Hüquqi dövlət və idarəetmə

 

Hüquqi dövlətdə əsas amillərdən biri idarəetmədir. Tədqiqatçı Habil Həzəmmədov yazır ki, idarəetmə subyektiobyektinin mövcudluğu, onların qarşılıqlı təsiri insanın bütün idarəçilik fəaliyyəti növlərinin ümumi cəhətidir. Onun bütün digər komponentləri, idarəçilik fəaliyyəti sisteminin komponentləri həmin qarşılıqlı təsirlə bağlıdır, onunla müəyyənləşdirilirlər. Belə halda bu münasibətlərin birinci zəncirində insan idarəetmə subyekti olur, digərində isə onun obyektinə çevrilir: insanı həm obyekt, həm də subyekt kimi xarakterizə edən idarəçilik fəaliyyətinin reallaşması prosesində onun tutduğu yerdir. Buradan belə nəticəyə gəlmək olar ki, idarəetmə subyektinin mahiyyət xarakteristikası şəxsiyyət, yaxud sosial ümumiliyin idarəçilik fəaliyyətinin həyata keçirilməsidir. Bu isə subyektdə formalaşmış idarəetmə tələbatının və bacarığının olmasını nəzərdə tutur.

Özünün vəhdətində tələbatlar və bacarıqlar ziddiyyətli bütövlük olub fəaliyyət subyektindən müvafiq hərəkətlərə hazırlıq tələb edir. Bu iki sosial-siyasi keyfiyyətlərin bütövlüyü, eyni zamanda, idarəetmə subyektinin xarakteristikasıdır. Bir qədər idarəçilik bacarığı haqqında. Bacarıq fəaliyyət subyektinin strukturunun komponenti, onun şüurunun fenomenidir. Bunsuz subyekti təsəvvür etmək mümkün olmadığı kimi, həmin fenomenisubyektsiz düşünmək qeyri-mümkündür.

H.Həzəmmədovun fikrincə, ideal insan fəaliyyətindən əvvəl müəyyən bir ideal model, fəaliyyətin özünüonun nəticələrini irəlicədən bildirən bir model nəzərə gəlir. Heyvanat aləmindən fərqli olaraq insan fəaliyyətinin spesifikliyi, onun məqsədyönlü xarakteri də məhz bundadır. İnsanların birgə fəaliyyətində bu cür bacarığa ehtiyac daim artır. Subyektin idarəçilik qabiliyyətinin əsasında yalnız insanın şüurunda idarəetmə obyektini modelləşdirmək, yaratmaq, onun fəaliyyətinə xas olan mürəkkəb komponentlər sistemini qurmaq deyil, habelə, müəyən məqsədə çatmaq,bununla bağlı düzgün qərar qəbul etmək, onları reallaşdırmaq bacarığı duyur. Bütün bu amillər idarəçilik bacarığını insanın biosubsperantı əsasında spesifik funksional sistemi yaratmaq üçün sosial imkan kimi təsnif etməyə əsas verir. Həmin funksional sistemin təyinatı idarəetmə subyekti tərəfindən fəaliyyət obyektinin ideal idarəetmə modellərini qurmaq və seçmək və onları arzuedilən nəticələrə nail olmaq üçün reallaşdırmaqdır.

Tərkibinə görə idarəçilik bacarığı iki hissədən ibarətdir: birinci özündə nisbi sabit ideal fəaliyyət modellərini informasiya qabiliyyətini ehtiva edir: ikincisi isə insanın funksional sisteminə xas olan hazırkı fəaliyyət modellərini dəyişmək və reallaşdırmaq xüsusiyyətidir, başqa sözlə, intellektual əməliyyatlar etmək bacarığıdır. Buna uyğun olaraq idarəçilik bacarığının strukturunu idarəetmə obyektinin fəaliyyət modellərini dəyişmək və reallaşdırmaq imkanlarının münasibəti təşkil edir.

 İndi isə idarəçilik tələbatı barədə. Qeyd etdiyimiz imkan idarəçilik fəaliyyəti prosesində bacarıqların miivafiq tələbatlarla dialektik qarşılıqlı təsirdə gerçəkliyə çevrilir. Tələbat insanın inkişaf etməkdə olan sosial mahiyyətinin özünəməxsus ifadəsidir, şəxsiyyətin fundamental keyfiyyətidir. Şəxsiyyətin onu əhatə edən sosial makro və mikromühitdə yaradıcı subyekt kimi asılılığı və vəziyyəti məhz bu keyfiyyətdə ifadə olunur.

