Azərbaycan ictimai
fikir tarixində N.Tusinin
insan hüquq və
azadlıqlarının müdafiəsi ideyasının yeri
Dahi
Azərbaycan mütəfəkkiri Məhəmməd Nəsirəddin
Tusi XIII yüzilliyin təkcə müsəlman dünyası
deyil, bütün dünya elminin ən görkəmli və nəhəng
simalarından biridir.
O, dünyanın ensiklopedik zəkaya malik parlaq elm korifeylərindəndir. Tusinin böyük elmi dəyərə malik olan sosial-siyasi və hüquqi təlimi Azərbaycan xalqının, eləcə də müsəlman Şərqi xalqlarının ictimai-siyasi və hüquqi fikir tarixində özünəməxsus layiqli yer tutur. Yüzilliklər keçsə də, riyaziyyata, astrofizikaya, təbiətşünaslığa və eləcə də humanitar elmlər sahəsində mötəbər tədqiqat əsərlərinin səhifələrində N.Tusinin elmi müddəalarına istinad olunur.
A.Quliyev yazır: "Azərbaycan xalqının sosial-siyasi və hüquqi fikir tarixində ilk dəfə məhz Tusi dövlət haqqında təlim yaratmış, dövlətin mənşəyinə dair müqavilə nəzəriyyəsini irəli sürən birinci Şərq mütəfəkkirlərindən olmuşdur. Humanist mütəfəkkir sosial ədalətin, azadlığın, bərabərliyin, qarşılıqlı yardımın və ədalətli bölgünün hökm sürdüyü cəmiyyət idealı ilə yaşamışdır.
N.Tusi öz çoxşaxəli və zəngin yaradıcılığında etika məsələlərinə xüsusi diqqət yetirmişdir. Mütəfəkkirin əsərləri ilə tanışlıq göstərir ki, o, bu sahəyə dair çoxlu mütaliələr etmiş və əxlaq haqqında elmlə ciddi məşğul olmuşdur. Buna görə də N.Tusini uzun müddət ərzində müsəlman Şərqinin ən böyük etika nəzəriyyəçisi kimi şöhrət qazanması təsadüfən olmamışdır. O, yaradıcılığının geniş bir hissəsini etikanın problemlərinin tədqiqinə həsr etmiş bütün Yaxın və Orta Şərqdə, eləcə də Qərbi Avropanın bir sıra ölkələrində məşhur olan "Əshafı - Əşrəf" ("Xeyirxahların səciyyəvi cəhətləri"), "Ədəb-əl-Mütəəllimün" ("Mütəəllimin əxlaqı") kimi qiymətli əsərlərini yazmışdır.
Etikaya insanların mənəviyyatı haqqında elm kimi qiymət verən mütəfəkkirin əsas məqsədi xeyrin və şərin mahiyyətini aydınlaşdırmaqdan ibarət olmuşdur. İnsanın davranış və əməllərinə əxlaqi cəhətdən qiymət verilməsi, yaxşı və pisin etik norma kimi aydınlaşdırılması Tusi etikasının predmetinin tərkib hissəsi olmuşdur".
Mütəfəkkir, insanın şəxsi ləyaqətinin qiymətləndirilməsində onun dövlətli, yüksək mənsəb sahibi olmasını deyil, əxlaqi keyfiyyətlərinin əsas götürülməsini tövsiyə edirdi. O, insan mənəviyyatına qiymət verərkən altı növ adamla ünsiyyət saxlamağın çətin olduğunu qeyd etmişdir. N.Tusi yazır: "Birinci, nəzakətsiz şahla; ikinci, rüşvətxor qazı ilə; üçüncü, yalançı və fırıldaqçı adamla; dördüncü, pis və nəzakətsiz qadınla; beşinci, tənbəl adamla; altıncı, tapşırığa pis əməl edən yavərlə".
N.Tusinin sosial ədalətə dair fikirlərinin fövqündə, ilk növbədə insan amili, onun şəxsiyyəti dayanır. Müsəlman Şərqinin özünəqədərki bütün humanist mütəfəkkirləri kimi Tusi də insanı yüksəklərə qaldırır, insan şəxsiyyətinə dərin ehtiramla yanaşır. O, belə bir hökmə üstünlük verir: "İnsan bu dünyadakı mövcudatın ən şərəflisidir". Tusi insanın püxtələşməsi və kamilləşməsində, faydalı əməllərlə məşğul olmasında və bütün bunların sayəsində öz səadətinə, xoşbəxt həyata qovuşmasında ədalətli vicdanın zəruriliyini əsas sərt hesab edir.
