Prezident İlham
Əliyev Azərbaycanın bugünkü
və gələcək inkişafının təminatçısıdır
MM-in deputatlığına
namizəd Elman Nəsirov
- Elman müəllim, ölkəmiz
olduqca mühüm siyasi tədbirə-Milli Məclisə seçkilərə
hazırlaşır. Seşkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz və
onu hansı amillər şərtləndirir?
- Ölkəmizdə seçkiqabağı
vəziyyət onun obyektiv, şəffaf və demokratik prinsiplər əsasında
keçirilməsi üçün
tam uyğundur. Bu vəziyyəti şərtləndirən
bir sıra mühüm daxili amillər mövcuddur.
Eyni zamanda sekiqabağı vəziyyətin mürəkkəbləşməsi
və sabitliyin pozulmasını hədəfə
almış xarici amillər də diqqətdən yayınmır.
İndi ardıcıllıqla onları
nəzərdən keçirək.
Həlledici daxili amil Heydər
Əliyev siyasətinə
sadiqlik və onun Prezident İlham Əliyev tərəfindən sürətlə
dəyişən dünyanın
reallıqlarına adekvat
olaraq novatorcasına davam etdirilməsi reallığı ilə bağlıdır. Bu məsələnin
üzərində bir
qədər ətraflı
dayanmaq istərdim.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşğun yüksəliş
illəri Azərbaycan
Respublikası Prezidenti
Administarsiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin təbirincə desək, əsl “Milli intibah dövrü”
olmuşdur. Bu dövrün hər iki mərhələsi
(1969-1982 və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi
formasiya baxımından
fərqlənsə də,
ümummilli liderin Xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində
qazandığı böyük
uğurlar baxımından
olduqca oxşardırlar.
Xüsusilə dövlətçilik tariximizdə müstəsna
əhəmiyyətə malik
olan ikinci mərhələnin ən
başlıca nailiyyəti
odur ki, ölkəmizin dövlət
müstəqilliyi qorunub
saxlanmış, daha da möhkəmləndirilmiş
və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın
inkişafı, insan hüquq və azadlıqlarının qorunması,
işlək bazar iqtisadiyyatına keçid
istiqamətində mühüm
uğurların əldə
edilməsi bu çox mürəkkəb
və son dərəcə
məsuliyyətli dövrün
xarakterik cəhətlərindəndir.
Ümummilli lider Heydər Əliyev özünün
çoxcəhətli fəaliyyəti,
dövlət idarəçiliyi
sahəsindəki böyük
məharəti və zəngin təcrübəsi
ilə Azərbaycanın
davamlı inkişafının
üzunömürlüyünü təmin edən təkmil bir elmi-nəzəri irs,
dövlətçilik xətti
və siyasi məktəb yaratmışdır.
Prezident İlham Əliyevin təbirincə desək, ulu öndər Heydər Əliyevin titanik səyləri sayəsində “1993-2003-cü illər
ölkəmizdə sabitlik
və inkişaf illəri kimi yadda qaldı, tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları
qoyuldu. Azərbaycan dünya birliyinə
özünü təqdim
edə bilmişdir.
Beynəlxalq əlaqələrimiz inkişaf etmişdir.
Dünya
xəritəsində Azərbaycan
özünə layiq yerini tuta bilmişdir.”
Azərbaycan xalqı artıq 12 ildir ki, qəlbində
əbədi heykəlini
qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək
yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə
də, təskinliyini onda tapır ki, bu gün
ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı
və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından
“Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər
bəsləyirəm”, - qiymətini
alan Prezident
İlham Əliyev Azərbaycanın bugünkü
və gələcək
inkişafının təminatçısıdır.
2003-cü ildə Prezident
seçkilərindən sonra
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti
olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı
və problemlərinin
həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”,- deyən cənab İlham Əliyevin daxili və xarici siyasəti Heydər Əliyev siyasi kursunun davamıdır, onun özünəməxsus novatorluqla,
dinamizmlə inkişafı
və zənginləşdirilməsi
nümunəsidir.
O, Azərbaycanın çağdaş
tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
özünün milli
dövlət quruculuğu və idarəçiliyinin növbəti
şərəfli mərhələsini
yaşayır. Son 11 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş,
siyasi, iqtisadi və mədəni sahələrdə çox
böyük uğurlara
imza atmışdır.
