"Azərbaycan – multikulturalizm
məkanı: BMT Sivilizasiyalar
Alyansının VII Qlobal Forumu
ölkəmizə nə vəd edir?"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edib. Multikultural dəyərlərə belə bir yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Azərbaycanın hazırda müstəqil siyasət yeridən nadir ölkələrdən olması, artıq beynəlxalq ictimaiyyət tərəfindən də öz təsdiqini tapıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin tam təmin olunması və iqtisadi qüdrətimizin getdikcə artması regional əməkdaşlığı gündən-günə möhkəmləndirir. Ölkəmizdə siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi artıq Azərbaycanı çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib.
Tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir
Ölkəmizin hər bir vətəndaşı son illər ərzində Azərbaycanda baş verən böyük dəyişikliklərin və irəliləyişlərin şahidi olub. Müstəqillik baxımından Azərbaycan gənc ölkə olmasına baxmayaraq, qısa tarixi müddətdə böyük nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirib. Çoxmillətli respublika olan Azərbaycanın milli siyasətində bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün hər cür şəraitin təmin edilməsi daim diqqət mərkəzindədi. Respublikada multikulturalizm bir kampaniya deyil, artıq Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri , humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikultural dəyərləri bütün xalqları birləşdirən faktor kimi qiymətləndirib: "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir". Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada dövriyyəyə çıxarılsa da və son dövrlərdə bu ideyadan geriçəkilmələrə yol verilsə də, Azərbaycan mühitində bu sahə artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Bu sahədə yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbirlərin operativ şəkildə həyata keçirilməsi dövlət-din münasibətlərinin yüksələn xətt üzrə inkişafına böyük zəmin yaradıb. Dünyanın müxtəlif bölgələrində din və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfensiyaların, təriqətlərin, institutların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. Azərbaycanda bu sahədə yalnız inkişafın şahidi oluruq. Bu məsələlərə həsr olunmuş beynəlxalq səviyyəli tədbirlərdə dünyanın müxtəlif ölkələrinin din xadimlərinin təmsil olunması da bu inkişafın təzahürüdür.
Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli- mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub- saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar.
Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib
Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması da ölkəmizin dünya mədəniyyətində mühüm rol oynadığının bariz nümunəsidir. Sivilizasiyalar arasında dialoq və bütün dünyada sülhün və tərəqqinin möhkəmlənməsinə daha bir töhfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib və bununla bağlı Tədbirlər Planı təsdiq olunub. Onu da vurğulayaq ki, ölkəmiz son illər ərzində sivilizasiyalar arasında dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bu ilin aprel ayında isə paytaxtımız Bakı daha bir nüfuzlu beynəlxalq foruma ev sahibliyi edəcək. Belə ki, 25-27 aprel tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Bu haqda qərar BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində 2014-cü il sentyabrın 26-da təşkilatın Sivilizasiyalar Alyansının Dostluq Qrupunun illik nazirlər toplantısında qəbul olunub. Ümumiyyətlə, ötən illərdə BMT-nin Sivilizasiyalar Alyansının fərqli sivilizasiyalar arasında dialoqun gücləndirilməsinə mühüm töhfələr verib. Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansı Qərb və İslam dünyası arasında gərginliyin aradan qaldırılması məqsədilə 2005-ci ildə yaradılıb. Dünyanın ayrı-ayrı ölkələrində iki ildən keçirilən forumlarda da mühüm məsələlər müzakirə olunub.
Beləliklə, hər zaman sivilizasiyalar arasında dialoqa, tolerantlıq və multikulturalizm ənənələrinə böyük önəm verən Azərbaycan dövləti bu dəfə də öz ənənəsinə sadiq qalaraq Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi etməsini öz üzərinə götürüb. Artıq tədbirin keçirilməsinə qısa müddət qalıb. Ötən müddət ərzində isə bu forumun yüksək səviyyədə keçirilməsi üçün praktiki addımlar atılıb. Xatırladaq ki, ötən il iyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il aprelin 25–27-də Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılması, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılması baxımından əhəmiyyəti qeyd edilir. Sərəncamda vurğulanır ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətləri dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
Bundan əlavə, ötən il noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il aprelin 25–dən 27-dək Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Dekabrın 24-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin, bu il fevralın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq
Ümumilikdə, forumun yüksək səviyyədə keçirilməsi ilə əlaqədar dəfələrlə BMT Sivilizasiyalar Alyansının rəsmi nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı səfərlər baş tutub. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin də dəfələrlə iclası keçirilib. Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, BMT Sivilizasiyalar Alyansı Forumu kifayət qədər ağır idarə olunan, müxtəlif təbəqələri, nümayəndələri, qurumları əhatə edən müzakirə platformasıdır. Burada, əsasən ölkələri dövlət başçıları və xarici işlər nazirləri təmsil edirlər. Bu tədbir artıq dünyanın ən böyük forumu kimi qəbul olunur.
Tədbir üç gün müddətində Bakıdakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirə 120 ölkədən 2500 qonağın gələcəyi gözlənilir. Bir sıra ölkələr prezidentlər və nazirlər səviyyəsində təmsil olunacaq. Bu münasibətlə BMT-nin baş katibi Pan Gi Mun da ölkəmizə səfər edəcək. "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" mövzusuna həsr edilmiş forumda beynəlxalq ictimaiyyət üçün maraqlı olan məsələlər müzakirə olunacaq. Forumda ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, "Bakı prosesi", inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. 25 aprel tarixində Gənclər Forumu və Biznes-Simpoziumun keçirilməsi planlaşdırılır.
Göründüyü kimi, həm VII Qlobal Forum, həm də "Multikulturalizm ili" Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfəsi ilə yanaşı, dünyadakı sülh və əməkdaşlığa həm dövlət başçısının, həm də xalqın milli iradəsinin ifadəsidir. Foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi alyansın tarixində ilk belə hadisədir. Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın göstəricisidir.
Minarə Hacıveya
Səs.-
2016.- 5 aprel.- S.13