Siyasi hüquqların mahiyyəti
Hüquqi, dünyəvi və demokratik dövlətin əsas funksiyalarından biri vətəndaşların hüquq və azadlıqlarını qorumaqdır. Bunun üçün dövlətin xüsusi təsisatlar, mexanizmlər sistemi mövcuddur. Avropa ölkələrində insanın subyektiv hüququnu qoruyan təsisatlar konstitusiya məhkəmələri, konstitusiya şuraları, ali məhkəmələr, inzibati məhkəmələr, parlamentlər, Azərbaycan Respublikasında isə Konstitusiya Məhkəməsidir.
Qeyd edək ki, hüquqi dövlətdə qanunvericiliklə insan hüquqları arasında bağlılıq prinsipi hökm sürür. Hüquqi dövlət insan hüquqlarının qorunduğu, vətəndaşların dövlətə hörməti və etibarı, konsensusun, stabilliyin, tolerantlığın, dialoqun hökm sürdüyü şəraitdə mövcud ola bilər və uğurla inkişaf edə bilər.
Siyasi hüquq və azadlıqlar vətəndaşın əsas konstitusiya hüquq və azadlıqları hesab olunur. Siyasi hüquq və azadlıqlara Konstitusiyanın (49, 50, 52, 54 - 58-ci maddələrdə) təsbit olunmuşdur. Bu baxımdan da hüquq və azadlıqlar dövlətin təbiətini müəyyənləşdirir. Hüquqi azadlıqlar hakimiyyət üzərində nəzarət vasitəsidir, demokratik rejimin və hüquqi dövlətin əsas əlamətidir.
Hüquqi dövlətin əsas əlamətlərindən biri kimi siyasi hüquq və azadlıqlar: dövlətin və onun orqanlarının fəaliyyəti və təşkilində demokratiyanın bilavasitə və müxtəlif nümayəndəli formalarında iştirak etmək səlahiyyətidir. Buraya seçki və müraciət etmək hüququ daxildir. Bu həm də vətəndaş cəmiyyətinin həyatında (söz və mətbuat azadlığı, yığıncaq və nümayiş azadlığı, birləşmək hüququ) fəal iştirak etmək səlahiyyətidir.
Siyasi hüquq və azadlıqlar vətəndaşın siyasi proseslərdə fəal iştirakını təmin edir, vətəndaş, cəmiyyəti və hüquqi dövlət arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün şərait yaradır.
Siyasi hüquq və azadlıqlar içərisində vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirak etmək hüququ əsas yer tutur. Dövlətin idarə olunmasında vətəndaşın iştirakı seçkilər, referendumlar, habelə, qanunverici, icra və məhkəmə hakimiyyətində iştirak etmək vasitəsilə həyata keçirilir.
Dövlətin idarə olunmasında iştirak etmək hüququ dövlət və onun vətəndaşı arasında qarşılıqlı münasibətlərin əsas prinsiplərdən biridir. Konstitusiyanın 54-cü maddəsində vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ təsbit olunmuş, onların dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hüququ da müəyyən edilmişdir. 55-ci maddədə vətəndaşların dövlətin idarə olunmasında bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak etmək, dövlət orqanlarında qulluq etmək hüququ da öz əksini tapmışdır. Bunun üçün müvafiq qanunlar da qəbul edilmişdir.
Seçki hüququ xalqın iradəsini azad ifadə edən demokratik təsisatlardan biridir. Seçki sistemi konstitusiya hüquqi normaları ilə tənzimlənir. Seçki hüququ dövlət hakimiyyəti, yerli özününidarəetmə və bütövlükdə, hüquqi sistemin səmərəliliyini yüksəldən əsas amildir. Seçki hüququ xalq suverenliyinin ifadəsi və xalq hakimiyyətini həyata keçirmək formasıdır. Belə ki, seçki hüququnun əsas ünsürləri bunlardır: 1) Seçmək hüququ-fəal seçki hüququ. 2) Dövlət hakimiyyət orqanlarına və yerli özünüidarə orqanlarına seçilmək hüququ - passiv seçki hüququ. 3) Seçicilərin etimadını qazanmamış seçilmiş şəxsləri geri çağırmaq. Konstitusiyanın 56-cı maddəsində vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək hüququ təsbit edilmişdir.
Demokratik seçki xalqın dövlət idarəçiliyi prosesində daha məqsədyönlü iştirakına və bütün bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin və dövlətin sivil inkişafına geniş imkanlar açır. Demokratik seçkinin ən əsas şərti hesabat vermək məsuliyyətindən əlavə həm də aşkarlıq, şəffaflıq və obyektivlikdir. Demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunmuşdur.
ABŞ-da demokratiya - hüquqi dövlət-idarəetmə sistemi əhalinin geniş təbəqələrinin maraqlarını ifadə edir və qoruyur. Hüquqi dövlətdə xalqın seçdiyi nümayəndələr ona hesabat verirlər. ABŞ tədqiqatçısı M.Parenti hesabat verməyin mahiyyətini belə açır: "Hesabat vermək nümayəndələrin açıq tənqidi, onların seçki yolu ilə mərhələli yoxlanılması kimi başa düşülür və zərurət yarandıqda, vəzifələrindən geri çağırılırlar". O, demokratiyanı "zülmkar mütləqiyyətə zidd idarə üsulu hesab edir və göstərir ki, demokratik sistemdə konstitusiya və qanunlar, bir növ, qaydaların külliyyatını ifadə edir.
