Əmək hüququ

 

Əmək hüququ sosial-iqtisadi hüquqlara daxil olanhüquqi dövlətin müdafiə etdiyi əsas hüquqlardandır. Əmək hüququnun aşağıdakı tərkib hissələri vardır: İşçi - əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək fəaliyyətinə cəlb edilən şəxsdir. İşəgötürən - tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İşəgötürən əmək müqaviləsinin tərəfi olaraq, əmək hüququ münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. 15 yaşına çatmış şəxslər işəgötürən ola bilər.

Beynəlxalq Əmək Təşkilatının qəbul olunmuş nizamnaməsində, konvensiya və tövsiyələrində işçi-sahibkar terminindən istifadə olunur. Bu termin əmək qanunvericiliyi çərçivəsində xüsusiləşmə tələb edir. Köhnə postsovet respublikalarında əvvəllər "işəgötürən" anlayışından istifadə olunsa da, sonralar bu ümumiləşdirici anlayışdan imtina edilmiş, "müəssisənin, təşkilatın, idarənin müdiriyyəti" və yaxud sadəcə olaraq, "müəssisələr, təşkilatlar, idarələr" anlayışı tətbiq edilmişdir. Respublikamızda 1996-cı ildən etibarən normativ aktlarda "işverən" anlayışından istifadə olunmuş, 1998-ci ildən isə başqa şəxsə təqdim edən şəxslərin barəsində "işəgötürən" anlayışından istifadə edilməyə başlanmışdır.

Əmək qanunvericiliyində işəgötürənlərin vəzifələri, hüquqları, məsuliyyəti nəzərdə tutulmuş və işəgötürənlər bunlara tam riayət etməklə fəaliyyət göstərməlidirlər. İşçilərin hüquqlarını pozan, əmək qanunvericiliyinin tələblərinə əməl etməyən, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb oluna bilərlər. İşəgötürənlərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan müəyyən hüquqları vardır və bu hüquqların həyata keçirilməsinə, işəgötürənlərə vəzifələrini icra etməyə hər cür müdaxilə olunması, maneələr yaradılması qadağandır. İşəgötürənlərin hüquqlarını pozan hər bir şəxs qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

Əmək bazarı - tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasiiqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir.

Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, uzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən, mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaqsonradan hansı şəraitin yaranacağını bilmək vacibdir.

Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisasartırma və yeni peşələrə yiyələnmək proseslərindən, həmkarlar ittifaqlarının aktivliyindən asılıdır.

Əmək bazarının inkişafı yeni məşğulluq növlərinin, müvəqqəti işlərin, natamam günü ərzində müxtəlif rejimli işlərin, müəyyən haqq müqabilində görülən sərbəst qrafikli işlərin, evdə görülən işlərin, müəyyən müqavilə əsasında görülən işlərin və sairə meydana gəlməsinə səbəb olur. Göstərilən xidmətlərin dəyişməsi ilə əlaqədar işçi qüvvəsinə olan tələb də dəyişir. Bu səbəbdən, müəssisələrdə yaranan müvəqqəti işlər sonradan daimi işə çevrilmək imkanı yarada da bilər.

Yüksək peşəkarlıq, təşəbbüskarlıq, aktivlik, yaradıcılıq, özü haqqında tam təəssürat yaratmaq bacarığı, öz qüvvəsinə arxayın olmaq - bütün bunlar əmək bazarında müvəffəqiyyətə nail olmaq üçün başlıca xüsusiyyətlərdəndir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə  görə  əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:

a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü yeri seçərək əmək müqaviləsi bağlamaq;

b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

c) vaxtında və ya vaxtından sonra qazanc əldə etmək məqsədilə qanunvericiliklə qadağan edilməyən, habelə, əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;

ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə, belə şəraitin yaradılmasını tələb etmək;

d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq;

e) vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqını almaqya onun verilməsini tələb etmək;

ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əməkhaqqının verilməsini tələb etmək;

f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;

g) qanunvericiliklə müəyyən olunmuş vaxtında çalışmaq;

ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış vaxtında çalışmaq;

h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;

x) hər il bu məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;

ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;

i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;

j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə, hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;

k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə, bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;

q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;

m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;

n) yeri, vəzifəsi (peşəsi), aylıq əməkhaqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.

Azərbaycanda əmək hüququnu müdafiə edən müxtəlif təşkilatlar fəaliyyət göstərir.Onlardan aşağıdakını göstərmək olar:

Vətəndaşlarin əmək hüquqlarini müdafiə komitəsi

Təşkilatın missiyası və əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının əsas missiyası ölkənin sosial sferasında insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində hüquqi, ictimai, maarifləndirici və vəkillik fəaliyyətlərini həyata keçirməkdir. Sosial-iqtisadi hüquqların müdafiəsi ilə yanaşı, təşkilat, həmçinin, fundamental hüquq və azadlıqların təmin olunması istiqamətində də ixtisaslaşmışdır. Təşkilat işini əsasən monitorinqlər, məhkəmə çəkişmələri, ictimai kampaniyalar, maarifləndirmə və vəkillik  fəaliyyətləri şəklində qurur. Təşkilatın müvafiq dövlət qurumları ilə əməkdaşlıq münasibətləri vardır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının  daxil olduğu Milli Koalisiya və şəbəkələr

Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq şəbəkəsi; Mədən sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyası; Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə; Mədən Sənayesinin Təsirləri üzərində Vətəndaş Nəzarəti Şəbəkəsi. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının  daxil olduğu Beynəlxalq Koalisiya və şəbəkələr: İnformasiya Azadlığı üzrə Vəkillik Şəbəkəsi.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 2 sentyabr.- S.15