Yaşamaq hüququ

 

Yaşamaq hüququ insanın ən ümdə və ayrılmaz hüququdur. Digər hüquq və azadlıqlar məhz yaşamaq hüququndan sonra gəlir. Yaşamaq hüququ şəxsin öz fizikibioloji fərdi mövcudluğu üçün heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, insanın bir sosial varlıq kimi müxtəlif maddi və mənəvi nemətlərdən bəhrələnməsini ifadə edir. Hər hansı psixobioloji çatışmazlığa malik olub-olmamasından, habelə, şəxsi - mənəvi keyfiyyətlərdən asılı olmadan hər bir şəxs yaşamaq hüququna malikdir. Müasir dövrdə dövlətlərin üzərinə həm də fərdin layiqli həyat səviyyəsini təmin etmək, yəni yaşamaq hüququnu müəyyən optimal səviyyəyə qaldırmaq tələbi də qoyulmuşdur.

Yaşamaq hüququ ilə bağlı praktika və nəzəriyyədə bu hüququn əmələ gəlməsi və nə zaman bitməsi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir.

Yaşamaq hüququnun əmələ gəlməsi ilə bağlı iki müxtəlif fikir var. Bunlardan biri yaşamaq hüququnun hələ ana bətnində olarkən formalaşması ilə bağlıdır. Bir sıra Qərb ölkələrində və ABŞ-ın bəzi ştatlarında abort qadağan olunub. Hələ doğulmamış şəxsin hüquq subyekti hesab olunması və yaşamaq hüququna malik olması bəzi dövlətlərdə konstitusion əsasda həll olunub. Məsələn, Slovakiyada. ABŞ Ali Məhkəməsinin 1973-cü ildəki qərarına görə abort müəyyən bir müddətdən sonra ananın sağlamlığı üçün təhlükə yaradarsa, qadağan oluna bilər.

İkinci fikir isə real həyatda hələ canlı kimi doğulmamış, mövcud olmayan uşağın hüquq subyektliyi məsələsi bir qədər mürəkkəbdir. Bu fikrin tərəfdarları insanın doğulduqdan sonra yaşamaq hüququ əldə etməsini qəbul edirlər.

Yaşamaq hüquqununzaman bitməsi də mühüm əhəmiyyət kəsb edir. Yaşamaq hüququnun hər hansı hüquqi bir faktdan asılı olmadan mövcud olduğuna görə onun bitməsi də, bir qayda olaraq, ölüm faktı ilə baş verir. Lakin burada da müəyyən məsələlər var. Birincisi, ölüm faktının hansı anda əmələ gəlməsidir. Belə qəbul olunur ki, beyinin fəaliyyətinin dayanması ölüm faktı kimi qəbul oluna bilər. Belə olan halda, hələ də öz funksiyalarını yerinə yetirən digər orqanların transplantasiya məqsədilə həkim tərəfindən ayrılması cinayət hesab olunmur. Çünki beyinin fəaliyyətdən düşməsi ilə hüquqi fakt yaranmış olur.

Şəxsin özünün könüllü olaraq həyatdan getməsi imkanı, yəni evtanaziya hüququ ən aktual problemlərdən biridir. Bu məsələyə də yanaşma iki cürdür. Birincisi, bəzi ölkələrdə ( Hollandiya, İsveçrə və s.) evtanaziya leqallaşdırılıb. Evtanaziya tərəfdarları öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına ümid olmayan şəxsin artıq əzab çəkməsinə şərait yaratmaq lazım deyilona özü istədiyi təqdirdə, həyatdan getmək imkanı verilməlidir. Əks fikrin tərəfdarları isə əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb və insan özü bundan imtina edə bilməz. Bu, həm də sui-istifadə hallarını artıra bilər, həm də müalicə üsulunun tapılması da istisna olunmur.

