Azərbaycanın sevilən aktyoru əbədi dünyasına qovuşdu

 

Azərbaycan mədəniyyəti daha bir sənətkarını da itirdi. İstedadlı qiraətçi, aktyor respublikanın xalq artisti, Prezident mükafatçısı İlham Əsgərov 57 yaşında dünyasını dəyişdi.

Yaradıcılıq yolunda əldə etdiyi uğurlar, maraqlı obrazlar ifaçısı olması sənət aləmində əbədi izini saldı. Roldan-rola dəyişərək özünəməxsus aktyorluq imkanları ilə tamaşaçı sevgisini qazandı. Çox insan talelərini yaşadı səhnədə. Hər roluna öz sevgisini, şəxsi dəyərlərini əlavə etdi. Onun qəlbinin işığı, səsinin gücü, manevr və jestləri  bu obrazları tamamladı. İlk obrazından sevildi və tanındı. Tanınmış sənətçi Azərbaycan teatr səhnəsində, kinoteleviziya ekranlarında yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaratdı.

Tale onu arzusuna qovuşdurdu. 1958-ci il iyul ayının 16-da Masallı rayonunun Xançobançı kəndində anadan olan İlham Əsgərov orta məktəbi bitirdikdək sonra 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dramkino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən İlham Əsgərov ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Onun böyük ustalıqla ifa etdiyi Əli (M.İbrahimov "Közərən ocaqlar"), Ərəb (H.Cavid "İblis"), Əbubəkir (N.Həsənzadə "Atabəylər"), Həbib, Nicat, Anaşkin, Doktor Altay, İbrahim xan, Məhəmməd xan (İ.Əfəndiyev "Büllur sarayda", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı" və başqa obrazları başqa rolların gələcəkdə yaratmasına səbəb oldu. Rejissorlar onun yaradıcılıq imkanlarının genişliyini nəzərə alaraq bir-birindən fərqli obrazları yaratmağı onu həvalə etdilər.  Bu təkcə İlham Əsgərovun yaradıcılıq müvəffəqiyyəti olmayıb, milli teatrımızın tarixinin parlaq səhifələrini təşkil edir.

İstedadlı aktyor Azərbaycan Dövlət Televiziyasında U.Şekspirin "İki veronalı", İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", B.Vahabzadənin "Kimdir haqlı", A.Qəhrəmanovun "Səndən xəbərsiz", M.Süleymanlının "Fatehlərin divanı" teletamaşalarında Valentin, Valeh, Fərrux, Fikrət, Bilgə xan kimi yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" və "Əlahiddə vəziyyət" bədii filmlərində uğurla çəkilib. O, radionun məşhur "Bulaq" verilişinin unudulmaz aparıcılarından biri idi. Bu verilişdə onun həqiqətən də gözəl qiraətçi olması diqqətdən yayınmır. Bəlkə də yüzlərlə insan bu səsin sehrinə düşərək verilişi əvvəldən sona qədər dinləyirdi.

Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, 2000-ci ildə respublikanın əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident mükafatçısı idi.

Yaratdığı obrazları ilə sevilən unudulmaz sənətkar, gözəl insan İlham Əsgərovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

   

ZÜMRÜD

Səs.- 2015.- 8 sentyabr.- S.12.