20 Yanvar faciəsi vahidliyin, azadlığın və müstəqilliyin
şanlı tarixidir
Azadlığa uzanan yollar heç vaxt hamar və düz olmur. Odlardan, tikanlardan, ölüm püskürən tankların, mərmilərin, topların hədəfindən keçir. Elə bu çətinliyə görə də azadlığın şirinliyini dadmaq üçün üzləşdiyimiz ağır yolları dəf etməyi bacarmalıydıq. Türk dünyasının böyük şairi Hüseyn Cavidin dili ilə desək:
Azadlıq öylə nazlı afət ki, tək vüqar,
Qan tökülmədikcə üzə gülməz o işvəkar.
Ötən əsrin 70-ci illərindən başlanan milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.
Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovet İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən, dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
Qorbaçov-erməni işbirliyi tərəfindən 1987-ci ildə istefaya göndərildikdən sonra Heydər Əliyevin özünə və ailəsinə qarşı təzyiqlər gücləndi. Amma Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılmasının ən ağır zərbəsi Azərbaycana dəydi. Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları güclənməyə başladı. 1988-ci il fevralın 20-də Xankəndidə vilayət xalq deputatları sovetinin sessiyası Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” barədə qərar qəbul etdi. Moskvanın erməni separatçılığına münasibəti anlaşılmaz olur, hətta Sov.İKP.MK DQMV-nin birləşdirilməsinin qeyri-mümkünlüyü barədə əlahiddə qərar da qəbul edir. Qərarda haqlı olaraq, bunun qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyi qeyd olunurdu. Lakin bu qərar kağız üzərində qalır, Dağlıq Qarabağ ətrafındakı siyasi ehtiraslar getdikcə şiddətlənirdi. O illərdə Azərbaycan xalqının əleyhinə nə qədər qərəzli məqalələr dərc olunur, sərt hücumlar edilirdi. O illərdə Heydər Əliyev erməni lobbisinin və şovinist dairələrinin süni şəkildə yaratdığı tam siyasi izolyasiyada idi. Azərbaycan xalqı müdafiəsiz və himayəsiz qalmışdı.
M.S.Qorbaçovun Azərbaycana, xalqımıza düşmən münasibəti ağır nəticələrə səbəb oldu. M.S.Qorbaçov tərəfindən respublikaya rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin “səyləri” nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, anti-Azərbaycan siyasəti həyata keçirilirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xalqımıza qarşı misli görünməmiş qəddarlıq törədildi. Azərbaycan xalqı totalitar kommunist rejiminin hərbi təcavüzünə tuş gəldi. Xalqın inam və iradəsini qırmaq, mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq üçün dinc əhaliyə qarşı edilən ağır cinayət nəticəsində yüzlərlə insan yaralandı və qəddarcasına qətlə yetirildi.
Bakıdakı qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev İttifaq mərkəzinin Bakıda törətdiyi vəhşiliyə qarşı kəskin bəyanat verdi, bu cəlladlığı pislədi. Qorbaçovun əli ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, sözün həqiqi mənasında, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi. Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər. Ona görə də bu dahi insanın Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, Ulu Öndərin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərində çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.
20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Ulu Öndərin tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur.
1990-cı ilin qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Başına çox bəlalar gəlmiş Azərbaycan zaman-zaman düçar olduğu qasırğalardan, haqsızlıqlardan məhz fədakar övladlarının şücaəti sahəsində qalib çıxıb. O qanlı-qadalı qış gecəsində doğulan körpələrin indi 25 yaşı var. İnanmaq istəmirsən ki, aradan bu qədər illər keçib. Sanki dünən hər şey olmuş kimi təptəzədir. Hələ də gözlərimiz önündən bozhavalı, qüssəli Bakının o qəhərli günləri çəkilmir. Əlbəttə, 20 Yanvar əslində millətimizin qürur və şərafət günüdür. Nail olduğumuz azadlığı kimdənsə sovqat almadıq. Onu qanımızla, canımızla torpağa tapşırdığımız müqəddəs əmanətlərimizlə əldə etdik. Paytaxtımızın Dağüstü Parkında öz varlıqları ilə hopduqları torpağı millətin hünər dastanına çevirən şəhidlərin ruhu ilə qazandıq. Ötən əsrin əvvəllərində də bu yerlərdə erməni daşnaklarının və bolşeviklərinin güdazına getmiş soydaşlarımız dəfn edilmişdi. Amma sovet rejiminin sərt qanunları çox şeyin, hətta yaddaşımızın üstündən də qara xətt çəkmişdi. Torpaq isə heç nəyi unutmur. Yeni qurbanların qoynuna alanda naməlum şəhidlərin dağılmış sümükləri üzə çıxdı. Bu, tarixin ən ağır ittihamı olsa da, millətimizin suçu deyildi.
