"20 YANVAR- TARİXİN QAN YADDAŞI"

 

 

Faciənin 25 illiyi ilə bağlı bu mövzuda Nəsimi rayon icra hakimiyyətində tədbir keçirildi

 

O faciəli, dəhşətli, qanlı hadisələrdən 25 il keçir. Həmin müdhiş gecədə ayaqdan başa qədər silahlanmış imperiya ordusunun əliyalın dinc əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qanlı divan tutmasından 25 il ötür. Həmin gün  dinc əhali gülləbaran edilsə də xalqımızın polad iradəsini sındıra bilmədi, insanları müstəqillik, istiqlaliyyət istəyindən döndərməyi bacarmadı. Dünən Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "20 YANVAR - QAN YADDAŞIMIZDIR" mövzusunda tədbir keçirilib. İlk öncə 20 Yanvar faciəsi ilə bağlı film nümayiş olunub. Sonra Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Ağa-Əli Əhmədov çıxışında həmin qanlı faciədən 25 il keçməsinə baxmayaraq, bu hadisənin xalqımızın milli-azadlıq tarixində böyük önəm daşıdığını bildirib.

Görüşdə şəhid ailələri adından "20 Yanvar Cəmiyyəti" Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev qeyd edib ki, 1990-cı ildə baş verənlər Azərbaycan xalqının mübarizə əzmini və azadlıq istəyini sındıra bilmədi: "Torpaq uğrunda axıdılan şəhid qanları heç zaman yerdə qalmır. Xalqımızın igid oğlanları hər zaman öz vətəninə və torpağına olan sonsuz sevgisindən ona qarşı olan istənilən təcavüzə də öz qanları bahasına cavab veriblər. Çünki azadlığa gedən yol heç zaman hamar olmur. Ancaq bütün bunlara baxmayaraq dövlətin apardığı uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız yaxın zamanlarda azad ediləcək". 

Görüşdə YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva "20 YANVAR-QAN YADDAŞIMIZ" mövzusu ilə çıxış edərək qeyd etdi ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olundu. Z.Quliyeva bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" Sərəncamı bu faciəyə verilən qiymətin bariz nümunəsidir:"Həmin gün  dinc əhali gülləbaran edilsə də xalqımızın polad iradəsini sındıra bilmədi, insanları müstəqillik, istiqlaliyyət istəyindən döndərməyi bacarmadı.  Azərbaycan xalqının bu əzmi, azadlıq eşqi imperiyanı dəhşətə gətirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri  müstəqillik arzusu ilə küçələrə çıxan dinc əhalini pulemyotlardanavtomatlardan atəşə tutdu.  SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ  DTK-nın "A" təxribat qrupları oynayırdı. Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və ağır xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak oldu. Onlardan  123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi. Bu faciə əslində imperiya  ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı idi. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi  keçmiş SSRİ - nin rəhbəri Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi. Buna  dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmaq istəyən  Azərbaycan xalqı öz  mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi".

Z.Quliyeva onu da vurğuladı ki, belə  bir vaxtda  sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmək əvəzinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantlarını da daxil etmişdi: "Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb olmuşdu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və qondarma  "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. Mixail Qorbaçova  SSRİ rəhbərliyindəki digər havadarlarına arxalanan ermənilərin Azərbaycana qarşı ərazi  iddiaları və dinc əhaliyə qarşı terror aktları nəhayət, xalqın səbr kasasını daşdırdı . "Torpaqdan pay olmaz" tələbi ilə ayağa qalxan xalqın etiraz dalğaları Kremli silkələməyə başlamışdı. Ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi, xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də Azərbaycanda  baş qaldırmış xalqın etiraz səsini boğmaq üçün  SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən planlar cızıldı. Bakıda, Sumqayıtda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə ermənilərə və ruslara qarşı düşünülmüş şəkildə təxribatlar törədildi. Digər tərəfdən  Azərbaycana rəhbərlik edən  Əbdürrəhman Vəzirovun yarıtmaz dövlət idarəçiliyi,  Kremlin itaətində dayanması, milli adət-ənənələrimizə zidd hərəkətləri xalqı daha da qəzəbləndirmişdi. O dövrdə ölkəyə rəhbərlik edən Ə.Vəzirovun, həmçinin A.Mütəllibovun və respublika DTK-sının sədri V.Hüseynovun imzası ilə Moskvaya göndərilmiş şifroqramlar sovet ordusunun Bakıya yeridilməsi üçün Mixail Qorbaçovun əlində əsas olmuşdur. Sonra baş verən dəhşətli faciənin ağır nəticələri indi də hər birimizin ürəyini ağrıdır".

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Z.Quliyeva onu da bildirdi ki, 20 Yanvar faciəsinin günahkarları uzun müddət xalqdan gizli saxlanıldı: "Hətta A.Müttəlibovdan sonra hakimiyyəti ələ keçirmiş AXC - Müsavat cütlüyü  bu faciənin tötədilməsinin əsl mahiyyətini açmaqda maraqlı olmadı. Bunun əsas səbəblərindən biri bu facənin törədilməsində həmin hakimiyyətdə yüksək vəzifədə təmsil olunanlardan bəzilərinin bilavasitə iştirakçı olması idi. Yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi  qiymət verildi. Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən  qabaq demişdir: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən  Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin və cinayətinin nəticəsidir".

Z.Quliyeva Ulu Öndərin hakimiyyətə yenidən qayıdışından sonra -1994-cü ildə 20 Yanvar faciəsinə hüquqi- siyasi qiymət verildiyini vurğulayaraq söylədi ki, bu faciə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi dəyərləndirildi: "Müstəqil Azərbaycanın  tarixinə xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı kimi həkk olunmuş  20 Yanvar faciəsi sonralar da Ümummilli Lider Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldı və həmin günün Azərbaycan tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi  bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti qeyd edildi: "Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin on birinci,  on ikincion üçüncü ildönümünün keçirilməsi haqqında 5 yanvar 2001-ci il, 5 yanvar 2002-ci il və 28 dekabr 2002-ci il tarixli sərəncamları da həm 20 Yanvar faciəsinə diqqətinin, həm də həmin faciə qurbanlarının xatirəsinə ehtiramının ifadəsi kimi təqdirəlayiqdir. Hər il Qanlı Yanvar faciəsinin törədilməsinin ildönümü ölkə rəhbərliyi və xalq tərəfindən böyük izdihamla qeyd olunur, şəhidlərin xatirəsi anılır. Xalqımıza qarşı törədilmiş bu soyqırımı ərəfəsində  Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar da 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ümumxalq ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda Heydər Əliyev siyasətinin uğurlu davamı kimi də qiymətlidir. Həmin sərəncamların birində deyilir: "Xalqımız 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

"20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir" sözlərini deyən Z.Quliyeva vurğuladı ki, o gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu: "Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".  

Sonra 20 Yanvar faciəsi ilə bağlı gənclərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunudu.

 

R.HÜSEYNOVA

Səs.- 2015.- 20 yanvar.- S.5.