Hüquqi dövlət quruculuğunda
fərdin azadlığı
Bu gün dünya birliyi tərəfindən hər bir insan hakimiyyətin mənbəyi və siyasətin ilkin subyekti kimi tanınmışdır. İnsan hüquqlarını qorumaq və onlara hörmət etmək, bu sahədə müvafiq siyasət həyata keçirmək hər bir ölkənin daxili işi kimi deyil, ümumi qayğı və məsuliyyət predmeti kimi qəbul olunur. Hər bir ölkədə hüququn aliliyi ilə yanaşı, insan hüquqları dövlətin demokratikliyinin əlaməti və beynəlxalq əməkdaşlığın demokratik əsasını təşkil edir. Demokratiya və insan hüquqlarının birbaşa və əks-əlaqəsi olduqca sadədir: insan hüquqlarına hörmət olmadan demokratiya ola bilməz və əksinə, əsl demokratiyanın bərqərar olması insan hüquqlarının təmin edilməsi üçün şərait yaradır.
Hikmət Babaoğlu göstərir ki, insan hüquqlarının dövlətin konstitusiyasına daxil edilməsi konsensusun və siyasi stabilliyin əldə olunması prosesinin başlanğıc nöqtəsidir. Onların konstitusiya səviyyəsində təsbit edilməsi ayrı-ayrı hakimiyyət strukturları və eləcə də, bütövlükdə, dövlət hakimiyyəti tərəfindən hakimiyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır və totalitar idarəetmə formasının təşəkkülünün qarşısını alır. İnsan hüquqlarının inkişafı prosesi bir-birinə qarşılıqlı təsir edən istiqamətlərdə baş verir. İnsan hüquqlarının milli sistemləri fərdin azadlıqlarının həyata keçirilməsinə özünün bəzən spesifik olan yanaşmasını müəyyən edir. Beynəlxalq səviyyədə isə insan hüquqları standartlarının unifikasiyası baş verir.
Beləliklə, tamamilə aydın görünür ki, bir tərəfdən, insan hüquqları problemi hər bir insana aid olan mövzudur, digər tərəfdən isə bu problem ayrıca olaraq bir dövlət çərçivəsində mövcud deyil, beynəlxalq hüquqi-siyasi fəaliyyətin obyektidir və onun tədqiqi sahəsinin genişləndirilməsi ictimai proseslərin müasir inkişafında vacib istiqamət kimi çıxış edir.
Həyat göstərir ki, ifrat, mütləq, qeyri-məhdud şəxsi azadlığı müdafiə edən ideya düşmənlərimiz, hətta kapitalist münasibətləri çərçivəsində həyata keçirilə biləcək məhdud hədlərdə də ayrıca bir fərdin azadlığının həqiqətən həyata keçirilməsi üzərində düşünməkdən çox-çox uzaqdırlar. Amerikan demokratı A.Linkoln "azadlıq" sözündən məhdud eqoist məqsədlər üçün istifadə edilməsindən danışaraq qeyd edir: "Bəziləri üçün "azadlıq" sözü hər kəsin özünə və öz əməyinin məhsuluna istədiyi kimi sərəncam vermək imkanı deməkdir. Başqaları üçün isə eyni söz, bəzi adamların başqalarına və özgənin əməyinin məhsuluna istədiyi kimi sərəncam vermək imkanı demək ola bilər".
Şəxsi azadlıq məsələsinə tədqiqatçılar tamamilə başqa mövqedən yanaşır. Şəxsiyyət azadlığının kollektivçilik nöqteyi-nəzərindən izahı buna əsaslanır ki, cəmiyyətdən kənardan nə şəxsiyyət, nə də azadlıq vardır. Bu məsələdə bəşəriyyətin qabaqcıl mütəffəkirlərinin ənənələrini inkişaf etdirilir. Cəmiyyət ilə şəxsiyyətin bir-birindən ayrılmazlığı göstərilir.
