Hüquqi dövlətdə əxlaq və
azadlıq
Hüquqi dövlətdə şəxsiyyət həmişə kollektiv fəaliyyətin subyekti kimi çıxış edir. İnsan başqa adamlarla əlaqə və ünsiyyət yaratmadan və bundan kənarda öz insani davranışını həyata keçirə bilməz. İnsanların qarşılıqlı surətdə bir-birinə ehtiyacı vardır. Lakin şəxsiyyət öz iradəsini ifadə etdikdə və həyata keçirdikdə başqa adamların iradəsi ilə, onların mənafe və arzuları ilə, cəmiyyətin ümumi iradəsi ilə üz-üzə gəlir.
V.Davidoviç yazır ki, ayrı-ayrı adamların, şəxsiyyət və cəmiyyətin mənafe və arzuları çarpazlaşdığı, toqquşduğu yerdə davranışların ictimai tənzimi problemi də, davranışda mümkün olan və yol verilən cəhət və hədləri müəyyən edən ictimai formalar məsələsi də meydana çıxır. Davranışı təzim edən normalar rəngarəng və müxtəlifdir. Bunların içərisində biz hüquqi, inzibati, dini ayin, şərti (ədəb, mərifət, təşrifat qaydaları) normalarına idman oyunları və başqa oyunların şərtlərinə, nəqliyyat hərəkəti şərtlərinə, səhiyyə-gigiyena normalarına və i. a. rast gəlirik. Bunların içərisində əxlaq prinsipləri sistemi xüsusi yer tutur. Məhz əxlaq qərarın qəbul edilməsi prosesini, sərbəst hərəkətdə iradənin ifadəsi prosesini birinci növbədə izah edir.
Fərdi psixologiya hüdudunda azad iradə problemi tamamilə həll edilə bilməz. Yalnız fərdin iradəsini cəmiyyətin və ya başqa adamların ona verdiyi tələblərlə müqayisə etdikdə şəxsiyyətin iradəsinin öz azadlığını necə büruzə verdiyini aydınlaşdırmaq üçün yol açmaq olar. Məhz burada əxlaq problemi, əxlaq azadlığı məsələsi meydana çıxır. Nə qədər ki insan təcrid olunmuş halda nəzərdən keçirilir, əxlaq haqqında da danışıq ola bilməz. Fərdin, başqa adamların mənafeyinə toxunmayan hərəkətləri, öz "mən"inin ictimai əsasına toxunmayan hərəkətləri mənəvi cəhətdən bitərəf qalmış olur. Təklikdə qalan subyekt öz qınına çəkilib burnunu qurdaladıqda qeyri-əxlaqi heç bir hərəkət etmir, onun əməli yalnız natəmizlik kimi qiymətləndirilə bilər, amma xeyir ilə şər probleminə bunun heç bir dəxli yoxdur. Lakin alkoqoliklər, narkomanlar və özünü öldürənlər təkcə özlərini fəlakətə salsalar da, onların hərəkəti əxlaqi cəhətdə fəlakətli bir hərəkət kimi qiymətləndirilir. Belə adamlar öz davranışı ilə özləri özlərini məhv edirlər, bir şəxsiyyət kimi özlərinin üzərindən qələm çəkirlər. Bunun isə artıq cəmiyyətin mənafeyinə dəxli vardır. Köhnə bir aforizmdə deyilir ki, xeyirxahlıq üçün birisi kifayətdir, günah üçün isə ən azı ikisi lazımdır. Bu aforizm müəyyən dərəcədə yüngül deyilmiş olsa da, onun əsası çox dərindir. Doğrudan da, əxlaqın ictimai vəzifəsi məhz ondan ibarətdir ki, insanların əməllərini cəmiyyətin mənafeyi baxımından tənzim edib qiymətləndirsin. Yeri gəlmişkən demək ki, əxlaq konkret tarixi xarakter daşıyır, sinifli cəmiyyətdə bu və ya başqa bir sinfin xarakterik xüsusiyyətlərini özündə daşıyır, spesifik peşə xüsusiyyətlərinə və s. malik ola bilər.
