Sosial-iqtisadi və mədəni hüquqlar

 

 

Demokratik-hüquqi dövlətdə sosial-iqtisadi və mədəni hüquqlar insanın əmək, məişət, məşğulluq, rifah və sosial müdafiəsi sahəsində hüquqlarının müdafiəsini nəzərdə tutur.

Sosial-iqtisadi hüququn əhəmiyyəti ondadır ki, şəxsiyyətin hüquqi statusunu təmin edir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda göstərilir ki, hər kəs öz iqtisadi, sosial və mədəni hüquqlarından öz vətəndaş və siyasi hüquqları kimi istifadə edə bilər". Bu mənada BMT-nin Baş Assambleyası "1986-cı il 4 dekabr tarixli qətnaməsində" iqtisadi, sosial, mədəni, vətəndaş və siyasi hüquqların qarşılıqlı asılılığı və bölünməzliyini bəyan etdi.

Azərbaycan Respublikası Konstitusiyasında sosial, iqtisadi və mədəni hüquqlar da öz əksini tapmışdır. Buraya ləyaqətli yaşamaq, əmək hüququ, ədalətli əmək şəraiti və əmək haqqı sosial-müdafiə və sosial- mənzil hüququ, təminat, mədəniyyət, yaradıcılıq təhsil və sağlamlıq hüququ daxildir. Azərbaycan Respublikası Konstitusiyasında  vətəndaşların əmək hüququ (35-ci maddə), istirahət hüququ (37-ci maddə), sosial təminat (38-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə), mədəniyyət hüququ (40-cı maddə), təhsil hüququ (42-ci maddə), azad sahibkarlıq (59-cu maddə), yaradıcılıq azadlığı (51-ci maddə) təsbit olunmuşdur.

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində hüquqi dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi sosial-iqtisadi islahatlar həyata keçirir, öz xalqının əlverişli iqtisadi inkişafda iştirakçını təmin edir, öz ehtiyatlarından hamının sosial-iqtisadi hüquqlardan bərabər istifadə etməsi imkanlarını yaradır. 1974-cü il 12 dekabr "Dövlətin iqtisadi hüquq və vəzifələri Xartiyasında göstərilir ki, hər bir dövlət öz xalqının iqtisadi, sosial və mədəni inkişafına yardım etmək üçün məsuliyyət daşıyır.

Sosial-iqtisadi hüquq və azadlıqları hüquqi cəhətdən tənzimləyən bir çox beynəlxalq-hüquqi normalar mövcuddur. Bəzi universal normalar BMT-nin Nizamnaməsində və "İnsan Hüquqlarına dair Ümumi Bəyannamədə, əsas normalar isə Beynəlxalq Əmək Təşkilatı və "İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın" sənədlərində öz əksini tapmışdır. Beynəlxalq Əmək Təşkilatı bu sahədə 170 konvensiya qəbul etmişdir. Bunlardan aşağıdakıların adlarını çəkmək olar:

"Məcburi əmək haqqında" (1930-cu il),

"Ədalətli mükafatlandırma haqqında" (1951-ci il),

"Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" (1958-ci il),

"Məşğulluq haqqında siyasət haqqında" (1964-cü il),

"Məşğulluğa yardım və işsizlikdən müdafiə haqqında" (1988-ci il) və s. konvensiyalar.

Bundan başqa, bəzi regional razılaşmalarda - insan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasında sosial-iqtisadi hüquqları tənzimləmə normaları mövcuddur. Dövlətlərin milli qanunvericiliyində də sosial-iqtisadi hüquqlar öz əksini tapır.

İqtisadi hüquqlar - əmək hüququ, mülkiyyət hüququ, sahibkarlıq hüququ, təşkil hüququ daxildir. Bundan başqa, əməklə məşğul olanlar kollektiv müqavilələr bağlamaq, öz maraqlarını qorumaq üçün milli və beynəlxalq təşkilatlarda birləşmək hüququna da malikdirlər.  İqtisadi hüquqda əsas yeri əmək hüququ tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində əmək hüququ göstərilir:

"Əmək fərdi və ictimai rifahın əsasıdır.

Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Heç kəs zorla işlədilə bilməz.

Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz  işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir."

Hər bir Azərbaycan vətəndaş azad və müstəqil əmək seçmək hüququna malikdir, ölkəmizdə məcburi əmək qadağan edilmişdir.

Azərbaycanda hər kəs azad sahibkarlıq hüququna malikdir. Azad sahibkarlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində təsbit edilmişdir:  "Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqalarilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər".

Azərbaycan Respublikası Konstitusiyasının istirahət və tətil hüquqları da öz əksini tapıb.  Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.

Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan vətəndaşları azad iqtisadi fəaliyyət göstərmək hüququna da malikdirlər. Sosial hüquq insanın ləyaqətli həyat şəraitini və sosial müdafiəsini təmin edir. Buraya  sosial təminat, sosial sığorta, pensiya təminatı və tibbi xidmət daxildir.  Yaşa, xəstəliyə, əlilliyə, uşaqları tərbiyə etməyə görə qanunla müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlara işləmək imkanlarını və ya əməkdən gəlir əldə etmək kimi iş qabiliyyətini itirdikdə kifayət qədər vəsait ayırır. Bu hüquqlar insan hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində, eləcə də, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-12-ci maddələrində öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilir:

Hər kəsin sosial təminat hüququ vardır.

Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur.

Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

Sağlamlığın mühafizəsi və tibbi yardım hüququ Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində öz əksini tapıb:

Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir və tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qoruması hüququnun əsas prinsipləri qanunvericiliklə müəyyən edilib:

1. Sağlamlığın qorunması sahəsində insan və vətəndaşların hüquqlarına riayət olunması;

2. Profilaktik tədbirlərin keçirilməsi;

3. Sağlamlığını itirən vətəndaşların sosial müdafiəsi;

4. Tibbi-sosial yardımın edilməsi;

5. Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilat, dövlət orqanları və vəzifəli şəxslərin vətəndaşların sağlamlığının qorunması sahəsində məsuliyyət daşıması.

Bu sahədə beynəlxalq təşkilatların - BMT-nin, İqtisadi və Sosial Şuranın fəaliyyəti qənaətbəxşdir.

Sosial-iqtisadi hüquqlar bir tərəfdən əhalinin müvafiq fəallığını təmin edir, digər  tərəfdən mümkün risklərdən onu qoruyur. İqtisadi azadlıq, bərabərlik hüquqi dövlət - vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının ayrılmaz tərkib hissəsi kimi sosial ədalət, inteqrasiya, dövlət və vətəndaşın qarşılıqlı məsuliyyətilə sıx əlaqədardır. Sosial-iqtisadi hüquqların təminatı hüquqi dövlətin demokratik və sosial formalarının stabil mövcudluğu üçün mühüm zəmindir.

Mədəni hüquqlar insanın mənəvi inkişafını təmin edir, hər kəsin mənəvi, sosial, mədəni və siyasi tərəqqidə faydalı iştirakına yardım edir. Mədəni hüquqlara təhsil hüququ, cəmiyyətin mədəni inkişafında azad iştirak etmək hüququ, yaradıcılıq hüququ, elmi tərəqqinin nəticələrindən istifadə etmək hüququ və onları praktikaya tətbiq etmək hüququ daxildir.

Beynəlxalq təşkilatların sənədlərində hamı üçün məcburi, pulsuz ibtidai təhsil, orta, ali təhsil, valideynlərin öz uşaqlarının dini və mənəvi inkişafını təmin etmək üçün məktəbləri azad seçmək hüququnun həyata keçirilməsi, təhsil sahəsində ayrı-seçkiliyin qadağan olunması öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində təhsil hüququ haqqında göstərilir:

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

Maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Şəxsiyyətin hüquqi statusunun əsas cəhətlərindən biri də azad elmi, bədii, ədəbi və s. yaradıcılıq növlərilə bağlı mədəni həyatda hər kəsin sərbəst iştirak etmək hüququdur.

Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Səs.- 2015.- 24 oktyabr.- S23.