Antuan de Sent-Ekzüperi özünün "Adamların planeti" adlı gözəl əsərində hətta öz adını itirmiş və bütün qullar üçün ümumi olan "Bark" ləqəbi daşıyan qara qul haqqında söhbət açır. Barkı əsirlikdən pulla satın almış və ona azadlıq vermişlər. Lakin bu əhvalat onun vətənindən, yaxın adamlarından çox uzaqlarda baş vermişdi. Bəs nəticəsi nə oldu? "Azadlıq ona kədərli görünürdü - özünü bütün dünya ilə yenidən birləşdirə biləcək tellər üçün darıxırdı. ...Ona hamı azad bir insan kimi hörmət edirdi... Lakin heç kəsin ona ehtiyacı yox idi. O, sərbəst idi, bəli, hədindən artıq sərbəst idi. Yer üzündə həddindən artıq azad və sərbəst gəzib dolaşırdı. Ona, insanın yerişini ağırlaşdıran bir yığın insani münasibətlər çatışmırdı, ona köz yaşları, vidalaşma, tənə, fərəh - bir sözlə, insanın özünün hər hərəkəti ilə əzizləyib qəlbində bəslədiyi, yaxud qırdığı, hər bir insanı başqaları ilə birləşdirən və onun çəkisini artıran saysız-hesabsız tellər çatışmırdı". Doğrudan da, fərdin azadlığı özünün əsl mahiyyətini və dolğunluğunu yalnız o zaman əldə edir ki, bu azadlıq ictimai münasibətlər sistemində bir moment kimi aşkara çıxıb, özünü göstərir, şəxsiyyətin başqa adamların fəaliyyətilə uyğun və qarşılıqlı əlaqədə olan fəaliyyəti kimi meydana çıxır. Şəxsi azadlığın ictimai determinikliyini xüsusi qeyd etməklə biz bütün şəxsiyyət azadlığı problemini möhkəm əsaslar üzərində qoymaq imkanı əldə edirik.
Doğrudan da, şəxsiyyət azadlığı ictimai azadlıqdan törəmədir, lakin bununla belə onun eyni deyildir. Əgər ictimai zərurət yalnız özünün birtərəfli, düz xətlə, heç bir təsadüflərə məruz qalmadan, hadisələrin kedişinə konkret xüsusiyyət verən çoxlu imkanlardan yan keçərək getmiş olsaydı, bu halda "azadlıq dərk edilmnş zərurətdir" formulu fatalizmin müqəddəsləşdirilməsinə xidmət etmiş olardı. İctimai faktların əlaqəsinin ehtimal xarakteri dialektik determinizm mövqelərindən tamamilə izah edilən bir şeydir və bu hərəkət azadlığının mövcudluğunu nəinki inkar eqmir, əksinə, onu nəzərdə tutur. Aydındır ki, heç də imkanların hamısı eyni dərəcədə ağlabatan deyildir, lakin bu imkailar azad hərəkətin ilkin şərtləri kimi mövcuddur. K.Marks və F. Engels hələ ilkin əsərlərində şəxsi azadlığı özünün əsl fərdilik təzahürünün müsbət bir qüvvəsi kimi səciyyəndirmiş və azadlığı təmin etmək üçün "...hər kəsə onun vacib həyati təzahürləri üçün zəruri ictimai imkanlar yaratmağı" lazım bilmişlər.
Buna əsaslanaraq göstərməliyik ki, şəxsi azadlıq probleminin nəzəri mahiyyəti şəxsiyyətin konkret-tarixi təbiətini, onun həyat məqsədlərinin xarakterini aydınlaşdırmaqdan, şəxsi varlığın zəruri və arzu olunan məqsədlərini seçməyin və əldə etməyin obyektiv imkanlarını təhlil etməkdən ibarətdir. Şəxsi azadlıq problemi ayrı-ayrı insan taleyinin və ictimai determinizmin, fərdi həyatı ilə ictimai həyatın qarşılıqlı surətdə bir-birinə nüfuz etməsi problemidir. Ç.Rayt Millsin ifadəsincə, bu, "tərcümeyi-halın tarixilə əlaqəsi məsələsidir".
Müxtəlif cəmiyyətlərdə, müxtəlif ictimai pillələrdə duran adamlarda istər azad hərəkətlərə olan tələbat və istərsə də bu hərəkətlər haqqındakı təsəvvürlər və azadlıq adlanan fəaliyyətin xarakterinin özü belə bir-birindən olduqca fərqlidir. Əgər şəxsi azadlıq şəxsiyyətin özünün əsl fərdiyyətinin müsbət təzahür qüvvəsi kimi nəzərdən keçiilərsə, o zaman etiraf etmək lazım gəlir ki, şəxsi azadlığın səviyyəsi, hüdudları, istiqaməti yalnız ən yüksək tarixi konkretliklə müəyyən edilməlidir.
