Şaxələnmiş ülvi hisslər
Poeziyaya olan meyil yaş həddi nəzərə alınmadan insan idrakının məhsulu olaraq meydana çıxır. Yaradıcı insanın qələmə aldığı misralar onun dünyagörüşü çərçivəsində təhlil edilir, mülahizələr yürüdülür. Cəmiyyətdə söz sahibi, qələm əhli kimi qiymətləndirilən yaradıcı insanlar həyatla zaman arasındakı ziddiyyət və münasibətləri daha dərindən dərk edir, bunu müxtəlif meyarlar çərçivəsində qələmə alırlar. Bu gün yaradıcılıq aləminə səyahət etdiyimiz şair Süleyman Rzazadə kimi. Müxtəlif mövzulara müraciət edən S.Rzazadə həyatı duyma və dərketmə prizmasından doğan duyğu və düşüncələrini kağız üzərinə köçürür. Onun yaradıcılıq görüşləri ilə tanış olarkən yaşına uyğun olaraq şaxələnmiş ülvi hisslərinin bədii ifadələr, bənzətmə, təzadlar, mübaliğələr əsasında qələmə aldığının şahidi oluruq.
Yaradıcılığa erkən yaşlarından başlayan S.Rzazadənin Azərbaycan poeziyasının böyük ustadlarının, şairlərinin yaradıcılıq dünyası ilə tanışlıq onu sənət aləminə tez bir zamanda bağlayır. Yaddaşının dərinliklərində qalan izlər, naxışlar ötən illərlə bağlı xatirələrini çözələyir. Səməd Vurğunun yaradıcılığına kiçik yaşlarından səyahət edən S.Rzazadənin şeirə həvəsi elə Azərbaycan şairinin sənət aləminə baş vurduğu zamandan başlayır. "Şair, nə tez qocaldın sən?!", "Xavərə", "Azərbaycan" və s. şeirlərini oxuya-oxuya qələmə sarılıb. Özünün etirafına görə ilham mənbəyi isə Azərbaycan poeziyasının böyük şairi Məmməd Araz olub. Müdriklərin sənət dünyasını əxz edə-edə yarım əsrə yaxındır ki, qələmlə dostluq edir. Etiraf edək ki, doğulub boya-başa çatdığı məkan da onun yaradıcılığına təsirsiz ötüşməyib. Naxçıvanın Şahbuz rayonunda dünyaya göz açan şairin Batabatın gözəlliklərindən zövq alması da yaradıcılıq yolunda bir izdir desək, yanılmarıq.
İlk şeirini - "Neylərəm" şeirini orta məktbədə oxuyarkən yazır:
Sənin məhəbbətin bir uca zirvə
Mən isə alpinist olsam neylərsən?
Vaxtında açılan sənsiz bir güləm
Bəs vaxtsız, vədəsiz solsam neylərsən?
- deyən şair təmiz, səmimi hissləri ilə oxucuları arasında ilk körpünü salır. Yaradıcılığına məxsus fərdilik, orijinallıq Naxçıvan Dövlət Pedaqoji İnstitununun (indiki Naxçıvan Dövlət Universtiteti) Azərbaycan dili və ədəbiyyat fakülətsində təhsil aldığı illərdə müəllimi akademik Bəkir Nəbiyevin diqqətindən kənarda qalmır. O, elə ilk şeirində Azərbaycan poeziyasına yeni söz gətirdiyinə görə bu diqqəti qazanır. "Azərbaycan sovet poeziyasına alpinist sözünü Süleyman Rzazadə gətirmişdir"- deyə Bəkir Nəbiyev yazırdı. Sonralar çapdan çıxan ilk şerlər kitabı "Çinar ömrü" almanaxında bir çox şeirləri ilə yanaşı, həmin şeir nümunəsi də yer alır.