Həmçinin qeyd edək ki, mənəviyyata yaxın olan, lakin onunla eyniyyət təşkil etməyən adət, ənənə, ictimai rəy, ictimai əhvali-ruhiyyə kimi ictimai-psixoloji amillər də insanın rəftarına və onun davranış azadlığına təsir göstərə bilər. Əxlaqi münasibətlər sahəsində azadlıq nə deməkdir?
Əxlaqı üç cəhətdən nəzərdən-keçirmək olar. Cəmiyyət tərəfindən kənardan fərdi tələblər verilməsi kimi, fərdin ictimailiyinə qəti müraciət edilməsi, onun davranışının tənzim edilməsi kimi (əxlaq normaları). Fərdin bu ictimai tələblərə daxili münasibəti, bu tələbləri dərk edib qiymətləndirməsi, onları öz niyyətləri ilə yoxlayıb tutuşdurması kimi (əxlaqi mənlik şüuru). Nəhayət, öz niyyət və məqsədlərini ictimai normalara uyğun və ya onların ziddinə olaraq, öz davranışlarında və hərəkətlərində həyata keçirməsi kimi (əməli əxlaq).
V.Davidoviç qeyd edir ki, əxlaq normaları içərisində elə normalar vardır ki, bunlar xeyirxahlıq deyilən şeyləri etməyə icazə verir, buna təhrik edir və ya şər adlandırılan şeyləri qadağan edir, ondan çəkindirir. Bu normaların şəxsiyyətin şüurunda əks olunması, bunlara onun subyektiv münasibəti, bunların dərk edilməsi və əməli davranışı əxlaqi azadlıqın məzmununu təşkil edir. Mənəvi azadlıq, əslində, insanın daxili azadlığının cəhətlərindən birinin özünəməxsus və ən təsirli ifadəsidir.
Mənəvi azadlıq, fərdi davranışı müəyyən edərkən, cəmiyyətin tələbləri ilə öz niyyətləri arasında yüksək nisbət axtarıb tapanda şəxsi və ictimai mənafelər arasında şüurlu surətdə ahəngdar uyğunluq yaratması şəklində özünü göstərir. Əgər insan ictimai tələblərə özünün subyektiv münasibətini bildirmək üçün real imkanlara malik olmasa, heç bir əxlaqilik haqqında danışıq belə ola bilməz. Sovet tədqiqatçısı V.V.Sokolov Spinozanın azad insan idealını nəzərdən keçirərkən doğru demişdir: "Görünür, şəxsiyyət ona görə şəxsiyyət sayılır ki, öz dünyagörüşünün ictimai şərtlənməsinə - ayrı-ayrı tarixi dövrləri və eyni insanın həyatının müxtəlif dövrləri üçün müxtəlif olan - müəyyən hədlər qoyur. Hər bir adamın dünyagörüşünün təşəkkül tapması üçün bu şərtlənmənin həlledici əhəmiyyətini tamamilə dərk etməklə bərabər, ictimai fatalizm mövqeyinə yuvarlanmadan və şəxsiyyətin özünün yaradıcılıq imkanlarına etinasızlıq göstərmədən bu əhəmiyyəti mütləq və qəti hesab etmək olmaz".
Şəxsiyyətin məhz bu imkanı ictimai meyillərdən asılı olan hüdudlar daxilində müəyyən davranış etməkdə öz iradəsini göstərməsi imkanı əxlaqi azadlıqdır. İradə azadlığı adlandırılan psixoloji qabiliyyət əxlaqi davranışın müqəddəm şərti və əsasıdır, çünki əxlaqın da xarakter cəhətlərindən biri hərəkətin könüllü olmasıdır. Bu olmayan yerdə əxlaqi davranışa, əxlaqi qiymət verməyə, məsuliyyətə yer yoxdur.