V.Davidoviç yazır: "Bəzən deyirlər ki, şəxsi azadlıq başlıca olaraq və hər şeydən əvvəl insan üçün zahiri məcburiyyət üzündən deyil, öz iradəsinə uyğun olaraq düşünmək və hərəkət etmək imkanından ibarətdir. Belə ümumi tərif, təəssüf ki, şəxsiyyətin tədqiqinə tətbiq edildikdə, o qədər də çox şey vermir. Şəxsiyyətin konkret - tarixi təbiətini, onun ictimai varlığının üsullarını və formalarını, cəmiyyətlə birləşməsinin xarakterini aydınlaşdırmadan şəxsi azadlıq haqqında danışmağa da dəyməz.
Azadlıq heç də donmuş, birdəfəlik verilmiş, statik bir şey deyildir. Yox, azadlıq hərəkətdir, prosesdir, o, mahiyyət etibarilə, eyni zamanda fəal bir varlığın həm məqsədi, həm də vasitə və şərtidir. Bəşəriyyətin azadlığa doğru hərəkəti dünyanın dərk edilməsi və dəyişdirilməsi imkanları kimi intəhasız və hüdudsuzdur. Kommunist insanlığının birgə qüdrəti nə qədər çox olarsa, bəşər övladının yaradıcılıq qüvvələri bir o qədər zəngin və geniş meydan alar, hər bir adamın da azadlığı bir o qədər parlaq və dolğun olar.
H.Babaoğlu qyed edir ki, müasir demokratik cəmiyyətdə mövcud olan milli hüquq-müdafiə mexanizmlərinin səmərəliliyi, ilk növbədə, dövlətin bu sahədəki fəaliyyətindən və onun müvafiq istiqamətdə həyata keçirdiyi siyasətdən asılıdır. Çünki birincisi, dövlətin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətlə məşğul olmağa borclu olan orqanlar sistemi vardır. İkincisi, dövlətin öhdəsində təkcə pozulmuş hüquq və azadlıqların müdafiəsi və bərpa edilməsi üçün deyil, həm də belə pozuntulara yol verməmək üçün səmərəli vasitə vardır. Üçüncüsü, təkcə dövlət orqanının qəbul etdiyi normativ akt bütün digər aktlara münasibətdə zəruri mütləq qüvvəyə malikdir. Dördüncüsü, dövlətin əlində insan hüquq və azadlıqların pozulmasında günahkar olanları məsuliyyətə cəlb etmək üçün məcburetmə aparatı vardır. İnsan hüquqları ideyası son onilliklərdə Azərbaycan ictimai şüurunda möhkəm yer tutmuşdur. Bu da onunla bağlıdır ki, insan hüquqları və azadlıqlarının təmin olunması məsələlərinə Azərbaycan Respublikasında xüsusi diqqət yetirilir və onların reallaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev 29 sentyabr 1994-cü il tarixdə BMT-nin Baş Məclisinin 49-cu sessiyasında bəyan etmişdir: "Bizim respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur... Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur".
Müstəqillik illəri ərzində Azərbaycanın ictimai şüurunda insan hüquqları ideyasının möhkəm təsdiq edilməşi həm də qanunauyğun şəkildə ölkədə getdikcə genişlənmiş ümumi demokratikləşmə prosesləri ilə bağlıdır. Yeni Azərbaycan dünya birliyinin humanitar sahədə qəbul etdiyi əsas standarlarını tanıyaraq, öz üzərinə insan hüquqlarının təmin edilməsi və müdafiəsinə dair öhdəliklər götürmüş və onunla razılaşmışdır ki, bu hüquqlar təbii və ayrılmazdırlar.
Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir. Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası başlıca rol oynayır. Konstitusiya demokratik prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin legitim əsaslarını yaratmış, dövlət və şəxsiyyət arasında yeni münasibətlər sistemini təsbit etmişdir. İnsan və vətəndaşın hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır və onların müdafiəsinə dövlət xüsusi təminat verir. Konstitusiya tənzimlənməsi ölkənin Əsas Qanununda bu sahədə mövcud olan bütün beynəlxalq standartlara cavab verən insan və vətəndaş hüquq azadlıqlarının bütöv kompleksinin tam və ardıcıl təsbit olunmasına imkan vermişdir. Bütün bunlara, həmçinin, respublikamızda aparılan islahatlar da yönəlmişdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair dövlətdaxili vasitələr müvafiq beynəlxalq norma və vasitələrlə tamamlanır. Bu sahədə ümumən tanınmış beynəlxalq prinsip və normalara hər bir dövlətin, o cümlədən, Azərbaycanın normaları və aktlarının uyğunlaşdırılması prosesi, ilk növbədə, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə yönələn dövlətdaxili milli xarakterli tədbirlər sisteminin yaradılmasını nəzərdə tutur.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 10 yanvar.-
S.15.