İnsan hüquq və
azadlıqlarının müdafiəsi və parlament
demokratiyası
Bəşəriyyət hüquqi dövlət ideyası ilə yanaşı, onun demokratik idarəçilik forması haqqında da düşünmüşdür. Qədim antik dövrdə meydana gəlmiş demokratiya və respublika idarəetmə formasının kəşfi məhz bu axtarışların məhsuludur. Dünyanın hüquqi dövlət quruculuğunun əsasında azadlığın və qanunçuluğun vəhdətindən ibarət yunan-Roma dövlətçilik ənənəsi durur. Bu ənənə qanunla tənzimlənən azadlığın qorunmasına və bərabər bölünməsinə əsaslanır. Demokratik respublika idarəçilik formasında dövlət hakimiyyəti azadlığı qanunla qoruyur, nizamlayır və inkişaf etdirir, eləcə də icra, qanunverici və məhkəmə hakimiyyəti konstitusiyaya, hüquqa əsaslanır, xalq bu idarəetmədə fəal iştirak edir, vətəndaşın ləyaqəti, hüquq və azadlıqları təmin olunur. Respublika dövlət quruluşu parlamentli və prezidentli respublika formasından ibarətdir. Biz prezidentlik institutu haqda danışmışıq. Bəs parlamentli idarəetmənin və parlamentçiliyin mahiyyəti haqqında nə demək olar?
Parlamentli rejim Qərbi Avropada XVIII əsrin sonu, XIX əsrin əvvəllərində İngiltərədə meydana gəlmiş, sonralar bütün dünyaya yayılmışdır. Qərbi Avropanın əksər dövlətləri, Avstraliya, Kanada və Yaponiya parlamentli respublikalardır. Parlamentli respublikalarda hakimiyyət seçkilərdə qələbə çalan siyasi partiyaya verilir. Hökumət başçıları ölkə miqyasında mövcud olan partiya strukturlarından və çoxsaylı seçicilərdən ibarət dayağa malik olurlar.
Cəmiyyətin idarə olunmasının ilk bölgüsü dünyəvi hakimiyyətin dini və siyasi hakimiyyətə bölgüsü Avropada XV-XVI əsrlərdə baş vermişdir. Sonralar monarxiya dövlətləri daxilində səlahiyyət bölgüsü keçirilsə də, mərkəzi hakimiyyət üstün olmuşdur. Qərbdə demokratik hakimiyyətin özünəməxsus elementləri olan yerli parlamentlər də meydana gəlmişdir. Parlamentarizm prinsipi kimi hakimiyyətin bölgüsünün funksional və institusional bölgüsünün həlledici mərhələsi Qərbi Avropada burjua inqilabları zamanı həyata keçmişdir.
XVIII əsrdə
Azərbaycanda xanlıqlar dövründə bəzi
xanlıqlarda divan şuraları "yerli parlament"
funksiyasını yerinə yetirmişdir. Demokratik rejimin tərkib hissəsi
olan parlamentarizm institutu yeganə idarəetmə sistemi deyildir. Qeyd edildiyi
kimi, parlamentarizmdəki başqa Qərb ölkələrində
prezidentlik institutu və İsveçrədəki kollegial idarəetmə
sistemi də mövcuddur. Dövlət
quruculuğu və idarəetməsinin kompleks institutu olan
parlamentarizm nümayəndəli demokratiyaya əsaslanır.
Politoloji ədəbiyyatda
göstərildiyi kimi, "Parlamentarizm" anlayışı
özündə hüquqi, siyasi və əxlaqi normalar, ənənələr
sistemini, tarixi-siyasi təcrübə prosesində işlənib-hazırlanmış
və dövlət idarəetməsində reallaşan müxtəlif
səviyyədə "oyun qaydaları"nı əks
etdirir. Demokratiyanın əsas prinsipləri -
xalqın suverenliyi, çoxluğun idarəetməsi, nümayəndəlik,
plüralizm parlamentarizmin bazasını təşkil edir.