Etikada azadlıq, başqa cür deyil, məhz belə hərəkət etmək lazım gəldiyinə, daxili inama əsaslanan müəyyən mövqeyin şüurlu surətdə seçilməsi kimi izah edilir. Əxlaqi qiyməti dərk edilən davranış azadlığı, əslində, əxlaqdan kənarda olan iradəsiz mexaniki davranışa qarşı durur. Əsil əxlaqi hərəkət həmişə həmin hərəkətin qəti zəruriliyini aydın dərk etmiş olan fərdin öz iradəsinin yerinə yetirilməsidir. Qeyd etmək vacibdir ki, davranışın müəyyən xarici məcburiyyət (hüquqi və avtoritar) üzündən şərtlənməyib, öz zəruriliyinə olan daxili inamla əsaslandırılması mənəvi azadlığın həlledici cəhətlərindən biridir.
Əxlaqi azadlığı nəzərdən keçirərkən azad iradənin etikanın çox mühüm kateqoriyaları olan xeyir və şərə münasibət məsələsi meydana çıxır. Məsələnin mahiyyəti belədir: mənəvi şər kimi qiymətləndirilən, obyektiv surətdə qeyri-əxlaqi olan özbaşına davranış halını əxlaqi azadlığın təzahürü hesab etmək olarmı? Yaxud əxlaqi azadlıq yalnız insanın yaxşılıq etdiyi zaman və yerdə mövcuddur? Xristian ilahiyyatçıları bu barədə çox qəribə və tamamilə müəyyən surətdə fikir söyləyirlər. Bu vaxtadək əxlaqi ilahiyyatda (xüsusən pravoslav nəzəriyəçiləri) azadlıq probleminə dair Avqustin konsepsiyasına üstün yer verilir.
Avqustinə görə təkcə Adəm, günah işlədənədək azad iradəyə malik olmuşdur. İlkin günah Adəmin bütün nəsillərini şər girdabına salmışdır. Günaha batmış insanlar yaxşılıq yolundan çıxmış və müstəqil olaraq yaxşılıq etməyə qabil deyillər. Bəşər cinsinin ümumi günahkarlığı və qüsurluluğu barəsindəki mənhus iddialar belə bir nəticəyə gətirib çıxarır ki, insan yalnız bir azadlığa - pislik etmək azadlığına malikdir. Əgər insan yaxşılıq edirsə, bu, heç də onun xidməti sayıla bilməz. Bu halda insanı nə isə yuxarıdan Allah tərəfindən nazil olunmuş "nemət" hikməti-ilahi hərəkətə gətirir. Aydındır ki, Avqustinin mövqeyi ilkin şəklində saxlanmamışdır. Çünki bu mövqe insana qarşı çox qəddardır. V.Dolya haqlı olaraq qeyd edir ki, "Müasir pravoslav ilahiyyatçıları bu təlimin fatalizmini bir qədər təshih etməyə cəhd edirlər, Avqustini və onun ardıcıllarını tənqid edirlər, lakin bu tənqid Avqustinin məşhur ardıcıllığından yalnız imtina etmək deməkdir".
Bu təshihlər cüzidir, bunlar belə xəfif hənirtidən ibarətdir ki, insanın guya heç olmazsa kiçik bir yaxşılıq etmək qabiliyyəti var imiş. Lakin bu özü də iradə azadlığının yalnız zahiri görünüşüdür. Azadlığın real təzahürünə gəldikdə isə, bu, yalnız pislik etmək üçün imiş. Əxlaqi ilahiyyatın müasir şərhçiləri açıqcasına deyirlər: "Biz Allahın köməyi olmadan nəinki xeyirxahlıq edə bilər, hətta xeyirxahlığı fikrimizə gətirə bilərikmi? Xilaskar deyir ki, mənsiz heç bir şey edə bilməzsiniz".
