İlham Əliyev: “Azərbaycan
vətəndaşının maraqları bizim
üçün hər şeydən üstündür”
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Prezident İlham Əliyev şəhidlərimizin yaxınlarına səbir, yaralananlara şəfa dilədi. Dövlətimizin başçısı dedi ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib.
“Bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır”, - deyən Prezident İlham Əliyev danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atdığını bildirdi. Azərbaycan Prezidenti dedi ki, 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı, nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatdı. Dövlətimizin başçısı vurğuladı ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi:
“Bildiyiniz kimi, bu ayın əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir. Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son tarixin nümunələri bunu göstərir. 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Hər iki tərəf görüşü müsbət qiymətləndirmişdir. Görüşdən sonra biz danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik. Ancaq o danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda - Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan silahlı qüvvələri bizim mövqelərimizə hərbi helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bu da Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın. Ondan sonra demək olar ki, bir ildən çox müddət ərzində danışıqlar, ümumiyyətlə, aparılmırdı. Minsk qrupunun xahişi ilə keçən ilin dekabrında Azərbaycan və Ermənistan prezidentləri görüşdülər, amma o görüşün heç bir nəticəsi olmamışdır. Vasitəçilər çalışırlar ki, məsələ öz həllini tapsın. Bilirsiniz ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa rəhbərliyi səylər göstərirlər, bəyanatlar verirlər. O cümlədən status-kvo haqqında çox dəyərli bəyanatlar verilir ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Ancaq Ermənistan buna məhəl qoymur.
Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.
Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.”
“Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir. Prezident İlham Əliyev ilin birinci rübündə bir çox xarici səfərlərdə olduğunu, ölkəmizə 10 xarici dövlət və hökumət başçısının səfər etdiyini bildirdi, bütün bunları Azərbaycanın fəal xarici siyasət yürütməsi ilə əlaqələndirdi. Birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidentinin Azərbaycana gəldiyini, ABŞ-a səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu, ölkələrimiz arasındakı əlaqələrin hər iki tərəf üçün yeni imkanlar açdığını, Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Prezident İlham Əliyev onu da bildirdi ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb. Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Ölkədəki inkişaf dinamikasının daha da sürətləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev birinci rübdə ümumi daxili məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artımın proqnozlaşdırıldığını bildirdi, bütün maliyyə-iqtisadi sektorun mütərəqqi prinsiplər əsasında inkişaf etməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı dedi ki, birinci rübdə 37 min yeni iş yeri yaradılıb və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq:
“Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik. Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Ümumi daxili məhsul aşağı düşübdür. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyət ilə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıbdır. Dövlət tərəfindən yatırılan investisiyalar azalıbdır. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq. Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.
Birinci rübdə 37 min yeni iş yeri
yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri
bağlanmışdır. Biz burada da müsbət
balans görürük. Onu da qeyd etməliyəm ki, yeni
iş yerlərinin yaradılması daha çox dövlət
sektorunda baş verib. Bu da mənim göstərişimlə
öz həllini tapan məsələdir. Çünki
tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara
düşüb. Belə olan halda işsizlik səviyyəsini
aşağı səviyyədə saxlamaq üçün mən
qərar qəbul etdim ki, dövlət şirkətləri,
dövlət qurumları yeni iş yerlərini
açsınlar. İctimai işlər açılır və
birinci rüb ərzində bu qədər iş yerlərinin
açılması, əlbəttə ki, insanların sosial
müdafiəsinə hesablanıb. Sosial siyasət
həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu
göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan vətəndaşının
maraqları bizim üçün hər şeydən
üstündür. Bütün iqtisadi
islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi
güdür ki, insanlar daha da yaxşı yaşasınlar.
İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ
ki, başa çatmayıb. Azərbaycan dünya
iqtisadiyyatının bir parçasıdır, ancaq bu
böhrandan ən az itkilərlə
çıxan ölkələrdən biridir. Bir misal da gətirə
bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə
baxmayaraq, bu il Azərbaycanda maaşlar və
pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən
biridir. Adətən hətta neft və qazla zəngin
olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər,
ya maaşların verilməsində problemlər
yaşanır. Ancaq biz dünyada hökm
sürən bu böhrana baxmayaraq, maaşları və
pensiyaları artırmışıq. Digər
sosialyönümlü addımlar atılır, o cümlədən
yeni təşəbbüslər, iş yerlərinin
yaradılmasının yeni formaları artıq işə
düşür. Əminəm ki, Azərbaycanda
işsizliyin səviyyəsi həmişə olduğu kimi,
çox aşağı səviyyədə olacaqdır.