 Tələbatın obyektiv əsası şəxsiyyətin faktik və zəruri vəziyyətindən yaranır. Onun zəruri vəziyyətini müəyynləşdirən funksional sistemlərdir. Əgər həmin funksional sistemlər özlərini onlara müvafiq olan fəaliyyətdə reallaşdıra bilmirlərsə, onda tələbat formasında ziddiyyətlər meydana çıxır. Ziddiyyət həmçini fərdin fəaliyyət subyekti kimi cəlb olunduğu fəaliyyət sistemi daha yüksək səviyyəli qabiliyyətləri tələb etdiyi təqdirdə də yarana bilər.

Qeyd edək ki, idarəetmədə sosial tələbat anlayışı hələ özünün dolğun və qənaətbəxş elmi definisiyasını tapa bilməmişdir, baxmayaraq ki, bu tələbat insan cəmiyyəti ilə eyni vaxtda yaranmış və həmişə mövcud olmuş ən mühüm ictimai tələbatlardan biridir. İnsanları müvafiq fəaliyyətə sövq edən idarəetmə tələbatı əzəli sosial əmələgəlmə olub şəxsiyyətin, təşkilatın, yaxud sosial institutun obyektiv vəziyyətidir. Həmin obyektiv vəziyyət idarəetmə subyektlərinin faktik və zəruri vəziyyətləri arasınakı ziddiyyəti əks etdirir.

H.Həzəmmədov göstərir ki, idarəçilik tələbatlarnın mövcudluğunda iki səviyyəni fərqləndirmək olar:

Birincisi, tələbatın idarəçilik tələbatlarının obyektiv zərurəti səviyyəsində mövcudluğu; ikincisi, həmin zərurətin insanın şüurunda əks olunmasının səviyyəsi, idarəçilik tələbatının modifikasiyasını təşkil edən subyektiv formaları.

 İdarəetmə tələbatının subyektiv formaları şəxsiyyətin motivləşmə subsistemini təşkil edir. Bu isə insanın başqasına bir idarəetmə fəaliyyəti obyekti kimi münasibətini xarakterizə edərək həmin insanın idarəetmə sahəsinə praktik cəlb olunmasının əsasını təşkil edir. Bu münasibət və onun əsasında yerləşən fəaliyyət müxtəlif sosial-idarəetmə institutlarında predmetləşir. Bunlarda idarəetmə fəaliyyəti subyektinin motivasiya subsistemi əksini tapır. Həmin fəaliyyətdə bütövlükdə şəxsiyyətin arzuları, səyləri, maraqları, əqidələri, məqsədləri ehtiva olunur. Bütün bunlar insanın idarəçilik tələbatlarını formalaşdırılmaq üçün zəruri məqsədyönlü işi şərtləndirir. Belə bir işin səmərəli olması üçün idarəetmə institutlarınının təkmilləşdirilməsi və yenidən təşkili tələb olunur.

 İdarəçilik fəaliyyəti prosesi idarəetmədə obyektiv sosial tələbatın ifadəsidir, planlaşdırmada, təşkilatda və rəhbərlikdə və ictimai həyat subyektlərinin hərəkətlərinin tənzimlənməsində tələbatların ödənilməsi prosesidir. Bu mənada idarəçilik fəaliyyəti əzəli olaraq ictimai məhsul, ictimai idarəçilik bacarığının inkişafı deməkdir.

 İdarəetmə tələbatlarının və bacarıqlarının qarşılıqlı təsiri. Bacarıq və tələbat bir-birləri ilə nisbətdə olan, bir-birlərini qarşılıqlı şərtləndirən, bir-birindən ayrılmaz, lakin eyni zamanda bir-birlərini istisna edən, yəni eyni bir ictimai hadisənin - idarəetmə fəaliyyətinin əsasını təşkil edən kateqoriyalarıdır. Tələbat fəaliyyətdə reallaşan müvafiq bacarığı meydana gətirir. Həmin reallaşma tələbatın ödənilməsi deməkdir. Bununla yanaşı, tələbat bacarığı inkar edir, çünki tələbatın predmeti özlüyündə bacarıq deyildir. Öz növbəsində bacarıq da tələbatı inkar edir ki, bu da hər birinin varlığının müstəqilliyini bildirir.

Tələbat fəaliyyət vasitəsilə ödənilir, lakin tələbatın fəaliyyət sayəsində ödənilməsi üçün o, insanın əzəli mahiyyət qüvvəsi, yəni onun həmin fəaliyyətə bacarığı kimi reallaşmalıdır. Lakin insanın mahiyyət qüvvəsinin konkret fəaliyyət formasında reallaşması onun varlığının müəyyən potensial, tələbat kimi mövcüdluğunu nəzərdə tutur. İdarəçilik fəaliyyətinin inkşafı ziddiyyətləri aradan götürür, amma onların hərəkəti üçün forma yaradır.