Xalq o vaxta kimi inandığı, güvənc yeri sandığı sovet ordusunun bu vəhşiliyinə qarşı etiraz səsini ucaltdı. Ən ağır gündə xalqın bütün təbəqələri, sıravi vətəndaşlardan tutmuş ziyalılara qədər hamı yumruq kimi birləşib, o ağır günləri birlikdə yaşadı.
Bir şahid kimi mən ilk dəfə şəhidlərin şərəfli ölümü önündə sağ qaldıqlarına görə xəcalət çəkən insanlar gördüm. Bizim hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyinin, eyni dərdin, fəlakətin içində candan-qandan yaratdığı həmrəyliyin şahidi olduq. O gün millətimizin Azərbaycan adlı müqəddəs bir anası var idi. Məhz yeganə anası... Yaşından, başından asılı olmayaraq hamımız bu mərd və dərdli ananın başına qara şal bağlamasının səbəbkarlarına-qatillərə, qaniçənlərə nifrət bəsləyirdik. O gün cocuğundan ahılına kimi hamı döyüş ruhunda idi. O gün insanlar necə qorxmaz, cəsarətli, vüqarlı görünürdülər. Dərd bizi ağlatsa da, içimizi yesə də, gözümüzü göynətsə də, vüqarımızı əyə bilməmişdi. O gün Bakının bütün küçələrinə sanki qərənfil yağışı yağırdı.
O günlərdə Ramiz Quliyevin tarı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qoboyu millətin dərdini öz yanıqlı sədalarında dilə gətirirdi. Hər kəsin ürəyindən bu keçirdi ki, qoy haqqın fəryadı bitməsin. Şairlərimizdən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Nüsrət Kəsəmənli, Fikrət Qoca və digərləri də o ağır günlərin dərdini misra-misra dilə gətirdilər.
20 Yanvar faciəsi ürəkləri tar-mat etdi, hər tərəfi bürümüş qırmızı qərənfillərin harayı o dövrdə Məmməd Aslanın misraları ilə anaların fəryadına qarışdı:
Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
O gecə Azərbaycanda başqa bir şərəfli ad da doğuldu: Şəhid Anası! Xalq şairi Fikrət Qoca bu dərdli analara həsr etdiyi şeirlərinin birində ürək ağrısı ilə deyirdi:
Dərd
daş atar, ayna sınar,
Sınar evin sonası da.
Dönər şəhid anasına
Dünyaya gələn analar.
Əslimiz və sonumuz olan torpaq həqiqətən
möcüzədir. Ona baş
əyəni göyə
qaldırır. Yolunda ölümə
sinə gələni şəhidliyə ucaldır.
Bu qeyri-adi rütbənin
epiteti isə ölümsüzlükdür.
Şəhid adı Tanrı yanında ən uca məqamdır. Müqəddəs kitabımızda da bu haqda danışılır.
Şəhidlik ən öncə
anamıza ana olan vətəni, ata-babalarımızdan bizə
miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz
önünə alıb
döyüşə atılmaq
deməkdir.
Unudulmaz
şairimiz Bəxtiyar
Vahabzadə bir-birinin ardınca yazdığı
şeirlərində sanki
düşüncələrimizə qanad verirdi:
Şəhidlərin hamısı bənzəyir bir-birinə,
Bir bax qəbirlərinə!