Beləliklə, ciddi dərin iqtisadi islahatlar
aparılır və bu islahatlar dərinləşməlidir.
Çox güclü sosial siyasət
aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən
insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının
yaxşılaşdırılması istiqamətində əlavə
addımlar atılacaqdır.”
Azərbaycan Prezidenti regional inkişaf proqramının
icrası, investisiyaların qoyulması, Şimal-Cənub və
Şərq-Qərb nəqliyyat dəhlizlərinin
yaradılması ilə bağlı tədbirlərin
görüldüyünü, “Cənub Qaz Dəhlizi” layihəsinin
icrasının cədvəl üzrə getdiyini, bu strateji
layihənin vaxtında icra olunacağını bildirdi. Bu ayın
sonunda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun
keçiriləcəyini, Azərbaycanın multikulturalizm və
sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm
rol oynadığını deyən Prezident İlham Əliyev
ölkəmizdəki müsbət dinamikanın
qarşıdakı dövrdə də davam etdiriləcəyinə
əminliyini ifadə etdi.
Sonra energetika
naziri Natiq Əliyev, əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov, Dövlət
Gömrük Komitəsinin sədri Aydın Əliyev ilin
birinci rübündə əldə olunan nailiyyətlər və
qarşıda duran vəzifələrlə bağlı məruzə
etdilər. Bildirilib ki, regionun və Avropanın
enerji təhlükəsizliyinin əsas təminatçılarından
birinə çevrilən Azərbaycanın enerji siyasəti
2016-cı ilin birinci rübündə də mühüm
nailiyyətlərlə müşayiət olunub, tarixi əhəmiyyətli
bir sıra məqamlarla yadda qalıb. Xəzər
regionunun qaz təchizatı infrastrukturunu Avropa bazarlarına
birləşdirməklə, bütün regionun enerji xəritəsini
dəyişəcək, enerji dəhlizlərinin şaxələndirilməsində,
Avropa regionunun enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın rolunu daha da artıracaq “Cənub
Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində
görülmüş işlər, bu baxımdan, xüsusilə
müstəsna əhəmiyyət kəsb edir.
“Cənub
Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən olan
“Şahdəniz Mərhələ 2” və “Cənub Qafqaz qaz
boru kəmərinin genişlənməsi” üzrə işlərin
mühüm hissəsi qrafikdə nəzərdə tutulan
vaxtdan əvvəl yerinə yetirilib. Hazırda layihə
üzrə işlər sürətlə davam etdirilir, ölkədəki
bütün tikinti-quraşdırma və istehsalat sahələrində,
o cümlədən Səngəçal Terminalında,
Bakı yaxınlığındakı tikinti sahəsində,
Bakı Dərin Özüllər Zavodunda və boru kəməri
marşrutu boyunca irimiqyaslı tədbirlər həyata
keçirilir, istehsalat sahələrində platformanın
üst modulları və dayaq blokları qurulur. İlkin
qazın əldə olunması üçün nəzərdə
tutulmuş işlərin 66 faizi artıq yerinə yetirilib.