A.Quliyev yazır: "N.Tusinin məntiqinə görə, insan təkamülün son nöqtəsinə qalxdıqdan sonra onun dünyanın başqa varlıqlarına nisbətən nə qədər şərafətli və fəzilətli olduğu, ona verilmiş xüsusiyyətlərin nə qədər qiymətli olduğu meydana çıxır. Məqsəd isə ondan ibarətdir ki, insan bu dünyaya gələrkən orta dərəcədə, kainatda olan təkamül mərhələlərinin ortasında olduğu bilinsin, fitrətinə görə aşağı dərəcədə olanlarla bağlı olduğu və yalnız iradəsi vasitəsi ilə əla dərəcəyə yüksələ biləcəyi göstərilsin".
Mütəfəkkir yazır: "İnsanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamalı, fəzilətinin şərafəti - fikir, əql, şüur və iradə vasitəsi ilə təmin və idarə edilir. İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Əgər düzgün, ardıcıl, məqsədəuyğun, müstəqil xətlə... hərəkət etsə, tədricən elm, mədəniyyət, bilik və hikmətə yiyələnsə, təkamülə qadir olan fitri istedadı hədləri aşaraq onu ... arzu elədiyi məqsədə, ilahi nurun şəfəq saldığı ali məqama çatdırar, ... cilovu öz nəfsinin ixtiyarına versə, nəfsi onu aşağıya - heyvani mərtəbəyə sövq edər, ... rəzalət çirkabının ən dərin yerinə salar və bunun ən dəhşətli sonu olar". Ona görə də Tusi insana öz nəfsini onu korlayan və zəiflədən şeylərdən qorumağı, elm öyrənməyi və maarifə yiyələnməyi tövsiyə edir.
A.Quliyevin fikrincə, N.Tusinin fəlsəfsinə uyğun olaraq hər bir sənətin şərəfi onun məqsədində, hər bir varlığın islahı onun daxilindəki şərəfindədir. Deməli, bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır. Mütəfəkkirin fikrincə, fəzilətin üç cinsi (nitq qüvvəsi, qəzəb qüvvəsi, şəhvani qüvvə) əmələ gəldikdən sonra, hər üçü bir-birinə qarışıb bir-birini zənginləşdirir, onların üçünə də oxşayan, hər üçünə xas olan fəzilətlərin tam və kamil olmasınadək təşəkkül tapmış yeni bir fəzilət əmələ gəlir ki, ona "ədalət" deyilir. Mütəfəkkirin gəldiyi nəticə ondan ibarətdir ki, fəzilət öz məcmusuna görə hikmətdən, şücaətdən, iffətdən və ədalətdən ibarətdir.
N.Tusi digər fəzilətlərlə müqaysədə ədalət haqqında problemin üzərində çox geniş dayanır, onun fəlsəfi, sosial-siyasi və bəzi məqamlarda hüquqi təbiətini aydınlaşdırmağa böyük səy göstərir. Təsadüfi deyildir ki, o, ədaləti bütün digər fəzilətlərin ən şərəflisi kimi qiymətləndirir. Bununla yanaşı, qeyd edir ki, "... ədalət" başqa üç fəzilətə yiyələnməklə mümkün ola bilər. ... Əsl hikmətə yiyələnmək əməli hikmət bölmələrindən biri hesab edilmişdir, "ədalət" hikmət olduğu kimi, "hikmət" də ədalət ola bilər". Mütəfəkkir hikmətə və ədalətə sahib olan adamları tərifə layiq olan və bu keyfiyyətlərilə fəxr etməyə haqqı olan insanlar kimi qiymətləndirir. O, "bu fəzilətin başqasına verilməsini..." əsas şərt hesab edir və göstərir ki, bu fəziləti başqasına verməyib yalnız özündə saxlayan insanın "təriflənib fəxr etməyə haqqı yoxdur".
N.Tusi yuxarıda qeyd olunan mülahizələri əsasında ədalətə belə tərif verir: "Ədalət ona deyərlər ki, bu qüvvələrin hamını (fəzilətlər nəzərdə tutulur - A.Q.) əlbir olub ittifaq bağlasınlar, idrakın yaxşını pisdən ayıran qüvvəsini özlərinə böyük seçib, onun əmrindən çıxmasınlar, beləliklə, şəhvət, ləzzət, eyş-işrət qüvvələrinin hücuma keçib öz sahiblərini fəlakətə sürükləməsinə mane olsunlar, onda insaf və mürüvvət hissi oyatsınlar...".
