İnsan hüquqları və qanunun aliliyi prinsipi

 

 

Hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinin kökü qədim dövrlərə gedib çıxır. Hələ eramızdan əvvəl Babil hökmdarı Xammurapi qanunlarının mahiyyətini "bərabərlərin bərabərlik uğrunda bərabər mübarizəsi" təşkil edirdi.  Qədim Yunanıstanda yeddi müdrikdən biri Solon da demokratik mahiyyətli qanunlarilə yadda qalıb. Solon deyirdi: "Qanunların ədalətliliyini and kimi qoru". Antik Romanın ən məşhur siyasi xadimlərindən və filosoflarından biri "Dövlət haqqında", "Qanun haqqında" əsərlərinin müəllifi Roma Respublikasının senatoru olmuş "Romanın atası" adını almış Siseron Mark Tuli qədim "hüquqi dövlətdə" qanunun aliliyi prinsipini irəli sürmüşdür: "Hər şey qanunun hakimiyyəti altında olmalıdır".

Qədim yunanlarda dövlət qanununun aliliyini təmin edən siyasi təsisat hesab edilirdi. Qədim yunan filosofu Heraklit deyirdi ki, xalq öz doğma divarları uğrunda döyüşdüyü kimi, qanun uğrunda da döyüşməlidir. Pifaqor öyrədirdi: "Qoy sənin səcdəgahın qayda-qanun olsun!" "Qayda-qanun hər şeyin məğzidir". Platon israr edirdi ki, dövlət ədalətli qanunlar olan yerdə mövcud ola bilər. Aristotelə görə, "kim qanunun şahlığını tələb edirsə, o, şübhəsiz ki, Allahın və ağlın hökmdarlığını istəyir".

XVII-XVIII əsr Avropa liberal-demokratik fikrin nümayəndələri olan filosoflar qanunun aliliyi prinsipini yeni dövrə uyğun şəkildə şərh etdilər. C.Lokk hüquqi dövlətin əsas əlaməti olan qanunla azadlığı eyniləşdirirdi: "Qanun olmayan yerdə, azadlıq ola bilməz".

Avropada hüquqi dövlətin banisi hesab olunan Ş.Mönteskyö bu fikri inkişaf etdirərək, göstərirdi ki, azadlıq qanunlarla icazə verilən hər bir şeyi etmək hüququndan ibarətdir. XVIII əsr Fransasında ziddiyyətli siyasi xadimlərdən hesab olunan M.Robespyer qanunların gücünün ədalətli olmasından asılı olduğunu diqqətə çatdırırdı: "Qanunların gücü onların təlqin etdiyi məhəbbət və hörmətdən asılıdır. Bu məhəbbət və hörmət isə daxili hissiyyatdan asılıdır: onlar nə dərəcədə ədalətli və ağıllıdır".

Qanunun aliliyi prinsipi hüquqi dövlətin əsas əlaməti kimi öz əksini XVIII əsr "İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"də və bu sənədin varisi olan "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ndə (1948) öz əksini tapmışdır.

"İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"nin 5, 6, 7 və 8-ci maddələrində qanunun aliliyi göstərilmişdir:

"Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.

Qanun ümumi iradənin ifadəsidir. Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır, o, qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı fərqdən asılı olmayaraq, bütün ictimai mənsəbləri, yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.

Heç kəs qanunda nəzərdə tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz. Özbaşınalıqla sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs cəza almalıdır; qanunun hökmilə çağırılmış, yaxud saxlanılmış hər bir vətəndaş ona sözsüz tabe olmalıdır; o, müqavimət göstərdiyi halda məsuliyyət daşıyır.

Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz".

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 7-ci maddəsində qanunun aliliyi prinsipi təsbit edilmişdir:

"Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır".

Qarşısına hüquqi dövlət quruculuğunu məqsəd qoymuş Azərbaycan Respublikası bu sahədə qanunun aliliyi prinsipini ən zəruri amil hesab etdi.

Azərbaycan Milli Məclisinin sədr müavini Z.Əsgərov düzgün olaraq hüquqi dövlətin bu prinsipinin xüsusi əhəmiyyətini göstərir.

Hüquqi dövlət quruculuğu prosesində qanunçuluq prinsipi xüsusi əhəmiyyəti ilə seçilir. "...Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanunun pozulmasına yol verilməməlidir". Bu sözlərlə qanunçuluq prinsipinin əsas mahiyyəti kifayət qədər açıqlanmışdır. Qanunçuluq hər kəs tərəfindən normativ -hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir.

Qanunçuluq, əsasən aşağıdakı məsələləri özündə ehtiva edir:

1) qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi;

2) qanunların icra edilməsi və onlara əməl olunması;

3) qanunların icrasına nəzarətin həyata keçirilməsi.

Bir çox hüquq ədəbiyyatlarında qanunların qəbul edilməsi qanunçuluq prinsipilə əhatə olunmur və o, bu prinsipdən ayrı izah edilir. Azərbaycanın dövlət müstəqilliyinin son on ilində hüquqi dövlət quruculuğu prosesindən doğan təcrübə onu göstərir ki, qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi qanunçuluğun əsas tərkib hissəsi olub onunla üzvi surətdə bağlıdır. Müstəqillik əldə edildikdən sonra milli maraqların qorunması dövlətin başlıca vəzifələrindən biri olmuşdur. Bu sahədə qanunçuluğun təmin edilməsi Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının, daha sonra isə "Milli Təhlükəsizlik haqqında" Azərbaycan Respublikası qanunlarının qəbul edilməsinə gətirib çıxarmışdır. Bu qanunlar qəbul edilmədiyi vaxtda belə ayrı-ayrı normativ-hüquqi aktlarda öz əksini tapmış milli maraqlar qanunçuluğun təsiri altında idi. Lakin qanunçuluğun təsir qüvvəsi xüsusi xarakter daşıyan müvafiq normativ-hüquqi aktların qəbul edilməsini şərtləndirirdi.