Parlament xalq tərəfindən
seçilir və xalqın adından idarə edir. Öz növbəsində, xalq suveren kimi seçkilər
vasitəsilə öz nümayəndələri üzərində
nəzarəti həyata keçirir. Seçilmiş
deputatların hakimiyyət səlahiyyətləri özündə
ümumxalq konsensusunu əks etdirən konstitusiya ilə müəyyən
edilir və məhdudlaşdırılır.
Parlament
özündə əhalinin bütün sosial əhəmiyyətli
təbəqəsinin çoxluğunu əks etdirir; bununla
yanaşı, qərarların qəbulu mexanizmi də
"çoxluq" prinsipi ilə qəbul edilir
(azlığın fikrinə hörmət etməklə
yanaşı); müxalifət - parlametarizmin zəruri
institutudur.
Parlamentarizmin
funksiya göstərməsi siyasi təcrübədə
plüralizm prinsipinin real tərzdə həyata keçirilməsidir.
Parlamentarilərin partiya siyahısı üzrə seçilməsi,
partiya fraksiyalarının, o cümlədən, müxalifət
fraksiyalarının fəaliyyəti, müxtəlif siyasi
qruplaşmaların seçicilərin maraqları və
ideyalarının spektrini ifadə edən proqram
baxışlarının və konsepsiyalarının, siyasi
görüşlərinin və mövqelərinin
qarşılaşdırılması, müqayisəsi, fraksiyaların
açıq rəqabəti - parlament demokratiyası sistemində
siyasi plüralizmin reallaşmasının konkret formaları
bunlardır.
Parlamentarizmin
siyasi praktikası onun funksiyalarının
çoxnövlüyünü üzə
çıxarmışdır. Bu, ilk
növbədə, nümayəndəli funksiyadır (əhalinin
sosial qrup və təbəqələrinin siyasi iradəsinin və
maraqlarının institusionallaşması). Nümayəndəli funksiyanın
reallaşmasının təminatçısı seçki
sistemidir. Siyasi qüvvələrin
nümayəndəliliyi elitanın formulaşmasının
effektiv üsuludur. Vətəndaş cəmiyyətinin
spesifikliyindən asılı olaraq, parlamentdə nümayəndəlik
- partiyalı, ərazi üzrə, korporativ və etnik
nümayəndəlik ola bilər.
Parlamentin
hakimiyyət funksiyası xalqın suverenliyinin törəməsidir
və konstitusion təminatı vardır. Onun
ən mühüm fəaliyyəti qanunverici fəaliyyətdir.
Hakimiyyət funksiyasının tərkibinə,
habelə, siyasi nəzarət və konstitusion prinsip və
normaları pozan idarəetmə subyektlərinin məsuliyyətə
cəlb edilməsi daxildir.
Parlament cəmiyyətin
çoxluğunu təmsil etdiyindən və onun iradəsini həyata
keçirdiyindən dövlət hakimiyyətinin legitimləşdirilməsinin
ən mühüm institutudur. Siyasi
legitimlik cəmiyyətin marağında olduğu siyasi qərarların
qəbul edilməsi ilə reallaşır. Xalqın nümayəndələri tərəfindən
qəbul edilən qərarlar bütün dövlət və
ictimai institutlar üçün zəruridir və idarə edənlərlə
idarə edilənlər üçün qanun əsasdır.
Parlament
demokratiyası, eyni zamanda, ictimai konfliktləri
institusionallaşdırır. Xalq tərəfindən
seçilmişlər aşkar surətdə, legitim olaraq,
ümumi qəbul edilmiş normalar və "oyun
qaydaları" əsasında cəmiyyətdə
yaranmış konfliktləri - sosial və etnik qruplar
arasında yaranmış, regional və b. konfliktləri
müzakirə və həll edir. Parlament
konfliktləri həll etməyin açıq formasıdır.