Evtanaziya məsələsinə münasibət Azərbaycanda 1997-ci il 26 iyun tarixli "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 38-ci maddəsinə əsasən qadağan olunmuşdur.

Yaşamaq hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsində təsdiq olunur. Konstitusiyaya görə, aşağıdakı hallar yaşamaq hüququndan məhrumetmə kimi başa düşülə bilməz:

- Dövlətə basqın zamanı düşmən əsgərinin öldürülməsi.

- Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə ölüm cəzasının tətbiqi. 1998-ci il 10 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə ölüm hökmü tamamilə aradan qaldırılmışdır.

- Digər hallarda. Bu anlayış hələ qeyri-müəyyəndir və qanunvericilikdə dəqiqləşdirilir.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, məhbusun həbsdən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması, fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi halları istisna olmaqla başqasını yaşamaq hüququndan məhrum etmək cinayət hesab olunur.Konstitusiyanın "Yaşamaq hüququ" adlanan 27-ci maddəsində göstərilir:

I. Hər kəsin yaşamaq hüququ vardır.

II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.

IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir. 

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz.

2. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması kimi nəzərdən keçirilmir:

a) istənilən şəxsin hüquqazidd zorakılıqdan qorunması üçün;

b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

c) qanuna müvafiq olaraq çevrilişya qiyamın yatırılması üçün.

Yaşamaq hüququ ən adi mənada insanın əsas hüququdur. O, bütün digər hüquqlar üçün ilkin məntiqi şərtdir. Təsadüfi deyil ki, insan hüquqlarının ümumi kataloqunu müəyyən edən mühüm beynəlxalq sənədlər məhz yaşamaq hüququndan başlayır.

İnsan Hüquqları üzrə Universal Bəyannamənin 3-cü, "Avropa insan hüquqları və əsas azadlıqları haqqında" Konvensiyanın 2-ci, "Mülkisiyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 6-cı, İnsan Hüquqları üzrə Amerikaarası Konvensiyanın 4-cü, insan və xalqların hüquqlarına dair Afrika Xartiyasının 4-cü maddəsi yaşamaq hüququnu nəzərdə tutur. Bu sənədlərdə təsbit olunan yaşamaq hüququnun şərhi ilə bağlı ən mürəkkəb məsələ insan həyatının başlandığı, yaxud həqiqətən başa çatdığı anın müəyyən edilməsi ilə bağlıdır.

Yaşamaq hüququnun şamil olunduğu "hər kəs"in hələ doğulmayan uşaqları əhatə edib-etməməsi məsələsində konsensus yoxdur. Qeyd olunan beynəlxalq sənədlərdən yalnız Amerikaarası Konvensiya yaşamaq hüququnu açıq şəkildə rüşeymə (ana bətnində olan embriona) şamil edir. Konvensiyaya görə yaşamaq hüququ, "ümumiyyətlə, maya bağlandığı andan qanunla qorunur".

Yaşamaq hüququ ilə bağlı Avropa Məhkəməsinin presedent hüququ ötən on il ərzində sürətlə inkişaf etməyə başlayıb və hələ bir çox məsələlər, o cümlədən, həyatın başlanğıcı məsələsi tam araşdırılmayıb. Lakin Avropa İnsan Hüquqları Komissiyası yaşamaq hüququnun müxtəlif aspektləri ilə bağlı qərarlar qəbul edib.

Avropa Konvensiyasının 2-ci maddəsi üzrə yaşamaq hüququnun hələ doğulmayan uşaqlara şamil olunub-olunmaması məsələsi adətən aborta dair işlərin kontekstində meydana çıxır. Abortla bağlı məsələlər sırf hüquqi aspektdən başqa, həm də mənəvi, siyasi, dini aspektləri, habelə, sağlamlığın mühafizəsinə aid aspektləri də əhatə etdiyindən istər Avropa Məhkəməsi, istərsə də keçmiş Avropa Komissiyası bu barədə qəti fikir bildirməkdən çəkinib. X Birləşmiş Krallığa qarşı işdə Komissiya belə qərara gəldi ki, rüşeymin "yaşamaq hüququnu" mütləq şəkildə tanımaq Konvensiyanın məqsəd və predmetinə zidd olacaqdır. Onun qərarı belə oldu ki, abort hamiləliyin ilkin mərhələsində edilirsə, bu halda ona rüşeymin yaşamaq hüququnun məhdudlaşdırılması kimi baxmaq olarbu, "həmin mərhələdə qadının həyatını və sağlamlığını müdafiə edən" məhdudlaşdırmadır.