Faktların və arqumentlərin dili ilə desək, 11 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın
qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə
artmış, həmçinin
strateji valyuta ehtiyatlarının həcmi
50 milyard ABŞ dollarını
keçmişdir. Milli iqtisadiyyata
180 milyard ABŞ dollarından
artıq sərmayə
yatırılmışdır. Həmin müddətdə
1,3 milyondan artıq iş yeri açılmışdır.
İşsizliyin səviyyəsi təqribən
5 %-ə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir sıra
inkişaf etmiş dövlətlərdə bu
göstərici 15-20% səviyyəsindədir.
Yoxsulluq bu müddət ərzində 5 dəfə-500% azalmışdır,
yəni 49%-dən % 5
%-ə enmişdir. Xarici borcumuz
ümumi daxili məhsulun təxminən
11 %-ni təşkil edir ki, bu
da olduqca yaxşı göstəricidir.
Nəzərə alsaq ki, dünyada maliyyə-iqtisadi
böhran davam edir və xüsusilə
Avrasiyada məkanında
o daha ciddi xarakter kəsb edir, bu halda
ölkəmizin cari ilin 6 ayı ərzində əldə etdiyi iqtisadi nəticələr kifayət
qədər uğurlu
hesab oluna bilər. Belə ki, ümumi
daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı
9 faizdən çox artım qeydə alınmışdır. İnflyasiya çox
aşağı səviyyədədir.
Kənd təsərrüfatı
7,3 faiz, qeyri-neft sənayesi isə 14 faiz artmışdır.
Bu gün Cənubi
Qafqaz regionunun iqtisadiyyatının 75%-ni
və demoqrafiyasının
65%-ni təmsil edən modernləşdirilmiş
Azərbaycan tədricən
Avropa geoiqtisadiyyatının
və regional geosiyasətin
intellektual və informasiya mərkəzinə,
onun mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi deyildir ki, beynəlxalq
təşkilatların reytinq
cədvəllərində Azərbaycanın
mövqeyi yüksək
olaraq qalmaqdadır.
Dünya İqtisadi Forumunun son hesabatında
(2015-2016-cı illər) Azərbaycan
iqtisadiyyatı öz rəqabət qabiliyyətinə
görə dünyada
40-ci ölkə olaraq
müəyyən edilmişdir.
Müqayisə üçün
qeyd edək ki, Rusiya 45, İtaliya , Bolqarıstan
54, Türkiyə 51, Gürcüstan
66, Ukrayna 79, işğalçı
Ermənistan isə
82-ci mövqedə yer
almışdır. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
və hazırlığına
görə də MDB məkanında birinci mövqedədir. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə
görə də ən böyük sıçrayışı məhz
Azərbaycan etmişdir.
- Elman müəllim, yuxarıda qeyd etdiyiniz kimi, seçkiqabağı
vəziyyətə təsir
göstərməklə ölkəmizdə
hökm sürən sabitliyi pozmaq istəyən xarici qüvvələr də fəallaşmağa başlayıblar.
Bu məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Xarici qüvvə kimi işğalçı
Ermənistan dövləti,
dünyadakı erməni
lobbisi və diasporu, islamofob siyasi dairələr, ayrı-ayrı qərb dövlətləri, onların
əlində təzyiq
alətinə çevrilmiş
beynəlxalq QHT-lər
və “5-ci kolonna” funksiyasını həyata
keçirən antimilli
qüvvələr çıxış
edir. Bu qüvvələr
hər zaman, xüsussilə də ölkəmizdə keçirilən
mühüm, iri miqyaslı tədbirlər
ərəfəsində, dövründə
və ondan sonrakı mərhələdə
daha çox canfəşanlıq edirlər.
Qarayaxma,
yalan və iftira üzərində qurulmuş kamapaniyalarına
yeni çalarlar əlavə edirlər.
Söylədiyim fikirlərə konkret
yanaşmalar əsasında
aydınlıq gətirmək
istəyirəm.
Heç şübhəsiz, dövlət
idarəçiliyi və
onun müxtəlif istiqamətləri üzrə
əldə edilən uğurlar Ermənistanın
ölkəmizə qarşı
xarici havadarlarının
dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti
olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm
tarixi həqiqətə, həm də beynəlxalq hüquq
normalarına əsaslanır.
Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi
ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə
start verdiyi “Praqa prosesinə” sadiqdir. Bu proses çərçivəsində
münaqişənin
“mərhələli həll” yolu ilə tənzimlənməsi
nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci
ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli
ilə bağlı “Madrid prinsipləri”ni
irəli sürmüşdür. Azərbaycan və
Ermənistan tərəfləri bir neçə dəfə bu
prinsiplərlə bağlı təkliflərini irəli
sürmüş və son nəticədə sənədin
yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq
münaqişə tərəflərinə təqdim olunmuşdur.
