Hüquqi müdafiə və bilərəkdən
həyatdan məhrumetmə
Avropa İnsan Hüquqları Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndində deyilir: "Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmamış cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz".2-ci maddədə fərdi həyatdan məhrum edən dövlətə qarşı müdafiə nəzərdə tutulur. Dias Ruanonun işində ərizəçi dindirmənin gedişində yaranan çəkişmə vaxtı polis əməkdaşı tərəfindən güllələnmiş gəncin atası idi. Hadisəyə görə məsuliyyət daşıyan polis əməkdaşına qarşı ittiham irəli sürüldü və o, adam öldürməyə görə məhkum edildi. Birinci instansiya məhkəməsində araşdırma zamanı ona qarşı ittiham irəli sürülərək hökm çıxarılsa da və gəncin ailəsinə kompensasiya öləmək vəzifəsi onun üzərinə qoyulsa da, son nəticədə ittiham hökmü ləğv edildi. Lakin Avropa İnsan Hüquqları Komissiyasının şikayətində ərizəçi faktiki olaraq 2-ci maddənin pozulmasını göstərməmişdi. Komissiya isə öz təşəbbüsü ilə yaşamaq hüququ haqqında məsələyə baxmağı qərara aldı. Komissiya pozuntu aşkar etmədi və iş dostcasına nizamlama ilə həll olundu.2-ci maddənin 1-ci bəndinə əsasən, komissiya elə işlərə baxır ki, orada bu və ya başqa qətlin bilərəkdən baş verməsi (qəsd xarakteri) sual altında olur. Belçikaya qarşı işdə ərizəçi şikayətlənirdi ki, onun əri iğtişaşların gedişində insan kütləsinə atəş açan polis əməkdaşı tərəfindən öldürülüb və bununla da, onun 2-ci maddədə nəzərdə tutulan yaşamaq hüququ pozulub. Komissiya bu qərara gəldi ki, polis əməkdaşı qurbanı qəsdən öldürmədiyinə görə onun hərəkəti 2-ci maddənin heç bir müddəasının qüvvəsi altına düşmür.Komissiya Birləşmiş Krallığa qarşı ərizəyə baxarkən, bu məhdud şərhə yenidən nəzər salaraq, belə qərara gəldi ki, şəraitdən asılı olaraq, 2-ci maddəni qəsdən baş verməyən adam öldürməyə də tətbiq etmək olar. 2-ci maddə, həmçinin dövlətin üzərinə belə bir vəzifə qoyur ki, milli qanunvericilik fərdlərin qəsdən adam öldürməsini qanunla cinayət elan etsin və onu praktikada həyata keçirsin.Komissiya, həmçinin belə bir məsələyə dair daha çox siyasi xarakterli bir sıra arqumentləri nəzərdən keçirib ki, ayrıca şəxsin qətlin qurbanı ola biləcəyinə böyük ehtimal olarsa, belə hallarda dövlət həyatı müdafiə etməkdən ibarət pozitiv öhdəlik daşıyır. Məsələn, Birləşmiş Krallığa qarşı ərizədə İrlandiya Respublikaçılar Ordusu (İRO) tərəfindən öldürülən iki nəfərin qohumları iddia edirdilər ki, hökumət həlak olanların həyatını müdafiə etməyə borclu idi. Komissiya bu qərara gəldi ki, 2-ci maddədə bu cür zorakılığın qarşısını almaq üçün dövlətin öz polis qüvvələrini və silahlı qüvvələrini genişləndirmək öhdəliyi nəzərdə tutulmayıb.Bununla belə, İrlandiyaya qarşı işdə İRO tərəfindən həyatına sui-qəsd olunan, lakin yaralanan şəxsə bir neçə illiyə fərdi qaydada polis müdafiəsi təyin olunmuşdu və sonradan həmin müdafiə götürüldü. Həmin şəxs şikayət edirdi ki, daimi müdafiənin götürülməsi onun 2-ci maddədə nəzərdə tutulan yaşamaq hüququnu pozur. Komissiya 2-ci maddədə "hər bir kəsin yaşamaq hüququnun qanunla mühafizə edilməsinin" nəzərdə tutulduğunu və ərizəçinin İrlandiya hüququnun yararsız olduğunu bildirmədiyini qeyd edərək, bu qərara gəldi ki, dövlətin "hər halda daimi müddətə" və şəxsi cangüdənlər təyin etmək öhdəliyi yoxdur .2-ci maddə dövlətin fərdi həyatdan məhrum edə biləcəyi halları məhdudlaşdırır və tələb edir ki, dövlət mümkün qədər ayrı-ayrı vətəndaşların adam öldürmələrinə yol verməməlidir. Başqa tərəfdən, hər halda bu maddədə dövlət orqanlarının tələbatları ilə bağlı güzəştlər nəzərdə tutulur; həmin güzəştlər bəzi hallarda maddi-texniki və praktiki mümkünsüzlüklə (məsələn, sözügedən "cangüdənliklə" bağlı işdə olduğu kimi), bəzi hallarda isə 2-ci maddədə qəsdən adam öldürmə ilə bağlı dövlətə müəyyən fəaliyyət sərbəstliyi verən müddəaların yer almasilə əlaqədardır.Ayrı-ayrı şəxslər dövlətin nümayəndələri qismində çıxış etdikdə, sonuncu hal dolayısilə onlara da tətbiq edilir.
