İnsan hüquqları üzrə müvəkkil
(Ombudsman) institutu
İlk
dəfə XIX əsrdə, 1809-cu ildə İsveçdə
yaranan vətəndaşların qanuni maraq və
hüquqlarının müdafiəsi institutu Ombudsman İngiltərədə
parlament komissarı, Avstriyada xalq müdafiəçisi,
Fransada mediator adlansa da, eyni funksiyanı yerinə yetirirlər.
XX əsrin 50-ci illərində Ombudsman institutu yalnız iki
ölkədə - İsveçdə və Finlandiyada
mövcud idi. İkinci Dünya müharibəsindən sonra bu
institutut bütün Avropa ölkələrinə və
dünyanın digər regionlarına yayıldı. Ombudsman
institutu demokratik xarakterilə diqqəti cəlb etdi. Bu institut
dövlət orqanları sistemində müstəqil vəziyyətdə
idi, parlamentin bütün müddəti ərzində dəyişməz
idi, qanunvericilik təşəbbüs hüququna malik idi,
hüquq və azadlıqlarının müdafiə etməyə
ehtiyacı olan bütün vətəndaşlar
üçün açıq idi, vətəndaşlara pulsuz
hüquqi yardım göstərirdi. Avstraliyalı hüquq
doktoru V.Pikim Ombudsman haqqında deyir: "Onun yaradılması
və fəaliyyəti dövlət və vətəndaşlar,
idarə olunan və idarə edənlər arasındakı
münasibətlərdə yeni yol açdı".
Avropada
üç Ombudsman institutudu - İsveç, ingilis və
fransız modelləri geniş yayılmışdır.
Ombudsmanın
bir çox ölkələrdə geniş yayılmış
fəaliyyət formasından bütün qanunvericilik təşəbbüsü
ilə çıxış etməsidir ki, bu, ona insan
hüquq və azadlıqları sahəsində
normativ-hüquqi aktların qəbul edilməsi zamanı
hökumətə və ya parlamentə qanunların dəyişdirilməsi
və təkmilləşdirilməsi üçün təkliflər
verməyə imkan yaradır. Bəzi Avropa ölkələrində
- İspaniya, Avstriya və Portuqaliyada ombudsman Konstitusiya Məhkəməsinə
şikayət vermək hüququna malikdir. Bundan başqa bəzi
ölkələrdə ombudsman ixtisaslaşdırılaraq
müxtəlif sahələri əhatə edir. Finlandiyada
qadın və kişilərin bərabərhüquqlu məcəlləsinə
dair, Macarıstanda milli və etnik azlıqların işlərinə
dair, Almaniya və Danimarkada müdafiə işlərinə
dair, orduda vəziyyətə dair Ombudsmanlar da mövcuddur.
Beləliklə,
hüquqi dövlətdə Ombudsman institutunun əsas demokratik
xüsusiyyətləri onun müstəqilliyi, bütün vətəndaşlar
üçün açıqlığı bir çox
demokratik ölkələrin hüquq müdafiəsi sistemində
möhkəm yer tutmasına səbəb olmuşdur.
Müvəkkilin
fəaliyyətinin əsas istiqamətləri
aşağıdakılardır:
Müvəkkilin
fəaliyyətinin əsas istiqamətləri ilə
bağlı məsələlər Azərbaycan
Respublikasının Konstitusiyası və "Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
müvəkkili (Ombudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununu ilə tənzim edilir.
Adıçəkilən Konstitusiya Qanunun 1.1-ci maddəsində
göstərilir ki, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
təsbit olunmuş və Azərbaycan Respublikasının
dövlət və yerli özünüidarə orqanları, vəzifəli
şəxsləri tərəfindən pozulan insan
hüquqları və azadlıqlarının bərpa edilməsi
üçün təsis edilir.
Müvəkkilin
fəaliyyətinin əsas istiqamətlərinə, həmçinin,
aşağıdakılar aiddir:
-
Əfv, vətəndaşlıq, siyasi sığınacaq
verilməsi məsələlərinin həlli ilə
bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər
verir;
- Azərbaycan
Respublikasının Milli Məclisinə insan hüquq və
azadlıqlarının təmin edilməsi məqsədilə
qanunların qəbul edilməsinə və ya yenidən
baxılmasına dair təkliflər verir;
- Azərbaycan
Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi
barədə təklif verə bilməsi;
- Məhkəmələrdə
süründürməçilik, sənədlərin itirilməsi
və vaxtında verilməməsi, habelə, məhkəmə
qərarlarının icrasının gecikdirilməsilə əlaqədar
insan hüquqlarının pozulmasına dair şikayətlərə
baxır.
Qeyd
etmək lazımdır ki, müvəkkilin fəaliyyəti
insan hüquqlarının müdafiəsini, pozulmuş insan
hüquq və azadlıqlarının bərpasını təmin
edən digər dövlət orqanlarının səlahiyyətlərini
məhdudlaşdırmır və əvəz etmir.