Sənədə əsasən, münaqişənin tənzimlənməsi
prosesinin birinci mərhələsində Dağlıq
Qarabağın hüdudlarından kənarda işğal
altında olan Azərbaycanın
7 rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi
köçkünlərin öz yurd-yuvasına
qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların
yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi,
kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik
şəraitində yaşamasını təmin edən digər
addımların atılması nəzərdə tutulmuşdur.
Yalnız növbəti mərhələdə
Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi
məsələsinə baxılacağı sənəddə
əks olunmuşdur. Konfidensial xarakterli
“Madrid prinsipləri”ndən geniş ictimaiyyət
üçün məlum olan müddəalar bunlardan ibarətdir.
Azərbaycan
tərəfi yenilənmiş “Madrid prinsipləri”nin bir sıra nüanslarından narazı qalsa
da, münaqişənin həlli naminə prinsip etibarilə sənədi
qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla da, Azərbaycan növbəti dəfə
konfliktin həlli prosesində konstruktiv mövqe nümayiş
etdirmişdir. Azərbaycanın bu
mövqeyi Ermənistanı çıxılmaz vəziyyətə
salmışdır. Rəsmi Yerevan problemin
həlli yolları deyil, onun yenidən mürəkkəbləşdirilməsi
ilə bağlı ssenarilər üzərində baş
sındırır.
Məqsəd permanent danışıqlar yolu ilə
status-kvonu-Azərbaycan torpaqlarının işğal
altında saxlanılması vəziyyətini qoruyub saxlamaqdan
ibarətdir. Bu addımların perspektivsizliyini görən və
onu heç cür həzm edə bilməyən kriminal Serj
Sarkisyan rejimi Ermənistan-Azərbaycan sərhəddində və
qoşunların təmas xəttində atəşkəs
rejimini total şəkildə pozmaqla danışıqların
ya baş tutmaması, ya da onun keçiriləcəyi təqdirdə
nəticəsizliyini təmin etmək siyasətini həyata
keçirir. Qeyd etdiyimiz kimi, ölkəmizdə
reallaşdırılan mühüm tədbirlər zamanı,
o cümlədən “Avrovision” beynəlxalq musiqi
yarışması, Birinci Avropa Oyunları və indi də Azərbaycan
Respublikasının Milli Məclisnə seçkilər ərəfəsində
Ermənistan tərəfi eyni ssenari üzrə hərəkət
edir. Bu siyasətin strateji baxımdan səmərəlilik
əmsalının sıfra bərabər olduğunu təkcə
mövcud rejimin girovuna çevrilmiş erməni xalqı
deyil, eyni zamanda siyasi-iqtisadi elita da hiss etməkdədir.
Bu realıqda “nə qədər ki, gec deyil,
başımıza çarə qılaq” kəlamı Ermənistan ictimai-siyasi mühitində
həmişəkindən daha çox xatırlanır və
adekvat addımlar atılır. Müxalif Ermənistan “Milli Azadlıq Hərəkatı”
təşkilatının rəhbəri Vaan Emilyeviç
Martirosyanın ailəsi ilə Azərbaycana pənah gətirməsi
və siyasi sığınacaq istəməsi yuxarıda səslənən
fikirlərin təsdiqi kimi qiymətləndirilə bilər. Həmin təşkilatın üzvlərinin və tərəfdarlarının
da rəhbərlərinin atdığı addımı təkrarlayacağı
istisna deyildir. Ermənistan tərəfi
dalana dirənmiş siyasətindən dərs almalıdır
və bilməlidir ki, Azərbaycanın ərazi
bütövlüyü danışıqların predmeti
olmayıb və heç zaman da olmayacaqdır. Münaqişə dondurulmuş münaqişə
deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə
Azərbaycan torpaqlarının işğaldan azad edilməsini
tələb edir və münaqişənin həlli yolu
yalnız bundan keçir. Cənab
Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi
potensial, demoqrafik durum və əlbəttə hərbi güc
münaqişənin tezliklə həll olunması
üçün öz rolunu oynayır və oynayacaqdır.