Ölüm cəzasının ləğvi.
1980-ci ildə Avropa Şurasının Parlament Assambleyası qərar çıxardı ki, "dinc dövrdə törədilmiş cinayətlərə görə ölüm cəzasını saxlayan Avropa Şurasının üzvü olan dövlətlərin parlamentlərinə həmin cəzanı özünün penitensiar sistemindən çıxarmaq xahişilə" müraciət edilsin. Bundan əlavə, Parlament Assambleyası Avropa Şurasının Nazirlər Komitəsinə İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsini 727-ci qətnaməyə uyğunlaşdırmaq üçün ona düzəlişlər etməyi tövsiyə etdi. Lakin Avropanın ədliyyə nazirləri belə hesab etdilər ki, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsi ölüm cəzasına dair hazırda Avropada yaranmış vəziyyəti lazımi qaydada əks etdirmir və ölüm cəzasının ləğvinə aid yeni və məqbul Avropa standartlarını işləyib hazırlamaq imkanlarını öyrənməyi Nazirlər Komitəsinə tövsiyə etdilər.Konvensiyaya 6 saylı Protokolun əlavə edilməsi 2-ci maddə ilə təminat verilən yaşamaq hüququnu genişləndirdi. 6 saylı Protokolun 1-ci maddəsində deyilir: "Ölüm cəzası ləğv edilir. Heç kim bu cür cəzaya məhkum edilə və ya edam oluna bilməz".Protokolun 1-ci maddəsini 2-ci maddəsilə birlikdə oxumaq lazımdır. 1-ci maddənin ikinci cümləsinin məqsədi təminat verilən hüququn subyektiv hüquq olduğunu vurğulamaqdır. Lakin Protokolun 2-ci maddəsinə əsasən, ölüm cəzasını ləğvetmə öhdəliyi dinc dövrlə məhdudlaşır. Beləliklə, dövlətin qanunvericiliyində müharibə dövründə və ya labüd müharibə təhlükəsi mövcud olan dövrdə törədilən əməllərə görə ölüm cəzası barədə müddəalar olsa da, o, faktiki olaraq Protokol üzrə tərəf ola bilər. Lakin bu zaman belə bir dəqiqləşdirmə qeyd olunur ki, ölüm cəzası yalnız qanunda nəzərdə tutulan hallarda və onun müddəalarına uyğun olaraq tətbiq edilir.Qanunvericiliyində ölüm cəzası barədə müddəa olan dövlət belə hallarda müvafiq müddəaları Avropa Şurasının Baş Katibinə təqdim etməlidir. Aydın məsələdir ki, verilən istənilən bəyanat, Baş Katibi xəbərdar etmək şərtilə, geri çağırıla (ləğv edilə) və ya dəyişdirilə bilər. 2-ci maddədə nəzərdə tutulan situasiyalarla bağlı sözügedən Protokolun tərəfi olmaq üçün, dövlət lazımi hallarda bu cür cəza növünü öz qanunvericiliyindən çıxarmalıdır.Konvensiyanın 15-ci maddəsinə əsasən, 2-ci maddədə və 6 saylı Protokolda nəzərdə tutulan müddəaların yerinə yetirilməsindən geri çəkilməyə yol verilmir. Hazırda elə nüfuzlu presedent hüququ, yaxud elmi işlər yoxdur ki, orada deroqasiya (hüquqların məhdudlaşdırılması - müəl. ) haqqında müddəadakı "müharibə" termini ilə 6 saylı Protokoldakı "labüd müharibə təhlükəsi" termini arasında fərqlərdən söhbət getsin.Qeyd etmək vacibdir ki, Protokolun 3-cü maddəsinə əsasən, dinc dövrdə ölüm cəzasının qadağan edilməsinə məhdudiyyət qoyula bilməz. Protokolun 2-ci maddəsilə birlikdə nəzərdən keçirildikdə, bu, o deməkdir ki, ölüm cəzası yalnız müharibə dövründə və ya labüd müharibə təhükəsi mövcud olan dövrdə (dinc dövrdə bunun mümkünlüyünü nəzərdə tutursa) icra edilə bilər. Bu Protokola əsasən, qəbul