Lirik ovqatlı şairin təxəyyülündən doğan misraların ana xəttində Azərbaycanla bağlı fikirlərinə və ən əsası isə sevgi dolu misralara təsadüf edirik. Ölkədə gedən proseslərə, xalqın yaşadığı faciələrə, işğal altında olan torpaqlara münasibət vətənpərvərliyinin nümunəsi tək özünü büruzə verir. Belə ki, onun Əbülfəz Muxtaroğlu ilə birlikdə çap etdirdiyi "Şahbuzlu şəhidlər" kitabına toplanmış şeirlərdə vətənlə bağlı hissləri, şəhidlərin torpağın azadlığı yolunda qəhrəmanlığı və şücaəti diqqətdən yayınmır. Onun şeirlərində vətən torpaqlarının azad olunmasına çağırış da var. Bizdən kömək istəyən vətənin işğalda olan ərazisində qan tökməyin şərəfini misalarında nəzmə çəkir. Gün olacaq ki, Qarabağa qayıdacağına, üçrəngli bayrağımızın məhz həmin torpaqlardan asılacağına böyük ümid bəsləyir. Misralarındakı məna yükü ilə vətən oğullarını mübarizəyə səsləyir.
Onun yaradıcılığındakı hikməti, vətən sevgisi, Azərbaycana bağlılığı, şairin poeziya yolunun şaxəli və məzmunlu olduğunu göstərir. Vətən sevgisini səmimi şəkildə təqdim edir. Azərbaycana olan sevgisini lirik boyalarla diqqətə çatdırır. Azərbaycan ifadəsini söyləyərkən böyük qürür hissi keçirərək belə vətəninin olduğundan məmnundur.
Şairin sayca üçüncü kitabı "Vurğun olaydım" adlanır. Yaradıcılığa başladığı zamandan bu günə qədər nəzmə çəkdiyi bütün şeirləri burada toplanıb. Bu şeirlərin mövzusu vətənə məhəbbətdən, ülvi hisslərdən qaynaqlanır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı olaraq gördüyü işlər bir şair, vətəndaş olaraq yaradıcılığında xüsusi mərhələni təşkil edir. Heydər Əliyevə həsr olunmuş "El məhəbbəti" almanaxınının tərtibçilərindən olan S.Rzazadə "Ay baba", "Heydər Əliyev", "Vətən oğlu" və s. kimi şeirlərində Ulu Öndərin Azərbaycan tarixində əvəzsiz rolu, xidmətləri bədii şəkildə ifadəsini tapıb:
Bu ölkədə azadlığı sən qurdun
"Kaf"i "Nun"a çalmağına nə qaldı.
Bu şücaət, bu qüdrət ki Sizdə var
"Əlif" Lam"ı almağına nə qaldı.
Öz əməlləri, müdrikliyi ilə tarixdə iz qoyan Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müasir Azərbaycan tarixini yazdı. Şairin kitaba daxil olan "Siyasətdə Sən eylədin miracı" şeirində Heydər Əliyevin siyasi qüdrəti, vətənə məhəbbəti öz əksini tapıb:
"Siyasətdə Sən eylədin miracı
Başındadır Süleymanın şah tacı.
Bu Qordi düyünün vardı əlacı
Xankənd bizim olmağına nə qaldı.
Şairin yaradıcılığını əks etdirən "Mənə sənsiz qalan dünya" kitabı isə Qarabağda döyüşən polis kapitanı Tağıyev Bəylərə həsr olunub.
Vurğulayaq ki, rəngarəng yaradıcılığa malik olan S.Rzazadə Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Yarımada" qəzetinin şöbə müdiridir. O, "Xalqın nüfuzlu ziyalısı" fəxri diplomuna layiq görülüb, eləcə də "Qızıl qələm" mükafatı laureatıdır.
Daim yaradıcılıq axtarışında olan şair hazırda "Zirvəyə qartalın gözləri ilə bax" şeirlər kitabını çapa hazırlayır.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2015.- 8 sentyabr.- S.12.