Hamısı qıpqırmızı qərənfilə bələnmiş,
Hamısı bir biçimdə,
bir boyda cərgələnmiş,
Səbəb birdir, əməl
bir, hədəf birdir, hədə bir!
Şəhidlər heç zaman sadə insanlar kimi dünyasını dəyişmirlər. Onlar öz ömürlərini
yurdun ömrünə
calayırlar. Şəhid ömrünün
qarşısında əbədiyyət
kəlməsi belə
sönük görünür.
Belələri ölüb getsələr
də, zaman-zaman xalqın xatirəsində
yaşayırlar. İgid oğulları olan
xalq yada, namərdə baş əymir, qələbələr
qazanır. Ən yeni
tariximizin qanlı səhifələri bunu bir daha aydın
şəkildə əks
etdirir.
Şəhidlər ölmürlər. Onların igidliyi, qəhrəmanlığı
zamanı keçdikcə
əfsanəyə dönür,
nəsildən-nəslə ötürülür, şeirə,
dastana çevrilir.Şeir
dili ilə desək:
Bir dəli gülüşün
uğuntusunda,
Körpə bir işığın
qığıltısında,
Elin şad günündə, elin yasında
Şəhidlər qayıdar yenə bu yurda.
“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti
31 mart 1998-ci il tarixdə Fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir.
1990-cı il yanvarın 20-də keçmiş
SSRİ silahlı qüvvələrinin
Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü
zamanı həlak olmuş şəxslərə
“20 Yanvar şəhidi”
fəxri adı verilmişdir. 20 Yanvar hadisələrində şəhid
olanların, itkin düşənlərin ailələrinə
və əlil olan şəxslərə
hər il
birdəfəlik dövlət
yardımları edilir.
Tariximizin bu şanlı səhifəsi incəsənətimizdə
də dərin iz qoyub. Bunu 20 Yanvara
həsr edilmiş təsviri sənət, musiqi, kino və
xalça memarlıq nümunələrində görmək
olar. Bakının Yasamal rayonundakı
“20 Yanvar” dairəsində,
Həsən bəy Zərdabi və Müzəffər Həsənov
küçələrinin kəsişməsində
Qanlı Yanvar şəhidlərinin xatirəsinə
memorial abidə-kompleksi yaradılmışdır.
Tarix Muzeyində
əbədi eksponata çevrilmiş bir xalça asılmışdır. Bu, sahibkar Əziz Əbdüləzizin muzeyə
bağışladığı “Şəhidlər” xalçasıdır.
Biz xalqımızın azadlığı və istiqlalı yolunda canlarını qurban vermiş şəhidlərimizin
xatirəsini daim əziz tutacağıq. Qanlı Yanvar
bizim yaxın tariximizdir. Çoxlarımız bu hadisələrin
canlı şahidi olmuş, o gecənin ağrısını yaşamışıq.
Həmin
gecə Azərbaycan xalqı, həqiqətən
böyük qəhrəmanlıq
göstərərək, əliyalın
imperiyanın qaniçən
ordusunun qarşısına
çıxdı. Doğrudur, biz şəhidlər verdik, ancaq imperiya bu xalqın azadlıq ruhunu öldürə bilmədi.
20 Yanvar həm də xalqımızın
şanlı mübarizə
tarixinin qanla yazılmış səhifəsidir. İllər ötdükcə
bu gün qəhrəmanlıq tarixinin
ibrətamiz bir səhifəsinə çevrilir.
Hər bir itkinin bir
qazancı da olur. Həmin qazanc da o oldu ki, xalqımız
yadlara-Sovet İttifaqı
rəhbərlərinə bel
bağlamağın əbəs
olduğunu, imperiyanın
əsl üzünü,
mahiyyətini birdəfəlik
başa düşdü.
Yatanlar da sanki ayıldı,
milli müstəqillik
mübarizəsi daha da alovlandı və nəticədə çox keçmədi ki, ölkəmiz öz suverenliyini əldə etdi.
Natiq Abdullayev,
Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası
Mərkəzinin əməkdaşı
Səs.- 2015.- 20 yanvar.- S.8-9.