Lakin qeyd etmək lazımdır ki, parlamentarizm
institutunun qeyd edilən funksiyaları heç də hər bir
ölkədə reallığa çevrilmir. Bu funksiyaların canlı siyasətə çevrilməsi
konkret-siyasi şəraitdən, dövlətin konstitusion əsaslarının
xarakterindən asılıdır. Bir
çox hallarda parlamentin konstitusion səlahiyyətləri icra
hakimiyyətinin aqressivliyi üzündən və ya
parlamentarilərin siyasi iradəsizliyi ucbatından
reallaşmamış qalır.
Dünyanın
bəzi ölkələrində icra hakimiyyətinin təsiri
altında parlamentin rolu azalmışdır.
M.Rokar müasir Qərb
ölkələrində parlamentin rolunun aşağı
düşdüyünü göstərir: "İndi isə
fransız parlamenti və habelə, "İngiltərənin,
Almaniyanın, İspaniyanın, Skandinaviya ölkələrinin
analoji demokratik parlamentləri" başqa şəraitdə
fəaliyyət göstərirlər. "Onların
hər birində dövlət sistemindəki birincilik icra
hakimiyyətinə mənsubdur, parlament hökumətə nəzarət
etməkdən çox, onu müdafiə edir; parlament
qanunvericilik təşəbbüsü ilə çıxış
etməkdən daha çox, ona təqdim edilmiş qanunları
qəbul etməklə məşğul olur". Parlamentin real hakimiyyət rolu, parlamentarizm institutunun
bütövlükdə demokratik rejimlərin siyasi həyatına
faktiki təsiri hər bir ölkədə hakimiyyətin
konstitusion əsasda bölgüsü qaydasından
asılıdır.
D.İsmayılov göstərir
ki, parlametarizm sistemində hakimiyyətin bölgüsü
prinsipi özündə aşağıdakı elementləri
birləşdirir:
- dövlət
hakimiyyətinin üç qolunun - qanunverici, icraedici və məhkəmə
hakimiyyətinin muxtariyyətinin tanınması;
- hakimiyyətin bir qolunun digər qoluna müdaxilə etməsi və ya onu əvəzləməsi imkanlarının istisna edilməsi;
- hakimiyyətin müstəqil qollarının funksional olaraq, bir-birilə qarşılıqlı əlaqəsinin zəruriliyinin tanınması.
Hakimiyyətin hər bir qolu digərinin fəaliyyət sahəsini məhdudlaşdırır, lakin bununla yanaşı, onlar vahid tamı - dövlət hakimiyyəti sistemini təşkil edir.
Parlament siyasi institut kimi siyasi qüvvələrin yarışmasının zəruriliyini ortaya çıxarır. Ümumi qəbul edilmiş "oyun qaydaları" çərçivəsində baş verən rəqabət, yarış siyasi qüvvələrin siyasi fəallığının stimullaşdırılması, qərarların variantlarının seçilməsi üsuluna xidmət edir. Parlament yarışması siyasi liderlərin üzə çıxarılması, onların tərbiyə edilməsinin ən yaxşı üsuludur (M.Veber).
Parlamentarizm
demokrtiya institutu kimi bütün münasibətlərdə
ideal deyildir. Q.Moska, K.Mixels kimi politoloqlar parlamentarizmi tənqid edənlər
sırasındadır. Burada söhbət,
ilk növbədə, parlamentarilərin korporativ
maraqlarının ümumdövlət maraqlarına
qarşı qoyulması imkanlarından, parlamentdə
elitanın hökmranlığından gedir.