Söz azadlığı və məlumat almaq hüququ cəmiyyətdə plüralizmin, müxtəlif siyasi, iqtisadi, mənəvi ideya və dəyərlərin həyata keçməsini təmin edən demokratik prinsiplərdəndir.
Söz azadlığı vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsasını təşkil edir. Bu azadlıq demokratik və tolerant cəmiyyətin mövcudluq formasıdır. Hüquqi dövlətdə heç bir vətəndaş söz azadlığına görə təqib oluna bilməz. Məlumat azadlığı söz azadlığından ayrılmazdır. Konstitusiyanın 50-ci maddəsində hər kəsin istədiyi məlumatı hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına, kütləvi informasiyanın azadlığına təminat verildiyi, KİV-də, mətbuatda dövlət senzurasının qadağan olunduğu təsbit olunmuşdur.
Söz, mətbuat, informasiya azadlığı müəyyən qaydalar daxilində məhdudlaşdırıla bilər. Söz azadlığının məhdudlaşdırılması iki əhəmiyyət kəsb edir. Birincisi, o, qadağanedici normaların (etika, hüquq) xarakterinə əsaslanır. İkincisi, o, normaların təsir yönümünə (din, hakimiyyət, şəxsiyyət) aiddir.
Müasir konstitusiyalarda vətəndaşların siyasi fəallığının formalarından biri kimi sərbəst toplaşmaq hüququ təsbit olunmuşdur. Konstitusiyanın 49-cu maddəsində "hər kəsin başqalarilə birlikdə sərbəst yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququna təminat" verilmişdir. Bu demokratik təsisatlar ictimai və hüquqi dövlət həyatının problemlərinə dair kütləvi və fərdi münasibətin açıq formasını ifadə edir. Sərbəst toplaşmaq hüququ vətəndaş cəmiyyətinin dövlət hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət vasitəsi və müasir demokratik dövlət atributludur.
İctimai təşkilatlarda və birliklərdə birləşmək hüququ vətəndaşın siyasi fəallığını artırır, cəmiyyətin ictimai-siyasi həyatında iştirakını təmin edir. İctimai birliklərin və təşkilatların aşağıdakı formaları mövcuddur: ictimai hərəkatlar, ictimai fondlar, siyasi partiyalar, həmkarlar ittifaqları, sahibkarlıq və xeyriyyə cəmiyyətləri və s. Gizlin hərbiləşdirilmiş təşkilatların, konstitusiya quruluşunu zorla devirmək məqsədi güdən partiyaların yaradılması və fəaliyyəti qanunla qadağan edilib. Konstitusiyanın 58-ci maddəsində hər kəsin birləşmək, ictimai birlik və təşkilat yaratmaq hüququna təminat verilmişdir.
Müraciət etmək hüququ vətəndaşın dövlət və ictimai xarakterli məsələlərin həllində şəxsi təşəbbüskarlığının inkişafını həyata keçirir. AR Konstitusiyasının 57-ci maddəsində AR vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, fərdi və kollektiv yazılı müraciətlər göndərmək, dövlət orqanlarının, vəzifəli şəxslərin və s. fəaliyyətini tənqid etmək hüququ təsbit olunmuş, tənqidə görə (təhqir, böhtan istisna olmaqla) təqib etmək qəti qadağan edilmişdir.
Bir sözlə, Əsas Qanunda təsbit olunmuş insan hüquqları idarəçiliyin əsası və dövlətçiliyin idealıdır. Azərbaycanın hüquqi- demokratik dövləti insan ləyaqətini, onların azadlıq və bərabərliyini, şəxsiyyətin özünəməxsusluğunu iradə azadlığını qoruyur.
Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmin olunması, ölkədə məhkəmə islahatlarının həyata keçirilməsi, Azərbaycan Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə 24 avqust 2002-ci il tarixində referendum keçirilməsi də dövrün zəruri tələblərilə şərtlənmişdir. Referendumun nəticəsi kimi insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar konstitusiyada əksini tapmışdır. Həmçinin, ilk dəfə olaraq, hər kəsin pozulmuş insan hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüqüqu tanınmışdır.
Konstitusiyada, ilk dəfə olaraq, hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada 130-cu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi, pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ təsbit olunmuşdur.
Beləliklə, Azərbaycan Konstitusiyası hüquqi dövlətin əsas prinsipləri olan qanunun aliliyinin, ümumi bərabərliyin hüquq və azadlıqların, hakimiyyətin bölgüsü və hakimiyyət üzərində nəzarətin, prezidentlik təsisatının reallaşmasının əsas təminatçısıdır.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası ölkənin demokratik və sivil yolla inkişafının ən başlıca təminatıdır. Azərbaycan Prezidenti İlham Əliyev də fəaliyyətində daim Əsas Qanuna istinad edərək respublikada ümumbəşəri demokratik dəyərlərin, hüquqi dövlət quruculuğunda qanunun aliliyinin tam təminatına çalışır. Son illərdə başlanmış məhkəmə-hüquq islahatlarının yeni mərhələsi ədalət mühakiməsinin səmərəli təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəldilmişdir. Həyata keçirilən bu islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olmasına xidmət edir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 27 oktyabr.- S.23.