edilmiş qərar Konvensiyanın 15-ci maddəsinə nisbətən məhdud xarakter daşıdığına görə, mövcud qanunvericiliyi müharibə dövründə dəyişmək olmaz .2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasına bütün hallarada ölüm cəzasının ləğvinə dair 13 saylı Protokol qəbul edilmişdir. Protokolun preambulasında qeyd olunur ki, hər kəsin yaşamaq hüququnun demokratik cəmiyyətdə əsas dəyər olduğuna və bu hüququn müdafiəsi üçün və bütün insanların şəxsiyyətinə xas olan ləyaqətin tam qəbul edilməsi üçün ölüm cəzasının ləğvinin vacib olduğuna əmin olaraq və yaşamaq hüququnun müdafiəsini gücləndirmək məqsədilə ölüm cəzası ləğv olunur. Heç kəs belə cəzaya məhkum edilə və ya edam edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı müvqeyinə əsasən, ölüm cəzasının dinc dövrdə tətbiqi yaşamaq hüququ ilə bir araya sığmır. Beləliklə, Konvensiyanın yol verməsinə baxmayaraq, Avropa Şurasının üzv dövlətləri ölüm cəzasını dinc dövrdə tətbiq edə bilməzlər. Hesab olunur ki, ölüm cəzasının bütün hallarda ləğvini nəzərdə tutan 13 saylı Protokolun müddəalarının Avropa dövlətlərinin praktikasına çeviriləcəyi gün uzaqda deyil və o halda ölüm cəzasının həm dinc dövrdə, həm də müharibə zamanı tətbiqini qadağan edən regional "jus cogens" norması təşəkkül tapmış olacaqdır .Ölüm cəzası 2-ci maddədə nəzərdən keçirilsə də, deyə bilərik ki, Kovensiyanın 3-cü maddəsi də dolayısı ilə buna aiddir; həmin maddə qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Çoxları belə bir fikri dəstəkləyər ki, öz-özlüyündə ölüm cəzası qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftardır və ya cəzadır. Mənəvi baxımdan bu fikir inandırıcı görünsə də, Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan ölüm cəzasının qanuniliyinə onun heç bir aidiyyəti yoxdur.Kirkvudun işində komissiya apellyasiya icraatı ilə bağlı dilemma ilə üzləşdi; həmin icraat labüd olaraq ölüm cəzasının icrasını ləngidir. Bu, mürəkkəb məhkəmə sistemində apellyasiya icraatı zamanı məhkum üçün uzunmüddətli qeyri-müəyyənlik doğura bilər. Komissiya qeyd etdi ki, bu uzunmüddətli qeyri-müəyyənliyin (ölüm cəzasını gözləməyin) qeyri-insani, yaxud ləyaqəti alçaldan və ya cəza anlayışından kənarda qalmasına yol vermək olmaz. Bu işlə bağlı Böyük Britaniyanın mövqeyi bundan ibarət idi ki, 2-ci maddənin 1-ci bəndinin ikinci cümləsi, qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayəti törətməyə görə təqsirkar şəxsə münasibətdə məhkəmə tərəfindən çıxarılmış həmin hökmün icrasını nəzərdə tutduğuna görə, apellyasiya prosedurası ilə bağlı ləngimələr, 2-ci və 3-cü maddələri birgə nəzərdən keçirmək şərtilə, həmin maddələrə uyğun olan ləngimələr kimi qəbul edilməlidir.Komissiya bu fikirlə razılaşmadı. Onun fikrincə, konvensiya bütövlükdə oxunmalıdır. Lakin konvensiyanın müvafiq müddəalarını, əgər potensial olaraq üst-üstə düşmə halları varsa, lazımi qaydada ölçüb-biçmək lazımdır və konvensiya orqanları bir mətnin dəqiq formulunu məhdudlaşdıra biləcək başqa mətnin müddəaları əsasında nəticə çıxarmamalıdırlar.Həm məhkəmə, həm də komissiya təsdiq etdilər ki, 3-cü maddəni dəqiqləşdirməyə heç bir ehtiyac yoxdur. Onun şərtləri dəqiq və mütləq xarakter daşıyır. 