HÜSEYN
CAVİD VƏ ÜMUMBƏŞƏRİ PROBLEMLƏR
Tarixdən bu günə bizə miras qalmış ədəbi, bədii, yaxud fikir mirasına baxdıqda, bir həqiqətin şahidi oluruq: yalnız özünü, öz eqosunu deyil, öz dar ailə və ya qövm maraqlarını deyil, hətta özünün mənsub olduğu milli maraqlarını deyil, yalnız bəşəriyyəti düşünən, onun dərdləri ilə dərdlənən və bu dərdlərə çarələr təklif edən şəxslər-ədiblər, mütəfəkkirlər bizim günlərədək yaşaya bilmiş, bizə irs qoyub getmişlər. Ədəbi tariximizdə qürurla adlarını çəkdiyimiz Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir Hacıbəyli və onlarla başqaları məhz buna görə - dünyanın dərdi ilə yükləndiklərinə görə adlarını qəlbimizə, tariximizə həkk etmişlər. Başqa sözlə, onlar öz xalqının mənsubu olmaqla yanaşı, bütün bəşəriyyətin dəyərinə çevrilmişlər. Onların arasında, heç şübhəsiz, Hüseyn Cavid öz layiqli yerini tutur.
Hüseyn Cavid bütün yaradıcılığı ilə, belə demək mümkündürsə, ilk qələm təcrübəsi ilə bu cür geniş düşünən, bu cür böyük dərdlərlə dərdlənən qələm sahibi olduğunu göstərə bilmiş və bütün yaradıcılığı ilə ümumbəşəri dəyərlərin təbliğatçısı olmuşdur. Bəlkə elə buna görə bir çoxları onu anlaya bilməmiş, bəzilərinin həsədinə, bəzilərinin qısqanclığına səbəb olmuş, başı min bəlalar çəkmiş, amma bu idealından - dünyanın dərdi ilə dərdlənməkdən vaz keçməmişdir. Onu anlamayanlara, onu tənqid edənlərə də həyat fəlsəfəsini aşağıdakı misralarla ifadə etmişdir:
Bən fəqət hüsni-Xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.
Məncə, bu misra Hüseyn Cavidin nə qədər geniş baxışlı, geniş düşüncəli, nə qədər dünya dərdlisi olduğunu anlamamız üçün kifayətdir. Yaxud onun aşağıdakı dördlüyünə baxaq:
Həzz etmədim firqədən, cəmiyyətdən,
Zövq almam hərbdən, siyasətdən,
Bir şey duymam fəlsəfədən, hikmətdən,
Mənim tanrım gözəllikdir, sevgidir.
Baxın, bu fikirləri ilə Hüseyn Cavid sanki bizi on əsr geriyə aparıb "Eşqdir mehrabı uca göylərin Eşqsiz ey dünya, nədir gərəyin?" deyən dünya şairi Nizami ilə eyniləşir. Cavid üçün siyasi qruplaşmalar, hərbi ideologiya, fərdi ağlını önə çıxaran fəlsəfə, başqalarına dərs vermək kimi ideyalar heç bir dəyər kəsb etmir, onun həyat fəlsəfəsi gözəllikdir, sevgidir. Çünki insan başqalarında nöqsanları, qüsurları deyil, gözəllikləri axtararkən böyüyür, kin, nifrət, qısqanclıq, ədavət daşıyıcısı olaraq deyil, sevgi, mərhəmət, şəfqət daşıyıcısı olaraq əsl mahiyyətini kəsb etmiş olur.
Hüseyn Cavid əsərlərinin çoxunda insanı eqosundan uzaqlaşmağa, humanistləşməyə dəvət edir. Eqonun önə çıxmasının ümumbəşəri problemlərin qaynağı olduğunu sübut edir. Hüseyn Cavid bu ideyası, bu fikirləri ilə bu gün dünya ədəbiyyatında daha çox tanınmış ədiblərdən daha irəli gedir, daha böyük idealları tərənnüm edir. Məsələn, "İblis" faciəsində onun tərənnüm etdiyi ümumbəşəri problemlər daha dərin çalarları ilə diqqəti cəlb edir. Əsərdə müəllif insan oğlunun məruz qaldığı bir sıra mühüm problemləri gözlərimiz önünə gətirir. Dar, sırf insanın eqosuna bağlı eşq, din adına şəxsi mənfəətləri naminə hər rəzalətə əl atan miskinlər, inqilab, ümumi səadət naminə ideyalarla meydana atılıb insanları məhv edən ideologiya təmsilçiləri, yalnız öz dar oliqarxik mənafeləri naminə milyonları məhvə sürükləyən müharibə dəllalları və sair bu kimi ümumbəşəri problemlərin mənbəyini, həm də yeganə mənbəyini açan müəllif insan nəfsinə işarə edir, bütün bəla və müsibətlərin qaynağının məhz nəfs - eqo olduğunu göstərir. Əsərin sonunda İblis inanları ittiham edərkən bunu göstərir, ümumbəşəri problemlərin səbəbini bir sillə kimi üzümüzə vurur:
Olduqca müsəllət sana bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın.