Eyni
zamanda əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin
alıcılıq qabiliyyətinin artırılması, milli
valyutanın devalvasiyasının və qiymət
artımının təsirlərinin azaldılması məqsədi
ilə müxtəlif sosial ödənişlərin, o cümlədən
əmək haqlarının, pensiyaların, müavinətlərin,
təqaüdlərin və kompensasiyaların
artırılması barədə Prezident İlham Əliyev bu
ilin birinci rübündə 25-dən artıq Fərman və
Sərəncam imzalayıb. Bütün sosial
ödənişlər fevral ayının 1-dən orta hesabla
10 faiz artıb. Bu artımlar 3,6 milyon
nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə
edib. Həmin tədbirlərin maliyyələşdirilməsi
məqsədilə 2016-cı ilin büdcəsində
müvafiq düzəlişlər edilib və əlavə
maliyyə təminatları nəzərdə tutulub. Cari ilin birinci rübündə,
ilkin məlumata görə, nazirlik yanında Dövlət
Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilin
müvafiq dövrünə nisbətən 3,6 milyon manat artaraq
756 milyon manat olub ki, bu da yanvar və fevral ayları üzrə
pensiyaları qrafikdən əvvəl, mart ayında isə
Novruz bayramınadək maliyyələşdirməyə imkan
verib. Fondun 762 milyon manat həcmində xərclərinin 98,4 faizini pensiya və müavinət xərcləri
təşkil edib. Pensiyaların baza hissəsinin fevralın 1-dən
10 faiz artırılması nəticəsində fevral-mart
aylarında bu məqsədə əlavə olaraq 26,5 milyon manat vəsait yönəldilib. Həmçinin əmək pensiyalarının
sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri
indeksinə uyğun artırılıb. Bundan
əlavə, bəzi kateqoriya hərbi qulluqçuların vəzifə
maaşlarında baş vermiş artımlarla bağlı hərbi
pensiyalar orta hesabla 23 manat artıb. Bütün
bunların nəticəsində pensiyaların orta aylıq məbləği
2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190
manat, o cümlədən yaşa görə pensiyanın orta
aylıq məbləği 210 manat olub. İlin birinci
rübü ərzində 112730 ailəyə və ya
onların 492 min üzvünə, yəni ölkə əhalisinin
5,1 faizinə ünvanlı dövlət
sosial yardımı verilib. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə bu
yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb.
Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən
orta aylıq yardım məbləği ötən ilə nisbətən
5,6 faiz artaraq 151 manat olub. Hesabat
dövründə 395 min nəfərə aylıq və birdəfəlik
sosial müavinət, 55 min nəfərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdləri ödənilib.
Ümumilikdə, sosial yardımların və
müavinətlərin, təqaüd və kompensasiyaların
ödənişinə dövlət büdcəsindən
rüb ərzində 84 milyon manat vəsait xərclənib.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil
olmuş şəxslərə və şəhid ailələrinə
son 3 ay ərzində 53 mənzil, 41 fərdi ev verilib. Bu
müddətdə 3 min 120 nəfərə protez-ortopedik xidmət
göstərilib, əlilliyi olan şəxslər 553 ədəd
əlil arabası və 158 ədəd eşitmə aparatı
ilə təmin edilib.
Bundan
başqa, Azərbaycan Respublikasının Vergi Məcəlləsində
və “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununda investisiyanın təşviqi sənədini
almış şəxslər və fərdi sahibkarlar tərəfindən
ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və
qurğular əlavə dəyər vergisi və gömrük
rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda
istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi
ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və
mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun
dövlət büdcəsindən əlavə vəsaitin
sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata
keçirilməsi Azərbaycan Respublikasında
sahibkarlığın inkişaf strategiyasının nəinki
ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik
göstəricisidir, hətta bir model olaraq keçid
iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə
çevrilir.
Prezident İlham Əliyev yekun
nitqində ordu quruculuğuna daha böyük diqqətin
göstərilməsinin vacibliyini bildirdi, buna nail olmaq
üçün iqtisadiyyatın sürətlə inkişaf
etməsinin əhəmiyyətinə toxundu. “İqtisadi
müstəqillik ölkəmizin siyasi müstəqilliyini
şərtləndirir”, - deyən dövlətimizin
başçısı bildirdi ki, ölkədə biznes
mühiti yaxşılaşdırılır, sahibkarlara
yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank
sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə
tədbirlər görülür. Prezident
İlham Əliyev qeyri-neft sektorunun inkişafının
sürətləndirilməsinin, yeni iş yerlərinin
yaradılmasının vacibliyini vurğuladı, paytaxtda və
rayon mərkəzlərində yeni təşəbbüs olan
sosial mənzillərin tikintisi layihəsinə
başlanacağını diqqətə çatdırdı.
Dövlətimizin başçısı bildirdi ki, bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat
dəhlizlərində vahid tarif siyasətinin həyata
keçirilməsi, Ələt dəniz limanının
yaradılması istiqamətində əlavə tədbirlərin
görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin
həyata keçirilməsi, kənd təsərrüfatının
inkişafı, ərzaq təhlükəsizliyinin təmin
olunması diqqət mərkəzində saxlanılacaq.
Səs.-
2016.- 12 aprel.- S.2-3