Humanist mütəfəkkir zülmkarlığı ədalətin ziddi kimi qiymətləndirir. "Zalımlıq" və "məzlumluq" kimi keyfiyyətlər ədalətə qarşı olan ifrat, çatışmazlıq qismində izah olunur. Tusinin fikrincə, "zalımlıq ifrata aiddir, ona deyilir ki, insafsız və nalayiq işlərlə öz güzəranını təmin edəsən". Buna görə də mütəfəkkir zülmü qəbahətlər kateqoriyasına aid edir. Zülm öz mahiyyəti etibarilə qəbahətdir, lakin bir nemətin əldən alınması başqa nemətin əldən alınmasından, bir haqqın danılması başqa haqqın danılmasından daha iyrənc ola bilər. Tusinin məntiqinə görə, pulda, çəkidə, ölçüdə aldatmaq, əliəyrilik və oğurluqla əldə edilən gəlir də zülmdür.
Məzlumluq isə Tusi fəlsəfəsində özünəməxsus spesifik əlamətləri ilə aydınlaşdırılır. Mütəfəkkir yazır: "Məzlumluq çatışmazlığa aiddir, ona deyilir ki, güzəranını keçirmək üçün nəinki qəsb, qarətə əl atmayasan, hətta qanuni yol ilə də bir şey ələ gətirə bilməyəsən, alçalmaq, təhqir olunmaqla baş dolandırasan. Sərvət toplamağın, dövlətə çatmağın və sair bu kimi şeylərə yiyələnməyin yolu müxtəlif olduğundan zalım və xain adamlar həmişə həddən artıq varlı, məzlumlar yoxsul, adillər isə ortabab dolanarlar".
A.Quliyev yazır: "N.Tusi insanın xeyir və fayda götürməsini, düşkünlük əsarətindən və çılğınlıq xidmətindən xilas və uzaq olmasını "iffət" adlandırır. Onun məntiqinə görə xislətində, mənəviyyatında iffət olmayan insanlar alicənablığı səbəbsiz etmirlər və etməzlər, çünki bu, iffətsizlikdir. Əsl iffətli insan, ilk növbədə iffət qayda-qanunlarına riayət edir. Yaşamaq, güzəran keçirmək üçün isə mal toplamağa böyük ehtiyac vardır. Hikmət və fəzilət-namuslu peşə ilə mal toplamağın əleyhinə deyildir. Lakin yaxşı, gözəl peşələr az, düz adam və azadlar üçün isə bu peşə və sənətə çatmaq yolları çətin olar. Düz, azad olmayan, çirkin işlərdən çəkinməyən adamlar asanlıqla mal toplayıb, pul qazana bilərlər". Mütəfəkkir elə burada öz təəssüfünü gizlətmir və fikrinə davam edərək yazır: "Buna görədir ki, təbiət etibarilə düz adamlar həmişə ehtiyac içində yaşayıb bəxtlərindən şikayətlər edərlər, onların əksi olanlar xəyanət və əyriliklə mal toplayanlar "əliaçıq", "xoştəbiətli" nəzərə çarpar, avam adamların qibtə və həsədlərinə səbəb olarlar. Lakin xəyanət, qarət, soyğunçuluq, tay-tuşlarına və özlərindən aşağıdakılara zülm etmək, rüsvayçı və çirkin işlərdən qaçanlar, bir sözlə, düz, namuslu ağıllı adamlar belə dövlətli, varlı adamlara qibtə edib həsəd aparmaz, bəxtlərindən və ruzigardan da şikayət etməzlər, onlar bilərlər ki, belə sərvətli mülkədarlar dövlətlərini rüşvətxorluq, qaçaq mal satmaq, nalayiq işləri yaymaq, pis əməlləri tərifləmək, xəbərçilik etmək, zorakılıqla, başqalarının malına yiyələnmək, rüşvət vermək və başqa bu kimi murdar yollarla toplamışlar, əvəzində daha çox qazanmaq, fayda götürmək, rahatlıq əldə etmək xatirinə onlar bəzən "əliaçıqlıq" göstərirlər".