Daim ayaq altında sönüb, məhv olacaqsın.
Bu möhtəşəm monoloqun müəllifi Hüseyn Cavid Hötenin "Faust"unda tərənnüm etdiyi ideyalardan daha irəli gedərək insanın necə bəlalara səbəb ola biləcək mahiyyəti ilə əsəri tamamlayır və əsərə qoyduğu nöqtə ilə insanın qəlbində yeni bir səhifə açır - özünüdərk, özünütənqid, özünəbaxış, özünütəhlil. Hamımızın əzbər bildiyi o son sözlərə bir də nəzər salaq:
İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis!...
Məncə, bu son dialoq insanın
həyat fəlsəfəsini
dərk etməsi, İblisləşməkdən qorxub-çəkinməsi,
özünün əsl
mahiyyətini - yaşatmaq
üçün yaşamaq
idealını dərk
etməsi üçün
verilən ən doğru reseptdir.
Yaxud yaşatmaq üçün
yaşamaq idealını
unudub, bəşəri
şeylərə uymasının
hansı faciələrə
səbəb ola
biləcəyini tərənnüm
edən "Şeyx Sənan"a baxaq. Hüseyn Cavid bu faciəsində bəzilərinin düşündüyü
kimi din əleyhinə
fikir irəlü sürmür, əksinə,
bəşəriyyətin son və qlobal dini olan islamın
təmsilçilərinin böyük
qayələrdən, böyük
dəyərlərdən üz
çevirib fərdi dərdlərinin arxasınca
düşmələrinin, böyüklükdən
üz çevirməklə
necə kiçilmələrinin
portretini çəkir
və insanın məruz qaldığı
faciəni təqdim edir.
İnsan nəfsi, nəfsə qul olmağın ümumbəşəri faciələrə
səbəb olduğunu
Hüseyn Cavidin, demək olar ki, bütün əsərlərində görürük. Ümimiyyətlə, Cavid yaradıcılığı
bütövlükdə insanın
öz nəfsinin - eqosunun köləsinə çevrilməsinin təkcə
onun özü üçün deyil, ətrafı, daha geniş mənada bütün bəşəriyyət
üçün dəhşətli
təhlükə olduğu
bir qırmızı xətt kimi keçir. Hüseyn Cavidə görə,
bütün bəşəri
problemlərin səbəbi
eqodur. Bu fikirlərimizi sübut üçün, ilk növbədə
onu "Topal Teymur" əsərinə
baxmamız kifayətdir.
Hətta
bütün əsəri
nümunə göstərməmiz
də gərək deyildir, yalnız onun finalına baxmamız bütün deyilənlər üçün
sübutdur. Xatırlayırsınızsa, əsərin sonunda
iki türk xaqanının üzləşdiyi
səhnədə türk
qövmünün faciəsinin
səbəbləri Teymurun
dili ilə ifadə edilir. Amma bir qədər də diqqətlə baxsaq, bu faciəni
təkcə türk qövmü ilə deyil, ümumiyyətlə,
bütün müharibələrin
səbəbi olaraq təqdim etdiyini görərik. Fiktrimizi
sübut üçün
yadınıza həmin
əsərdən final səhnəsini
xatırlatmaq istəyirəm:
Əsir
aldığı İldırım
Bəyazidə müraciət
edən Teymur belə deyir: "Heç məraq etmə, xaqanım! Sən kor bir
abdal, mən də dəli bir topal! Əgər dünyanın
zərrə qədər
dəyəri olsaydı,
yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə...
sənin kimi bir kor, mənim
kimi bir topal müsəllət olmazdı."
Romantik ədəbiyyatın vazkeçilməz
üslublarından biri
olan rəmzlərdən
bacarıqla istifadə
edən Cavid burada fərdi korluğu deyil, siyasi korluğu, topallıqla isə fərdi qüsuru deyil, siyasətdə topallığı, inkişafın
qarşısını almağı,
onu ləngitməyi, geri sürükləməyi
tərənnüm edir
və iki eqonun çarpışması
ilə milyonların, bütün bəşəriyyətin
faciəsinin səbəblərini
gözlərimiz önünə
gətirir.
Növbəti əsərində bu
ideyanı daha da dərinləşdirir,
"Peyğəmbər" əsərində Hüseyn
Cavid yenə böyüklük, dahilik arxasınca düşən,
öz eqosunu tərənnüm edənlərin
şeytanla qardaşlaşdığını,
ümumbəşəri dərdlərlə
dərdlənənlərin isə səmaviləşdiyini
rəsm edərək,
bir cümlə ilə bəşəriyyətə
böyüklüyün bir
növ tərifini təqdim edir:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü.
Hüseyn Cavid yaradıcılığının
mahiyyəti olan ümumbəşəri problemlər
və onların həlli yolları bir neçə səhifə, hətta bir neçə kitabla izah edilib
başa çatdırılacaq
məsələ deyildir. Şübhəsiz ki, digər yazılarda bu porblem daha geniş
təhlil ediləcəkdir.
Bəhruz AXUNDOV,
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar mədəniyyət işçisi
Səs.- 2015.- 3 sentyabr.-
S.12.