3-cü maddənin bu əsas aspekti konvensiyadakı hüquqların strukturunda onun aparıcı mövqeyini əks etdirir və daha sonra 34-cü (təzə redaksiyada 25-ci - müəl. ) maddənin 2-ci bəndinin şərtləri ilə aydınlaşdırılır; həmin bəndə görə, hətta müharibə dövründə və ya millətin həyatına təhlükə törədən başqa fövqəladə situasiyalar dövründə onun müddəalarından geri çəkilməyə yol verilmir. Belə şəraitdə komissiya hesab edir ki, 2-ci maddənin 1-ci bəndinin şərtlərinə baxmayaraq, belə bir halı istisna etmək olmaz ki, konvensiyada əks olunan hüquqlardan birinin müdafiəsi ətrafında yaranan hallar 3-cü maddə üzrə suallar doğura bilər. Sörinqin işinə baxılarkən, Strasburq orqanlarının qarşısında bu problem bir daha qoyuldu. Komissiya öz məruzəsində təkrar etdi ki, bu və ya başqa şəxsi, onun üçün ölüm cəzası riskinin olduğu ölkəyə təhvil vermə öz-özlüyündə konvensiyanın 2-ci və ya 3-cü maddəsi üzrə hər hansı sual doğura bilməz. Lakin hər halda yuxarıda qeyd edilən müddəa ölüm cəzasının necə və hansı şəraitdə həyata keçirilməsi barədə konvensiyanın 3-cü maddəsi üzrə suallar yaranması imkanını istisna etmir.Məhkəmə həmin iş üzrə öz qərarında qeyd etdi ki, konvensiyanı indiki şəraitin işığında şərh etmək lazımdır və nəzərə aldı ki, "Razılığa gələn dövlətlərdə dinc dövrdə ölüm cəzası "de facto" mövcud deyil". Lakin məhkəmə hesab etdi ki, konvensiya müəlliflərində ölüm cəzasının tamamilə qadağan olunmasını 3-cü maddəyə daxil etmək niyyəti ola bilməzdi, çünki bu, 2-ci maddənin 1-ci bəndinin dəqiq formulunu heçə endirərdi". Bundan başqa, 6 saylı Protokolun 1983-cü ildə imzalanmaq üçün açıq saxlanması göstərdi ki, artıq 1983-cü ildə razılığa gələn tərəflərin dinc dövrdə ölüm cəzasının ləğvi üzrə yeni öhdəlik tətbiq etmək üçün, üstəlik, hər bir dövlətə bu cür öhdəliyi öz üzərinə götürəcəyi vaxtı seçmək imkanı verən fakultativ hüquqi aktın köməyi ilə bunu həyata keçirmək üçün mətnə düzəlişlər etmək üzrə normal prosedura qəbul etmək niyyətləri vardı.6 saylı Protokolu hələ ratifikasiya etməyən ölkələr üçün konvensiyaya görə ölüm cəzasına icazə verilib-verilməməsi məsələsini konvensiyanın ayrı-ayrı müddəalarının kontekstində nəzərdən keçirmək lazımdır. 6-cı maddəyə əsasən, ölüm cəzası təyin etmə barədə qərar işin ədalətlə araşdırılması tələblərinə cavab verməlidir və ölüm hökmünün çıxarılması qərarı müstəqil və qərəzsiz məhkəmə tərəfindən qəbul edilməlidir.Məhkəmə Sörinqin işində bu və ya başqa halda ölüm cəzası təyin edərkən nəzərə alınmalı olan bəzi amilləri təsvir etdi, məsələn, ölüm hökmü necə çıxarılır və ya necə icra edilir, məhkumun şəxsi vəziyyəti və bir tərəfdən törədilmiş cinayətin ciddiliyi, başqa tərəfdən isə qəbul edilmiş istənilən ölüm hökmü arasında uyğunsuzluq buna misal ola bilər.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 29 oktyabr.-
S.15.