İdarəçilik fəaliyyətinin öz hərəkətinin, öz inkişafının mənbəyi idarəetmədə obyektiv ictimai tələbatla müvafiq bacarığın inkişaf dərəcəsi arasında ziddiyyətdir. İdarəetmənin inkişafı prosesində ziddiyyətlərin kəskinləşməsi əldə edilmiş nəticələrlə idarəetmədə kök salmış metodlarla, idarəçilik üsulları arasında konfliktə gətirib çıxarır. Bu zaman yeni idarəçilik münasibətləri formalarına tələbat yaranır. Həmin yeni formalar isə idarəetmənin bütün metodik arsenalının radikal dəyişməsi və idarəetmə subyekti tərəfindən yeni metodik vasitələrin işlənib hazırlanması sayəsində yaranır. Bu proses isə, əslində, yeni idarəçilik mədəniyyətinin yaradılmasına olan tələbatın meydana çıxması deməkdir.

Azərbaycan tədqiqatçısı Qəşəm Əhmədoğlu göstərir ki, hər hansı bir idarəetmənin yalnız və yalnız o zaman mənası vardır ki, idarəetmə nəticəsində tərəqqi əldə edilsin. Yəni insan obyekti idarə edərək qarşıya qoyduğu məqsədə buya başqa dərəcədə yaxınlaşa bilsin. İdarəetmə nəticəsində hədəfə, məqsədə daha çox yaxınlaşan idarəetmə prosesi həmin zaman üçün daha uğurlu idarəetmə sayılmalıdır. Doğrudur, ola bilsin ki, hər hansı zamanda baş vermiş uğursuzluq başqa bir zamanda daha çox uğurun qazanılması üçün şərait yarada bilər. Bu, tamamilə başqa bir məsələ, başqa bir mövzudur. İndi isə söhbət konkret idarəetmə prosesindən gedir. İcarəetmə prosesinin hər anında, addımında tərəqqinin - hədəfə yaxınlaşmanın müşahidə olunması vacib deyil. İdarəetmə prosesində müxtəlif geriləmənin hədəfdən uzaqlaşmanın, tənəzzülün də müşahidə olunması mümkündür. Hər bir idarəetmə prosesinə yalnız əldə olunmuş nəticə ilə qiymət vermək olar. Ola bilər ki, idarəetmə prosesinin axırınadək olduqca yüksək tərəqqi müşahidə oluna bilər. Amma yekun anında tənəzzül baş vermişsə, idarəetmə prosesi yalnız tənəzzül kimi qiymətləndirilməlidir. Yaxud əksinə, ən son ana qədər yalnız tənəzzül müşahidə olduğu halda ən son anda əldə edilmiş parlaq nəticə bu idarəetmə prosesinə yüksək qiymət verməyi tələb edir. Misal üçün döşək üzərində güləşən güləşçini yada salmaq olar. Yaxud həkimin apardığı əməliyyatı, məktəbdəki təlim-tərbiyə prosesini, siyasi partiyanın seçkiqabağı fəaliyyətini və s.

İdarəetmənin nə dərəcədə uğurlu olmasını müəyyənləşdirmək üçün hər bır idarəetmə prosesində qarşıya qoyulmuş məqsədə görə meyarlar müəyyənləşməlidir. İdarəetmənin nəticəsi də bu meyarlara görə qiymətləndirilə bilər. Bu meyarlar obyektiv meyarlar da ola bilər, subyektiv meyarlar da, normativ meyarlar da. Baxır idarə edənin hansı tip idarə metoduna, dəyərlərə üstünlük verməsinə.