Bütün bu və buna bənzər tezisləri ümumiləşdirsək, onda belə çıxır ki, əxlaqi azadlıq bir növ ilahi sınıq kimi, pisliyə meyil etmək ilə günahdan yayınmağın ikisindən birini seçmək kimi şərh olunur. İnsan Allaha arxalanmadan özü-özlüyündə heç bir müsbət addım atmağa, xeyirxahlıq etməyə qabil deyildir. Məhz buna əsasən azad iradə əxlaqsızlıqla, günahlılıqla, şər ilə eyniləşdirilir, tabelik, özünü qurban vermək, mühitdən uzaq düşmək isə əxlaqi davranışa doğru yeganə yol hesab edilir. İlahiyyatçı M.Olesnitski yazır: "Günahın sirri-azadlığın sirridir". Şübhəsiz ki, əxlaqi azadlığın belə şərh edilməsi humanistlikdən kənardır.
Əxlaqi cəhətdən azad olan ilə obyektiv surətdə əxlaqi olan arasındakı qarşılıqlı əlaqə məsələsini düzgün həll etmək üçün "xeyir" ilə "şər" anlayışlarının mahiyyətini ifadə enən xarakterik cəhətlər üzərində qısaca dayanmaq lazımdır. Fərdin davranışına cəmiyyətin verdiyi əxlaqi qiymət bu anlayışlar da ən cəmləşdirilmiş və ümumiləşdirilmiş halda verilmişdir. Bu anlayışlar bir-birinə münasibəti olan, bir-birinə tamamilə zidd olan, bir-birini inkar edən anlayışlardır. Əgər "xeyir" kateqoriyasında insanın hərəkətlərinə müsbət qiymət verilməsinə dair, bu hərəkətlərin əxlaqi ideala uyğun gəlməsinə dair təsəvvürlər təcəssüm etdirilirsə, "şər" anlayışında isə insanların ideallarına və sərvətlərinə zidd olan, səadətin əldə edilməsinə, tərəqqinin bərqərar olunmasına mane olan təsəvvürlər ifadə edilmişdir. Bütün başqa əxlaqi anlayışlar kimi, etikanın bu əsas kateqoriyaları da tarixən dəyişkəndir, nisbidir, mütəhərrikdir. Əxlaqın obyektiv meyarının marksist-leninçi şərhini əsas tutaraq qeyd etmək lazımdır ki, biz xeyirxahlıq dedikdə geniş mənada insanların işlərində olan və kommunizmin qələbəsinə doğru gedən istiqamətdə ictimai tərəqqinin sürətlənməsinə kömək edən hər şeyi başa düşürük. Xeyirxahlıq işlərinin sahəsi çox genişdir. O, əsaslı ictimai problemlərdən tutmuş gündəlik məişət münasibətlərinədək insan həyatının bütün tərəflərini əhatə edir. Buna müvafiq olaraq, "şər" xeyirxahlığın ziddinə olan hər şeyi özündə cəmləşdirir, ictimai tərəqqini ləngidən, insanı geri çəkən tənəzzül anları şərdə öz ifadəsini tapır.
Ulu Öndər Heydər Əliyev mənəviyyata, əxlaqa yüksək qiymət verərək deyirdi: "Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir. Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb və gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir.
Hər bir insan üçün yüksək mənəviyyat ən ali amil olmalıdır. Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur. Yaşayırıq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq. Bu yolda hamımız bir olmalıyıq. Mənəviyyat, əxlaq hər şeydən yüksəkdir. Hamı bizim milli ideologiyamızın, milli əxlaqımızın, mənəviyyatımızın prinsipləri əsasında yaşamalı və işləməlidir. Mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz.
Təcrübə də göstərir ki, məsuliyyətlə işləyən adam, öz məsuliyyətini dərk edən adam həm xalqına, ölkəsinə mənfəət verir, həm də özünə, birinci növbədə mənəvi cəhətdən çox böyük mənfəət gətirir. İnsan inanmalıdır ki, hər şeyə nail olmaq - cəmiyyəti də düzəltmək, insanların əxlaqındakı mənfi cəhətlərdən də insanı xilas etmək, onu tam mükəmməl etmək olar.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 16 yanvar.- S.15.