Beləliklə, qanunçuluq normativ-hüquqi tənzimlənməsinə ehtiyac duyulan ictimai münasibətlərin aşkar edilməsi və hüquqi görkəmə salınması prosesini də ehtiva edən siyasi-hüquqi prosesdir.

Qanunların icrası üzərində nəzarət-dövlət hakimiyyəti orqanlarının təkcə qanunların icrasına deyil, həm də bu icra üzərində nəzarətə əsaslanan fəaliyyətində tapır. Qanunçuluğun məzmununa dövlət orqanlarının yalnız vəzifələrə əməl etməsi və onların icrası deyil, həm də qanunların yerinə yetirilməsi üzərində nəzarət daxildir.  Hüquqi dövlət quruculuğunda qanunun aliliyi prinsipinin gerçəkləşməsi uğrunda Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.  Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin 2-ci maddəsində Heydər Əliyev partiya qarşısında aşağıdakı vəzifələri yerinə yetirməyi vacib sayırdı:

- Müstəqil, demokratik, hüquqi, dünyəvi və sosial yönümlü dövlətin qurulması naminə birgə səy göstərmək istəyən Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirmək və partiya işinə cəlb etmək;

- Peşəkar  idarəetmə və demokratik prinsiplər əsasında dövlət quruculuğunu inkişaf etdirmək, siyasi, hüquqi, iqtisadi və sosial islahatları dərinləşdirmək üçün əsaslı təkliflər, proqramlar və platformalar hazırlamaq;

- Qanunçuluğa hamılıqla hörmət edilməsi, qanunların icrasının dönmədən təmin edilməsi, ictimai həyatın bütün sahələrinin demokratikləşdirilməsi məqsədilə geniş siyasi fəaliyyət göstərmək.

Heydər Əliyev hüquqi dövlət quruculuğu zamanı tarixi və milli ənənələrə söykənməklə yanaşı, dünya təcrübəsindən demokratik prinsiplərdən bəhrələnməyi də əsas şərt sayırdı. Heydər Əliyev hüquqi dövlətin aşağıdakı əsas prinsiplərinin gerçkləşməsini təmin etdi: 1. Qanunun aliliyi prinsipi. 2. Vətəndaşların hüquq və azadlıqlarının reallığı prinsipi. 3. Dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi prinsipi. 4. Hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi. 5. Qanunların yerinə yetirilməsinə məhkəmə, prokuror nəzarəti, arbitraj nəzarəti həyata keçirilməsi və s.  Demokratik-hüquqi dövlətin gerçəkləşməsi hamar, sadə proses deyil, olduqca mürəkkəb, ziddiyyətli prosesdir. Ümummilli Lider Heydər Əliyev ona görə yaradıcı dövlət başçısı hesab edilir ki, "O, hətta ən mükəmməl demokratiya modellərinin belə qondarma transplantasiyasını inkar edərək, Azərbaycanın milli mentalitetinə və dövlətçilik ənənələrinə söykənən canlı demokratik rejim qurmaq yolu seçmişdir".

Heydər Əliyev hüquqi dövləti demokratiya ilə vəhdətdə götürürdü. Onun dövlətçilik konsepsiyasına görə demokratiyaya əsaslanmayan hüquqi dövlət dünyaya inteqrasiya oluna bilməz. Ümumdünya inkişafından geri qalar, təcrid oluna bilər. Ulu Öndər demokratiyanın aşağıdakı prinsiplər üzərində qurula biləcəyini xüsusi əzmlə önə çəkirdi: 1. Demokratiya qanunun aliliyinə əsaslanmalıdır. 2. Demokratiyanı dərk olunmuş zərurət kimi qəbul etmək lazımdır. 3. Demokratiya xalq hakimiyyəti təsisatlarının yaradılmasını və onlara hörmətlə yanaşılması əsasında gerçəkləşə bilər. 4. Demokratiyaya mürəkkəb ziddiyyətli proses kimi baxılmalıdır. 5. Demokratiya xalqın mənafeyi naminə həyata keçirilməlidir.  Ulu Öndər Heydər Əliyevin layiqli varisi, ölkə Prezidenti İlham Əliyev qanunun aliliyinin həyata keçirilməsi sahəsində mühüm işlər görür. Müsahibələrinin birində İlham Əliyev demişdir: "Azərbaycanda qanunun aliliyi başlıca şərtdir. Biz hüquqi dövlət qururuq və qanun hamı üçün qanun olmalıdır. İstər o, adi vətəndaş olsun, nazir olsun, yaxud da siyasətçi olsun. Ona görə bütün bu məsələlərə həmin prizmadan yanaşmaq lazımdır. Gələcəkdə də əgər kimsə Azərbaycanda qanunazidd hərəkətlər edərsə, şübhəsiz ki, bunun da qarşısı alınacaqdır. Qanun hamı üçün eyni olmalıdır".

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 15 oktyabr.- S.15.