Bir daha
vurğulayıram ki, Azərbaycanda keçiriləcək I
Avropa Oyunları ərəfəsində, dövründə və
ondan sonrakı mərhələdə, daha doğrusu ölkəmizin
qanunvericilik orqanına seçkilər öncəsi bir
sıra Qərb dövlətlərinin, beynəlxalq təşkilatların
(Avropa Parlamenti, ATƏT-n Demokratik Təsisatlar və İnsan
Haqları Bürosu və s.), onların nəzarətində
olan “Amnesty İnternational”, “Human Rights Watch”, “Fridom Hause” və
digər özünü dünyada insan hüquq və
azadlıqlarının yeganə himayədarı kimi təqdim
edən beynəlxalq qeyri-hökumət təşkilatlarının,
habelə onların əlində alətə çevrilən
yerli qrupların ölkəmizə
qarşı qarayaxma və şəratma kampaniyası xeyli
intensivləşmişdir. Onlar
hamısının bir ümumi adı vardır-islamofob
qüvvələr. Azərbaycan
Respublikası Prezidentinin İctimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənovun təbirincə
desək, “belə anda biz beynəlxalq islamafob qüvvələrlə
üz-üzə gəlirik. Yəni anti-Azərbaycan
kampaniyasının arxasında duran birinci amil, səbəb
beynəlxalq islamafob qüvvələrin bir müsəlman
dövləti olaraq Azərbaycanı özlərinə bərabər
bir dövlət kimi öz sıralarında görmək istəməməsidir.
Yəni müsəlman dünyasında
onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya
olmalıdır. Eyni zamanda insanlar bir-birini
öldürməlidir. Gecə-gündüz
partlayışlar olmalıdır – İraqda, Suriyada. Yəməndə,
Misirdə, Liviyada baş verən proseslər bütün
müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi
modern müsəlman dünyası dünyada təqdir
olunmamalıdır”
Azərbaycan
tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət
çəkən bu qaragüruhçu qüvvələr əvvəcə
“siyasi apatiya” vəziyyətinə düşür, sonra isə
“psixi sayıqlamalar” fonunda qərəzli məqsədlərini
reallaşdırmaq istəyirlər. Həmin
qüvvələrin reallaşma əmsalı sıfra bərabər
məqsədi isə ilk növbədə Azərbaycanın
müstəqil siyasətinə öz iradələrini qəbul
etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq
göstərməkdən ibarətdir. Xarici
dairələr və yerli qruplar ölkəmizə
qarşı təxribat xarakterli fəaliyyətlərini
(özfəaliyyətlərini) ört-basdır etmək
üçün ənənəvi “örtükdən”-“demokratiya
pərdəsi”ndən istifadə edirlər. Bu prosesdə
“5-ci kolonna” funksiyasını həyata keçirən antimilli
qüvvələr üçün Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, “siyasi mübarizə üsulu
söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları
xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən
qrantlardır, pullardır. Onların söz
azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir,
beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir,
yaymaqdır. Onların davranış
qaydaları ermənilərlə birləşib Azərbaycanı
ləkələmək və Azərbaycan haqqında mənfi
rəy formalaşdırmaqdır.”
- Məlum
olduğu kimi, bir sıra Qərb siyasi dairələri
“demokratiyanın kimdə olduğunu, kimdə isə
olmadığını” həll etmək hüququnu inhisara
almışdır. Başqa sözlə, məhz
demokratiya pərdəsi altında müstəqil dövlətlərin
daxili işlərinə qarışmaq siyasətini həyata
keçirirlər. Eyni siyasət davamlı
olaraq Azərbaycana münasibətdə də tətbiq olunmaqdadır.
Bu məsələlərlə bağlı sizin
qənaətlərinizi eşitmək istərdik.
- Əvvəlcə, gəlin araşdıraq görək
Qərb üçün demokratiya nə deməkdir?
Cavab sadədir. Bu, ilk növbədə:
- Müstəqil KİV-dir.
- QHT-lər
üçün fəaliyyət azadlığıdır.
- Vətəndaş
cəmiyyətinin inkişafıdır.
- Hakimiyyətin
bölgüsüdür.
- Real
hakimiyyət dəyişkənliyidir.
Bəs bütün bunlar Qərbin nəyinə
lazımdır?