Abortlara icazə verən qanunlar məsələsində dövlətlərə müəyyən hərəkət sərbəstliyi verilsə də, Norveçə qarşı məhkəmə işində (1992) komissiya bəyan etdi ki, müəyyən hallarda 2-ci maddə hələ doğulmayan uşaqlara tətbiq edilə bilər. Lakin həmin halların nədən ibarət olması hələ aydın deyil. Qeyd olunan işdə komissiya Norveçin daxili qanunvericiliyinin abortla bağlı normalarını nəzərdən keçirərək, bildirdi ki, cavabdeh dövlət bu məsələdə malik olduğu hərəkət sərbəstliyinin hüdudlarından kənara çıxmayıb".

Abortla bağlı məsələlərdən biriabortlara icazə verilməsinin hamilə qadınların qanuni maraqları ilə rüşeymi müdafiə etməyə dair qanuni zərurət arasında tarazlığın pozulub-pozulmamasıdır. Bu məsələ ilə bağlı dəqiq qəbul olunmuş standart olmadığından, 2-ci maddənin hələ doğulmayan uşağa şamil olunub-olunmadığını araşdırarkən işə aidiyyəti olan bütün qanuni maraqlarhüquqlar ağlabatan şəkildə balanslaşdırılmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının yaşamaq hüququnu nəzərdə tutan 27-ci maddəsinin mətni birmənalı şəkildə yaşamaq hüququnu rüşeymə (ana bətnində olan embriona) aid etmir. Belə ki, Konstitusiyanın insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi adlanan 24-cü maddəsinin 1-ci bəndində deyilir ki, "hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır". Ümumiyyətlə, "yaşamaq (həyat)" termininin Azərbaycan dilindəki anlayışı bioloji cəhətdən deyil, yalnız sosial cəhətdən mövcudluq anlayışını ifadə edir.

Mülki Məcəllənin 25-ci maddəsinin 2-ci bəndi Konstitusiyanın müvafiq normasını möhkəmləndirərək, nəzərdə tutur ki, "fiziki şəxsin hüquqi qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir". Mülki Məcəllənin 25-ci maddəsinin 3-cü bəndində rüşeym üçün tanınan yeganə hüquqi vərəsə olmaq hüququdur, bu hüquq maya bağlandığı andan əmələ gəlir.

Azərbaycan qanunvericiliyinə əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Digər hallarda abort yalnız göstərişlərə (səbəblərə) əsasən həyata keçirilə bilər. Müvafiq surətdə, abort heç bir halda yaşamaq hüququnun pozulması hesab edilmir.

Lakin yuxarıda qeyd edildiyi kimi, komissiya müəyyən hallarda abort praktikasının 2-ci maddəyə uyğunluğu məsələsinin narahatlıq doğura biləcəyini və hələ doğulmayan uşaqların 2-ci maddənin tətbiqi dairəsinə düşə biləcəyini bildirib. Bu baxımdan, gələcəkdə Avropa Məhkəməsinin orqanlarının 2-ci maddənin hansı hallarda pozula biləcəyini müəyyən etmələri ilə əlaqədar Azərbaycan qanunvericiliyi müəyyən hallarda Konvensiya ilə ziddiyyətlər təşkil edə bilər.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Səs.- 2015.- 3 sentyabr.- S.15.