Mətbuat Şurası Ələsgər Cabbarovun əziz xatirəsinə nekroloq yazdı

Amansız ölüm çağdaş jurnalistikamızın daha bir tanınmış nümayəndəsini sıralarımızdan apardı. "Xalq" qəzetinin keçmiş əməkdaşı Ələsğər Müzəffər oğlu Cabbarov ömrünün 83-cü ilində üzün sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Ə.Cabbarov ötən əsrin 50-ci illərində sabiq SSRİ-nin dünyada tanınan ali məktəblərindən sayılan Sənaye İnstitutunu neft mühəndis ixtisası üzrə bitirmişdi. Jurnalistikaya dərin marağı nəticəsində respublikanın qəzet və jurnalları, radiosu ilə sıx əməkdaşlığa başladı. Beləcə, həm də yaradıcılıq sferasına qədəm qoymuş oldu.

Azərbaycan Milli Elmlər Akademiyasının 1961-ci yaradılan "Elm və həyat" jurnalının redaksiyası formalaşdırılarkən elmi-texniki biliyini mətbu yaradıcılıq təcrübəsi ilə qovuşdurmuş ziyalılar çevrəsindən Ələsgər Cabbarov da seçilib işə qəbul olundu, burada şöbə müdiri kimi fəaliyyət göstərdi. Bir neçə il sonra isə Milli Ensiklopediyaya redaksiya müdiri təyin edildi.

Ə.Cabbarov "Xalq" qəzetinə 1992-ci ildə gəldi, bilik və bacarığını əsirgəmədən çalışdı. Əvvəl kommersiya direktoru, sonra isə bölgə müxbiri kimi qəzetin yeni yolda uğurla irəliləməsinə köməyini göstərdi. Ömrünün ahıl çağında könüllü olaraq nəşrdən uzaqlaşsa da, kollektivlə ömrünün son günlərinədək sıx əlaqədə oldu.

Onu tanıyanlar Ə.Cabbarovda həyatın çətinlikləri və özünü təsdiqləmək əzminin vaxtından əvvəl yetkinləşdiyini bildirirlər. İnsanlarla münasibətdə həddindən artıq səmimi, mehriban, qayğıkeş və xeyirxah idi. Çətinlikdən qorxmur, ağır durumlardan asan çıxış yolu tapırdı. Bu keyfiyyətlərinə görə də hər yerdə hörmətlə qəbul olunurdu.

Yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost olan Ələsgər Cabbarovun zəngin və mənalı ömür yolu üçün örnək olmağa layiqdir. İbrətli fəaliyyəti, xeyirxah işləri, işıqlı xatirəsi Ələsgər müəllimi onu tanıyanların qəlbində əbədi yaşadacaq.

 

Allah rəhmət eləsin!

Səs.- 2016.- 4 aprel- S.5