Ardıcıllığa əməl etməklə analiz
edək. Bunun üçün
ilkin olaraq “müstəqil KİV” nədir sualınaa cavab
tapmağa çalışaq. Bu, dövlətə
məxsus olmayan və onun tərəfindən nəzarət
edilməyən KİV deməkdir. Məsələ
ondadır ki, əgər KİV dövlətin nəzarətindən
çıxıbsa, deməli, o kiməsə məxsusdur və
onun nəzarətindədir. Bəs dövlətə
deyilsə, o kimə məxsus ola bilər? Təbii ki, ayrı-ayrı dövlətlərin
maraqlarına xidmət edən və böyük biznes
imkanları olan beynəlxalq siyasi dairələrə. Nəticədə həmin dairələr, bir
çox hallarda transmilli korporasiyalar hədəf seçdikləri
ölkələri belə KİV-lər vasitəsilə
ictimai fikri nəzarətdə saxlayır, onunla istədikləri
kimi manipilyasiya edə bilirlər. Müstəqil
adlandırdıaqları KİV-lərin olmadığı təqdirdə
isə həmin qüvvələr olkədaxili ictimai fikri nəzarətdə
saxlaya bilmirlər. Deməli, bu qüvvələrin
niyə demokratiyanın mühüm elementi kimi ilk növbədə
müstəqil KİV-lərin mövcudluğunda maraqlı
olamsının motivlərini başa düşmək elə
çətin deyildir.
Qərb niyə hədəf seçdiyi ölkələrdə
QHT-lərin fəaliyyətinə son dərəcə həssaslıqla
yanaşır?
Əvvəla, onu qeyd edək ki, QHT-lər ilk
növbədə öz ölkələrinin siyasətinə
hakimiyyətin ənənəvi mexanizmlərindən fərqli
yollarla təsir etməyi bir vəzifə olaraq müəyyən
edirlər. İstənilən təşkilatın fəaliyyətinin
səmərəlilik əmsalının yüksəlməsində
maliyyələşmə imkanları ilə bağlı məsələ həlledici
rola malikdir. QHT-lər isə adətən, fəaliyyət
göstərdikləri ölkələrin hökumətlərindən
maliyyələşmirlər. Onda bəs
maliyyəni kimdən alırlar? Əsasən,
xarici ölkələrdəki ayrı-ayrı fondlardan. Bəs
bu fondları kim maliyyələşdirir? Heç şübhəsiz, Qərb hökumətləri.
Bu ki, isbata ehtiyacı olmayan aksiomdur: pulu ödəyən
mahnını da sifariş edir. Zənnimizcə,
Qərbin QHT-lərə belə canyanalığının
motivlərini əlavə şərh etməyə lüzum
yoxdur.
Deməli,
yuxarıda apardığıməz təhlillərdən belə
bir nəticə hasil olur: Qərb üçün demokratiya
bütün təbii sərvətlərdən daha vacibdir.
Çünki demokratiya onun üçün total nəzarət
mexanizmidir. “Demokratiyanın kimdə olduğunu, kimdə isə
olmadığını” həll etmək hüququnu inhisara
almış qüvvənin-Qərbin bu reallıq fonunda neftin,
qazın, tranzit yollarının, hərbi bazaların və s.
öz-özünə ayaqları altına səriləcəyinə
dair tükənməz inamı vardır. Qərbin
müstəmləkəçilik və yeni müstəmləkəçilik
təcrübəsi bu inamın əsasında dayanan amildir.
- Elman
müəllim, Siz Yeni Azərbaycan Partiyasının 89
saylı Göyçay-Ağdaş seçki dairəsindən
Milli Məclisə deputatlığa namizəd kimi təşviqat
kampaniyasını uğurla davam etdirirsiniz. Hakim
pariyanın təmsilçisi olaraq malik olduğunuz seçki
platformasının elektorat tərəfindən hansı səviyyədə
dəstəklənəcəyi haqqında qənaət və
proqnozlarınızı bilmək istərdik.