Q.Əhmədoğluidarəetmənin meyarlarındanbəhs edərkən onları: 1) obyektiv; 2) subeyktiv; 3) normativ meyarlara bölür. Alimin fikrincə, obyektiv meyarlar dedikdə idarə olunan obyektin, idarəetmə zamanı qarşıya qoyulan məqsədin mahiyyətindən təbii olaraq doğan meyarlar nəzərdə tutulur. Misal üçün, məqsəd "əhalinin maddi-rifah halının yüksəldilməsi"dirsə, deməli, burada hər bir şəxsin, ümumiyyətlə bütün əhalinin maddi-rifah halının yüksəlməsi üçün onların mahiyyətindən doğan əlamətlərə diqqət yetirilməlidir. Əhali, insanların əmələ gətirdiyi sosial bir sistemdir. Burada elementlərin, alt sistemlərin və nəhayət sistemin özünün mahiyyəti nəzərə alınmalıdır. İnsana bir fərd kimi, maddi rifahhalı olaraq hər şeydən əvvəl aşağıdakılar lazımdır: yemək, geyinmək, yaşayış yeri, təhsil, fəaliyyət sahəsi, informasiya ala bilmə vasitələri müalicə olunmaq, ailə qurmaq, mənəvi olaraq inkişaf edə bilmək imkanları və s. Ailə misalında isə, artıq buraya ailənin bir mükəmməl, mütəşəkkil institut kimi fəaliyyət göstərməsi üçün digər əlamətlər də əlavə olunacaqdır. Misal üçün, dünyaya uşaq gətirmək, onları tərbiyə etmək, birgə fəaliyyət, istirahət imkanları və s. Hər hansı bir təşkilatın. bütün ərazinin maddi rifah halını xarakterizə edən əlamətlər sırasına digərləri də əlavə olunacaqdır. Bütün bunlar sosial sistemin mahiyyətindən doğan əlamətlərdir. Obyektiv meyarlar küllisi təbii ki, real obyektin mahiyyətini ifadə etdiyi üçün sistemli xarakter daşıyır.

Subyektiv meyarlar dedikdə isə idarə edənin idarə etdiyi sosial sistemin mahiyyətinə o qədər də əhəmiyyət verməyərək, yaxud bu mahiyyəti araşdıra bilmək bacarığının, imkanlarının olmaması üzündən öz təxəyyülünə, arzusuna görə seçdiyi əlamətlər nəzərdə tutulur. Yəni o idarəediciyə elə gəlir ki, maddi- rifah halının yüksəlməsi üçün konkret olaraq onun nəzərdə tutduğu əlamətlər olmalıdır. Misal üçün, ailə başçısı öz ailəsini idarə etdiyi zaman ailəsinin maddi- rifah halının əlaməti kimi alkoqol vasitələrinın bolluğunu da nəzərdə tuta bilər. Bu, onun subyektiv meyarıdır. Təbii olaraq, ailənin maddi rifah halına bu bolluğun elə bir dəxli yoxdur. Bu hadisə hər hansı bir bələdiyyə, təşkilat, şəhər və ölkə səviyyəsində də ola bilər. Misal üçün hər hansı bir bələdiyyə rəhbəri, öz ərazisində maddi-rifah halı kimi pivə barlarının, ekzotik heyvanların saxlandığı guşələrin olmasını, kazinoları və s. buna bənzər əlamətləri nəzərdə tuta bilər və s.

Normativ meyarlar dedikdə isə idarəetmə zamanı imkanlar daxilində müəyyən olunmuş, bir norma kimi qarşıya qoyulmuş əlamətlər nəzərdə tutulmalıdır. Yəni idaərəedicinin da, idarə olunanların da obyektiv meyarlar barədə məlumatları ola da bilər, onlar subyektiv olaraq nəyisə arzulaya da bilərlər, amma imkanları konkret olaraq müəyyən meyarları seçməyə imkan verər. Adətən müəyyən böhranlı vəziyyətdə, keçid dövrlərində obyektiv meyarlara uyğun, subyektiv tələbləri də ödəyən normativ meyarların seçilməsi daha məqsədəuyğun olur.

Q.Əhmədoğlu qeyd edir ki, beləliklə, idarəetmənin məqsədi seçildikdən, meyarları müəyyənləşdikdən sonra, elə bir idarəetmə həyata keçirilməlidir ki, prosesin özündə, xüsusilə nəticədə bu əlamətlərə uyğun olaraq həmin məqsədə nail olunsun. Sosial sistemin mühüm xüsusiyyətlərindən biri odur ki, burada idarəetmə prosesinin özündə də insanlar, sosial subyektlər daima qarşıya qoyulmuş hədəfə yaxınlaşmanı, əlamətləri hiss etməlidirlər. Texniki sistemdə buna əhəmiyyət verməmək ola bilər. Təki yekun arzu olunan şəkildə olsun.Amma sosial sistemin özübuya başqa dərəcədə idarəetmədə iştirak edir. Hədəfə yaxınlaşmanın hiss olunması sosial sistemin özündə idarəetmə üçün olduqca əhəmiyyətli ovqat varadır, öz potensiallarını üzə çıxarmağa kömək edir. Digər tərəfdən ortada baş verən hər hansı kəskin bir böhran nəinki insanların ovqatını, əhval- ruhiyyəsini korlaya bilər, hətta onları mənfi, yaxud fiziki olaraq məhv edə bilər.

Ən doğru tərəqqi obyektiv meyarlara görə baş verən tərəqqidir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 7 yanvar.- S.15.