Azərbaycan
Respublikasının Konstitusiyası və ona edilmiş əlavə
və düzəlişlər ölkəmizdə parlametarizmin
inkişafını genişləndirdi. Politoloqların
fikrincə, siyasi yarışın
iştirakçıları kimi hakim çoxluq və
müxalifəti təmsil edən azlıq
çıxış edir. Parlament müxalifəti -
çoxluğun siyasi kursuna qarşı öz xəttini irəli
sürən və müəyyən təbəqə və
qrupların maraqlarını əks etdirən partiya, yaxud istənilən
siyasi qruplaşma ola bilər. Siyasi
xarakteristikasına görə müxalifət "sağ"
və "sol" müxalifətə, siyasi
daşıyıcılarına görə sənaye, aqrar,
milli müxalifətə, çoxluğun siyasətinə təsiretmə
xarakteristikasına görə funksional və "əbədi"
müxalifətə bölünür. "Sol" müxalifətə
o qüvvələr aid edilir ki, hakim qüvvələrin siyasi
sistemdə çox və ya az dərəcədə
radikal dəyişikliklərin edilməsi, mövcud rejimin və
ya bütövlükdə siyasi sistemin dəyişdirilməsi
uğrunda çıxış edir. "Sağ"
müxalifət cəmiyyətin konservativ qüvvələri
ilə eyniləşdirilir. Bir qayda olaraq,
"sağlar"ın və "sollar"ın
çoxluğa qarşı konfrontasiyası şəraitində
kompromisə cəhd edən "mərkəzçi"
qüvvələr yaranır. İdeoloji simasına
görə müxalifətin tərkibi müxtəlif
növlü və ya yekdil ola bilər. Məsələn,
deyək ki, Türkiyə parlamentində müxalifət
eynicinslidir: bu, növbəti seçkilərdə məğlubiyyətə
düçar olmuş partiyalardan biridir.
Parlamentarizm
demokratiyanın elə sistemidir ki, rəsmi fəaliyyət
göstərən müxalifətdən başqa burada vətəndaş
təzyiq qrupları (lobbi) də mövcud olur və fəaliyyət
göstərir. Bu təzyiq qrupları
korporativ, milli, regional və b. maraqları təmsil edir. Təzyiq qrupları parlamentdənkənar müxalifət
yaradır. Mühüm dövlət sənədlərinin
qəbulu zamanı lobbiləşmə xarici parlamentlərin
praktikasında adi haldır.
Prezidentli
respublika olan Azərbaycan Respublikasında parlamentin qanunverici
hakimiyyətin öz yeri, öz rolu vardır. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə
parlamentarizmin, demokratik parlamentin təşəkkülündə
və inkişafında müstəsna xidmətləri
olmuşdur. Demokratik, ədalətli seçkilər, təkamül
yolu ilə milli dövlətçiliyi və parlamenti
inkişaf etdirən Ulu Öndərin layiqli siyasi varisi, ölkə
Prezidenti Cənab İlham Əliyev ölkəmizin müasir Qərb
demokratiyası modelinə Avropanın strukturlarına
inteqrasiyası sahəsində yeni, uğurlu addımlar
atmışdır. Müsahibələrinin birində xarici
jurnalistin "Parlament seçkilərinin inqilaba səbəb ola bilərmi" sualına Cənab İlham
Əliyev belə cavab vermişdir: "Mən belə hesab
etmirəm. Əvvəla, Azərbaycan Prezident
idarəçiliyi olan respublikadır və hətta parlamentdə
qüvvələr nisbətinin dəyişməsi də siyasətdə
dəyişiklik demək deyildir. İkincisi,
xalq hökumətə, onun həyata keçirdiyi islahatlara
etimad göstərir.
...Ümid edirəm ki, yeni formalaşmış parlament
Azərbaycanda qanunvericilik funksiyasını uğurla davam etdirəcək,
yeni mütərəqqi qanunlar qəbul olunacaqdır.
...Azərbaycanda qanun hamı
üçün eynidir. Bütün qanunsuz hərəkətlərin
qarşısı çox ciddi şəkildə
alınmışdır və gələcəkdə də
alınacaqdır".
Vahid Ömərov
Səs.-
2015.- 19 sentyabr.- S. 15