- Yeni Azərbaycan Partiyası növbəti parlament
seçkilərinə də qələbə əzmi ilə
gedir. Cənab Prezidentin qeyd etdiyi kimi, bizim amalımız
qüdrətli Azərbaycandır, müstəqillikdir,
inkişafdır, sosial rifahdır. Bu
prinsiplər Yeni Azərbaycan Partiyasının seçki
platformasının əsas qayəsini təşkil edir. Bu prinsiplərdən çıxış edərək
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə
“Yeni hədəflərə doğru” şüarı ilə
gedir.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması və
möhkəmləndirilməsi ən mühüm hədəflərimizdən
biridir. Azərbaycanın
dinamik inkişafı və yüksəlişini təqdir edən
qüvvələr olduğu kimi, bu tərəqqidən narahat
olan, ölkəmizdəki siyasi sabitliyi heç bir vəchlə
həzm edə bilməyən, xalqla hakimiyyətin həmrəyliyindən
təlaş keçirən elə bu səbəbdən də
“yuxusuna haram qatılan” qatı əleyhdarlarımız da
mövcuddur. Onlar hər zaman səfərbər olmağa və
bu inkişafın qarşısına sədd çəkməyə
hazırdırlar. Deməli, ölkəmizdə siyasi sabitlik və
innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin,
nizami və güclü ordu quruculuğu prosesinin, demokratik
islahatların, müasirləşmənin,
ugurlu xarici siyasətin və pozulmuş ərazi
bütövlüyümüzün bərpası naminə fədakar
mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyev ətrafında
daha sıx və monolit birlik nümayiş etdirməliyik.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinın Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həlli məsələsi ən mühüm hədəfimizdir.. Bu məsələdə
iqtidarın mövqeyi prinsipialdır. Azərbaycan
xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı
şəkildə dəstəkləyir. Prezident İlham
Əliyev dəfələrlə ən yüksək beynəlxlaq
kürsülərdən bəyan edibdir ki, Azərbaycanın ərazi
bütövlüyü danışıqlar predmeti deyil və
olmayacaqdır. Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır. Bu gün də belədir,
sabah da belə olacaqdır. Azərbaycan
öz suverenliyini, ərazi bütövlüyünü istənilən
yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli
yalnız beynəlxalq hüququn norma və
prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
əsasında öz həllini tapa bilər. Heç
bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.
Partiyanın seçki platformasında ordu quruculuğu məsələləri
öz prioritetliyini qoruyub saxlayır. Nə qədər ki,
Ermənistan tərəfdən ərazilərimizin
işğalı siyasətinə son qoyulmayıb və onun nəticələri
aradan qaldırılmayıb, dövlət büdcəsində
hərbi xərclər öz üstünlüyünü
qoruyub saxlayacaqdır. Ordumuzun maddi-texniki təchizatı,
ən müasir silahlarla silahlandırılması və onun hərbi-vətənpərvərlik
ruhunun gücləndirilməsi əlahiddə olaraq diqqət mərkəzində
saxlanılacaqdır.
İqtisadi blokdan olan məsələlər YAP-ın
seçki platformasında yer almış əsas hədəflər
sırasındadır. Bu konteksdə şaxələndirmənin iqtisadi inkişafın əsas
istiqaməti kimi davam etdirilməsi nəzərdə tutulur. Qeri-neft sektorunun inkişaf prioritet vəzifələr
sırasındadır.
Partiyanın platformasında ərzaq, nəqliyyat və
enerji təhlükəsizliyi sahələrində də
ölkəmizin dayanıqlı inkişafının qorunub
saxlanması və onun daha da möhkəmləndirilməsi mənafeyinə
xidmət edən addımların atılması məsələləri
öz əksini tapmışdır.
Bir
sözlə, Yeni Azərbaycan Partiyası ölkəmizin
bugünkü sürətli inkişafında, respublikanın
beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə
əldə olunan tərəqqidə xüsusi rola malikdir Azərbaycanın
əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası bütün bu məsələlərdə
yaxından iştirak etməklə xalqın partiyası
olduğunu aydın nümayiş etdirir. Bu da ulu
öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası
dünənin, bu günün və gələcəyin
partiyasıdır” kəlamının real həyatda təsdiqini
tapdığını göstərir. Eyni məntiqdən
çıxış edərək 2015-ci il
1 noyabr tarixində Milli Məclisə seçkilərdə
hakim Yeni Azərbaycan Partiaysının böyük
üstünlüklə qalib gələcəyinə tam əminik.
Xalq-hakimiyyət vəhdəti bu əminliyi şərtləndirən
həlledici amildir. Xalq Prezidentini sevir, Prezident də
xalqının bu etimadını yalnız milli maraqlara söykənən
müstəqil siyasəti ilə döğruldur. Bizi həm güclü edən, həm də təzyiq
tərəfinə çevirən əsas amil bununla
bağlıdır. Bu, təkzibedilməz
reallıqdır. Digər reallıq isə ondan ibarətdir
ki, öz çirkin siyasətləri ilə demokratiya və
insan haqları kimi bəşəriyyətin uzun mübarizə
nəticəsində əldə etdiyi tarixi dəyərləri
cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin
qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir fraqment, bir ləkə
kimi qalacaqlar.
Səs.- 2015.- 23 oktyabr.- S.10-11