Xüsusi
olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının və Azərbaycan Respublikası hakimlərinin
fəaliyyətinin yoxlanılması müvəkkilin səlahiyyətlərinə
aid deyil.
İnsan
hüquqlarının pozulmasına dair şikayətdə əks
etdirilmiş halların araşdırılması zamanı
müvəkkilin aşağıdakı hüquqları vardır:
-
maneəsiz və əvvəlcədən xəbərdarlıq
etmədən dövlət hakimiyyəti və yerli
özünüidarə orqanlarına, hərbi hissələrə,
cəzaçəkmə müəssisələrinə,
istintaq təcridxanalarına, müvəqqəti saxlanılma
yerlərinə daxil olmaq;
- cəzaçəkmə
müəssisələrində, istintaq təcridxanalarında,
müvəqqəti saxlanılma yerlərində saxlanılan
şəxslərlə görüşmək və təkbətək
söhbət etmək;
-
onların həmin yerlərdə saxlanılmasının
qanuniliyini təsdiq edən sənədlərlə
tanış olmaq;
-
dövlət hakimiyyəti və yerli özünüidarə
orqanlarından, vəzifəli şəxslərdən zəruri
məlumat, sənəd və materialları 10 gün müddətində
almaq;
-
cinayət, mülki və inzibati işlərə dair qanuni
qüvvəyə minmiş qərarlarla, həmçinin, cinayət
işlərinin başlanmasının rədd edilməsi barədə
materiallarla tanış olmaq;
-
şikayətin araşdırılması zamanı vəzifəli
şəxslərdən yazılı arayışlar almaq;
-
şikayətdə əks etdirilmiş halların
yoxlanılması üçün müvafiq orqanlara
tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən
(hərəkətsizliyindən) şikayət edilən orqana və
ya vəzifəli şəxsə tapşırıla bilməz);
-
müvafiq dövlət orqanları və təşkilatlarına
ekspert rəyinin hazırlanmasını tapşırmaq;
-
dövlət və yerli özünüidarə
orqanlarının rəhbərləri və digər vəzifəli
şəxsləri, hərbi hissələrin komandirləri, cəzaçəkmə
müəssisələrinin, istintaq təcridxanalarının
və müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi
tərəfindən təxirəsalınmadan qəbul edilmək.
İnsan
hüquqları pozulmuş şəxsin razılığilə
xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və
ya öz hüquqlarını müstəqil şəkildə
müdafiə etmək qabiliyyəti olmayan şəxslərin
maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü
ilə araşdırma apara bilər.
Araşdırma
zamanı şikayətdə qeyd olunmayan digər hallar
aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə
aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə
aid olmadıqda isə materiallar digər səlahiyyətli
dövlət orqanlarına göndərilir.
Şikayətə
30 gün müddətində baxılır. Şikayətə
baxmaq üçün əlavə yoxlama aparmaq və ya
material tələb etmək zərurəti yarandıqda,
müraciətə baxılma müddəti 30 gün də
uzadıla bilər. Ərizəçinin yazılı
razılığilə əlavə yoxlama aparmaq lazım gəldiyi
halda, müraciətin baxılma müddəti yenidən
uzadıla bilər.
Müvəkkil
şikayətin araşdırılması zamanı insan
hüquqlarının pozulması hallarını aşkar
etdikdə, aşağıdakı tədbirləri həyata
keçirə bilər:
- qərar
və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş dövlət və yerli
özünüidarə orqanlarından, vəzifəli şəxslərdən
həmin hüquqların bərpasını tələb etmək
(müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün
müddətində müvəkkilə görülən tədbirlər
barədə yazılı surətdə məlumat verməlidirlər.
Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri
həyata keçirilmədiyi hallarda, müvəkkil həmin təşkilatın
yuxarı orqanına və ya digər dövlət
orqanlarına müraciət edə bilər);
-
cinayət əlamətləri aşkar edildikdə, müvafiq
orqanlara cinayət işinin başlanması barədə
müraciət etmək;
- əlavə
kassasiya qaydasında şikayət etmək hüququna malik olan
subyektlərə müraciət etmək;
- qərar
və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş vəzifəli şəxslərin
intizam məsuliyyətinə cəlb edilməsi barədə
müvafiq orqanlara təkliflər vermək;
-
insan hüquqlarının pozulmasilə əlaqədar
aparılmış yoxlamaların nəticələrilə
kütləvi informasiya vasitələrini tanış etmək;
-
insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət
kəsb edən hallarda onların bərpası
üçün müvəkkilin səlahiyyətlərində
olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan
Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında məruzə
ilə çıxış etmək;
-
dövlət və ya yerli özünüidarə
orqanının, vəzifəli şəxsin qərarı və
ya hərəkəti (hərəkətsizliyi) nəticəsində
pozulmuş hüquqların bərpası üçün məhkəməyə
müraciət etmək;
-
şəxsin hüquqları qüvvədə olan normativ
aktlarla pozulduqda
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu ilə müraciət etmək.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 20 oktyabr.- S.15