korrupsiyaya və rüşvətə qarşı ardıcıl mübarizə aparan böyük şəxsiyyət, dahi dövlət xadimi olmuşdur.
Hakimiyyətə birinci gəlişi zamanı sovet dövründə Ulu Öndərin rüşvətin bütün təzahür formalarına qarşı mübarizəsi tarixin qızıl fonduna daxil olmuşdur. Ölkənin müstəqilliyinin bərpasının ilk illərində Heydər Əliyev hüquqi dövlət quruculuğunun ən mühüm istiqamətlərindən biri kimi korrupsiyaya qarşı mübarizə apardı.
Azərbaycan Prezidenti bu problemin aradan qaldırılması məqsədilə 2000-ci ildə "Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında" Fərman vermiş, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qüvvəyə minmişdir. Bu qanunun əsas məqsədi korrupsiya yolilə hüquq pozuntularından yaranan nəticələrin müəyyənləşdirilməsi, qarşısının alınması, araşdırılması və aradan qaldırılması idi. Bu qanun rəsmilərə əlavə ödənişli vəzifələri tutmağı qadağan edir. Rəsmilər bu qanuna görə özlərinin illik gəlirləri, bank hesabları, hər növ mülkiyyəti haqqında məlumat verməlidirlər. O zaman Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə Dövlət İdarəetmə Xidməti üzrə Şura başçılıq edirdi.
Vaxtında verilən qanun nəticəsində dövlət funksiyalarını yerinə yetirən vəzifələri şəxslərin fəaliyyəti üzərində dövlət və ictimai nəzarət gücləndirildi, vətəndaşların hüquqları və qanuni mənafeləri qorundu, hamının qanun və məhkəmə qarşısında bərabərliyi təmin edildi, sahibkarlıq fəaliyyətinin tənzimlənməsində demokratik şərait yaradıldı, istintaq orqanlarının qeyri-qanuni yoxlamaları ləğv edildi, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi, təqsirli şəxslərin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, nəticələrinin aradan qaldırılması üçün əməliyyat-axtarış və istintaq fəaliyyəti həyata keçirildi.
Qanunda müəyyənləşdirildi ki, "Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə seçki və təyinat yolu ilə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının bütün zümrələrində vəzifə tutan şəxslər məsuliyyət daşıyırlar. Bundan başqa, bununla əlaqədar məsuliyyət daşıyan bütün dövlət və qeyri-dövlət strukturlarında çalışan şəxslər korrupsiya ilə mübarizə aparan orqanlar konkret olaraq müəyyənləşdirildi, korrupsiyanın qarşısının alınmasının yolları göstərildi və bütün sahələrdə maliyyə-nəzarət tədbirləri görüldü.
Qanunda korrupsiya şəraiti yaradan hüquqpozmalar və onlara görə məsuliyyətin dərəcəsi müəyyən edildi. Nəhayət, korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması üçün konkret tədbirlər də dəqiqləşdirildi.
Ulu Öndərin layiqli varisi ölkə Prezidenti İlham Əliyev korrupsiyaya qarşı mübarizəni daha da gücləndirdi.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması istiqamətində mühüm islahatlar həyata keçirilmiş, zəruri tədbirlər görülmüşdür.
Dövlət başçısının "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 3 mart tarixli Sərəncamilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya Cinayətləri üzrə İxtisaslaşmış Dövlət Antikorrupsiya Orqanının - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə, bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır.
"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 iyun 2009-cu il tarixdə imzalanmış Fərmanda dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və Sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində istifadə, tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın təmin edilməsi, qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, qeyd olunan sahələrdə hüquqpozmalar barədə müraciətlərdə göstərilən halların obyektiv yoxlanılmasının təmin edilməsilə əlaqədar konkret tədbirlər nəzərdə tutulmaqla mərkəzi dövlət və icra strukturlarilə yanaşı, prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Həmin Fərmanın icrası qaydasında həyata keçirilmiş tədbirlər nəticəsində 2010-cu ildə prokurorluq orqanlarına daxil olmuş müraciətlər üzrə kifayət qədər əsasların müəyyən edildiyi 23 halda aparılmış araşdırmanın nəticəsi olaraq 21 cinayət işi başlanılmış, görülmüş işlər barədə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına məlumat verilmişdir.
2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin cari ilin yanvar ayının 14-də keçirilmiş iclasında dövlət başçısı tərəfindən verilmiş göstərişlərə müvafiq olaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulması, habelə, rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılmasının tələb edilməsilə ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni, daha yüksək mərhələsi başlanmışdır.
Son dövrdə korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması məqsədilə müvafiq qanunverecilikdə bir sıra dəyişikliklər edilməklə bu sahədə görülən işin səmərəliliyi yüksəlmiş, xüsusilə, profilaktiki fəaliyyətin, preventiv təsirin gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilməyə başlanmış və hazırda uğurla davam etdirilir.
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 18 mart 2011-ci il tarixli qanunlara əsasən korrupsiya ilə bağlı cinayətlər üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir.
Dövlət başçısının həmin qanunların tətbiqilə əlaqədar imzaladığı fərmanlara, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" və "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" 8 aprel tarixli fərmanlarına uyğun olaraq müvafiq qanunvericilik aktlarının layihələri hazırlanmaqla yanaşı, Baş Prokurorluq üzrə "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında" əmrlə yeni struktur dəyişiklikləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun verdiyi məlumata görə, 2010-cu il və 2011-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 335 şəxs barəsində 132 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində idarə tərəfindən korrupsiya hüquqpozmalarilə əlaqədar 133 cinayət işi başlanılmış və 147 şəxs barəsində 88 cinayət işi tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bu cinayətlər əsasən rüşvətalma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olmuşdur.
Korrupsiya ilə mübarizədə ictimaiyyətin köməyindən istifadə edilməsi, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqana - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz məlumat vermək imkanlarının yaradılması, bu müraciətlərə təxirəsalınmadan baxılmasının və dərhal müvafiq tədbirlər görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 2 mart 2011-ci il tarixli əmrilə idarənin nəzdində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi təşkil edilərək 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlamışdır.
Əlaqə mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində daxil olmuş 3 minə yaxın müraciətin təhlili göstərmişdir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının siyasi iradəsinə uyğun olaraq həyata keçirilən qətiyyətli və sistemli tədbirlər müsbət nəticə verməklə əhali tərəfindən rəğbətlə qarşılanır.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı aparılmış araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının nəqliyyat, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdimatlar verilməklə müvafiq şəxslərin cəzalandırılması və qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Beləliklə, Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizənin yeni mərhələsində olub ictimai həyatın bütün sahələrində dövlət, maliyyə, ictimai nəzarəti uğurla həyata keçirir, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna maneə olan mənfi amilləri qətiyyətlə aradan qaldıraraq, inamla irəliləyir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 14 oktyabr.- S15