A.Quliyevin fikrincə, böyük mütəfəkkir xislətində, təbiətində ədalət olmayan insanları nəyinsə xatirinə, yaxud öz məqsədinə çatmaq üçün saxta xeyirxahlıqlar nümayiş etdirən riyakarlar və ikiüzlülər kimi qiymətləndirirdi. Onun fikrincə, təbiətində ədalət olmayan adamlarda bəzən, məsələn, mal qazanmaq, vəzifə almaq və ya ... başqa məqsədə çatmaq xatirinə riyakarlıq edib, gözdən pərdə asmaq üçün ədalətə oxşar işlər baş verə bilər. Lakin belə adamların bu cür hərəkətlərini ədalət hesab etmək olmaz, əsl adil adam ona deyirlər ki, nəfsdə olan qüvvətlər və onların nəticəsndə əmələ gələn daxili fəaliyyət və hərəkətlər müvazinətdə olub bir-birinə qələbə çalmasınlar. Elə buna görə də Tusi qarşılıqlı münasibətlərdə müəyyən tarazlığın gözlənilməsini vacib hesab edir. Kəramət, hətta qarşılıqlı ünsiyyətdə ədalətə əməl etməyi nəzərdə tutur. Nə qarşılıqlı münasibətlərdə, nə də ünsiyyətdə ədalətdən savayı hər hansı başqa məqsəd güdülməməlidir. Yalnız bu zaman insan nəfsi bütün fəzilətlərə küll halında sahib ola bilir. Fəzilətlər arasında möhkəm nizam-intizam və ahəngdarlıq da məhz bu zaman yaranır. Belə şəraitdə yaxşını pisdən, haqqı nahaqqdan və fəzilətləri onların oxşarlarından, eləcə də qəbahətlərdən ayırmaq mümkün və asan olur.
N.Tusi "ədalət" kateqoriyasını "bərabərlik" və "tarazlıq" anlayışları ilə eyniləşdirir. "Bərabərlik" anlayışının özünü isə "birlik" anlayışını bilmədən dərk etməyin qeyri-mümkünlüyünü qeyd edir. "Birlik" insanları şərəf və kamillik zirvəsinə aparan yoldur. Mütəfəkkirin məntiqinə görə, "...kim "birliyə" nə qədər yaxın olsa, o qədər kamil olar, "birlik" ("vəhdət") şərafətin səbəbi, bəlkə də varlıqların yaradılması və yaşadıcısı" olur. Artıqlıq və əksikliyi bunun tamamilə əksi hesab edən Tusi müqayisə apararaq, "artıqlıq və əksikliyi rəzalətin səbəbi, varlıqların öldürücüsü və məhvedicisidir...". Mütəfəkkir artıqlığı birliyin mərkəzi kimi qiymətləndirir. Məhz ortalıq bir-birinin əksi olan qüvvələr arasındakı zddiyyətləri aradan qaldırır, ifrata varmağın qarşısını alır və çatışmazlığın meydana çıxmasına imkan vermir. Ortalığın varlığı bərabərliyin və tarazlığın da mövcud olması deməkdir. Tusi yazır: "Bərabərlikdən daha şərəfli bir nisbət ola bilmədiyi kimi, ... fəzilətlərdə də ədalətdən daha şərafətlisi yoxdur, çünki ədalət də həqiqətin ortasında olar, kənarda nə varsa, hamısı ona nisbətən dövrə hesab edilər və hamısı ona tərəf yönəlmiş olar".
Ədalətin və bərabərliyin müxtəlif təzahür formaları haqqında danışan Tusi göstərir ki, bərabərliyin yaradılmasına riayət edilmədikdə ahəngdarlıq pozulur. Ədalətin təzahür formalarından biri özünü xüsusi şəkildə göstərməsidir. Ədalət xüsusi şəkildə təzahür etmədikdə, hərc-mərclik yaranır və müxtəlif pozuntular meydana çıxır. Mütəfəkkir ictimai münasibətlərin tənzim edilməsində ədalət şərtlərinin kənarda saxlanmamasını tövsiyə edərək yazır: "Əgər həyatı şüurlu olaraq nizama salmaq işlərində ədalət anlayışından istifadə edilsə, onu üç qismə bölmək lazım gələr: birinci-mal və sənətə aid olanlar; ikinci müamilə və mübadiləyə aid olanlar; üçüncü - məcburiyyət olan işlərə (məsələn, tərbiyə və tənbeh kimi) aid olanlar".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 1 aprel.- S.15